Buranın adı çəkiləndə hamının ağlına bir ünvan gəlir: Çıraqqala. Əslində isə ərazi ilə bağlı bilinməyən çox şey var. Çox yaxın keçmişə qədər Dəvəçi adlanırdı. Bəlkə elə buna görə, dilimiz sürüşüb tez-tez Dəvəçi deyirik.
Arayış
Bakıdan 122 km şimaldadır. Əsasən yarımsəhra və quru çöl iqlimi, dağlıq yerlərdə isə mülayim – isti iqlimə sahibdir. Böyük Qafqaz dağlarının şimal-şərq yamacında yerləşir. Ərazi şərq tərəfdən Xəzər sahillərinə qovuşur. Dənizdən başlanan hamar düzənliklər tədricən təpəliklərə, daha sonra meşələrə, qayalara və dağlara çevrilir. Meşələrin ümumi sahəsi 21500 hektardır. Mineral suları və palçıq vulkanlarıyla məşhurdur. Şabran meşələrinin Zağlı-Zeyvə zonasında neft aşkar edilib. Yol boyunca neft buruqlarına rast gəlmək mümkündür. Ərazidə 2 tarixi – arxeoloji qoruq mövcuddur.
Şabran “Keçi qayası”
Zağlı – Zeyvə turizm zonasındakı “Keçi-qayası” adlanan yerin çox gözəl mənzərəsi var. Sıx meşə ilə keçilməsi çətin olan sıldırım qayanın arasından çay axır. Müalicə əhəmiyyətli kükürdlü suların çıxdığı bu yerə insanlar müalicəyə və istirahət etməyə gəlirlər. Ərazidə vəhşi dağ keçiləri yaşadığından buranı belə adlandırıblar.
“Liman” ovçu klubu
Rayon mərkəzindən 12 km məsafədə, Xəzər sahilində yerləşir. Sahəsi 1180 ha olan ərazidə 3 göl yerləşir. Gölləri tamamilə qamışlar əhatə edib. Gözəl mənzərəli bu yerdə qayıqla gəzintiyə çıxmaq olar. Liman payız və qış fəslində aktiv fəaliyyət göstərir. Göldə bütün il boyu şirin su balıqları, kürü tökən vaxtı isə dənizlə əlaqəsi olduğu üçün dəniz balıqları olur. Payızda gölə qu, qaz, ördək, qaşqaldaq kimi köçəri quşlar toplaşdığı zaman quş ovu başlayır. Limandakı peşəkar ovçularla söhbət zamanı ovla bağlı bəzi detalları öyrənmək olar. Məsələn, balıq ovuna səhər tezdən çıxmaq lazımdır. Çünki bu vaxt balıqlar suyun üstündə yığışır. Ən ləzzətli, delikates hesab edilən quş əti qaşqaldaq ətidir. Gecələmək üçün ovçu daxmaları mövcuddur.
Toponim
Dəvəçi heyvan adı ilə bağlı ərazi olsa da indi rayonda dəvəyə rast gəlmək mümkün deyil. Deyilənə görə, vaxtilə dəvə karvanlarının əsas dayanacaqlarından olub. Qədimdə buranın sakinləri dəvə saxlayır, dəvə ticarəti ilə məşğul olurmuş. Dəvə karvanları burada düşərgə salır, taqətdən düşmüş, zəifləmiş dəvələri satır, dincəldikdən sonra yola davam edirdilər.
Şabran “Qalaaltı” sanatoriyası
Böyük Qafqazın ətəklərində, dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşir. 1976-cı ildən fəaliyyət göstərən “Qalaaltı” Azərbaycandakı ən böyük və məşhur kurortlardandır.. Burada dağ və dəniz havası bir – birinə qarışır və rütubət yoxdur. Hər tərəfdən meşəylə əhatə olunub.
Sanatoriyada müalicə Qalaaltı kəndi ərazisindən çıxan təbii sularla aparılır. Yerlilər müalicə əhəmiyyətli bu suya “naftsu”, yəni neftli su deyirlər. Naftsu kəskin qoxusu və dadı ilə seçilir. Qalaaltı suyunun tərkibi və keyfiyyəti Ukraynadakı Truskavets və Çexiyanın Karlovi Vari kurortlarının suları ilə müqayisə edilir.
Qalaaltıda “Çıraqqala” uroloji sanatoriyası tikilib. Əsasən böyrək ağrılarını müalicə edən su, maddələr mübadiləsi, mədə – bağırsaq, öd kisəsi xəstəliklərindən əziyyət çəkənlər üçün də şəfalı hesab edilir.
“Qaynarca” palçıq vulkanı
Qalaaltı ərazisində palçıq vulkanlar da mövcuddur. Onlardan ən məşhuru “Qaynarca” palçıq vulkanıdır. Qaynarca palçığı oynaq xəstəliklərinin müalicəsi üçün idealdır. Eyni zamanda dərini hamarlaşdıraraq dəriyə qulluq edir. İstixanalarda 45 dərəcə qızdırılan palçıq xəstənin bütün bədəninə sürtülür. Bir saat qaldıqdan sonra yuyulur. Bu qayda ilə palçıq seansları bir neçə gün davam edir.
