Qazax

Qazaxdan 12 km aralıda yerləşən rayon Qazax torpaqlarının bir hissəsində yaradılıb. Ərazidə eyniadlı çay və şəhər də mövcuddur. Təbiət gözəlliyi ilə seçilən Vəlixanlı meşələri, Kotan dağı, Gülül dağı, Köhnə Qışlaq kəndi ərazisini gəzib görməyə dəyər. Rayon mərkəzindəki muzeydə üzərində xaç və mələk təsvirləri olan nəhəng daş çox maraqlıdır. Onun Qıraq Kəsəmən kəndində tapıldığını və erkən orta əsrlər abidəsi olduğunu deyirlər. Muzeyin qarşısında şairlər evi rayonun populyar yerlərindəndir. Poeziya evi, aşıq evi ənənəsi Qazaxda olduğu kimi burada da geniş yayılıb. Ərazi geoloji təbiət abidələri, antik yaşayış yerləri ilə zəngindir. Gürcüstan ilə sərhəddə “Müqəddəs torpaqlar” deyə bilinən ərazidə yerləşən mağaralar kompleksini mütləq görmək lazımdır.

Bura Azərbaycanın qərbə açılan qapısı deyirlər. Qərb istiqamətindəki son yaşayış məntəqəsidir. İlk dəfə gələnlərin diqqətini ucsuz – bucaqsız qarğıdalı sahələri və çox sayda eşşək arabaları çəkir. Susuzluğa qarşı dözümlü, çox çalışqan və az xərc tələb edən sevimli eşşəklər təsərrüfat həyatının vazkeçilməz nümayəndəsi hesab olunur. Bununla belə Qazax tarixən atçılıq mərkəzi olub.

Diqqəti çəkən başqa bir məqam yüksək tonda danışıqlarıdır. İlk baxışda sanki söhbət edənlər dava edir, dalaşır düşüncəsinə qapılırsan. Sonra anlaşılır ki, burada sakit səslə danışmaq adəti yoxdur. Və nəhayət ən çox diqqət çəkən, qulağa maraqlı və qəribə gələn söz əslində bir müraciət formasıdır:

“ölüm,”
Vurğu ilk saitin, ö hərfinin üstünə düşür
Hər cümlənin başında və sonunda qazaxlılar “ölüm,” deyirlər ki, bu da danışıqlarına, şivələrinə başqa bir çalar qatır.

Arayış

Bakı – Qazax arası məsafə 465 km-dir. Ermənistan və Gürcüstanla həmsərhəddir. Böyük Qafqazın cənub ətəkləri və Kiçik Qafqazın şimal yamaclarını əhatə edir. Kür, Çoğaz, Xramçay rayon ərazisindən axır. Ağstafa (Oğuztəpə) çayının sağ – sol sahilində yerləşir. Vaxtilə Şamaxı – Qəbələ – Şəki – Gəncə – Təbriz, Bərdə – Gəncə – Tiflis, Dərbənd – Şabran – Bakı – Gəncə – İrəvan – Təbriz, Gəncə – Sınıq körpü – Tiflis Naxçıvan – İrəvan – Tiflis istiqamətli karvan – ticarət yolları buradan keçib. Qazax – Ağstafanın səthi əsasən düzənlikdir. Qazaxın cənub, cənub – qərb hissəsi alçaq dağlıqdır. Bu hissədə Odundağ 1300 metrə çatır. Ərazinin şimal və şimal – şərq hissəsini Ceyrançöl tutur. Buradakı təpələrin hündürlüyü 600 – 800 metrə çatır. Faydalı qazıntılarından mişar daşı, gil, çınqıl, qum, sement xammalı var. Iqlimi düzənlik hissədə mülayim – isti və quraq subtropikdir. Dağlıq yerlərdə yüksəklik artdıqca iqlim nisbətən mülayimləşir.

Ozanlar yurdu

Aşıq vətəni kimi ad çıxarıb. Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Mehdi Hüseyn, Səməd Vurğun, Hüseyn Arif, İsmayıl Şıxlı kimi böyük şairlərin və söz ustalarının vətənidir. Səməd Vurğunun “Azərbaycan” şeri demək olar ki, bütün azərbaycanlıların əzbər bildiyi yeganə şerdir:

El bilir ki, sən mənimsən
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma Vətənimsən
Ayrılarmı könül candan
Azərbaycan, Azərbaycan…

Qazax dedinmi, heç bir məclis sazsız ötüşmür. Burada saz musiqisinə hər kəs heyrandır. Bəzən bu məclislər saatlarla davam edir. Şifahi xalq ədəbiyyatının bəzi janrlarından Qazax məişətində, gündəlik leksikonda geniş istifadə edilir. Söhbət əsnasında, bir misal çəkmək istəyəndə, birini tərifləyəndə və sair durumlarda bunu poetik şəkildə, şerlə, qoşma ilə edirlər. Qərb bölgəsinin toyları da aşıqsız olmur. Ən populyar saz havası Yanıq Kərəmdir. Adətən aşıqlar bir araya gəlincə mütləq deyişir, öz aralarında sözlə və ifa ilə yarışırlar.

Ozan

Tituldur. Mahir söz və saz ustalarına belə ad veriblər. İlk dəfə “Alp Ər Tunqa” dastanında ozan tipinə rastlanır. Ozanın ifaçı kimi formalaşması bizim e.ə. I minilliyin ilk əsrlərinə təsadüf edir. Oğuz və uz yəni qafiyə sözlərindən törəyib.

