Qaçaq Nəbinin yurdu kimi məşhurdur. Oğuz – Səlcuq tayfalarının adları ilə zəngindir. Azərbaycanın ən gözəl təbiəti olan yerlərindəndir. Qubadlı XVIII əsrdən Qarabağ xanlığının inzibati ərazisinə daxil idi. Sonralar o, Zəngəzur mahalının, daha sonralar Yelizavetpol quberniyasının, 1920 – ci ildə isə Kürdüstan qəzasının (Laçın və Kəlbəcər rayonları ilə birlikdə) tərkibində olub. Ermənistanla Dağlıq Qarabağ arasında strateji əhəmiyyətli coğrafi mövqeyə sahibdir.
İŞĞAL TARIXI
31.08.1993 95 yaşayış məntəqəsi, 33 ta-rixi – memarlıq, 19 dini abidə və ziyarətgah işğal altındadır. Bəziləri yandırılıb və ya talan edilib. İşğaldan sonra rayonun əhalisi Azərbaycanın 5 rayonuna səpələnib.
Təcavüz
Qubadlı əslində erməni təcavüzü ilə Qarabağ müharibəsindən bir qədər əvvəl üzləşmişdi. Sərhədlərin dəqiqləşdirilməsi adı ilə tarixən qubadlıların tarixi torpaqları olan Vəli düzünü, Gülü zəmi kimi əraziləri Ermənistana vermək cəhdi əslində münaqişənin örtülü səbəblərindən biri hesab edilir. 1988 – ci ilin dekabrında Sisiyan, Qafan, Gorusdan döyülüb təhqir edilərək qovulan azərbaycanlıların ilk dalğası buradan keçdi və ilk qaçqınları qəbul edən Qubadlı oldu.
Arayış
Qarabağ yaylasının cənub – şərq qurtaracağında yerləşən şəhər mərkəzi Bakıdan 387 km məsafədədir. Respublikanın ən az əhali yaşayan rayonlarındandır. 1933-cü ildə təşkil edilmiş inzibati rayon Qarabağ yaylasının cənub – şərq qurtaracağında, Bazarçayın sahilində yerləşir. 1963-cü ildə ləğv edilərək Zəngilana birləşdirilsə də, 1964-cü ildən yenidən müstəqil rayondur. Ermənistanla 120 km həmsərhəddir. Yazı düzü İnci düzünə keçir. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələrinin sahəsi 13.2 min hektardır. 1969-cu ildə Qubadlıda dövlət qoruğu yaradılıb. Bərgüşad və Həkəri çayları axır.
Bərgüşad
Eyniadlı sıra dağlar və çay mövcuddur. Çayın başqa bir adı isə Bazarçaydır. Qubadlı və Zəngilan rayonları ərazisində yerləşir. Ən yüksək zirvəsi Aramazd dağıdır – 3399 metr. İndiyə qədər toponim dəqiq izah olunmayıb. XIX əsrin 50-ci illərinə aid ədəbiyyatda Naxçıvanda Bərgüşad adlı türkdilli tayfadan bəhs edilir. Bu tayfa adını Bərgüşad zonasından alıb. Səfəvi dövründə bərgüşad qızılbaş tayfalarının tərkibinə daxil idi. Bu tayfa Bərgüşad mahalının adı ilə adlanıb. Eyniadlı çayın mənbəyi isə Ərikli dağlarından başlanır. Bir çox tədqiqatçılara görə, toponimin birinci komponentini təşkil edən bərgü sözü qədim türk mənşəli barq tayfasının adındandır. Monqol hökmdarı Çingiz xanın oğlu Cucinin 1207-ci ildə qərbə doğru yürüşü zamanı başqa tayfalarla yanaşı bərgü tayfasının da torpaqlarını tutması tarixdən məlumdur. Toponim bərgülərin dağı, bərgülərin çayı anlamına gəlir.
Toponim
Qubadlı tirəsinin adından götürülüb. 1823-cü ilə aid olan mənbəyə görə Qarabağ xanı İbrahimxəlil xan kəndə məxsus torpaq sahəsini pulla satın alaraq qardaşı Mehdiqulu xana bağlışlayıb. Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsindən sonra viranə qalmış kəndi general P.S,Kotlyarevski xidməti müqabilində Hacı Ağalar bəy adlı birisinə verib. Bəzi məlumatlara görə, Qubadlı toponimi V-VI əsrlərdə yaşamış Sasani hökmdarı I Qubadın adı ilə bağlıdır.
Tarixi abidələri
Gavur dərəsində mağara – ibadətgah (IV əsr), Muradxanlı kəndində “Qalalı” (V əsr), Göy qala (V əsr), Əliquluuşağı və Xocamusaxlı kəndlərindəki abidələr, Laləzar körpüsü (1837-ci il), Yazı düzündə “Cavanşir” qala – türbəsi, Dəmirçilər kəndində türbələr(XIV əsr), Gürcülü kəndində “İmamzadə” (XVII əsr), Seytas kəndində “Anabat” abidəsi, Dondarlı kəndində “Hacı Bədəl” körpüsü, (XIX əsr) məscid və sair abidələrlə zəngindir.