Qusar

Coğrafi mövqeyinə görə “Şimal qapısı” adlandırılan Qusar Azərbaycanın şimaldakı son yaşayış məntəqəsidir. Buraya gedərkən Qusar yazılmış lövhənin arxasındakı cığırla hərəkət edərək “Qaçaquç” deyilən yerə çıxmaq, yüksəklikdəki meşədə rayon mənzərəsinin fonunda çay içmək olar. Yeri gəlmişkən bura, Qusar panoramının göründüyü tək nöqtədir. Qaçaquçun altındakı dərə “Qarabulaq” ərazisidir. Bu geniş dərə hələ sovet vaxtından yerlilərin və buraya qonaq gələnlərin istirahət üçün rəğbət etdiyi məşhur zonadır. Buna görə də Qusardakı istirahət mərkəzlərinin demək olar hamısı Qarabulaqda yerləşir. Dağlar və düzənliklər diyarı Qusarda o qədər gözəl yerlər var ki… bu kurort zonasında başı daimi qar və buzlaqlarla örtülü uca zirvələr, sərin yaylaqlar, düzənliklər bir- birini əvəz edir. 20% meşələrlə örtülü olan ərazinin böyük hissəsi turizm zonasıdır.

Rəvayət

Belə deyirlər ki, qoşunuyla birlikdə hazırkı Qusar ərazisinə hücum edən İran hökmdarı Nadir şah (1688 – 1747), Şahdağın ətəyində məskən salır. Buralara elə heyran olur ki, Qusar çayının başlanğıc hissəsinə öz arvadı Şahnabatın adını verir. Elə o vaxtdan bu yeri belə çağırırlar. “Şahnabat” yaylağı bu gün Qusar üzrə gerçəkləşdirilən daxili turist marşrutlarından birini təşkil edir. Şahdağ haqqında başqa bir rəvayətdə deyilir ki, bura gələn Şah Abbas dağın ətəyində çadır qurduğu üçün dağ onun şərəfinə Şahdağ adlanır. Hökmdarın çadırının qurulduğu düz ərazi isə indiyədək Şah düzü adlanır. Həmin rəvayətə görə mənbəyini Şahdağdan götürən Şahnabat çayı isə guya Şah Abbasın arvadı Şahnabatın şərəfinə onun adı ilə adlandırılıb.

Arayış

Böyük Qafqaz dağlarının ətəklərində, dəniz səviyyəsindən 715 metr yüksəklikdə, Dağıstanla sərhəddə yerləşir. Azərbaycanın ən yüksək zirvələri olan Bazardüzü (4466 metr), Şahdağ (4242 metr), eləcə də Samur – Dəvəçi kanalı, Qusarçay, Samur çayı Qusar ərazisindədir.

Bakı – Qusar arası məsafə 180 km-dir. Bakı – Dərbənd – Mahaçqala – Moskva şose yolu buradan keçir. Xudat dəmiryolundan 35 km, Xaçmaz dəmiryolundan 40 km aralıdadır.

Qusar toponimi

Qusar sözünün tayfa və ya tayfa başçısı adından olduğu ehtimal edilir. Hisar qəbiləsinin adından yaranması haqqında da iddialar var. Söhbət vaxtilə burada yaşamış və yerli əhalinin etnogenezində rol oynamış, zaman içərisində tədricən yox olmuş hisar tayfasından gedir.

Toponim macar dilində “kiçik süvari atlı dəstəsi” mənasını verən qusar sözündən götürülüb. Şəhər keçmişdə bu ərazidə yerləşən Qusar süvari polkunun adını daşıyır. İndiki Qusarın ilk bünövrəsi 1810 – cu ildə qoyulub. 1816 – 1870 – ci ildə Qusarda burada yaradılan Şirvan piyada diviziyası nəzdində zabitlər hazırlayan hərbi məktəb fəaliyyət göstərib.Qusarın ilk adı Qeysəri olub. Deyilənlərə görə, qədimdə burada qeysər tayfaları yaşayıb. Bunlar sonradan köçüb getsə də bu adı buralarda yaşayan bəzi kəndlər qəbul edib. Söz də tədricən əvvəlki formasını itirərək Qusar şəklini alıb. Rəvayət edirlər ki, Qusar şəhəri ətrafındakı yüksəkliklərdə 4 qəbir var. Qusar adı da ləzgi dilindəki “qud” 4 və “srar” qəbir sözlərinin birləşməsindən əmələ gəlib, “ dörd qəbir” mənasını ifadə edir.

