Qəbələ

Qəbələ

Ora üçün şimal – qərb zonasının ürəyi deyilə bilər. Ölkənin ən mənzərəli, zəngin, turizm cənnəti rayonlarındandır. Bu gözəlliyə və təbiətə zərbə vuran Qəbələ RLS olmasa, burada hər şey mükəmməlin üstündədir demək olar. Çünki radiolokasiyadan çıxan şüalar həm təbiəti, həm də insan sağlamlığını ciddi şəkildə təhdid edir…

Arayış

Bakı – Qəbələ arasında məsafə 225 km-dir. Həftəran – Alazan vadisindəki düzənlikdə, Böyük Qafqaz sıra dağlarının arasında, Dəmiraparan çayın sağ sahilində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşir. Bir tərəfdən Lahıc dağlarına söykənən Qəbələ ölkənin şimal – qərbində, Şahdağın ətəklərində salınıb. Rayonun şimalındakı kəndlərin hamısı Şahdağ Milli Parkına daxildir. Böyük Qafqaz dağlarından axan Dəmiraparan çayı, Vəndam çayı, Bum çayı, Tikanlı çayı və digərləri vadini bol miqdarda su ilə təmin edərək Kürə qovuşur.

Vedrə bazarı

Rayonun girəcəyində yerləşən bazar camaat arasında bu adla tanınır. Burada hər cür mürəbbə, kompot, meyvə, ekoloji təmiz kənd məhsulları, müxtəlif marinadlar, bitkilər satılır. Satıcıların hamısı kənd sakinləridir. Satdıqları məhsullar da öz əl əməklərinin bəhrəsi, şəxsi istehsallarıdır. Bunu onların qabarmış əllərini görüncə anlamaq olur. Bu istiqanlı insanlarla söhbətləşərək alış – veriş etmək böyük zövqdür.

Təsərrüfat

Əlverişli təbii şəraiti hələ qədim zamanlarda burada təsərrüfat və mədəniyyətin inkişafına imkan yaradırdı. Dağətəyi hissələrdən uzanan geniş bağlar bol meyvə ağacları və üzümlüklər üçün, düzənliklər isə buğda əkini üçün yararlı idi. Strabonun Kür – Araz vadisi barədə verdiyi məlumatlar bu əraziyə aiddir: “Torpağa heç bir qayğı yoxdur, ancaq burada hər şey becərilmədən, öz – özünə əmələ gəlir…, bəzən burada bir dəfə əkilmiş torpaq iki və ya üç dəfə bar verir. Bütün düzənlik Babilistan və Misirdən yaxşı ən gur çaylar və başqa sularla elə suvarılır ki, hər zaman yaşıl görünüşünü saxlayır və bunun nəticəsində otlaq bolluğu yaranır: eyni zamanda burada hava oradan yaxşıdır.” O vaxtdan başlayan ənənə bu günə qədər davam edir. Meyvələri, qoz – fındıq və şabalıd bağları ilə ad çıxarıb.

Şabalıd

Ölkənin ən ləzzətli şabalıdı Qəbələdə yetişir. Dağ yamaclarında, dəniz səviyyəsindən 1000 metr yüksəklikdə məşhur şabalıd meşəsi yerləşir. Bu meşədəki ağaclar çox qədimdir. Hər birinin orta hesabla 500 yaşı olduğunu söyləyirlər. Bəziləri dövlət tərəfindən mühafizə edilən təbii abidələr siyahısına daxil edilib. Qəbələ şabalıdları ölçülərinə görə iri olur. Mövsümü gəlincə isə, yəni payız – qış aylarında yerli süfrələrin vazkeçilməz ləzzətinə çevrilir. Burada şabalıdı qovuraraq və ya suda pörtlədərək yemək adətdir. Həmin vaxtda Qəbələdə hansı evə ya da restorana getsəniz, soruşmadan şabalıd ikram edirlər. Bundan əlavə şabalıd süfrə yeməklərinin də əsas atributlarındandır. Ondan kələm dolması, ət bozartması, aşqara və məşhur döşəməli plovun içərisində bol – bol istifadə edirlər.

Qutqaşen

1930 – 1991 – ci illər arasında rayon belə adlanıb. Mürəkkəb sözdür: qut + qaş + şen sözlərindən törəyib. Quti, quş və qas tayfaları ilə əlaqədardır. Quti tayfaları bu günə qədər rayonda yaşayan udilərdir. Quti və quş tayfaları şimali Azərbaycanda e.ə. II minillikdə yayılmasını nəzərə alaraq, Qutqaşen toponiminin 4000 yaşı olduğunu ehtimal edirlər. Başqa bir fərziyyəyə görə toponim qurd kəliməsindən törəyib. Qurd bütün türk dünyasında müqəddəs totemlərdən biridir. Qutqaşen sözünün kökünü türkcə qutlu(kutlu) yəni mübarək, xeyirli kəlimsi ilə də əlaqələndirirlər. Başqa deyişlə, Qutqaşen xoşbəxt yer kimi də izah edilir. Hazırda Qəbələdə eyniadlı məhəllə var.