Aşıq sənəti

Milli folklorun ən qədim növüdür. XI – XII əsrlərdə artıq aşıqlar müxtəlif məzmunlu dastanlar danışmağı bacaran professional nağılçılar idilər. Həmin dövrdə Anadolu, Təbriz, Göyçə, Şirvan aşıq məktəbləri formalaşdı. Göyçə aşıq məktəbi mühitlərindən biri də Gəncəbasar idi. Tarixən xalq yaradıcılığı bu regionda geniş yayılıb və bugünədək populyarlığını qoruyub. Hətta islam dəyərləri belə bu adət – ənənələri sındıra bilməyib. Şəmkir – Tovuz – Gədəbəy – Qazax – Ağstafa boyunca uzanıb gedən və bütün Gəncə ətrafı əraziləri əhatə edən Gəncəbasar aşıq mühitində saz – sözə rəğbət heyranlıq oyandırır. Müxtəlif aşıq məktəbləri arasındakı ədavət, rəqabət, bir – birlərinə sazla – sözlə üstünlük qurmalarını izləmək çox maraqlıdır. Buranın aşıqlarının bir nəfəsə sürətlə deyişmələri, yaxud saz ifası ilə bağlı məharətlərini canla – başla nümayiş etdirmələri tarixən yayılan ənənələrdəndir. Odur ki, Qazaxa qonaq gedəndə əyləşəcəyiniz hər hansı bir məclisdə əlində saz tutan birinin hazır olmasına təəccüblənməmək lazımdır. Aşıqların özünəxas formaları, geyim dəstləri var. Son dövrlərdə aşıqlar daha çox milli geyimlərdə çıxış edirlər. Tarixən geyindikləri dizə qədər uzanan qara çəkmələr, alt hissəsi çəkmənin içərisinə salınan bol şalvar, uzunqollu, yaxalıqlı, düyməli köynək və ortasına vurulan qara kəmər bir növ əsgər formasını xatırladır. Başında da mütləq silindr papaq olur. Deyilənlərə görə, bir zamanlar aşıqlar ordunu döyüşə getməzdən öncə ruhlandırmaq, onlarda döyüş əzmi yaratmaq vəzifəsini yerinə yetiriblər.

Cəbhə xətti

Qazax Ermənistanla 168 km sərhəd zolağında yerləşir. Daxili turist marşrutlarından biri bu istiqamətdə olsa da, müharibə şəraiti yaşandığından bunu gerçəkləşdirmək hələlik mümkün deyil. 1991 – ci ildən bəri Qazax rayonunun 6 kəndi erməni işğalı altındadır. Tarixi – arxeoloji abidələr və təbii zənginlikləriylə məşhur dağıdılmış Yuxarı Əskipara, Aşağı Əskipara, Məzən, Ayrımlı, Xeyrimli kəndləri bomboşdur. Bağanıs Ayrım kəndi 1991 – ci ildə tamamilə yandırılıb.

Bağanıs Ayrım

Coğaz çayı sahilində yerləşir. Keçmiş adı Seyid Ayrım olub. Yaşayış məntəqəsi ayrımların Seyidli qoluna mənsub ailələr keçmişdə mövcud olmuş Bağanıs kəndi yaxınlığında saldığı üçün belə adlanıb. Seyidlilər XIX əsrin əvvəllərində 108 ailədən ibarət olub. Toponim Bağanıs yaxınlığında Ayrım kəndi mənasını daşıyır. Bağanıs sözünün dəqiq mənşəyi bəlli deyil. Müharibənin dəhşətli izlərini cəbhə xəttindəki Quşçu Ayrım kəndinin yüksəkliklərindən izləmək mümkündür. Qazaxın cəbhə xəttində yerləşən tarixi dəyərləri yüksək olan digər abidələri bunlardır.

Qızıl Qaya

Cənub – qərbdən Avey dağına söykənən, əzəmətli görüntüsüylə diqqət çəkən bu dağ qırmızımtıl – qəhvəyi sal qayalardan ibarətdir. Buna görə də adına Qızılqaya deyirlər. Haqqında əfsanələr var. Bir qədər qərb tərəfdə yerləşən “Bərkin Ağzı” adlanan dərədə tunc dövrünə aid kurqanlar aşkar edilib. Tarixçilər buranı qədim Xalxal (Lala) şəhərinin xarabalığı hesab edirlər.

Xalxal (Lala) xarabalığı

Qafqaz Albaniyasının qərbində yerləşən bu tarixi şəhərin tam yeri dəqiq məlum deyil. Böyük ehtimalla Qızılqaya ətraflarında olduğu güman edilir. Tarixdə Xalxal vuruşması məlumdur. Sasani hökmdarı II Yəzdəgirdin dövründə Zərdüşt – atəşpərəstlik dinini yaymaq məqsədilə Albaniyaya 700 kahin göndəriləndən az sonra zorakılığa dözməyən yerli əhali yadellilərə qarşı üsyana qalxaraq, alban çarlarının qış iqamətgahı olan Xalxal şəhəri yaxınlığında uğur qazanıb. Ərəb tarixçisi Həmdullah Qəzvini Xalxal şəhərinin Bakıdan 96 fərsəx (1 fərsəx 6 – 7 kmdir) məsafədə olduğunu göstərib.Son Alban dövləti sayılan Girdman knyazlığının hökmdarı, Mehranilər sülaləsinin son lideri knyaz

Cavanşirin və xanımının məzarlarının buradakı qəbiristanlıqlardan birində olduğu söylənir.