Ləzgilər, I minillikdə “qutsar” dininə etiqad ediblər. Qusar sözünün həmin xüsusi din adından yarandığı ehtimalı mümkündür. Söz ləzgi xalqına xas olan cəsarət, qorxmazlıq, mərdlik və sair kimi xüsusiyyətləri özünə birləşdirən “kas” (kişi), “ksar” (kişilər) kəlməsindən yaranıb. Qonşu tayfalar bu yerlərdə meydana gələn ilk yaşayış məntəqəsinə Ksarxur (kişilər kəndi) adını verib, zaman keçdikcə də “kənd” mənasını verən xür hissəsi tələffüzdən çıxıb, yavaş – yavaş dildən düşüb. Axıra Ksar qalıb ki, zaman içərisində Qusar formasını alıb.

“Can…”

Ən populyar müraciət formasıdır. Qusarda hər cümlə bu sözlə başlayır və bitir. Xüsusilə də ləzgi xanımların dilindən düşməyən bu kəlimə onların danışığına başqa bir səmimiyyət və şirinlik verir: “can, xoş gəlmisən, can”, “can, nə istəyirsən, can”, “can, hara gedirsən, can?”, “can, gəlin qonağımız olun, can”

Ləzgilər

Bəzi müəlliflər ləzgi etnonimini “dağ əhli” kimi mənalandırır. Rayon əhalisinin 95% ləzgilərdən ibarətdir. Azərbaycanda yaşayan azsaylı xalqlar arasında önəmli yer tutan ləzgilər əsasən ölkənin şimalında və şimal – qərb hissəsində toplaşıblar. Qafqaz Albaniyasının əsas xalqlarından biri olan leqlər ləzgilərin əsilləri sayılır. Strabonun yazdığı kimi 26 Alban dialektində ən əsası məhz qar-qar və şimalda leqlərin ləhcəsinin əsas alban dilinin formalaşmasında böyük rolu olub. Şahdağ dil qrupuna aiddirlər. Azərbaycan əhalisinin toplam 2.2%-ni təşkil edən ləzgilər İslam dininə sitayiş edirlər.

Rayonda qonaqların diqqətini çəkəcək maraqlı yerlər yoxdur. Turist marşrutları ilə bağlı məlumat almaq üçün “Dostluq parkı”ndakı turizm bazasına getmək məsləhətdir. Bütün tarixi abidələrin və gəzilib – görülməsi gərəkən yerlərin hamısı kəndlərdə yerləşir. Amma mərkəzdə köhnə bir ünvan diqqəti çəkir. Bu, dahi rus yazıçısı və şairi Lermontovun vaxtilə yaşadığı evdir. İndi muzey kimi fəaliyyət göstərir.

M.Y.Lermontov (1814 – 1841)

Hərbiçi olsa da monarxiya əleyhinə çıxışlarına və azad düşüncələrinə görə ittiham edilib. 1837-ci ildə Puşkinin dueldə öldürülməsindən bərk təsirlənərək yazdığı “Şairin ölümü” şeirində bu cinayətə görə Çar hökümətini günahlandırıb. Bu çıxışdan sonra həbs edilən gənc şair Qafqaza sürgün edilib. Qusarda olduğu 1825 – 26 –cı illərdə “Qafqaz əsiri”, “Aşıq Qərib: Türk nağılı” (1828) əsərlərini yazıb.

M.F.Axundovla dostluq edən şair, fransız dili Avropada vacib olduğu qədər Asiyada geniş işlənən tatar (Azərbaycan) dilini öyrənməyə başladığını dostu Rayevskiyə yazdığı məktubda vurğulayıb.