Toponim XVIII əsrin ortalarından geniş yayılmağa başladı. O dönəmdə Azərbaycanda yaranan kiçik feodal dövlətlərindən biri Qutqaşen sultanlığı idi. Sonralar Qutqaşen mahalı kimi Şəki xanlığının tərkibinə daxil olur. Qəbələ hakimiyyətinin axırıncı sultanı İ.B.Qutqaşenlinin atası Naib Nəsrullah Sultani olub.

İsmayıl bəy Qutqaşenli
(1806 – 1869)
Qutqaşen adının ən yaxşı daşıyıcılarından biri olan İsmayıl bəy rus ordusunun ilk müsəlman – türk generallarındandır. 30 il rus ordusunda xidmət edən İsmayıl bəy Qutqaşenli 1850 – ci ildə general – mayor rütbəsinə layiq görülüb. İctimai – siyasi, eləcə də iqtisadi fəaliyyətlə məşğul olan general eyni zamanda Azərbaycan realist nəsrinin banisidir. Fransız dilində yazıb yaradıb. Yazdığı ilk realist əsər “Rəşid bəy və Səadət xanım” hekayəsidir.

Çuxur Qəbələ kəndi, Qafqaz Albaniyası qalıqları

Qəbələ tarixi

Miladdan əvvəl IV əsrdən başlayaraq ölkənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan, eranın I əsrindən etibarən yazılı mənbələrdə adı çəkilən Qəbələ Albaniyanın ilk paytaxt şəhəri olub. Alban hökmdarlarının baş iqamətgahı burada yerləşib. Dünyanın Babil, Troya, Karfagen kimi böyük siyasi – iqtisadi strateji şəhərləri ilə eyni sırada olub. Eradan əvvəl 60 – cı illərdə Roma qoşunları Albaniyaya hücum etsələr də, Qəbələni işğal edə bilməyiblər. Sasanilər dövründə Qəbələ çox böyük ticarət və sənətkarlıq mərkəzi olub. Xilafət dövründə də şəhər ticarət və sənətkarlıq mərkəzi kimi əhəmiyyətini qoruyub saxlayıb. XIII əsrdə monqolların hücumu zamanı tənəzzülə uğrasa da, sonralar yenidən dirçəlib. XVIII əsrin ortalarında Qəbələ öz əvvəlki əzəmət və əhəmiyyətini itirməyə başlayınca, əhali də tədricən buradan köçüb.

Qədim Qəbələ

Qədim şəhərin böyük hissəsi torpağın altında qalıb. Yer üstünə çıxmış parçalar isə qalanın cənub darvazalarıdır. Təxminən 9 əsrə qədər Qafqaz Albaniyasına paytaxt olmuş qədim Qəbələ indiki rayon mərkəzindən 20 km şimal – şərqdə, indiki Çuxur Qəbələ kəndi yaxınlığında yerləşirdi. Antik şəhərin xarabaları mərkəzdən 15 km məsafədə Qaraçay və Covurluçay çaylarının arasındakı ərazidədir. 461 – ci ildə Sasani üsul idarəsindən sonra paytaxt Bərdəyə köçürülsə də, Qəbələ aktiv şəhər həyatını yaşamağa davam edib. Qədim Qəbələnin xatirəsi olan möhtəşəm Qala divarları da məhz həmin dönəmdə inşa edilib. Arxeoloji qazıntılardan əldə edilən materiallar e.ə. IV – III minilliklərindən XVIII əsrə qədər yaşamış qədim Qəbələnin Qafqazda ən iri və inkişaf etmiş, böyük inzibati, ticarət – sənət mərkəzlərindən biri olduğunu göstərir.

Qala divarları (V əsr)

Azərbaycanın digər orta əsr şəhərlərindəki müdafiə sistemindən fərqlənir. Sasani dövrü arxitekturasına aiddir. Bəzi orta əsr müəllifləri şəhəri Sa-sani şahı I Qubadın tikdiyini yazsalar da, tədiqaqatçılar onun buralarda sadəcə bərpa işləri apardığı qənaətindədirlər. Saman qarışdırılmış çiy kərpic və yonulmuş çay daşından inşa edilib. Salamat qalan bürcün divarlarının diametri 3 metrdir. Uzunluğu 35 m, hündürlüyü 1 m, qalınlığı 2.4 metr olan qalanın müdafiə divarları bu günə qədər orijinal formasını saxlayıb. Qalanın əsas qapısı cənub tərəfdə olub. Cənub divarlarında sala-mat qalan 4 bürcün hamısı yarımdairəvi formadadır. Hündürlüyü 10 – 14 m, diametri 6 – 8 m, divarlarının qalınlığı 4 metrdir. Arxeoloji qazıntılar zamanı qala ərazisindən küp qəbirlər aşkar edilib.

