Saatlı

Saatlı

Arayış

Bakıdan 180 km məsafədə, dəniz səviyyəsindən 28 metr aşağıda, Kür – Araz ovalığının mərkəzində yerləşir. Mülayim iqlimi var. Sarısu gölü qış fəslində yerlilərin ov məkanıdır. Ərazisindən Araz və Kür çayları axır. Araz vadisində minillik nekropol və kurqanlara, çox sayda antik dövrə aid arxeoloji abidələrə rastlamaq mümkündür. Mil və Muğan düzlərindəki pambıqçılıq rayonlarındandır. Vaxtilə Araz sahillərinin keçilməz meşə oluğunu söyləsələr də, pambıqçılığın inkişafı ilə əlaqədar ağaclar kəsilərək əkin sahələri genişlədilib və o qalın meşə örtüyündən də kiçik bir zolaq – Tuqay meşəsi günümüzə gəlib çatıb. 1943 – cü ildə yaranan rayon 1920-ci ilədək Bakı Quberniyasının Cavad qəzasına bağlı olub. 1920 – 1930-cu illərdə Muğan mahalının Petropavlovka dairəsi adlanıb. 1963-cü ildə ləğv edilərək Sabirabad rayonuna verilib. 1965 –ci ildə yenidən müstəqil rayon olub.

Saatlının tarixi

V əsrdə Muğana gələn türk tayfaları hunların izinə indiyədək Saatlıda rastlamaq mümkündür. Ərəblərin işğalı dönəmində yerli əhalinin bir hissəsi hələ də bütpərəst idi. Ərazi orta əsrlərdə bu torpaqlarda hökm sürmüş müxtəlif feodal dövlətlərinə, xanlıqlar dönəmində Qarabağ xanlığına tabe olub. Saatlı bölgəsində inkişaf etmiş şəhər qalıqlarına rast gəlinməyib. Muğan karvan yollarının kəsişdiyi mühüm nöqtədə yerləşdiyindən daxili ticarət burada çox inkişaf edib və əkinçilik tarixən geniş yayılıb.

Toponim

Şərur yaxınlığında Qaraqoyunlu əyalətlərindən birinə başçılıq etmiş Əmir Saadın adı ilə bağlıdır. Orta əsrlərdə Çuxur Saad əyalətindən Muğana köçmüşdur. Ərazinin burada məskunlaşmış Saadlı tayfasının adı ilə adlandırıldığı ehtimalı var. Saadlı tayfasının məskunlaşdığı kənd digərlərindən böyük olduğundan sonralar inzibati ərazi Saatlı adlandırılıb. Toponimi Sak-Sakat tayfalarının adı ilə də bağlayırlar. İrəvan xanlığının mahallarından birinin adı Saatlı idi. XIV əsrin sonunda Qərbi Azərbaycanda, indiki Ararat belə adlanırdı. O vilayətin əmiri Əmir Saadın adı ilə adlanan türkdilli tayfa adıdır. Səd sözü ərəbcə xoşbəxtlik, uğurlu ulduz, bəxtiyarlıq mənasındadır.

Saatlılar

Azərbaycanlıların etnogenezində iştirak etmiş türk tayfasının adıdır. Əhalinin müasir etnik tərkibi yekcinsdir. Əkinçilik, maldarlıqla məşğul olan bu tayfaların xeyli hissəsi öz adlarını indiyədək qoruyub. XX əsrdə Ermənistandan etnik təmizləmə yoluyla qovulan azərbaycanlı ailələr buraya yerləşdirilib. 1953-cü ildə MK-nın xüsusi göstərişi ilə Cəlilabadın bir neçə İran sərhədinə yaxın kəndlərinin camaatı Saatlıya köçürüldü. 1959 – cu ildə isə Axısqa – Çildır türkləri tarixi vətənləri Gürcüstandan qovularaq burada məskunlaşdı. Çuxur Saad adlanan əyalətdə yaşayan türklərin 1387 – ci ildən sonra Saatlı tayfası Arpaçayın aşağı axarı və Araz çayının sol sahili boyunca qonşu ərazilərə köçməyə məcbur olub. Bu köçmələr 1431-ci ildə Qaraqoyunlu hökmdarı Qara İsgəndərin saatlıların hökmranlığına son qoyması ilə əlaqədardır. Bu hadisədən sonra İrəvan əyalətinə, Qazax mahalına səpələnən saatlıların bir hissəsi ayrımlara qarışıb, bir hissəsi isə 1756 – cı ildən Qazax mahalından gələrək Şuşada və Qarabağın digər ərazilərində məskunlaşıblar. XIX əsrdə Gəncəbasarda onlarla ailədən ibarət Saatlı eli yaşayıb.