Toponim

İddialara görə, Atabəy hökmdarı Şəmsəddin Eldənizin şərəfinə yaranmış toponimdir. Bir neçə variantda izah olunur. Bunlardan biri, Qazaq türk tayfasıdır. Eramızdan çox əvvəl burada məskunlaşan qazaq tayfası Azərbaycan xalqının etnogenezində yaxından iştirak edib. Hesab edirlər ki, bu kəlimə qas və aq sözlərinin birləşməsindən əmələ gəlib. Çox güman ki, Kaspi (Xəzər) dənizinin qərb hövzəsindən qərbə və cənuba yayılan bu tayfanın bir qolu da Qafqaz Albaniyasının qərbində çoxalıb. “Qas” öncə qaz, sonralar xaz (xəzərlər) adlanana tayfa birliyinin soy adıdır. Əski türkcədə ucalıq, yüksəklik, dağ deməkdir. Ağ isə mütəxəssislərin fikrincə həm yurd, məkan bilidirir və həm də qalxmaq, ucalmaq mənalarını verir. Başqa bir ehtimala görə, Qazax dağ adamı, dağlı mənasını verir. Ucalıqlarda yaşayan qaslar, dağlı qaslar, dağ qasları kimi də yozurlar.

Qazaxlılar

Qazaxlılar buranın ilkin sakinləri olan qas (xas) türk boyunun törəməsi olan qasaq tayfasının nəsilləridir. Etnik tərkib təmiz türklərdən ibarətdir. Miladdan əvvəlki tarixlərdə əraziyə oğuz, hun, qıpçaq və keng tayfaları, sonradan xəzər, qazax, kosaq tayfalarının böyük axını baş verib. Kenglərin yerli tayfalarla qaynayıb – qarışmasıyla Yuxarı – Orta – Aşağı və Daş Salahlı, I və II Şıxlı kəndləri formalaşıb.

Kenglərin bir hissəsi də Naxçıvana və Anadoluya miqrasiya edib. Kəngərlərlə bağlı yer adları bu köçdən sonra yaranıb. Daha sonra Anadoludan geri qayıdan bu tayfalar ayrım (el-rum) tayfası adında ərazidə yenidən məskunlaşıblar. Bağanıs Ayrım, Quşçu Ayrım kəndlərinin camaatı onların törəmələridir. Xəzər, peçeneq türk tayfalarının yerlilərlə qaynayıb – qarışmasından yaranan Qazaxbəyli tayfa ittifaqı Qazax mahalını uzun müddət idarə edib.

Qazax tarixi

Eradan 67 il əvvəl Roma senatı Qafqazdakı uğursuzluqdan sonra qərar qəbul edib sərkərdəsi Qney Pompeyi güclü ordu ilə savaşa göndərir. İrəvan – Dilican yolu ilə gələn düşmənin qarşısına 60 min süvari döyüşçü ilə çıxan albanlar Göyəzən dağının ətəyində ölüm – dirim meydanına atılırlar. Tab gətirməyib dağılan Roma ordusu buraları tərk etməli olur. Pompey miladdan əvvəl 66-cı ildə qəflətən yenidən Albaniyaya hücum edir. Ağstafa ərazisinə çatanda Kür çayının sahilində yerli ordu ilə qarşılaşır. Kür çayını keçdikdən sonra Kambizena deyilən yerdə toqquşma baş verir. Bu düzəngaha indi Qarayazı deyirlər. Tarixi mənbələrdə Qarayazının otsuz və susuz düzəngahından keçmək məcburiyyətində qalan romalıların Pompeyin tapşırığı ilə Kürdən 10.000 tuluq su götürdükləri qeyd olunub. Deyilənlərə görə, Pompey legionları Qarayazıda iki kəndlini əsir tutaraq bələdçi kimi yol göstərməyi tələb edirlər. Çarəsizlikdən razılaşan kəndlilər düşmən qoşununu azdırmaq üçün onları keçilməz qamışlığa salırlar. Beləcə canlarını qurtaran kəndlilər Alban hökmdarı Aruz və onun qardaşı Kozis tərəfindən mükafatlandırılırlar.

VIII əsrdə sərkərdə Mərvan ibn Məhəmməd “Kasal” adlı yaşayış məntəqəsini salıb. O dövrün ərəb mənbələrində Qasak və ya Qazak adlanan bu yerin iri yaşayış məntəqəsi olduğu yazılıb. XV əsrdə Qazax sultanlığı yaradıldı. Səfəvilərin dövründə bu sultanlıq Qarabağ bəylərbəyliyinə tabe edildi. Hakimləri sultan tituluna sahib olan Qazax sultanlığına 3 nəsil rəhbərlik edib:

  1. ”Qazaxlı”, “Alqazaxlı” deyilən Şıxlinskilər tayfası ilk idarəçilər olublar. Türk sultanı III Əhmədin (1703 – 1730) zamanında tayfa Osmanlıların tərəfinə keçdiyi üçün Səfəvilər yenidən buranı geri alarkən Qazaxlı tayfasını rəhbərlikdən azad edib.
  2. Onun yerinə sərkərdə iranlı Sübhanverdi xanı təyin ediləndə Qazax artıq Qarabağ bəylərbəyliyinə tabe idi. 1736 – cı ildə Nadir xan özünü şah elan etdikdən sonra Qarabağ bəylərbəyi Uğurlu xan Ziyad oğlu Nadirin əleyhinə çıxış edir. Bunun üçün Nadir xan taxta oturduqdan sonra öz mövqeyini itirməmək üçün güclü Gəncə xanının nüfuzunu zəiflətmək məqsədilə Qazax, Borçalı və Şəmşəddil mahallarını Kaxetiya – gürcü çarlığına verir.
  3. Gürcü çarı II İraklinin fərmanı ilə 1774 – cü ildə Qazax sultanlığına Salahlıda bəylik edən Kosa Mirzalı ağanın nəslindən olan Pənah ağa vəkil təyin edilib. 1752 – də Qazax sultanlığı II İraklini məğlub edən Hacı Çələbinin xanlığı Şəkiyə birləşdirilib. Şəki xanının vəfatından sonra yenidən gürcü təsirinə düşən Qazax sultanlığı 1801-də Qərbi Gürcüstanla birlikdə Rusiyanın tərkibinə daxil edilib. 1819 – cu ildə Qazax sultanlığı ləğv edilir, daha sonrakı illərdə də Yelizavetpol (Gəncə) quberniyasının tərkibində qəza statusu qazanır. 1909-cu ildə şəhər statusu alan Qazaxın qəza statusu 1929 – cu ildə ləğv edilir.1930 – cu ildən müstəqil inzibati rayondur.