Dəfinə

Qəbələ və onun ətrafından indiyədək bir neçə dəfə pul dəfinəsi tapılıb. Xeyli hissəsi 226 – 551 – ci illərə aid pullardır. 1964 – cü ildə qədim şəhər xarabalığından 2 – 3 km cənub – qərbdə taxıl əkmək üçün yer şumlanarkən Sasani şahı II Bəhramın (276 – 293) adına kəsilmiş gümüş draxmalar tapılıb. Bundan başqa dəfinələrdə Parfiya hökmdarı, Roma imperatorlarının adına olan sikkələr aşkar edilib ki, bunlar Albaniyanın İran və Roma imperiyası ilə ticarət əlaqələrində Qəbələnin fəal iştirakından xəbər verir.

Qəbələ Dövlət Tarix

Mədəniyyət Qoruğu

1985 – ci ildə yaradılıb. 480 ha sahəni əhatə edən qoruq rayonun cənub – qərbində, mərkəzdən 25 – 30 km aralıda, Çuxur Qəbələ kəndi yaxınlığında yerləşir. 3 əsas hissədən – Çaqqallı, Səlbir, Qala hissələrindən ibarətdir. Antik şəhərin xarabalıqları burada qorunur.

Toponim

Toponim haqqında ilk yazılı məlumatı verən eramızın I əsrində yaşamış məşhur Roma alimi Böyük Pliniy “Təbii tarix” ensiklopedik əsərində Albaniyada əsas şəhərin Kabalaka olduğunu yazıb. İlkin orta əsr mənbələrində Kapalak, Kapaqa, Xuala və sair adlarla məlumdur. 2500 illik keçmişi olan, qədim İpək yolunun üstündə yerləşən Qəbələni yunan coğrafiyaşünası Klaudi Ptolomey (II əsr) Xabala, ərəb tarixçisi Bəlazuri (IX əsr) Xəzər adlandırıb. Ilk dəfə Azərbaycan alimi A.Bakıxanov (XIX əsr) “Gülüstani – İrəm” əsərində Kabala və ya Xabalanın Qəbələ olduğunu göstərib.

Albaniyada xristianlıq

Albaniya bir çox dini təriqətlərin – bütpərəstlik, zərdüştlük, xristianlıq və islamın mövcud olduğu dövlət olub. Xristianlıq təbliği burada b.e. I əsrindən başlasa da, dövlət kimi o, IV əsrin əvvəllərində elan olundu. İlk dəfə xristianlığı çar Urnayr yaydı. Alban tarixçisi M.Kalankatlıya görə, V – VIII əsrlərdə Albaniyada 12 yepiskopluq fəaliyyət göstərirdi. I əsrdən başlayaraq Qəbələ xristian dininin mərkəzi olsa da Sasani hökmdarları Zərdüşt dinini xüsusi səylə təbliğ edirdilər. Xristianlıq Albaniyada İyerusəlimdən göndərilmiş Apostol Yelisey tərəfindən təbliğ olunub və yayılıb. III – IV əsrlərdə Sasanilər dövründə xristianlıq sıxışdırılmağa başlanınca, xristian icmaları Şəki – Balakən ərazisində dağətəyi və dağlıq yerlərə sığınıblar. Odur ki, bu bölgədə V – IX əsrlərə aid çoxsaylı xristian məbədləri var. Bu baxımdan Azərbaycanın şimal – qərb bölgəsində, Şəkidəki Kiş kilsəsi və Qəbələ Nic kəndindəki kilsələr, Şərqdə, Qafqazda olan kilsələrin anası sayılır. Bunları görmək üçün Nic kəndinə baş çəkməyə dəyər.

Nic kəndi (40 km)

Qəbələnin ən böyük kəndidir. Rayon mərkəzindən 40 km cənub-qərbdə yerləşir. Kənddə etnik qrup olan udilər yaşayır. Əhalinin sayı 4000 nəfərdir. Kənd ərazisi becərilmiş torpaq sahələrindən, geniş bağ – bağçalı, yaraşıqlı evlərdən, şəxsi həyətlərdən ibarətdir. 100 kv.kmlik sahəsi olan kənd bağçaları, meyvə və fındıq bağları ilə məşhurdur. Hətta zarafatla deyirlər ki, hər sezonda bağçanın barını, fındığı satıb maşın alırıq. Kənd “Cotaari”, “Ağ dəlləkli”, “Qoca bəyim” və s. məhəllələrdən ibarətdir. Vaxtilə hər məhəllənin öz kilsəsi var idi. Onlardan ikisi bu günə gəlib çıxıb.