Qeyd

1552 – ci ildə Kazan xanlığını (Tatarıstan), 1556 – cı ildə Həştərxan xanlığını, 1783 – cü ildə Krım xanlığını işğal edən Rusiya XIX əsrin ilk yarısında Şimali Azərbaycan xanlıqlarını da öz torpaqlarına qatır. Bu zaman adları çəkilən coğrafiyalarda yaşayan əhalinin eyni dindən olması və eyni dildə danışmasına görə bunların hamısını tatar adlandırırlar. Elə o dönəmdən Rusiya İmperiyası sərhədləri daxilində yaşayan türklərə ümumi şəkildə ta-tar deməyə başlayırlar və bu tarixi sənədlərdə də belə yazılır. 1920 – ci ilə qədər Azərbaycan türklərinə də müsəlman – tatar deyilib. Sosialist inqilabının lideri V.İ.Leninin bütün əsərlərində və məktublarında “Azərbaycan tatarları” ifadəsi işlənib.

Xərək çörəyi

Qusar çörəyinə belə deyirlər. Çörəyi şimal zonasına xas olan təndirdə bişirirlər. Bu təndirlərə xərək deyirlər. Bunlar digər bölgələrdəki təndirlərdən fərqlənir. Torpaqdan hazırlanan xərəyin quruluşu dörbucaq formadadır, sobaya bəznəyir. İçində çörəkdən başqa, ləzgi mətbəxinin başqa xəmir yeməkləri də bişirilir. Su, duz, maya ilə hazırlanan xəmirdən bişirilən bu çörəyin saxlama müddəti uzundur. Normal otaq şəraitində 7 gün, soyuducuda isə 10 – 12 gün qalsa xarab olmur. Hazır xəmir kündələrə bölünür. Sonra yayılır. Ləzgi çörəyinin üstünü xərəyə salmazdan əvvəl hinduşka ya da xoruz lələklərindən hazırlanmış xüsusi dəstə ilə deşikləyirlər. Bu, xəmirin içinə hava girərək tez bişməsinə və şəkil almasına kömək edir. Çörək 5 dəqiqədə hazır olur. Bəzən xərəyə atılmış çörək tam bişməmiş onu çıxarır, üstünə pendir və yumurta sürtür, yenidən xərəyə salıb bir neçə dəqiqə bişirirlər. Buna ləzgi pitsası deyirlər. Buralarda “afar” yəni ləzgi qutabı da hazırlayırlar. Çörək xəmirindən nazik yuxa yayır, dağdan və ya həyətdən toplanmış müxtəlif göyərtini xırda doğrayır, quru şor ya da pendirlə qarışdıraraq yuxanın üstünə düzürlər. Sonra üzərinə ikinci qat yuxanı da yayır və xərəkdə bişirirlər.

Dadına doyum olmayan əvəzsiz ləzzət ortaya çıxır.

Tsıkan

Ləzgi mətbəxinin ən məşhur yeməyidir. O da xərəkdə bişir. Çörək xəmirindən hazırlanan kündələr yağla yoğrulur. Daha sonra kündə yayılır və dərin tavanın içinə döşənir. Əvvəlcədən yağda qovrulmuş qıyma və xırda kartof parçaları qabın içinə tökülür. Onun üstünü də yuxayla örtür və xərəyin içində təxminən bir saat bişirirlər. Tsıkanın inqridientləri istəyə görə dəyişə bilər: tərəvəzdən, pendirdən, toyuq ətindən də hazırlanan tsıkanı burada yemək məsləhətdir.

Ləzgi qonaqlığı

Xalq arasında geniş yayılmış belə bir deyim var. Əgər kiminsə evinə gedir, yemək yeyir və yemək bitən kimi tələsik çıxıb getməli olursunuzsa, buna “ləzgi qonaqlığı” deyirlər. Ləzgilər özləri də bu məsələ gülür, “can, bala, nuş olsun” deyirlər.

Türk kəndləri

Əhalisinin böyük əksəriyyətinin ləzgilər olduğu Qusarda sırf türklərin yaşadığı dörd kənd var: Bədişqala (13 km), Gündüzqala (15 km), Bədirqala (8 km), Həsənqala (10 km). Bu kəndlərlə bağlı maraqlı bir rəvayət var. Deyilənlərə görə, XVI – XVII əsrlərdə Osmanlı imperiyasının, Qaradəniz sahillərindən, Trabzon şəhərindən buraya köç etmiş 4 qardaş olub: Bədiş, Gündüz, Həsən və Bədir. Onlar buranı özlərinə məskən seçib və yerləşiblər. Öldükdən sonra doğmaları babalarının adını bu kəndlərə veriblər.