Tarixi abidələri

Qazaxda dünya, ölkə və yerli əhəmiyyətli 112 tarixi abidə var. Rayon mərkəzindəki tarixi İsrəfil ağa hamamı, Cümə məscidi və Seminariya binası diqqət çəkir.

Seminariya (1910)

Azərbaycanda birinci müəllimlər seminariyası Qazaxda açılıb. Seminariyanın binası 1910 – cu ildə inşa edilib. Bişmiş qırmızı kərpicdən yüksək zövqlə tikilmiş ikimərtəbəli binada indi orta məktəb fəaliyyət göstərir. 1918-ci ildə Firidun bəy Köçərli Qori seminariyasının Azərbaycan şöbəsini buraya köçürəndə böyük çətinliklə qarşılaşır. Bakıda vətəndaş müharibəsi gedirdi, vəziyyət qarışıq idi. Gürcülərin tələbi ilə qatardan endirilən heyət Ağstafada dayanıb gözləməli olur. Qərara alınır ki, Bakıda vəziyyət stabilləşənə qədər seminariya Qazaxda fəaliyyət göstərsin. Amma harda? Bu zaman meydana çıxan Kosalar kənd sakini milyonçu Məşədi İbrahim tikdirdiyi şəxsi ikimərtəbəli evini xeyir məqsədilə istifadə etmək üçün seminariyaya bağışlayır. Qori müəllimlər seminariyasının tatar şöbəsi 1879 – 1918 – ci illərdə 250 müəllim yetişdirib. Bunlar XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın ictimai – siyasi, elm və mədəniyyət həyatında misilsiz xidmətləri olan insanlardır. Seminariyanın binasında məşhur “Dəli Kür”(1969) filminin bəzi səhnələri çəkilib.

Şıxlı insan düşərgəsi

Birinci Şıxlı kəndinin yaxınlığında aparılmış qazıntılar zamanı 1023 arxeoloji məmulat tapılıb. Burada Uzundərə, Çınqıltəpə, Acıtəpə mustye yaşayış məskənləri də aşkar edilib. Gürcüstanla sərhəddə I Şıxlı və II Şıxlı kəndləri yerləşir ki, bunlar İsmayıl Şıxlı, məşhur generallar nəsli olan Şıxlinskilərin, II Dünya müharibəsinin əfsanəvi partizanlarından, İtaliyanın Milli Qəhrəmanı olan Serafino və Azərbaycan aşıq ədəbiyyatının klassiklərindən olan Molla Vəli Vidadinin vətənidir.

Xramçay

II Şıxlı ərazisindən axan bu çayın əsl adı Ehram çaydır. Kürün bir qoludur. Gürcülər Xramçay deyir. Başqa bir adı da Təpədöy (Təvədöy) çayıdır. Xrami, “sahilə çırpılan” deməkdir: “dərədən axan çay”, “dərin yataqlı dağ çayı” mənasındadır. Çay həqiqətən də uzun müddət dərin dərə ilə axır. Üstündə orta əsrlərdən qalma iki məşhur tarixi abidə var.

Sınıq körpü (V əsr)

Deyilənlərə görə, araba, fayton və dəvə, qatır karvanları üçün nəzərdə tutulan bu körpü ya Sasanilər (III əsr) ya da Qafqaz Albaniyası dövründə (V əsr) inşa edilib. Tikiləndən uzun illər sonra körpünün tacı, daş çatmasının biri sınıb. O vaxtdan adı Sınıq körpü qalıb.

Zaman içərisində dağılan körpünün bəzi qalıqları durur. Sol sahildəki özül qalığının üstündə meşəçi evi tikilib ki, o da yeməkxana kimi fəaliyyət göstərir. Saysız – hesabsız ticarət karvanlarının dayanacaq məntəqələrindən olub. Yaxınlığındakı digər məşhur körpüylə birlikdə ikisinə Qoşa körpü adını veriblər.

Qırmızı körpü (XII əsr)

Sınıq körpüdən təxminən 100 metr aralıda, 1136 – 1225 illərdə Atabəy hökmdarı Məhəmməd Cahan Pəhləvan zamanında tikilmiş Qırmızı körpü dörd aşırımlıdır. Kürə qovuşan Təpədöy çayının üstündə, iki təpənin arasında salınıb. Bişmiş qırmızı kərpicdən hazırlandığına görə adı Qırmızı körpü qalıb. Uzunluğu 165 metr, eni 12.4 – 4.3 metrdir. Sahil dayaqlarında geniş otaqlarda vaxtilə karvanlar gecələyib. Gürcüstanla Azərbaycan arasında körpü rolunu oynayan bu tarixi əsər hazırda qoruq – muzey elan edilib. Sərhəd keçid məntəqəsi də burada yerləşir.