Cotaari kilsəsi (XVII əsr)

Niclilərin qürur mənbəyi olan bu kilsə son Alban mərkəzi xristian ibadətgahıdır. Burada məbədin yaşıdları hesab edilən dörd nəhəng çinar ağacı var. Niclilər danışırlar ki, kilsə ucaldıqdan sonra hər məhəllənin sakinləri məbədin ərazisində çinar ağacı əkib. İndiyədək həmin çinarlara yerli əhali əcdadlarından qalma müqəddəs xatirə kimi ehtiram edir. 19.05.2006 tarixində Cotaari məhəlləsindəki XVII əsr Alban kilsəsinin təntənəli açılışı oldu. Düz 170 il boyunca Allah evinə həsrət qalan niclilər yenidən məbədlərinə qovuşdular. Bunun da çox maraqlı tarixçəsi var.

Tarixi arayış:

Vll əsrdə ərəblərin Azərbaycanı işğal etdikdən sonra əhalinin böyük hissəsinə, o cümlədən utilərə islam dinini qəbul etdirsələr də, bir hissəsi əvvəlki inamlarını saxladı. Qəbələ və Oğuz ərazisində udilər öz adət – ənənələrini və dillərini qoruya bildilər. 1836-cı ildə rus pravoslav kilsəsi və üsul – idarəsi alban katalikosunun taxtını və dəftərxanasını ləğv etdikdən sonra, xristian udilər erməni kilsəsinin tam təsiri altına düşdülər. Çarın Alban xristian kilsələrinin erməni kilsəsinə tabe olunması qərarına etiraz edən udilər bir daha kilsəyə getmədilər. Bütün xeyir – şər işlərini, dini ibadətlərini evlərində yerinə yetirməyə başladılar. Udilərin kilsəyə ayaq basmadıqlarını fürsət bilən ermənilər Alban tarixinə və dininə aid hər şeyi qriqoryanlaşdırmağa və beləliklə udiləri assimilə etməyə cəhd etsələr də, sərt təbiətli bu etnos milli kimliyini, dini, adət-ənənəsini və dilini əsla unutmadı.

Udilər

Udilərə aid ilk məlumat e.ə. V əsr yunan müəllifi Herodotun “Tarix” əsərində verilir. Uti, Utiq, Otena əsas vilayətlərdən biri idi. Kürün sağ sahilində, Qarabağ ərazisində – indiki Bərdə – İmişli bölgəsində yerləşirdi. Alban çarlığının yaranmasında mühüm rolu olan 26 alban tayfalarından biri olan utilər haqqında daha ətraflı məlumatı Vlll əsrdə yaşamış Moisey Kalankatlu “Alban tarixi” əsərində məlumat verir və özünü uti tayfalarına aid edir. Onun yazdığına görə, udilər oturaq həyat tərzi keçirərək, əkinçilik, sənətkarlıq, heyvandarlıqla məşğul olublar. Hələ XlX əsrdə əkinçilik, ipəkçilik, bağçılıq və bostançılıq udilərdə geniş yayılıb. Buğda, arpa, darı səpini ilə də məşğul olublar. Udilərin sifət quruluşu dairəvi, saçlarının rəngi açıq və ya şabalıdı olur. Uzunömürlü olurlar. Udilər qonaqpərvər və böyüyə hörmətcildirlər. Keçmişdə udilərə ailələrin böyük olması xarakterik idi. Əsasən yaxın qohumları ilə nigaha girirdilər. Lakin XlX əsrdən etibarən ailələr kiçilməyə başlayır. Milli geyimləri ümumi Qafqaz geyim növü kimi idi. Udi qadınları keçmişdə üzləri bağlı gəzər, kişilərlə birgə süfrə arxasında oturmaz, söhbətə qarışmaz, icazəsiz evdən bayıra çıxmazdılar. Erkən yaşlarında, oğlanlar 16, qızlar isə 13 yaşında evlənərdilər. Cümə günü şad gün sayılar, adətə görə həmin gün başlanılan iş xeyirlə davam edərdi. Udi folkloru çox rəngarəngdir. Müxtəlif oyunlar, əyləncələr, lirik və qəhrəmanlıq nəğmələri, rəqslər, əfsanə və rəvayətlər sırf məişət həyatı ilə bağlı olub. Keçmiş inanclarından, aya inam hələ də qalmaqdadır.

Udi dili

Onlara udin deyəndə əsəbləşirlər. Ən yaxşı halda xətirlərinə dəyir və qonağın qəlbini qırmamaq üçün mehribancasına səhvi düzəldirlər – udin yox udi – deyə. Öz aralarında ana dillərində danışırlar. Qafqaz dil ailəsinə aiddir. 54 illik filoloq Keçaari Qriqoriy (Jora) udi əlifbasını hazırlayıb.

