Şərur

Şərur

Şərur yallısı ilə məşhurdur. Bu qədim xalq oyunu Naxçıvanın mədəni abidələri silsiləsinə daxildir. Azərbaycanda yallının vətəni hesab edilir. Şərur xalq yallı ansamblı 1929 –cu ildə kolxoz rəqs kollektivi kimi yaradılıb.

Arayış

Daha əvvəl Noraşen, sonra da Leninin şərəfinə İliç adlandırılan Şərur NMR-ın qərbində yerləşir. İran və Ermənistanla həmsərhəddir. Dərələyəz dağ silsiləsi bu ərazidə yerləşir. Gənc şəhər görünümündə olsa da NMR ərazisindəki qədim insan məskənlərindəndir. Salındığı tarix dəqiq müəyyənləşdirilməyib. Şərur yaşayış yerinin adı “Kitabi – Dədə Qorqud” dastanlarındakı boylardan birində Şəruk kimi xatırlanır. Arpaçay və Araz çaylarının vadisində aparılan arxeoloji qazıntılar zamanı Tunc dövrünə aid qədim insan məskənləri aşkar edilib. Rayon ərazisindən axan ən böyük çay Arpaçaydır.

Arpa çayı

Məşhur xalq mahnılarından birində adı çəkilən Arpaçay Arazın sol qoludur. Ermənistan və Azərbaycan ərazisindən keçərək Şərur rayonundan 126 km məsafədə axır. Arpaçay NMR-nın ən böyük və sulu çayıdır. Suvarmada geniş istifadə edildiyindən yayda suyu çatmırdı. Buna görə də digər xırda çayların da suyundan suvarmada faydalanmaq üçün 1977 –ci ildə Arpaçay su anbarı tikdilər. Çay və su anbarı əraziyə xüsusi gözəllik qatır. Bu gözəl mənzərənin fonunda balıq tutmaq yerlilərin ən sevdiyi məşğuliyyətdir.

Buralar nə ilə yadda qalır? Bol meyvəli bağları diqqəti çəkir. Buralara qədər gəlmişkən Gümüşgölə mütləq baş çəkmək lazımdır.

Gümüşgöl

Gümüşlü kənd ərazisində yerləşən süni göl belə adlanır. Ermənistanla düz sərhəddə yerləşdiyindən təhlükəsizlik məqsədilə ziyarətə açıq olmaması təəssüf doğurur. Ərazidə heç yaşıllıq olmamasına rəğmən sözlə bir az çətin ifadə olunacaq cazibəsi var Gümüşgölün. Gümüşlü kəndi rayon mərkəzindən 20 km aralıda, Arpaçayın sol sahilində, Dərələyəz silsiləsinin ətəyindədir. Burada orta əsrlərə aid Dəvəli yaşayış yeri aşkar olunub. Naxçıvanın hər yerində, eləcə də Şərur ərazisində gəzərkən diqqəti çəkən bir şey var. Elektrik dirəklərinin üzərində yuva qurmuş leyləklər. Muxtar respublikada ən çox izlənən, tipik mənzərələrdəndir. Demək olar hər kənddə, o kəndlərə gedən yollardakı taxta – şalban elektrik dirəklərin üstündəki leylək yuvaları buraların mənzərəsinə ayrı bir rəng, çalar qatır.

Cəlilkənd

Naxçıvandakı ən məşhur kəndlərdən biridir. Keçmişdə adı Noraşen olub. Azərbaycandakı ilk dünyəvi məktəblərdən biri də burada açılıb. Cəlil Məmmədquluzadənin Qori müəllimlər seminariyasını bitirdikdən sonra təyinatla yollandığı və öz vətənində dərs deməyə başladığı ilk məktəbdir. Həmin məktəb indi muzey kimi fəaliyyət göstərir. Ədib ilk yazılarını, məşhur “Çay dəsgahı” alleqorik əsərini burada yazıb.
NMR-ın bütün ərazisi kimi Şərur da bəzi tarixi abidələri ilə məşhurdur. Qız qalası və Oğlan qalası bunların içərisində xüsusi yer tutur. Onların hər birini ziyarət etmək ən az yarım gün vaxt tələb edir; çünki yüksək dağ təpələrində yerləşirlər.

Qız qalası

Aşağı Yaycı kəndində Tunc və İlk Dəmir dövrlərinə (e.ə.II – I minilliklər) aid arxeoloji abidədir. Uzunqaya silsiləsinin Arpaçaya endiyi yerdədir. Oğlanqala ilə eyni xarakterdədir.