XVII əsrdə Şah Abbas tərəfindən əsaslı təmir etdirilib və bəzədilib. Üslub cəhətdən qədim Gəncə və Xudafərin körpülərinə bənzəyir. Onlar haqqında maraqlı rəvayət var. Keçmiş zamanlarda Ehram çayının üstündə təkcə Sınıq körpü varmış. Buradan keçən padşah onun sınıq olduğunu öyrənəndən sonra hökmən yeni birisini tikmək lazım olduğunu söyləyir. Yoxsa o taya gediş – gəliş çətin olar.

Yazıçı – diplomat A.S.Qriboyedov 1819 – cu ildə Tiflisdən İrana gedərkən burada atdan düşüb xeyli dayanıb, körpüyə heyrətlə tamaşa edib və tərcüməçisi Şəmşir bəydən əlavə məlumatlar alıb. Sonralar bir dostuna yazdığı məktubda xüsusi olaraq qeyd edir ki, “ … qarla örtülü çöldə gözlənilmədən bir memarlıq abidəsinə rast gəldik. Nə qədər heyrətamiz gözəllikdir, ilahi! Bu dördtağlı körpü simmetrik qaydada, fövqəladə ustalıqla, əla zövqlə tikilib.”

Göyəzən

Qazaxlılar buranı “dünyanın mərkəzi” hesab edirlər. İnanmırsınızsa gəlin ölçək deyirlər.

Göylərə baş çəkir Göyəzən dağı
Axşam açıq olur ayın qabağı

Bu misralar isə Səməd Vurğuna aiddir. O qədər mədh edib, elə tərifləyib ki, hər kəs Göyəzəni nəhəng, böyük bir dağ zənn edir. Gəlib görənlər isə hər zaman təəccüblənirlər. Göyəzən Qazağın emblemidir. Rayondakı ən böyük təbii abidədir. 250 metr hündürlüyü var. Nadir geoloji təbiət abidəsi vulkan püskürməsi nəticəsində yaranıb. Mərkəzdən 20 km aralıda, Coğaz çayından 2 km soldadır. Heç bir dağa və təpəyə bitişik deyil. Təkdir. Dibində və ətəyində iri və qədim yaşayış yerinin, Yeddibürclü qalanın qalıqları görünür. Gövdəsində ilkin insan məskənləri sayılan mağara – otaqlar var. Zirvəsi nisbətən yastıdır. Deyilənə görə qədimdə bayramlarda və düşmən təhlükəsi olanda dağın zirvəsində tonqal qalanarmış.

Toponim

Kuhi – zənən (Qadın dağı), Kuhi – Əzəm (Əzəmətli dağ), Kuhi – Əzan (Əzan dağı), Göy Ozan ( Göy türkün göy ozanı), Köy ozan (Ozan kəndi), Güy əzən (səs – küyü batıran) kimi farsca və türkcə kəlimələrlə izah edilir. Hər yozmaya dair əfsanələr və rəvayətlər var.

Deyirlər, dağın dibindəki şəhər – qala viran olubmuş. Təkcə nurani qarı yaşayırmış. Sasani ordusu oradan keçəndə vəziyyətlə tanış olur, dağı “Kuhi – zənən” yəni “Qadın dağ” adlandırırlar.

Belə bir izahat da verirlər ki, yadellilər bu tək, uca və hündür dağa heyranlıqla baxıb – baxıb “Kuhi – Əzan” yəni Əzan dağı deyiblər…
Göyəzən toponimi ilə bağlı ən inandırıcı izahat göy dələn, göylərə baş vuran, göy əzən yozmalarıdır.

Qazax üzrə gerçəkləşdiriləcək daxili turist – səyahət marşrutlarından biri də Xanlıqlar – Dəmirçilər kəndi istiqamətindədir. Ərazidə dünya və ölkə əhəmiyyətli bir neçə tarixi abidə və böyük su anbarı var. Ümumiyyətlə, Qazax- Ağstafa ərazisi su anbarlarının çoxluğu ilə digər bölgələrdən seçilir.

Didevan qülləsi (VI – VII əsrlər)

Gözətçi qalasıdır. Dədəban – Dədə evi də deyirlər. Qala XX əsrin ortalarınadək ziyarətgah olub. E.ə. I minillikdə inşa edilən bu gözətçi qülləsi Avey dağındakı Alban məbədiylə birlikdə müdafiə sistemi təşkil edib. Xanlıqlar kəndi ərazisindəki müdafiə xarakterli bu abidə memarlıq nümunəsi kimi ölkə əhəmiyyətli abidələr siyahısına aiddir. Adını müxtəlif cür desələr, ayrı – ayrı mənalandırsalar da, Dədəban – dədə evi kimi izahı daha inandırıcıdır. Dədəban Qalası kəsik konusvari formadadır. Hündürlüyü 9 – 10 metr, diametri 5 – 6 metrdir. Qalanın rəngi qaraya çalan boz rəngdir. Uzaqdan baxdığınız zaman Osmanlı dönəmi türk fəs papaqlarına bənzərliyi ilə diqqəti cəlb edir. Daha çox “Koroğlu boçkası” adı ilə tanınır. Quruluşca çəlləkə bənzədiyinə görə bu adı yaraşdırıblar. Didevan dağının zirvəsində, İrəvandan Qazağa səmtlənən qədim karvan yolunun qırağındadır. İri qaya parçalarından hörülüb.

Ermənistanla sərhəddə, Dəmirçilər – Xanlıqlar kəndi yaxınlığında Göl deyə bilinən, yaşıllığı ilə seçilən möhtəşəm mənzərəli ərazidəki restoran sovet vaxtından bəri məşhurdur. İrəvan – Qazax karvan yolunun qırağında yerləşən qalanın bəzi parçaları keçən əsrin 70-ci illərində yuxarıdakı restorana yol çəkilərkən dağıdılıb. VI – VII əsrlərə aid Didivan qülləsi el – oba içərisində Koroğlu qalası kimi tanınmasının səbəbi var. Ehtimal edilir ki, Koroğlu hansısa səfərlərindən birində buradan keçib.