Udi mətbəxi

Ən populyar mərasim yeməyi fırlamadır. Fırrama deyirlər. Hinduşka və ya çoşqanı təmizləyib şişə taxır və təndirdə fırladaraq bişirirlər. Təndirdə bişən udi çörəkləri çox dadlıdır. Bu çörəklər qalın lavaşı xatırladır və bişdikdən sonra da rəngi qızarmır. Ət sıyığı (düyü sıyığı və ət), “şıftılıq” (şabalıd və qozdan hazırlanmış souz) kimi yerli xörəklərdən başqa “Xərisə” yeməyini xüsusi qeyd etmək lazımdır. Buğda həll olunana qədər bişi-rilir, sonra kərə yağı ilə yağlanır və ətlə qarışdırılır. Xərisə əkinçilərin ənənəvi xörəyidir. Bayram və yas mərasimlərində süfrəyə özlərinin hazırladığı alça arağı və üzüm çaxırı qoyulur. Bütün bayramlarda həyətlərdə basdırılmış küplər açılır və ziyafət başlayır. Qadınlar şərab hazırlığında heç nəyə əl vurmur. Daha doğrusu yaxın buraxılmırlar. Bunu da el deyimi ilə belə izah edirlər:

“Qadınların əli təmiz olur, kişilərin ayağı”

Üzüm toplama prosesindən qablaşdırmaya qədər yalnız kişilər iştirak edir. Şərab hazırlama prosesi bayram atmosferində keçir. Tonlarla üzümün suyunu sıxmaq üçün kişilər ayaqqabılarını çıxarıb onu ayaqla əzməyə başlayırlar.

Tarixi abidələri

Azərbaycanın şimal – qərb regionu alban memarlıq abidələrinin qorunub saxlanılması baxımından zəngin ərazilərdən biri hesab olunur. Qəbələnin zəngin tarixini dövlət tərəfindən qorunan 90 – dan çox tarixi, etnoqrafik, maddi – mədəniyyət abidəsi sübut edir. Rayon mərkəzində İmam Baba türbəsi (XVIII əsr) və Cümə məscidi kimi orta əsr abidələri qalıb. Yerdə qalanları müxtəlif kəndlərdə yerləşir ki, bəzilərini gəzib görmək üçün oralara getməyə dəyər.

Cümə məscidi (1896)

VIII əsrdən başlayaraq islam dini yayılmağa başlayır. Həmin tarixdən etibarən ərazidə məscidlər ucaldılır. Kamaltəpədə tikilmiş Cümə məscidi bunlardan biridir. 1921 – ci ilə qədər məscid kimi fəaliyyət göstərib. Sonra klub, məhkəmə, mədəniyyət evi və iclas zalı kimi istifadə edilib. 1985 – ci ildən tarix diyarşünaslıq muzeyi burada yerləşir.

Səkkizguşəli məscid (XVIII əsr)

Çay daşı, bişmiş kərpiclə tikilib. Dam örtüyü qırmızı kirəmitlə işlənən bu məscid orijinal forması ilə diqqət çəkir. Sovetlər dövründə pendir zavodu kimi istifadə edilib. 1985 – ci ildən məscid kimi yenidən istifadəyə verilib.

Həzrə kəndi (4 km)

Dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşir. Həzrə sözünün düzgün variantı həzər şəklindədir. Toponim Xəzər tayfaları ilə bağlıdır. Kənddəki qədim meşəlikdə XV – XVI əsrlərə aid məqbərələr qrupu – Həzrə türbələr kompleksi yerləşir. XIX əsrdə burada 7 məqbərə vardı. Bu günə 4 türbə gəlib çatıb. Burada dəfn edilmiş şəxslər böyük alimlər, filosoflar, həkimlər olublar: Şeyx Bədrəddin(1446), Şeyx Mənsur (XVI əsr), Şeyx Məhəmməd (XVII əsr). I Şeyx İbrahim Şirvanşahın (1382 – 1412) hakimiyyəti dövründə yaşamış Şeyx Mənsurun məqbərəsinin tağlı qapısının üzərində epiqrafik yazılar var. Əhali abidələri müqəddəs sayaraq buraya ziyarətə gəlir. Həzrə türbələrində psixoloji sarsıntı keçirmiş insanlar müalicə olunurlar. Bu, bir neçə saat türbələrin içərisindəki qəbirlərin üzərində uzanmaqdan ibarət müalicə formasıdır.

Həzrəti Şeyx Mənsur Piri

Bu türbənin üzərindəki daşa həkk edilmiş yazının məzmunu belədir:

“Hesab etmə ki, Allah yolunda ölənlər ölüdür. Onlar öz Allahlarından pay alırlar. Ən böyük xaqan, əzəmətli sultan Şeyx İbrahimin – Yüksək Allah onun hökmranlığını əbədiləşdirsin – hakimiyyəti zamanında. Mərhəmətli Həzrəti Şeyx Mənsurun məqbərəsidir. Allah onun qəbrini işıqlandırsın.”

