Qobustan

Qobustan

Bakı – Qobustan arası məsafə 101 km-dir. Ən qədim yaşayış məskənlərindəndir. İnzibati rayon kimi 1990 – cı ildə yaradılıb. Alçaq dağlıq sahə, Böyük Qafqazın cənub – şərq qurtaracağındadır. Şimali Baş Qafqaz silsiləsinin cənub yamacı, qərbdə Pirsaat çayı, cənubda Hərəmi və Mişov dağları, şərqdə Xəzər dənizi vəAbşeron yarımadası və Ceyranbatan çökəkliyi ilə sərhədlənir. Qobustanın iqlimi çox qurudur, yayı çox isti və quraq, qışı mülayim keçir. Bitki örtüyü və heyvanat aləmi kasıbdır. Yalnız yaz və payız yağışlarından sonra təbiət canlanır, ərazisi yaşıllaşır. Ağac və çoxillik kollar, əsasən qayalar arasında bitir. Mərkəzi Mərəzə qəsəbəsidir

Mərəzə

Mərəzə yaylasının mərkəzində, əsas yol kənarında yerləşən bu qəsəbə – şəhərin adı ilə bağlı bir rəvayət danışırlar. Guya keçmişdə nüfuzlu bir şəxsin arvadı burada məskən saldıqdan sonra sağalıb və bu hadisədən sonra ərazi “mərəz”ə kimi tanınıb. Qəsəbə yaxınlığında mineral su bulağının suyu duzlu və acıdır, bəzi mədə – bağırsaq xəstəliklərini sağaldır. Xalça toxuculuğu bilinən ən köhnə əl sənətlərindəndir.

“Mərəzə”, “Çuxanlı”, “Çemçemli” və Nəbur kəndində eyniadlı xalçalar bu günə qədər toxunur. Qəsəbə mərkəzindəki xristian məzarlığı bir zamanlar burada yaşayan molokanlara aiddir. Ümumiyyətlə, susuzluqdan əziyyət çəkməsinə baxmayaraq ərazidəki məşhur Şıx Düzü kurqanları (e.ə. VIII –I əsrlər), Dağ Kolanı kəndindəki qədim insan məskən qalıqları, Nərimankənddəki qayaların içindəki nəhəng mağaralar, qəsəbə kənarındakı Diri Baba türbəsi (XV əsr), qəsəbə mərkəzindəki Şah Abbas karvansarayının qalıqları bu yerlərin qədim tarixindən xəbər verir.

Nərimankənd

Buradakı mağara labirintləri çox maraqlıdır. Yeraltı keçidlər və lağımlar vasitəsilə bir – biri ilə əlaqələndirilən bu labirintlərin orta əsrlərdə tikilmiş bütöv qalereyelar sisteminə bənzədirlər. Mağaralardan ətrafa mükəmməl mənzərə açılır və buralar daima küləkli olur. Ərazidə hər hansı elmi araşdırmalar aparılmayıb.

Diri Baba mavzoleyi

Əgər bir gün yolunuz Şirvana düşsə Azərbaycan memarlığının möcüzələrindən hesab edilən bu heyrətamiz sənət əsərini mütləq ziyarət edin. Abidə qədim qəbirstanlığın olduğu təpənin qarşısındakı qayalarda inşa edilib. Ətrafı mağaralarla zəngindir. Bunlarda dərvişlərin yaşadığını söyləyirlər. İkimərtəbəli türbə 1402-ci ildə əhəng daşından inşa edilib. Belə bir sual yaranır.

Türbə kimin şərəfinə tikilib?

Ehtimallar və rəvayətlər çoxdur. Onlardan birinə görə, türbədə bu abidənin memarı dəfn edilib. Amma bu, dəqiq və inandırıcı deyil.

Nədən Diri Baba?