Qusarda turizm

Respublikadakı 9 iqlim tipinin 4- nə rayon ərazisində rast gəlinir. Əlverişli iqlim şəraiti burada kurortlar, istirahət zonaları və turist komplekslərinin təşkilinə geniş imkanlar verir. “Şahdağın anası” deyilən rayon Azərbaycanın əsas istirahət guşələrindən biridir. Zəngin flora və faunası olan Qusarda ekoturzim üçün hər şərait var. Ekoloji marşrutları 3 istiqamətdə bölmək olar:

1. Qusar – Qazanbulaq marşrutu

Bu istiqamətdə sahəsi 7 km olan Əlistan baba fıstıq meşəsi var. Marşrut boyunca yerləşən kəndlərdə qədim əl sənətlərindən parça üzərində tikmə, ağac üzərində oyma işlərini və məşhur “Sumax” xalçalarını əldə etmək olar.

2. Qusar – Sudur marşrutu (102 km)

Samur çayı boyunca uzanan bu marşrut boyunca kəndlərdə xalq sənəti nümunələrini əldə etmək, yerli əhalinin milli adət-ənənələrini, sim pəhləvanlarının çıxışını izləmək, əl sənəti nümunələrini əldə etmək, ləzgi məişəti və folkloruyla yaxından tanış olmaq olar. Samur çayı Rusiya ilə Azərbaycan arasında sərhəd rolunu oynayır. Ərazidə bəzi kəndləri görməyə dəyər.

Qusar sudur kəndi

Marşrutun son dayanacağı, eləcə də Qusarın ən son kəndidir. Dəniz səviyyəsindən 1800 m. hündürlükdə, Şah dağın ətəyində yerləşən Sudur füsunkar təbiətə sahibdir. Dağ-turizm istirahət və sağlamlıq zonasının yaradılması üçün yaxşı potensial var.

Hil kəndi

Rayon mərkəzindən 17 km aralıda yerləşən Hil, 1960-cı illərə qədər rayon mərkəzi olub. Kəndin XIX əsrdən qalma məşhur məscidi ölkə əhəmiyyətli tari
xi abidələr siyahısındadır. Toponim “gil” kəliməsi ilə bağlıdır. Burada torpağın tərkibində bol miqdarda gil var.

Həzrə kəndi (53 km)

XV əsrdə Şirvanda, onun şimal – şərq vilayətlərində dinclik hökm sürürdü. Bu dinclik Səfəvi sülaləsinə mənsub Şeyx Cüneyd və onun oğlu Heydər tərəfindən pozuldu. Şirvanı istila etmək niyyətinə düşən Şeyx Cüneyd “dinsiz çərkəzlərə qarşı cihad” şüarı altında Kür çayını keçərək Şirvana daxil olur. Şirvanşah Xəlilullah onun qarşısını kəsir və 1460-cı ildə Samur çayının sol sahilində Qıpçaq kəndində baş verən döyüşdə qızılbaş qoşunları məğlub olur. Şeyx Cüneyd döyüşdə həlak olur. Şeyxin müridləri onun cənazəsini Samur çayının sağ sahilinə gətirərək Gülxan kəndində dəfn edirlər. Söhbət Qusarın Həzrə kəndindən gedir. Marşrutun önəmli dayanacaqlarından olan Həzrə kəndi mərkəzdən 53 km-lik məsafədədir. Adının mənası müxtəlif cür izah edilir. “Həzrət” sözünün dəyişilmiş formasıdır. Kənd əhalisini I Şah Abbas (1557 – 1628) İrandan Quba vilayətinə köçürüb və Şeyx Cüneydin qəbri ətrafında yerləşdirib.