Digər türbələr onun oğlu və müridlərinə aiddir.

Komrat baba türbəsi (V – VII əsrlər)

Çuxur Qəbələ kəndindən qərbdə, Dızaxlı kəndindəki yüksəklikdə V əsr məbədi “Komrat” abidəsi yerləşir. Hal-hazırda həm xristianların, həm də müsəlmanların inanc yeri olan Komrat baba Qəbələnin önəmli dini abidələrindən, ağır pirlərindən sayılır. Buranın tarixi və adı ilə bağlı məlumat azdır. Bir əfsanə isə geniş yayılıb.

Koh Murad ziyarətgahı

Deyilənlərə görə, VII əsrin ortalarında Həzrəti Əli Azərbaycanda İslam dininin propoqandası zamanı Qəbələyə kimi gəlir. Çuxur Qəbələyə çatanda görür ki, bir qız səhəngə su doldurur. Şəhərin hər tərəfi su ilə əhatəli olduğundan Həzrəti Əli ondan şəhərə necə daxil olmağı soruşur və sirri qızdan öyrənir. Şəhərə daxil olan Əli qızı bəyənir və onunla evlənir. Daha sonra hamilə qalan arvadına qızıl bilərzik hədiyyə edir ki, övladları olanda ona taxsın. Bir müddət sonra missiyasına davam etməli olan Əli şəhəri tərk etməli olur. Bir müddət sonra onun oğlu dünyaya gəlir, anası adını Murad qoyur. Illər ötür. Həzrəti Əli yenidən buralara gəlir. Şəhərin girişində 10 – 12 yaşlı bir neçə oğlan uşağının oyun oynadığını görür. Uşaqlardan birinin zalımlığına təəccüblənir. O, oyun oynadığı uşaqlardan daha qüvvətli idi. Onlarla güləşir, onları udur və uduzanları dağdan aşağı yuvarladırdı. Buna qəzəblənən Əli gəlib uşağı başının üstünə alıb digər uşaqların ardınca tullayır. Bu zaman oğlanın qolundakı bilərziyə gözü sataşsa da əhəmiyyət vermir. Sonra gəlib illər öncə evləndiyi qadını tapır. Onunla söhbət zamanı başa düşür ki, dağdan aşağı atdığı uşaq öz doğma oğlu imiş. Kor – peşman olsa da, əlindən bir şey gəlmir. Gedib uşağın cənazəsini tapır, gətirib dağ başında dəfn edir və üstündə türbə tikir. Həmin vaxtdan bu yer ziyarətgaha çevrilir.

Bum kəni

Məzəli adlı olan bu kənd rayon mərkəzindən 7 km aralıda, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşir. Qədim məscid, Şıxməmməd evi, Govur qalası və yeraltı otaq kimi tarixi abidələrə sahib Bum kəndi folkloru ilə məşhurdur.

Zop – zopu

Yerli folklor qrupu belə adlanır. Zop – zopu nağara və zurna ifası ilə müşaiyət olunan çoban oyunudur. Ayaqlarında yun corab, başlarında çoban papağı, iki nəfərə dəvə kostyumu geydirib oynadır, beləcə əylənirlər. Ən məzəli məqamlardan biri budur ki, bir nəfər əyilir. Qalanları da şer deyərək onun üstündən atlayırlar. Atlarkən bir nəfər kimi, “Ənzəli” deyə bağırırlar.

Həmzəlli kəndi

Bum yaxınlığında yerləşən bu kənd halvası ilə məşhurdur. Bu halvaya sadəcə Qəbələdə rast gəlmək olar. Yalnız Həmzəlli kəndində onu bişirməyi bacaran bir neçə usta var. Halvanın bişirmmə qaydasını, reseptini yadlara vermirlər. Bu halva Qəbələ çay süfrələrinin ən əsas atributu hesab edilir. Həmzəlli halvasının içərisinə qoz və yaxud küncüt əlavə edirlər. Su, şəkər tozu ilə halvanın şirəsi hazırlanır. Soyuduqdan sonra yumurtası əlavə edilir və qızmar odun üstündə tez – tez qarışdırılaraq bişirilir. Isti ikən qoz və ya küncüt əlavə edilir və qablaşdırılır. Soyuduqdan sonra sərtləşir. Qəndi əvəz edir.

Vəndam kəndi

Ölkənin ən böyük kəndlərindəndir. Mərkəzdən 11 km aralıda yerləşir. Yerlilər zarafatla deyirlər ki, məşhur Hollivud ulduzu Jan Klod Van Dam əslən Vəndamdandır. Kəndin ərazisi başdan – başa qədim qəbirsatnlıq içərisindədir. Vəndam da meyvə bağları ilə doludur. Bunların içərisində “Qızıləhmədi” adlanan alma bağları xüsusi yer tutur. Bu alma növü sadəcə İsmayıllı – Qəbələ zonasında yetişir. Kənddə xalça toxuma sexi fəaliyyət göstərir. Ağac üstündə oyma sənəti ilə məşğul olan Şahin ustadan bu qədim sənət nümunələrini suvenir kimi əldə etmək olar. Kəndin yuxarı başında, dağ ətəyində yerləşən Duyma istirahət zonasından at kiralayaraq mənzərəsinə doyum olmayan ətrafa səyahət etmək imkanı var.