Yerlilərin dediyinə görə, burada dəfn edilən müqəddəsin cəsədi çürüməyib. Necə dəfn edilibsə, o cür də diri qaldığından adına Diri Baba deyirlər…

Tarixə baxış

Ərəbqədimlərin Qafqaza ilk gəlişləri ilə bağlı söyləntilərə görə, Məhəmməd peyğəmbər elan edildikdən sonra öz əmisi və əmisi oğlanları onu öldürmək qərarına gəlirlər. Bunun ardınca “Abtar” surəsi vəhy olur. Əmisi oğlu Əmir müsəlmanlığı qəbul edir. Əmirin də peyğəmbərə yaxın olan Atam və Akam adlı iki oğlu var idi. Allahın rəsulu Məkkədən Mədinəyə qayıtdıqdan sonra Atam başçılıq etdiyi dəstə ilə Şirvana yollanır.

Ərəb mənşəli kəndlər

Şirvanda, eləcə də Qobustan ərazisində ərəb mənşəli kəndlər və toponimlər çoxdur. Ərəbqədim də bunlardan biridir. Atam ibn Əmir Məhəmmədin yaydığı dinin yolunu tutur. Peyğəmbər nəslinə mənsub adamlar tərəfindən əsası qoyulan və geniş yayılan sufiliyin Xəlvətiyyə təriqətinin nümayəndələrindən olur. O da Xəlvətiyyə adəti üzrə peyğəmbər kimi yaşadığı ərazinin yaxınlığındakı mağaraya dua etməyə çəkilərmiş. Bir dəfə dua sırasında vəfat edincə, onu qəlbən Allahla tək qaldığı məkandan ayırmayaraq, oradaca dəfn edirlər. Həmin tarixdən sonra da eyni məkan ziyarətgaha çevrilir.

Toponim

Qafqaz dağlarının cənub – qərb ətəkləri ilə Kaspi dənizi arasındakı 100 km-ə qədər diametrə malik, çoxlu qədim çay yataqları və yarğanlarla (qobularla) kəsilən yarımsəhra dağətəyi böyük coğrafi rayon Qobustan adlanır. Toponim qobular olan yer, qobular ölkəsi mənasını verir.

Burada hündürlüyü 600 – 700 metrə çatan, üzəri əhəngdaşı layı ilə örtülü qayalıqlara malik dağlar, tektonik qalxmalar, palçıq vulkanlarından ibarət yüksəkliklər var… Dünyadakı palçıq vulkanların 70% Azərbaycanda, onların da 90% Abşeron yarımadasındadır. Bu palçıq vulkanları üzrə ərazidə velosiped turları, trekinqlər təşkil etmək mümkündür. Qobustan qayaları dağ idman növləri, qayaya dırmaşmaq yarışmalarının keçirilməsi üçün də idealdır.

Qobustan Dövlət tarixi – bədii qoruğu

Ərazidə Daş dövründən orta əsrlərədək çoxlu ibtidai insan düşərgəsi, qədim yaşayış məskəni, kurqanlar var. Buradakı tapıntılar Mezolit, Neolit, Tunc dövrlərində Qobustan ərazisində insan həyatı üçün yararlı təbii şəraitin olduğunu və burada Mezolit – Neolit dövrlərində ovçu və balıqçı, Tunc dövründə isə əkinçi və maldar qəbilələrinin yaşadığını göstərir. Qədim qayaüstü təsvirlərin varlığı 1940 – cı illərdən elmə məlumdur. Tədqiqatlar nəticəsində məlum olub ki, buradakı abidələr üst paleolitin sonunda e.ə. XVIII – XV minilliklərdən orta əsrlərə qədərki 15 – 20 minillik böyük bir tarixi dövrdə yaranıb və bütün bu zaman içərisində Qobustanda həyat demək olar ki, dayanmayıb. 1966 – ci ildə Qobustanda Böyükdaş, Kiçikdaş, Cingirdağ dağları və Yazılı təpə ərazisində Qobustan Dövlət tarixi – bədii qoruğu yaradılıb.

Arayış Bakı – Qobustan arası məsafə 54 km-dir. Paytaxtdan cənubda, Böyük Qafqazın Xəzərə qovu-şan daşlı – qayalı ətəklərində yerləşən qoruğun əsas ekspo-natları 4400 – ə yaxın qayaüstü rəsmlər, petroqliflərdir. Qobustan dağları Böyükdaş, Kiçikdaş, Cin-girdağ, Şonqardağ, Şıxqayadan ibarətdir. Bunlarsız tarixi təsəvvür etmək mümkün deyil. Bu qaya-larda regionun 15 min illik həyat tərzi əks olunub.