Arxeoloji abidələri

Abbasbəyli nekropolu və yaşayış yeri (XI – XIII əsrlər), Azadkənd nekropolu, rayonun qədim tarixi abidələri hesab edilir.
Araz düşərgəsi isə Saatlı ərazisində qeydə alınmış daş dövrü düşərgəsidir. Neolit dövrünə aid edilir. Bunlarda heç bir arxeoloji tədqiqat işi aparılmayıb. Əksəriyyəti meliorasiya işləri zamanı üzə çıxarılıb. Azadkənd nekropolu(e.ə.II-I əsrlər), Cəfərxan nekropolu (e.ə.II minillik), Qaralar nekropolu (e.ə.III – b.e.I əsrlər), II və III Qaralar nekropolu, I və II Muğan nekropolu, Abbasbəyli, Məmmədabad nekropolları və Telmankənd kurqanı (XIII – XIV əsrlər), I Araz düşərgəsi, Qaraqaşlı, Qaralar (tunc dövrü), Sarısu, Əlisoltanlı, Bəylər yaşayış yerləri orta əsrlərə aiddir.

Hun baba piri

Saatlının ən məşhur ziyarətgahıdır. Şəhər mərkəzindəki qəbiristanlıqda yerləşir. Pir, qəbir üzərində tikilmiş kiçik ölçülü darısqal otaqdan ibarətdir. İçərisinə yalnız bir adam girə bilər. Burada dəfn olunmuş şəxs hun sərkərdələrdən biri olub. Tarixi qaynaqlara görə, V əsrdə şimaldan Azərbaycana hərəkət edən hun tayfalarının izləri əsasən Muğanda qorunub. Yerli camaat dara düşdükdə Hun baba pirinə nəzir deyir və niyyətləri yerinə yetdikdən sonra da pirə nəzir verirlər. Odur ki, buraya müqəddəs məkan kimi etiqad edirlər.

Arxlar

Araz çayından hələ antik dönəmdə arxlar çəkildiyi məlumdur. Saatlıda bir neçə qədim suvarma arxının qalıqları indiyədək qalmaqdadır: Govurarx, Həki arxı, Muğan arxı və sair. Torpaq və meliorasiya işləri nəticəsində içləri dolmuş və eni 4-6 metr olan arxlar Arazın sağ və sol sahillərində əkin sahələrinin suvarılması məqsədilə çəkilib. Ən qədim və nəhəng suvarma kanalı Govurarxdır. Mütəxəssislərin fikrincə bu ölçüdə kanalı inşa etmək olduqca böyük işçi qüvvəsi, ərzaq və su ehtiyatları tələb edirdi. Govurarxların inşa tarixi eradan əvvəlki dönəmlərə aiddir. Rusiya tərəfindən işğal edildikdən sonra da əkinçilik və pambıqçılığın inkişaf etdirilməsi məqsədilə su kanallarının çəkilməsinə davam edildi. 1900 – 1917-ci illərdə Aşağı Muğan və Yuxarı Muğan olmaqla, ümumiyyətlə 4 arx tikildi ki, onların uzunluğu 210 km olub, 170 min ha sahəni suvarmağa kifayət edirdi…

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2338231502983574]