7 gözəl şəlaləsi

Vəndamdan 6 km aralıda, əsas yoldan 3 km içəridə, Puskan məhəlləsinin üst tərəfindəki dağlarda yerləşir. 7 müxtəlif dağ təbəqəsindən şəlalə axması nəticəsində 7 mərtəbəli şəlalə əmələ gəlir. Ən altdakı 2 kiçik şəlaləni görmək mümkündür. Digərlərini seyr etmək üçün sərt yamacla yuxarı dırmaşmaq lazımdır ki, bu da təhlükəli və çətindir. Burada mövsümi restoran fəlaiyyət göstərir. Ərazidə içəriyə günəş şüaları demək olar düşmədiyindən həmişə qaranlıq və sərin olur. Bura Qəbələnin ən populyar turistik məkanlarından biridir.

Nohurgöl

Qəbələ mərkəzindəki başqa bir məşhur istirahət məkanıdır. Mənzərəsi gözəl, suyu şirin göldə qayıqla gəzinti təşkil edilir. Suyu çox soyuq və içi yosunla dolu olduğundan, üzmək məsləhət görülmür.

Xanların yeri

Qəbələnin ən məşhur istirahət zonası Dəmiraparan çayın sahilində, meşənin içərisində 15 ha sahədə salınıb. 1983 – cü ildən turizm sektorunda xidmət edən Xanlar və onun komandasının müştərilərlə xoş rəftarı və yüskək servisi, orijinal yerli mətbəxi hər kəsi özünə cəlb edir. Xanların yerinin bir xüsusiyyəti də odur ki, servis edilən hər şey ərazidə yetişdirilir. Meyvələr ağaclardan, tərəvəzlər dirriklərdən toplanır. Süni göllərdə balıq saxlayır, qışda müştərilərə təklif olunan ov heyvanlarını da şəxsən ovlayırlar. Marinadları da çalışanlar özləri hazırlayırlar. Bir sözlə, bura zavod kimi işləyir.Yumurtalı toyuq çığırtması, döymə kabab, ən önəmlisi isə bol şabalıdlı, səbzəli, toyuqlu döşəmə plov Qəbələ mətbəxinin ən ləziz təamlarıdır. Buranın diqqət çəkən başqa məqamı ortada iti sürətlə əllərində podnosla ora – bura qaçışan ofisiantlardır. Yeməklər soyumasın deyə qaçaraq servis edirlər. Müştəriləri yola salarkən mütləq arxasınca yaxşı yol diləyib su atırlar.

Durca kəndi

Qəbələnin kurort kəndlərindəndir. Qəbələ RLS əməkdaşlarının yay istirahət evi buradadır. Mənzərəsinə, havasına söz ola bilməz. Ətraf meşələr ov cənnəti hesab edilir. Kənd sakinləri də ağır qış şərtlərinə görə evlərindən artıq yay evi kimi istifadə edirlər. qışda buraya gəlməyin ləzzəti bir başqadır. Bir metrə yaxın yağan qar aprelə qədər yolları və damları örtür. Tam bir nağıla düşmüş kimi hiss edir insan. Kimsəsiz evlərin qapıları bütün yolçuların üzünə açıq olur.

Qəmərvan kəndi

Qəbələnin şimalındakı bu kənd mütləq görülməsi gərəkən, mükəmməl təbiəti olan yerdir. 2005 – cı ilə kimi buraya yol yox idi. Son illərdə ərazidə turzim infrastrukturu sahəsində işlər aparılmağa başlanıb. Mərkəzdən 14 km uzaqda, dəniz səviyyəsindən 1380 metr hündürlükdə yerləşən, bulaq, çay və şəlalələrlə zəngin olan Qəmərvan kəndinin bütün ərazisi Şahdağ Milli Parkına daxildir. Kəndin 600 metr şimalında İstisu termal su yatağı var. Yerin altından 39 dərəcə istiliyi olan müalicəvi əhəmiyyətli su çıxır. Burada bəsit istisu kooperativi fəaliyyət göstərir.

Çömçəli bulaq

Ərazidəki ən məşhur piknik məkanlarından biridir. Bulağın adı ilə bağlı maraqlı rəvayət danışırlar. Guya günlərin birində bir atlı kənddən keçirmiş. Çox susayıb. Bulağın yanından keçəndə susuz olsa da, tənbəliiyindən atdan enmək istəmədiyi üçün əlini ağaclardan birinə atıb ki, onun budağından çömçə kimi istifadə etsin. Bulağa da o vaxtdan çömçəli bulaq deyirlər.