Şeyx Cüneyd türbəsi

Şah İsmayıl Xətainin babası Şeyx Cüneydin şərəfinə ucaldılmış türbə Qusarın ən mühim tarixi – memarlıq abidələrindən sayılır. Buna Şıxcənnət məscidi də deyirlər. 1460-cı ildə Şirvanşah 1 Xəlilullahın qoşunları ilə vuruşmada həlak olmuş və burada dəfn edilmiş Ərdəbil şeyxi Cüneydin qəbri üzərindədir. Şeyx Cüneydin cənazəsinin qalıqları nəvəsi, Səfəvi hökmdarı Şah İsmayıl tərəfindən Ərdəbilə köçürüldükdən sonra, 1 Təhmasibin göstərişi ilə tikdirilib. Abidənin fasadındakı kitabədə 1544-cü ildə inşa edildiyi göstərilir.
Həzrə kəndi pəhləvanlarıyla məşhurdur. Burada Azərbaycan folklorunun ən populyar nümunələrindən olan “Sim pəhləvanı” tamaşalarını yaşadırlar. Bu milli bayramların vazkeçilməz oyunudur. Bəzən kənddə pəhləvanlara məşq edərkən rastlamaq mümkündür.

Qusarda “Ləzginka” rəqs folklor ansamblı fəaliyyət göstərir.

Ləzginka rəqsi

Qafqaz xalqlarının rəqslərinə verilən ümumi addır. Türkiyədə buna “Şeyx Şamil oyunu” deyirlər. Qarmon və nağara ilə ifa olunan ən populyar etnik rəqsdir. Bu tərəflərdə hər yerdə hər kəs bir qayda olaraq yalnız ləzginka oynayır. Yüksək temperamentli rəqsdir. Texnikası çətindir. Ləzginkanın əsas xüsusiyyəti baş barmağın üstündə oynanmasıdır.

Bir ləzgi qızının şərəfinə qoşulmuş rəqs kimi izah edilsə də, əksəriyyət bu fikri qəbul etmir. Ləzginkaya ləzgilər “ləzgi həngi” də deyirlər. Folklorşünaslar bunun həzin düşündürücü rəqs olduğunu, səhnədə rəqqasların hərəkət və mimikalarıyla tarix danışdığını və hər rəqsin öz hekayəti olduğunu deyirlər. Öyrənirik ki, cigit, çoban oyunları və məhəbbət məzmunlu rəqslər var. Ləzginka oynayarkən, ortada (səhnədə) durna kimi süzülən xanımlara tamaşa etmək başqa zövqdür. Rəqsləri izləyərkən insanın qanı qaynamağa başlayır. Bıçaqlarla olan səhnələr və qılıncoynatma ilə bağlı elə tryuklar var ki, onları öyrənincəyədək ifaçılar dəfələrlə zədələnir, yaralanırlar. Xorla “ups – a” və “as” nidaları çıxınca yerində durmaq mümkün deyil. Bəzən solo oynayan oğlanlar özlərini yerə elə atırlar ki, təkrar ayağa qaxacaqlarına şübhə edirsən. Amma onlar yenidən qalxır və eyni çeviklik və həvəslə rəqsə davam edirlər. Bunu izləməyə dəyər.

Yuxarı Tahircal kəndi (96 km)

Mükəmməl təbiəti, çətin yolları olan dağ kəndidir. Əhalisi arıçılıqla məşğul olur. Kəndin emblemi arı pətəyidir. Kəndi əhatə edən meşələr meyvə ağacları, xüsusilə də cır alma ağacları ilə məşhurdur. Tahircal çayının üst, yuxarı dağlıq hissəsi qədim kənd ərazisidir. 1964-cü ildə burdakı zəlzələdən sonra gözü qorxan kənd camaatı nisbətən aşağı hissədə yerləşən çayın sol sahilinə tərəf köçməyə başlayıb. Samur – Dəvəçi kanalı açıldıqdan sonra yaranan yeni iş yerlərində çalışmağa gedən kənd camaatı tədricən buradan uzaqlaşıb. Əsasən yay aylarında kəndə axın çoxalır. Vaxtilə kənddə 3 məscid və bir neçə pir olub. Ateist kommunist rejimi illərində bunlar baxımsızlıqdan sökülüb gedib. Kəndin içində addımbaşı hər yerdə qəbrlər və onların içindəki müxtəlif insan sümükləri ilə qarşılaşmaq mümkündür. Çox böyük ölçüləri və formaları ilə seçilən qəbrlərin içində kənd sakinləri qiymətli metal əşyalar çıxdığını deyirlər.