Çıraqqala qoruğu ərazisində yerləşən Qalaaltı, tarixi qalanın alt tərəfində olduğu üçün belə adlandırılıb. Bura müalicəyə ya da istirahətə gələn qo-naqlar qədim Çıraqqalanı görmək üçün dağın zirvəsinə çıxırlar. Həmin zirvədən ətraf kəndlərə və vadilərə heyranedici mənzərə açılır. Qalaya piyada çıxıb enmək bir gün vaxt aparır. Dağ və meşə ərazisində piknik üçün ideal yer çoxdur. Qalanın yaxınlığında ancaq yayda fəaliyyət göstərən çayxanada bitki və otlardan dəmlənmiş çaydan içmək olar.
Şabran Çıraqqala
Dəvəçinin simvoludur. Rayonun hər tərəfindən görsənir. Azərbaycanda buna bənzər başqa abidə yoxdur. Mərkəzdən təxminən 20 – 25 km aralıda, sıldırım qayanın zirvəsində yerləşir. Çıraqqalanın 5-6-cı əsrlərdə tikildiyi, 18-ci əsrə qədər müdafiə və kəşfiyyat məqsədilə istifadə edildiyi ehtimal olunur. Vaxtilə qaladan dənizə yeraltı gizli tunellər qazılıb. Çıraqqaladan düşmən ordularının gəlişi ilə yaranan təhlükəni tonqal vasitəsi ilə Azərbaycanın diqər qala və məntəqələrinə çatdırıblar. Çıraqqala əsasən Dərbənd qalasından tüstü ilə verilən məlumatı qəbul edib. Xəzər dənizindən Böyük Qafqazın ətəklərinə qədər uzanan müdafiə səddinin üç böyük qalasından biri, eləcə də Gilgilçay səddinin baş qarovulxanası olub. Siyəzəndəki Gilgilçay səddi və Beşbarmaq qalası, Dəvəçidəki Çıraqqala və Dağıstan ərazisindəki Dərbənd qalası Qafqaz Albaniyasının şimal sərhədlərini qoruyan bütöv bir müdafiə kompleksini təşkil edib. Zaman içərisində səddin böyük bir hissəsi uçub dağılıb. İndiyə qədər salamat qala bilən Çıraqqala 2003-cü ildən qoruq elan edilib.
“Çıraqqala” toponimi
Çıraqqalanın yerləşdiyi hündür dağ zirvəsi xalq arasında “Çıraqqaya” adlanır. Görünür, hələ qala tikilməmişdən öncə də əhali bu dağın başında tonqal qalamaqla xəbərləşib. Sonralar həmin qaya başında möhtəşəm qala tikilib və onun bu günədək sağ qalan ən uca bürcündə tonqal qalama ənənəsi davam edib. Buna görə də o vaxtdan Çıraqqala adlandırılıb.
Dəvəçinin gözdən uzaq, mütləq görülməli bəzi kəndləri ərazini əhatə edən ucsuz – bucaqsız meşə – dağ zonasına səpələnib. Onlardan biri rayon mərkəzindən təxminən 45 kmlik məsafədədir.
Şabran Nohurlar kəndi (45 km)
Dəniz səviyyəsindən 1000 m. yüksəklikdə yerləşən qədim kənddir. Salınma tarixinin 16-cı əsrə aid olduğunu deyirlər. Əvvəlki adı Gömür olub. Sonradan Nohurlar adlandırıblar.
Nohur buralarda qapalı su hövzəsinə deyirlər. Göl mənasında da işlədilir. Kənd adını ərazidəki göllərdən alıb. Ərazidə bir – birindən gözəl 7 dağ gölü yerləşir. Bunlar keçmişdə baş verən güclü zəlzələdən sonra yaranan şirin su gölləridir. Yerlilər bunlara möcüzəli dağ gölləri deyirlər. Hamısının rəngi fərqli, suyu şirindir. Çox dərin və suyu da çox soyuq olduğundan üzmək təhlükəlidir. Nohurlar turizm cənnətidir. Buranın təzyiqə, böyrəyə, ürəyə, baş və qarın ağrılarına xeyri olan bitki çaylarının ləzzəti və ətrinə doymaq olmur. Keçən əsrin 60-cı illərində, kommunist lider N. Xruşşovun rəhbərliyi ilə aparılan əyalətlərin inkişafı proqramına uyğun olaraq kənd əhalisini tamamilə rayon mərkəzinə köçürüblər. Odur ki, bu günədək kənddə heç bir sosial infrastruktur qurulmayıb. Ona görə də kənddə yaşayış yoxdur. Ərazidən yaylaq kimi istifadə edən kənd sakinləri yay aylarında yığışıb buraya gəlirlər. Qışa tədarüklərini görüb soyuqlar düşən kimi geri qayıdırlar. Sayca çox az olan kənd əhliylə ünsiyyət qurmaq nəsib oldu. Nohurlardakı məişət həyatı ilə yaxından maraqlandıq.