Baba Dərviş

Şəhərdən 2 km qərbdə, Ağstafa çayının solunda antik yaşayış məskəni kimi dünya əhəmiyyətli abidədir. Tunc dövrünə aid iri şəhər olub. Dəfələrlə hücumlara, basqınlara məruz qalaraq dağılıb, nəhayət güclü zəlzələdən sonra tamamilə ortadan itib. Süqut edəndən sonra əhalisi ətraf kəndlərə köçüb. Bir müddət sonra qədim şəhərin xarabalığında dərvişlər məskən salıblar. Rəvayətə görə bir zaman Dərviş baba və onun müridləri burada yaşayırmış. Dərviş adətlərinə görə evlənmək qadağan olub. Günlərin bir günü gənc dərvişlərdən biri bu adəti pozub. Kənd – kənd gəzərkən gördüyü qızlardan birini sevib və onunla evlənib. Buna görə Baba dərviş ona qarğış edib. Bu qarğışdan sonra şəhər yerlə yeksan olub. 1958 – 62 – ci illərdə aparılmış arxeoloji tədqiqatlar nəticəsində ərazidə 3 mədəni təbəqə aşkar edilib. Eranın III – I minilliklərə aid yaşayış məskəni, ibadətgah yerləri və qəbir abidələri üzə çıxarılıb. Keçən əsrin 70 – ci illərində Ağstafadan Barxudarlıya dəmir yolu çəkilərkən bu qədim və zəngin yaşayış yeri dağıdılıb. Baba Dərviş ərazisində 3 dini abidə və türbə var.

Yeddi qardaş

“Yeddi daş” da deyirlər. Dəmirçilər kəndinin cənub – qərb qulağında, Qapaqlı dərə məhəlləsinin qurtaracağındadır. Bir – birinə sığınmış daşlardır. Deyilənə görə, vaxtilə yeddi bütöv daş olub. İkisi sonralar parçalanıb. Buraya ziyarətə gələr, şam yandırıb daşların üstünə qoyar və niyyət edərlər. Qurban kəsənlər də tapılır. Bura ilə bağlı maraqlı əfsanə var. Çox qədim zamanlarda buraya düşmənlər hücum etməyə hazırlaşır. Xəbər tutan camaat gecə – gündüz kəndin yuxarı başında yeddi – yeddi keşik çəkməyə başlayırlar. Növbə kənddə yaşayan yeddi qardaşa çatır. Onlar növbətdə ikən gecə yuxu aparır. Ayılırlar ki, düşmənlər ətrafı mühasirəyə alıb. Allaha dua edirlər ki, onları düşmənin əlinə keçirməsin. Bu duadan sonra Göydən bərk yağış yağır, ildırım çaxır, səs – küyə camaat oyanır, kəndi müdafiə edir, qardaşlar isə daşa dönür. O vaxtdan bu yer pir olub.

İncə dərəsi

Turist marşrutlarından biri bu dərə boyunca reallaşdırılır. İncə çayın adıdır. Gözəl mənzərəli və bol meyvə bağları olan bölgədir. Qazaxın dağ ətəyindən başlanan düzənlikləri alp çəmənlikləri ilə örtülüb. Bura Altuntaxt yaylağıdır. Yaylağın arxa tərəfində İncə dərəsidir. Dərənin qarşı tərəfində Qaraqoyunlu dağı ucalır. Tarixi abidələrlə zəngin olan Incə dərəsinə 4 kənd daxildir: Aslanbəyli, Qaymaqlı, Kəmərli və Xanbağı.

Kəmərli kəndi

İncə dərəsinin sonunda, sərhəddə yerləşən kənd yaşıllıqlarla əhatəlidir. Süni göl var. 1984 – cü ildə Kəndin Xan bağı adlanan tarixi meşələrin bir hissəsinin ermənilərə verilməsi skandala səbəb oldu. Rəhbər vəzifə tutanların bir qismi işdən azad edilsələr də torpaqlar geri qayıtmadı. Xan bağı vaxtilə aristokrat ailələrə məxsus yaylaq yeri olub.

Aslanbəyli kəndi

Kəndin ən məşhur abidəsi Hacı Mahmud Əfəndinin türbəsi, digər deyişlə Göy türbədir.

Göy türbə (1896)

Hacı Əfəndinin ocağıdır. Gəncədən Qazaxa, Borçalıya qədər insanlar and içərkən “Göy türbə haqqı” deyirlər. Yerlilərin dediyinə görə, Hacı Mahmud Əfəndi Qaraninin türbəsi Qafqazda, hətta Türkiyədə tanınan ziyarətgahdır. Türbə Aslanbəyli kəndinin qədim qəbiristanlığında, İncə çayı boyunca uzanan yolun solundadır. Geniş və möhkəm hasarın içərisindədir. Mavi rəngli, çoxkünclü türbədə iki şəxs dəfn edilib. Onlardan biri Hacı Mahmud Əfəndinin məsləkdaşı və yaxın dostu Seyid Yasindir. Əvvəlcə 1893 –cü ildə Hacının iştirakı ilə türbə ucaldılıb. Vəsiyyətinə görə vəfat edincə Hacı Əfəndi də burada dəfn edilib. Onun müridlərindən biri olan Nigari daha sonra Türkiyəyə köçüb və orada vəfat edib. Maraqlı fakt oldur ki, Qazaxlı Hacı Mahmud əfəndi Türkiyənin Amasya şəhərində ustadı və mürşidi Seyyid Nigarinin qəbri üstündə böyük bir cami tikdirib. Caminin ön tərəfinə Hacı Mahmud əfəndi Qaraninin adı yazılan lövhə vurulub. Əslən Aslanbəylidən olan Hacı Mahmud əfəndi 150 il əvvəl Türkiyədə dini təhsilini başa vurandan sonra doğma yurda qayıdıb. Zəhmətkeş olması və xeyirxahlığı ilə tanınıb. Aslanbəyli kənd məscidini də kəndin ən yüksək təpəsində o ucaldıb.