Kənddəki ən qiymətli tarixi abidə 3 yaruslu nəhəng qəbiristanlıqdır. Ərazisi böyüklüyünə görə heyrətləndirir. Sanki nə vaxtsa burada böyük döyüşlər baş tutub və minlərlə insan həlak olub. Qəribədir ki, hamısına başdaşı qoyulub. Buradakı baş daşları da qəribə fərqli formalarıyla diqqət çəkir. Qəbirlərdən çıxan bəzi əşyaların tunc dövrünə aid olduğunu iddia etsələr də, ərazidə indiyədək elmi araşdırma aparılmayıb.

3. Qusar – Laza – Suvar marşrutu (42 km)

Böyük hissəsi çınqıllı və daşlı yolu yalnız yüksək keçidli avtomobillə getmək mümkündür. Bu marşrut üzrə hərəkət edərkən ilk dayanacaq Əniğ kəndi ola bilər.

Əniğ kəndi

Rayon mərkəzindən 27 km cənub – qərbdə, Qusar – Zindanmuruq yolunun kənarında Qusar (Şahnabat) çayının sağ sahilindədir. 9 kəndi əhatə edən Qusarçay vadisi buranın şərəfinə “Əniğ dərəsi” adlanır. Qusarçayın sağ sahilində salınmış qədim yaşayış yeri nəhəng, əlverişli təbii maneələrə malik, hündür təpənin üzərində yerləşir. Gözəl mənzərəsi var.

Əniğ qalası (IX əsr)

Şahdağın ətəyində yerləşən strateji əhəmiyyətli bu kənddə, ərəb yürüşlərindən qorunmaq üçün orta əsrlərdə bir qala tikilib. Qala divarları kəndin içində bu günə qədər qalıb. IX əsrdən mövcud olan Əniğ Qalası divarlarının hündürlüyü 9.3, eni 2 metrdir. Bu qalanın xristian – müsəlman müharibəsində dağıdılması haqqında rəvayət kənd sakinləri arasında bu günə qədər dolaşır. 1288-ci ildə Hülakilər dövlətinin hökmdarı Arqun xanın qoşunlarındakı xristian – gürcü dəstələri Qızıl Orda qoşunlarını dəf edərkən Əniğdəki döyüşlərdə xüsusi fəallıqla iştirak ediblər.

Ərəb dilində yazılmış “Abumüslümün tarixi” tarixi xronikasında X əsr Azərbaycan kəndlərinin bir neçəsinin, o cümlədən Əniğ kəndinin adı çəkilir. Yerlilərin rəvayətinə görə, kənd adını vaxtilə burada yaşamış Anığ ağanın adından alıb. Digər fərziyyəyə görə isə, Əniğ hun tayfalarının adı ilə bağlı toponimdir. Əvvəllər ünüğ olub, sonra dəyişərək Əniğ formasını alıb.

Mahalın Tacı (XIX əsr)

Kəndin mərkəzində yerləşən məsciddir. Hindistandakı Tac Mahala bənzədiyinə görə belə adlanır. Əniğdə göstərişli, dəbdəbəli evlər tikmək adəti çoxdan var. Deyilənlərə görə, bu məscidi tikdirən adam Hindistana səyahət zamanı Tac Mahalı görüb və elə bəyənib ki, öz kəndində buna bənzər məscid tikdirməyə qərar verib. Çiy kərpicdən tikilən məscidin əslində 300-ə yaxın yaşı olduğunu söyləyirlər. Məscidin divarlarındakı rəsmlər diqqəti çəkir. Bu rəsmlər heç yenilənməsə də rənglər parlaqlığını itirməyib. Natural, təbii bitki köklərindən əldə edilmiş boyalarla çəkilib.