Qayaüstü təsvirləri

Azərbaycanda ilk dəfə Qobustanda aşkar edilib. 1939 – cu ildə arxeoloq İ.Cəfərzadə Qobustan petroqliflərini araşdırmağa başladı. Bu rəsmlərin tarixi eradan əvvəl 10 – 8 minillikdən orta əsrlərə qədər olan geniş tarixi zaman dilimini əhatə etməsi onu dünyanın digər qayaüstü rəsmlər kolleksiyasından daha qiymətli edir. Təsvirlər əsasən insanların həyat tərzi, məişəti ilə əlaqədardır. Kollektiv əmək, ov prosesi, məhsul yığımı, yallı oynamaq, heyvan rəsmləri, ocaq başında ovun yeyilməsi, bişirilməsi, qadın və kişi rəsmləri və sair. Qayıq və günəş rəsmləri isə İsveç, Ural və Misirdə tapılan qayaüstü rəsmlərlə müqayisə edilir. Norveçli məşhur səyyah və alim Tur Heyerdal bir neçə dəfə Qobustanda olub və araşdırma aparıb. Norveçdəki qayaüstü rəsmləri Qobustandakılarla müqayisə edən Heyerdal belə bir nəticəyə gəlib ki, qədim vikinqlərin əcdadları Skandinaviyaya Xəzər dənizinin sahillərindən qayıqlarla üzərək gedib çıxıblar.

Epiqrafik abidə – Latınca yazı

Qobustanda ən cavan, amma tarixi baxımdan maraq doğuran abidələrdən biri romalılardan qalma, latın dilində yazılmış epiqrafik abidədir. Böyükdaş dağının cənub – şərq ətəyində, axırıncı yastı qaya üzərində böyük tarixi əhəmiyyətə malik, tarixi sənəd kimi qeydə alınıb: “ İmperator Domisian Sezar Avqust Germanik, Lutsiy Yuliy Maksim, XII legeon sentruionu”yazılmış bu daş sənəd, eramızın 84-96 – cı illəri arasında romalıların XII ildırım sürətli legionunun Qobustan ərazisində olmasına şahidlik edir. Digər mənbələrdə romalıların buralara səfəri haqqında yazılı mənbələrdə heç bir məlumat yoxdur. Məlum budur ki, o dövrdə Şərq ölkələrindən Xəzər dənizinin qərb sahili boyu şimala gedən qədim yol bu kitabə olan yerlə Xəzər dənizi arasından keçirdi. IV əsrin ikinci yarısında yaşamış latın müəllif Yevtropiy xəbər verir ki, Domisian 4 yürüş edib və bunlardan birində, qayaüstü rəsmdə yazılanlardan məlum olur ki, onun ordusu məhz Abşeron yarımadasında darmadağın edilib. Qayalarda bizim eranın I əsrində Roma legionerlərinin burada olmasını təsdiq edən əlamətlər qalıb.

Qavaldaş

Ən qədim musiqi alətidir. Qeyri – adi çalğı alətində hər daşın öz tembri olduğuna görə onlara qaval daş deyilir. Cingirdağ və Böyükdaşda qeydə alınmış 2 ədəd Qavaldaş qədim qobustanlıların həyatı ilə bağlı maraq doğuran abidələrdəndir. Bunlar çox güman ki, keçmişdə musiqi aləti kimi səsləndirilib, qədim əhalini öz yallı rəqslərini bu qaval daşların ahəngli melodiyaları ilə müşayiət ediblər. Qavaldaşın səs çıxarmasının sirri onun hava yastığı üzərinə qaldırılmasındadır. Kiçik daşla zərbə vurduqda onun içərisindən gələn zümzümə bir dəqiqə kəsilmir. Bu daşın müxtəlif yerlərinə daşla vurmaqla müxtəlif səslər çıxır ki, bu tonlardan istifadə edərək Qavaldaşda dəyişik melodiyalar ifa etmək olar. Zərb alətlərinin mahir ifaçıları burada dəyişik musiqili kompozisiyalara imza atıblar.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2337575526382505]