Səma rəqsi

Yalnız Aslanbəyli kənd camaatının icra etdiyi rəqsdir. Daha çox dini rituala, meditasiyaya bənzəyir. Səma rəqsini mövlud günləri oynayırlar. Mövlud bir ölünün ruhuna verilən ehsana deyirlər. Həmin gün ölü sahibinin evində toplaşır, yemək yeyirlər. Süfrədə ruhların şərəfinə şamlar yandırılır, dualar edilir. Yemək bitdikdən sonra yerdən bardaş qurub oturur və ölənin ruhuna və İlahinin böyüklüyünə dair fəlsəfi məzmunlu şeirlər oxuyurlar. Bu ayin zamanı müsəlman dini mərasimlərindən fərqli olaraq kişi – qadın birlikdə iştirak edir. Əlində dəf olan bir nəfər məclisi idarə edir. Əruz vəznində melodik şəkildə şeir deyir. Yerdən oturanlar onun dediklərini təkrar edir və əl çalırlar. Tədricən sürəti artırmağa başlayır. Bu zaman yerdə oturanlar qalxıb tək – tək rəqs etməyə başlayırlar. Bu rəqs digərlərinə heç bənzəmir. Oynayanlar əllərini yavaş – yavaş havaya qaldıraraq öz oxları ətrafında dönürlər. Sanki transa keçirlər. Səma rəqsi bir neçə saat davam edir. Türkiyənin Konya bölgəsində geniş yayılmış, məşhur Mövlana Cəlaləddin Rumi məktəbinin yetirmələrinin məşhur “səmazən” rəqslərinə çox bənzəyir. Bu rəqslərin eyni kökdən olduğunu söyləyirlər.

Qım – qıma

Bu kəndə xas folklor janrıdır. Nənələrin dediyi bayatı, laylay tərzində söylənən 4 misradan ibarət kiçik şeirlərdir. Məişət məzmunu daşıyır. İnəyi sağarkən onu tərifləyir, ya da yatırarkən uşağa gözəl sözlər deyir, xalça toxuyarkən vaxt keçirmək və həvəsləndirmək üçün şeir oxuyurlar ki, bunu Qazaxda qım-qıma adlandırırlar.

Qazax xalçası

Azərbaycan xalça məktəblərindən biridir. Ən qədim sənət növlərindəndir. Berlin İncəsənət muzeyinin Şərq bölməsində, İstanbulun Türk və İslam əsərləri muzeyində XV əsrə aid edilən Qazax xalçası saxlanır. Bu xalçalarda əfsanəvi epik heyvanlar və hadisələr, simurq quşu və əjdahanın savaşı kimi ən qədim motivlər əks olunub. Tədqiqatçıların söylədiyinə görə, bir – birinə zidd olan iki qüvvənin, xeyirlə şərin mübarizəsini təmsil edən bu çeşid Azərbaycan xalçaları o zaman dünya bazarında çox tələb görüb, çox satılıb və hədiyyə verilib. “Dağ Kəsəmən”, “Qazaxça”, “Şıxlı”, “Borçalı”, “Qaymaqlı”, “Ağqoyunlu” xalçaları məşhurdur.

Kəndlərdə və rayonun özündə bir neçə variantlı “Qazax – şəhər” adlı orijinal kompozisiyalı xalılar toxunur. Qazax xalılarında bəzək elementi kimi svastikadan geniş işlənməsi maraq oyandırır. Günəşi təmsil edən bu ornamentin belə geniş istifadəsi təsadüfi deyil. Bunun 4 min ildən artıq yaşı var. Vaxtilə burada yaşayan tayfalar arasında rəmzi mahiyyət daşıyıb və damğa rolunu oyanyıb.

Aveydağ (VI – VII əsrlər)

Gürcüstan ilə Qazax rayonu arasında yerləşən Kiçik Qafqaz dağlarındakı zirvələrdən biri, ağ – bozumtul dağ silsiləsidir. Daş Salahlı kəndindən 12 km aralıdadır. Cəbhə xəttinə yaxın olduğundan giriş qadağandır. Burada alban məbədi var. Adətən xristian məbədləri əvvəlki bütpərəst məbədlərinin yerində yaradılırdı. Aveydağ sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada olub. Toponim Ay evi kimi açıqlanır. Ümumən türklərdə Aya sitayiş qədim dövrlərdən bəri geniş yayılıb. Qədim türklərdə “Ay Tənqri” (Ay Allah) ifadəsi olub. Tarixçi alim Q.Qeybullayev Avey sözünün əslində ‘Avey’ yox, ‘Ayev’ (Ayevdağ) olduğunu əsaslandırıb. V.V.Radlov altay türklərində «Ay moko» (‘möhkəm Ay’) əfsanəsini qeydə alıb.