Dərviş Baba piri

Əniğ kəndində bizim eranın I minilliyinə aid qəbiristanlıq var. Qəbiristanlıqda Dərviş baba piri yerləşir. Dərviş baba dindar və xeyriyyəçi bir adam olduğu üçün xatirəsini indiyədək əziz tutan kəndlilər onun qəbrini ziyarət edirlər. Bu ərazidəki gümbəzvari pirlər elə alçaq tikilib ki, içəri daxil olunca əyilmək məcburiyyətində qalır və bununla da Dərviş babaya ehtiramlarını göstərirlər.

Laza kəndi

Ləzgicə Latsar deyirlər. Dağların arasındakı dərədə yerləşən kənd 2 hissədən ibarətdir. İkinci hissəsi dağın o biri yamacında, Qəbələ rayonu ərazisində, Dəmiraparan çayı üzərində yerləşir. Deyirlər ki, məhz bu kəndin sakinləri oraya köç edərək yeni məskən salıb və yeni yerlərini də Laza adlandırıblar. Böyük Qafqaz sıra dağlarının, Şahdağ yüksəkliyinin (4242 metr), “Şah yaylaq” dağının ətəklərində yerləşir. Kənd Baş Qafqazdan keçən karvan yollarının üzərində yerləşir. 1800 metr yüksəklikdəki bu yerə “Kurve pereval” deyir yerlilər. Lazanın ən məşhur və tək tarixi abidəsi mərkəzdəki 300 illik məsciddir. Kənd əhalisi ləzgilərdir. Tarixi araşdırmalar zamanı aydın olub ki, ləzgilərin əcdadları sayılan leqlərin əsas etnik əraziləri indiki Dağıstanın cənubunda, Samur çayının sol sahilində mövcud olub. Yüzilliklər ərzində ləzgi tayfalarının bir hissəsi tədricən cənuba, dağətəyi zonaya doğru köç edib.

Laza Azərbaycanın ən populyar turistik məkanlarının başında gəlir. Yay – qış kənd qonaqlarla dolu olur. Ən çox da xaricilərin rəğbət etdiyi yerdir. Kəndlilər turistləri evlərində saxlayırlar. Həyətlərdə tikilmiş xüsusi otaqlarda onların yaşaması üçün şərait yaradılıb. Xidmətlərə ev xanımlarının evdə hazırlayıb təqdim etdiyi qazan yeməkləri də daxildir.

“Hacı Seyid Baba” piri

Kəndin ən diqqət çəkən yeridir. Burada maketə bənzəyən ucu şiş bir qaya var. Ətrafı xırda ağ daş, çınqıllarla doludur. Pirə gələnlər əvvəlcə ürəyində niyyət tutub, ayaqqabılarını çıxarıb bu daşların üstü ilə 3 dəfə dövrə vurmalı və bu zaman yalnız arzusu haqqında düşünməli, heç nə danışmamalıdır. Daha sonra bu niyyəti təkrar edərək ərazidən çıxan bulağın suyundan içməlidir. Ritualdan sonra pir üçün bir miqdar pul buraxmalıdır. Yerli əhali qayanın içində dəfn olunmuş müqəddəs məzarı bu günədək ziyarət edir. Adətən ziyarətdən sonra arzuları baş tutanlar buraya yenidən gələrək qurban kəsirlər. Adətə görə qurban süfrəsinə qonaq edirlər. Etiraz hörmətsizlik sayılır. Qurban ətinin dadına baxmaq yaxşı əlamət sayılır. Bu ziyarətlər pikniyi xatırladır. Rituallar isə xeyli əyləncəli olur.
Laza ərazisində, təxminən 15 -20 km radiusda aşağıdakı görməli ekskursiya məntəqələri var.

“Çar” mağarası. Bu, 800 metr uzunluğunda olan Şahdağ massivinin qaya divarında şaquli vəziyyətdə bir dərin mağaradır.

Qusar çayı üzərində olan qədim daş körpü – “Qönçi – Myux” körpüsü.

Şahdağ massivinin ətəyində yerləşən müqəddəs pir deyilən ziyarətgaha atla və ya piyada gediləcək dağ səyahətləri üçün instruktorları yaxınlıqdakı bazadan tapmaq olar.