Oğlanqala

E.ə. II – I minilliklərə aid yaşayış yeri, Arpaçay sahilində Qaratəpə dağında, 10 ha sahədədir. Eneolit və erkən Tunc dövrünə aid arxeoloji abidədir. Tapılan çox sayda keramika işləri buranın e.ə. V- III minillikdə Azərbaycanın əsas mədəniyyət mərkəzlərindən biri olduğunu təsdiq edir. Mərkəzdən 8 – 10 km aralıda, Yaycı, Oğlanqala, Dizə kəndlərinin arasında yerləşir. Bura siklop tipli tikilidir. Nəhəng qaya parçaları heç bir bərkidicidən istifadə edilməyərək üst – üstə toplanaraq inşa edilib. Ən üstdəki bürc deyilən yer vaxtilə xəzinələr saxlanılan yer olub. O xəzinələr ucbatından dəfələrlə əraziyə gələn xəzinə ovçuları burada qazıntı apararkən hər tərəfi darmadağın ediblər. Qalanın ən üst hissəsindən, dağın zirvəsindən ətrafa açılan mənzərəni seyr etmək üçün bu yüksəkliyə qalxmağa dəyər. Təxminən 45 dəqiqədə yuxarı çıxmaq olur. Qalanı gəzmək maraqlıdır. Minillik tarixi olan bu nöqtədən Arpaçay və ətrafdakı kəndlərin hamısı ayaqlarının altında qalır. Yağış yağandan sonra əmələ gələn göy qurşağı sanki zirvəyə toxunur. Rənglər o qədər canlı, hava elə saf, təbiət elə gözəldir ki, stresdən və neqativ bütün duyğulardan arındığını hiss edirsən. Oğlanqalanın düz qarşı tərəfində, üzbəüz dağda Eneolit dövrünə aid Ovçular təpəsi yaşayış yeri aşkar edilib.

Şərur yallısı

Şərurda yallı ifaçılarının hər biri elə məharətlə, elə ehtirasla oynayırlar ki, bunu görmək, izləmək lazımdır. Əshabi – Kəhf, Gəmiqayadan sonra Şərur yallısı NMR-ın mənəvi emblemi kimi qəbul edilir. Şərurda yallının 20-dən çox növü məlumdur. Vaxtilə burada 100 -ə yaxın yallı oyunu olub. “Çolağı”, “3 addım”, “Qaz – qazı”, “Köçəri”, “İki ayaq”, “Qaleyi”, “Çöp – çöpü” və sair. Vokal yallılar da var. Kollektiv şəkildə həm oxunur, həm də oynayırlar. “Gülümey”, “Haxışta” bunlara misaldır. Yallı nəsildən nəslə keçdikcə, yer dəyişdirdikcə formaca dəyişir.

Şərurda yallı hər kəsin bildiyi ən əsas mövzulardandır. Bu adət nəsildən nəslə ötürülür. Burada yallı oynamağı bacarmayanlara birtəhər baxırlar. Şərur toylarında, kəndlərdə ənənəvi olaraq hamı birlikdə yığışaraq yallı gedir. Bunların içərisində “Qaz – qazı” yallı növü ən populyar oyundur. Qadın – kişi, böyük – kiçik hər kəsin toplu halda oynadığı bu oyunu seyr etməyə dəyər. Nizam – intizamla icra edilən oyun həqiqətən maraq doğurur. Yerlilər yallıya sahib olduqları üçün fəxr edirlər.

Yallı nədir?

Qədim kütləvi xalq rəqsi olan yallının mənşəyi və yaşı müəyyənləşdirilməyib.

Ən qədim və geniş təsvirinə Qobustan və Gəmiqaya qayaüstü rəsmlərində, daha sonra isə Nizami Gəncəvinin (XII əsr) “Xosrov və Şirin” poemasında rast gəlinir. Əslində yallı Azərbaycan rəqs sistemidir. Bu ad altında onlarla müstəqil rəqs toplanıb. Üç yerə bölünür: sırf musiqi ilə ifa olunan, musiqi və vokal ilə ifa edilən və musiqisiz dil yallıları.