Avey Alban məbədi (V – VI əsrlər)

Piyada 1 saat 15 dəqiqəlik məsafədədir. Avey dağının cənub zirvəsində, 920 metr yüksəklikdə yerləşir. Qərb tərəfdən buraya qədim, dar cığır qalxır. Zirvədən ətrafa möhtəşəm mənzərə açılır. İki hücrəli məbəd Aveyin öz daşı ilə inşa edilib. Arxeoloqlar bu qənaətdədir ki, tarix boyunca Avey məbədi 3 dəfə, sonuncu dəfə 1838-ci ildə əsaslı şəkildə restavrasiya edilib. İndiki tikilinin altında qalan başqa bir tikilini araşdırarkən məlum olub ki, bu məbəd Qafqaz Albaniyası dönəmində, təxminən V – VI əsrlərdə inşa etdirilib. Bir sıra yerli və gürcü alimlərin fikrincə, xristianlıq yayılmazdan əvvəl, hələ IV əsrdə burada Ay məbədi olub. Avey dağının özündə və ətrafında, xüsusən də Avey Göyəzən ətrafında abidələr çoxdur. Buna görə də 1989 –cu ildə burada Avey tarix – mədəniyyət qoruğu yaradılıb. Aveydağın cənub – şərq və qərb tərəflərində 8 məbəd yeri, 2 yaşayış məntəqəsi yeri, qədim alban – oğuz qəbiristnalığı, müdafiə hasarlı 2 qala istehkam yeri, 30-a qədər süni mağara aşkar edilib. Qoruqdakı əsas məkanlardan biri Damcılıdır.

Damcılı

Buranı dünyanın 8-ci, Azərbaycanın 1-ci möcüzəsi adlandıran Səməd Vurğun qonaqlarına Damcılı suyundan içirməmiş, Damcılıda kabab və Daşsalahlı xəngəlindən yedirməmiş yola salmazmış. Elə ki, yay gəlir, bütün Qazax camaatı sərinləmək üçün buraya üz tutur. Rayonun əsas istirahət yeri, piknik mərkəzidir. Qonaqlarına da buranı mütləq göstərirlər. Qayanın üstünə yaşıllıqlardan xalı hörülüb. Onların arasından damcı – damcı tökülən su içməlidir. Aşağıdan yuxarıya baxanda zirvə görünmür. Ümumi hündürlüyü min metrə çatan bu nəhəng qayalar hörgüsünün içərisindən süzülən saf və duru, buz kimi soyuq su damcı –damcı tökülür, aşağıdakı ovucda yığılıb bulaq olur. Damcılı bir zamanlar ziyarətgah olub. Avey dağının qayalarını qoparıb yonur, ondan su daşı kimi istifadə edirlər. Bu qayaların özəlliyi odur ki, suyu həm sərin saxlayır və həm də süzür. Bir növ filtr rolunu oynayır.

Mağara

Damcılını məşhurlaşdıran yalnız duru və sərin suyu deyil, həm də onun ətrafındakı qədim insan məskənləri hesab edilən qala və mağaralardır. Əslində bura ibtidai icma quruluşundan qalma, dünya əhəmiyyətli tarixi abidədir. Elmi ədəbiyyatda adı Daş Salahlı ibtidai insan yaşayış yeridir. Daş Salahlı kəndindən Xram çayına qədər uzanan, Avey dağının cənub – şərqində, əhəng qayalığın altında, Yataq yeri adlanan ərazidə yerləşən Damcılı mağarasının sahəsi 360 kv.km, uzunluğu 17 metrdir. Paleolit, mezolit, neolit, tunc dövrünə və orta əsrlərə aid izlər tapılıb. Aveydağ mağaralar qrupundan ən irisidir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılıb. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Mağaradan diametri 2 metrə yaxın ocaq, kül izləri, kömür qırıntıları, eyni zamanda qazıntılar zamanı 8 mindən artıq arxeoloji material, daş kəsici alətlər, müxtəlif heyvanlara aid sümüklər tapılıb.

Daş Salahlı

Qazaxda 4 Salahlı kəndi var: Yuxarı, Aşağı, Orta və Daş Salahlı kəndləri. Daş Salahlı bu kəndə yalnız buraya xas olan tikinti materialı olan təbii ağ rəngli daşa görə verilib. Haqqında danışdığımız tarixi abidələrindən başqa bu kənd xəngəli ilə də məşhurdur.

Xəngəl

Burada xəngəl prosesi böyük bir mərasimdir. 2 – 3 nəfər xanım birləşərək xəngəl yeməyi bişirirlər. Biri xəmir yoğurur, sonra yuxa yayır və dilimləyir. Xəngəl yarpaqları romb yaxud dördbucaqlı formada olur. Bir nəfər qurudu əritməklə məşğuldur. Bir gün əvvəldən islağa qoyulan qurut ilıq suyun içində əllə ovularaq maye halına gətirilir. Tam əridikdən sonra içərisinə sarımsaq əlavə edilir. Bir nəfər soğança hazırlayır. Yəni soğanı uzun – incə doğrayaraq kərə yağında qovurur.

Daha sonra da toyuğu parçalara ayıraraq çox az suda soyutma edirlər. Bunlar bitdikdən sonra mis qazanda su qaynamağa qoyulur. Xəngəl bişirərkən istifadə olunan qabların hamısı, artıq məişətdə az tapılan köhnə mis qablardır. Mis kəfgirlə xəngəli qarışdırır və süzürlər. Mis siniyə əvvəlcə xəngəl düzülür. Üstünə sıra ilə qurut, soğança və toyuq tikələri düzülür. Burada xəngəlin hazırlanma qaydası, qaba düzülüşü, süfrəyə verilişi və ləzzəti başqa yerdəkilərin hamısından fərqlidir. Aradakı fərqin nə olduğunu anlamaq üçün bu mərasimi başdan – sona qədər yaşamaq lazımdır.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2338967342909990]