Küsnət kəndi – Laza kəndi – Mıçıx şəlaləsi

Qəbələ üzrə daxili səyahət marşrutlarından biri bu istiqamətdə təşkil edilir. Mütləq görmək məsləhətdir.

Küsnət kəndi

Rayonun şimalında, dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən kənd ərazisi vaxtilə İsmayıl bəy Qutqaşenlinin yaylağı olub. Əhalisi əsasən dulusçuluqla məşğuldur. Burada dulusçuların əl işlərindən satın almaq, çalışma proseslərini izləmək imkanı var. Məişətdə istifadə olunan gil qablar kütləvi şəkildə burada ayrı – ayrı ustalar tərəfindən hazırlanaraq ətraf rayonlara aparılır.

Laza kəndi

Mərkəzdən 10 km məsafədə, 1700 metr hündürlükdə salınıb. Eyniadlı kənddən 2 dənədir. Daha doğrusu bir kənd iki yerə bölünüb. Bir hissəsi Qusarda, digər zirvədə yerləşən hissəsi isə Qəbələ ərazisindədir. Dəmiraparan dərəsinin sağ yamacında, çay səviyyəsindən 100 – 120 metrə qədər yüksəkdə konusvari dağ üzərində məskən salan Laza sakinlərinin bəziləri yay aylarında Baş Qafqazın, Şahdağ, Tufandağ silsiləsinin 3000 metrlik yüksəkliklərdəki yaylaqlarda yaşayır. Qışda da kənddə az adam yaşayır. Qoyunçuluqla məşğul olduqları üçün adətən qışlağa köçürlər. Qışda gediş – gəliş çətinləşir. Amma ilin bütün fəsillərində buranın təbiəti möhtəşəm olur.

Laza sakinlərinin ən yaxşı dostu – atlarıdır

Mıçıq şəlaləsi

Laza kəndindən şimalda, Dəmiraparan çayının sol yamacında, terras üzərində Mıçıq xarabalığı yerləşir. Keçmişdə bu kəndi uca bir qayalığın altında tikiblər. Qayalardan qopan daşlar kəndə xeyli ziyan vurub. Mıçığa gedib – gəlmək çox çətin olduğundan adamlar oranı tərk ediblər. Mıçıq xarabalığından şimal – şərqdə, dağın yamacında iri və gur şəlalə var. Lazadan 7 km məsafədədir. Atla 1.5 saatda getmək mümkündür. Maşın yolu yoxdur. Yalnız köhnə nəhəng sovet nəqliyyat texnikası işə yaraya bilər. Son 2 km məsafəni isə yalnız piyada getmək lazımdır. Atla hərəkət etmək nabələd üçün olduqca çətin və qorxuludur. Qorxu və yorğunluq öz yerini bəzən isterik gülüşlərə buraxır. Atın üzərində belə ən az piyada gedərkən sərf etdiyin enerjini xərcləyirsən. Beləliklə, bir şəlalə görünür. Sevinmək üçün hələ tezdir. Çünki bu, Bala şəlalədir. Nəhayət, 3 saatlıq yoldan sonra Mıçıx şəlaləsinə gəlib çıxırsan. Gedərkən oraları tanıyan bələdçi tutmaq şərtdir. Rayon mərkəzindən 20 km şimalda, Durca kəndindən yuxarıda, Qafqaz sıra dağlarının ətəyində heç bir maneəyə toxunmadan dik vəziyyətdə 54 metr yüksəklikdən tökülən möhtəşəm şəlaləni görməkdən ötrü bu ekstrimi yaşamağa dəyər. Şəlaləyə yaxınlaşmaq özü ayrı bir zövqdür. Bunun üçün də xeyli yol getmək lazımdır. Əgər buna yol demək olarsa. Söhbət hər biri yük maşını böyüklükdə olan daşların üstündən atlamaq lazım gəlir. Nəhayət şəlalə qayaların arxasında itir. Bu dəfə daşların arasından dar bir tunelə girmək lazım gəlir. Bir insanın zor yerləşdiyi tuneldən sürünərək qayalarla əhatələnmiş nəhəng hovuzun yanına çıxırsan. Şəlalənin şırıltısından burada qulaq tutulur. Su vannasına şiddətlə töküldüyü üçün ətrafa da sıçrayır. Başdan – ayağa suya batıb oradan ayrılırsan da bu macəranı mütləq yaşamağa dəyər.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2337484606391597]

Tərtər

Tərtər

Qədim adı Çaparxana olan rayon Sovet dövründə Mirbəşir adlanırdı. Kəlbəcər İsti suyuna aparan yol buradan keçir. Keçən əsrin 60 – cı illərinədək

Ətraflı »