Suvar

Lazadan 2 km aralıda, daha yüksək dağlıq ərazidəki məkanın adıdır. Azərbaycanın ən yüksəkdə yerləşən istirahət mərkəzi, eyni zamanda turist bazasıdır. Şahdağın ətəyindəki Suvar qış aylarında da fəaliyyət göstərir. Arzu edənlər burada çadırda yaşaya, gecələr yuxu tulumunda yata bilər. Bu yüksəklikdəki süni göllər əraziyə tamam başqa yaraşıq verir. Dağ yürüşlərinə çıxmaq, yüksəkliyi 4000 artıq olan zirvələri fəth etmək istəyənlər Suvar istirahət kompleksində çalışanlardan yardım ala bilərlər. Yaxud dağların ən yaxşı bələdçiləri sayılan və buralardakı hər qarışa bələd olan yerli kənd sakinlərinə də müraciət etmək olar. Onlar sizi 3000 metr yüksəklikdəki Şah yaylağa, Şahnabat yaylağına və ya 4243 metrlik Şahdağ zirvəsinə, eləcə də Qızıl-Qaya massivindəki 3751 metr yüksəklikdəki Heydər Əliyev zirvəsinə çıxara bilərlər.

Qış tətili

Ölkənin ən yüksək dağlıq ərazisi sayılan bu yerlərin təbiəti qışda çox gözəl olur. Noyabr ayında yağmağa başlayan qar mart ayına qədər qalır. Qış idman növləriylə məşğul olmaq üçün əla təbii potensial var. Xizəklə sürüşmək, aysklaymbinq, snoubord, eləcə də dağçılıq, alpinizmlə məşğul olmaq, dağ yürüşləri, trekinqlər keçirmək mümkündür. Burada ilin bütün fəsillərində xidmət göstərən qış olimpiya idman bazası yaradılması nəzərdə tutulur.

Qoşa şəlalə

Təxminən 2000 metr yüksəklikdə yerləşən Qoşa şəlalə əraziyə xüsusi gözəllik verir. Bu tərəflərdəki şəlalələrin spesifik xüsusiyyəti var. Onlar qışda donurlar. Professional alpinist – idmançılar arasında qışda donan şəlalələrə dırmaşmaq üzrə yarışlar keçirilir. Şəlalənin altında diqqəti çəkən qara taxta evlə bağlı maraqlı bir əhvalat var. Evi buraya vaxtilə Az KP MK-nin ikinci katibi olmuş Viktor Polyaniçko gətirdib. Bir vaxt gəzməyə gələn ikinci katib buralardan elə xoşlanıb ki, özünə yay istirahət guşəsi hazırlamaq qərarına gəlib. Kəndlilər, keçən əsrin 80-ci illərində hərbi texnika ilə bu evin buraya necə gətirildiyini indiyədək xatırlayırlar. İndi həmin yer yayda istirahətə gələnlərin vazkeçilməz piknik məskənidir.

Şahdağ (4243 metr)

Ucqar və əlçatmaz kimi görünən möhtəşəm dağdır. Onu fəth etmək mümkündür. Bunun üçün Suvara qədər avtomobillə gəlmək olar. Yolun qalan hissəsi isə piyada gedilməlidir. Şahdağı fəth etmək 3 gün vaxt aparır. Şahdağın zirvəzinə iki marşrutla qalxmaq olar. Bu, yerli dağçıların işləyib hazırladığı şimal və cənub marşrutlarıdır. Yüksəyə çıxmaq təhlükəli və çətin olsa da, Şahdağın möhtəşəm mənzərəsi, mükəmməl havası, yol boyunca qarşınıza çıxan Qara-bulaq, yüksək dağ gölləri, kanyonlar və digər möcüzələr özünə heyran buraxır. Ərazidə pirlər, qədim karvan yolunun keçdiyi cığırlar, antik körpü qalıqları və tarixin başqa izləri qalmaqdadır. Azərbaycanın bu ən əzəmətli zirvəsinə aparan ən asan yol cənubdan keçir. Təhlükədən uzaq, hər hansı xüsusi alpinist avadanlığı tələb etməyən yoldur. Bu, 1892-ci ildə dağ silsiləsinin xəritəsini ilk dəfə tərtib edən topoqraf Andrey Pastuxovun qət etdiyi yoldur.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2337416706398387]