Dil yallıları

Musiqisiz ifa olunan bu yallı növü ən qədim oyun hesab edilir. Çünki bunlar hələ musiqi alətləri icad edilməmişdən əvvəl düşünülmüş oyunlardır. Çalğı alətlərinin mövcud olmadığı əski çağlarda, təqribən 10 min il əvvəl yarandığını ehtimal edirlər. Tarixən “Yollu”, “Yelli” kimi də işlənərək ən son “Yallı” formasına düşüb. Hər üçünün maraqlı izahı var. Deyilənlərə görə, ibtidai insanlar toplu halda yaşayır, toplu halda ova çıxırdılar. Hər uğurlu ovdan sonra onun ətrafında dövrə vurur, sevinirdilər. Onların ayaq izlərindən cığır açardılar ki, bu da yol salardı. Yollu adı buradan əmələ gəlib. Digər rəvayətə görə, bu rəqs qədim insanların uçma istəyindən yaranıb. Yel əsdiyi zaman əl – ələ tutaraq yüksək dağ yalında toplaşar və uçmağa həvəslənərlərmiş. O zaman oynadqıalrı oyun “yelli” adlanıb. Və nəhayət, yallı sözü “səf, düzmək” mənasını daşıyır. Düzmək, düzülmək felindən əmələ gəlib. Əl – ələ, sıra ilə düzülərək yaranan rəqs beləcə “yallı” adlanıb. Türkiyədə buna “halay” deyirlər. Toylarda və bayramlarda iki zurnaçı və nağaraçıdan ibarət ansamblın müşaiyəti ilə oynanan kollektiv rəqs növüdür. Yallıda ifaçıların sayı 10 – 15 nəfərdən 80 – 100 nəfərədək ola bilər. Yallı rəqsi zamanı əl – ələ tutmuş kişi yaxud qadınlardan ibarət dəstələr düzəldilir. Dəstənin başında duran rəqqas yallıbaşı adlanır. Onun əlində dəsmal yaxud çubuq olur. Axırdakı isə ayaqçı adlanır. Yallı ağır tempdə başlanır, getdikcə sürətlənir, ifaçılar ritmik hərəkətlərlə dövrə vuraraq rəqs edirlər.

Özfəaliyyət

Şərur rayon mədəniyyət və turzim şöbəsinin nəzdində 3 professional yallı qrupu fəaliyyət göstərir. Gənclər (orta yaş), uşaq və yaşlılardan ibarətdir. Bəzən bütün yaş qrupları toplanaraq birlikdə yallı oynayırlar.

Çərçiboğan kəndi

Yallının əsas vətəni hesab edilir. “Nurani” ağsaqqal yallı qrupu bu kəndin ağsaqqallarından qurulub. Kollektivdə yalnız kişilər oynayır. Ən gəncinin 61, ən yaşlısının 80 yaşı var. Onların görülməyə dəyər oyununu izləməkdən müdhiş keyf alır insan. Deyirlər ki, yallı burda dədə – baba sənətidir və onu yaşatmaq hamımızın borcudur. “Urfanı” yallı oyunu ağsaqqalların ən sevdiyi oyundur. Bu oyunun məzmunu döyüşə hazırlıqdır.

Atəşdə oyun

İlkin, ibtidai formada istilik, işıq, isti yemək mənbəyi olan od ocağı ətrafında mərasim təntənəsi şəklində olub. Belə mərasim təntənələrində onlar ilahiyə çevrilmiş oda ibadət edərdilər. İnsanlar başa düşürdülər ki, ovun uğurlu olmasına, vuruşlarda qələbə çalınmasına, vacib həyati məsələlərin həllinə yalnız birlikdə nail olmaq olar, ona görə də bu birliyi bir növ rəmzi tərzdə təmsil edərək əl – ələ verirlər.

Oda, atəşə pərəstiş Şərq aləmində, o cümlədən Azərbaycanda geniş yayılmış və uzun əsrlər boyu hökm sürmüşdü. Müxtəlif adət – ənənələr və rəqslər oda həsr edilərdi. Tonqallar yandırılar, mərasim mahnıları və rəqsləri icra olunardı. Od, atəş, ibtidai dövrün insanı üçün bütün vahimələri məhv edərək, ona istilik, daha dadlı və müxtəlif qidalar verib, vəhşi heyvanlardan qoruyub. Odun gücünə inanan adamlar tonqallar ətrafında rəqs edir, üstündən tullanardılar. Onlar hökmən dəstə – dəstə yəni qrup halında odun ətrafında dövrə vurar ya da yarımdövrə qurub cəld – cəld hərlənərdilər.

Toy rəqsi

Naxçıvanda oynanılan qədim, ənənəvi rəqsdir. Bəy və gəlinin cavan qohumları bu rəqsi gəlini apararkən faytonunun qabağında oynayardılar. Rəqs yallı tiplidir. Yan – yana, addımlı cəld rəqsdir. Oynayanların çoxunun əlində yanar məşəl olardı. Həmin məşəlləri gəlini müşayiət edənlər aparardılar.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2343742412432483]