Evlərinə girdik. Kənd evləri daşdan tikilib və üstü ağacla örtülüb. İçərisini gəc ilə ağardıblar. Bu da evlərin içinə spesifik qoxu verir. Hər ev 2 – 3 kiçik otaqdan ibarətdir. Mebeldən istifadə etmirlər. Əvəzində bol sayda yorğan, döşək, yastıq və mütəkkə var. Kənddə elektrik yoxdur. Neft lampaları indiyədək aktuallığını itirməyib.
Qonağı olduğumuz evdəki ağartı məhsullarının, motalların çoxluğu diqqətimizdən yayınmadı. Evin ağbirçəyi bunların hazırlanmasıyla bağlı bütün sirlərini məmnuniyyətlə bizimlə paylaşdı.
Motal pendiri
Motal pendiri öz keyfiyyətinə və ləzzətinə görə hər zaman yüksək qiymətləndirilib. Burda evə gələn qonağa mütləq motal pendiri, yağ və lavaş ikram edirlər. Motalın içinə bəyaz pendir və şor doldurulduqdan sonra ağzı möhkəm bağlanır. İki ay müddətində yoxlama məqsədilə kif bağlamasın deyə motalın hərdən bir havası dəyişdirilir. Motal pendiri heç xarab olmur. Onu dərinin içində bir il saxlamaq mümkündür. 15 – 20 – 25 kq-lıq tutumu olan motalın əsas sirri içinə hava girməməsidir. Çox incə iş olduğundan hər kəs öhdəsindən gələ bilmir. Əsas sirr dəridədir. Yaxşı pendir üçün düzgün hazırlanmış dəri qab lazımdır. Bununla bağlı məzəli bir deyim də var.
“Arvadı əri saxlar, pendiri dəri”
Atalar sözü
Motal
Qoyun və ya keçi dərisindən hazırlanan xüsusi qabdır. Heyvan təmiz qırxılıb kəsilir, dəri başdan – ayağa bıçaqla soyulub ətdən ayrılır. Daha sonra təmizlənən və çevrilərək duzlanan dəri bir müddət qurudulur. Pendir motalın çevrilmiş bayır – tüklü üzündə saxlanılır.
Qaymaq
Kəndə qonaq gedənlərə mütləq qaymaq da ikram edirlər. Əvvəlcə inək südü sağılır və bişirilir. Qaynadıqdan sonra geniş, dərin bir qaba boşaldılır. Bir gün bu qabın içində saxlanır. Ertəsi gün südün üstünə yığılmış üzün hamısını topalyırlar. Buna qaymaq deyirlər. Yerdə qalan südlə isə pendir bişirirlər. Olduqca kolorili qida olan qaymaq xalis bal və lavaşla səhər yeməyində yeyilir.
Ümumiyyətlə, dağ kəndlərində bişirilən yeməklərin demək olar hamısının kolorisi yüksəkdir, amma yerlilərin içərisində artıq çəkidən şikayət edən yoxdur. Kəndlilər bunun səbəbini ağır fiziki işlə izah edirlər.
Dəvəçinin görülməsi gərəkən tarixi əhəmiyyətli məkanlarından digəri Dəvəçi – Xaçmaz yolunun üstündə yerləşir.
Şabran xarabalığı
Şahnəzərli kəndi yaxınlığında qədim şəhərin xarabalıqları var. Şabran çayının hər iki sahilində, I979-I989-cu illərdə aparılan arxeoloji qazıntılar nəticəsində, 450 kvadrat km sahədə qədim Şabran şəhərinin qalıqları aşkar edilib. Vaxtı ilə Avropa ilə Asiya arasında, Xəzər dənizinin sahili ilə gedən karvan yolunda salınmış tarixi şəhər indi qoruq – muzeydir.
Sitat
“Şabran təmiz bir şəhərcikdir, dənizin yaxınlığında yerləşir. Orda biz limana – sahilə yan almışdıq,”
Adam Oleari, Alman səyyahı, (16-cı əsr)
Şabran tarixi
VI əsrdə Sasanilər sülaləsindən Şah Xosrov Ənuşiravan (531-579) tərəfindən tikilən Şabranı VII əsrdə ərəblər işğal edib. IX-X əsrlərdə iri siyasi-inzibati, ticarət, sənət və mədəniyyət mərkəzinə çevrilib. X-XII əsrlərdə Şirvanşahlar dövlətinin əsas siyasi mərkəzlərindən biri olub. Şirvanşah hökmdarlarının ailə qəbiristanlığı, eləcə də mərkəzi zindanxanaları burada yerləşib. Yazılı qaynaqlara görə, Qızıl Orda xanı Toxtamışa qalib gələn Teymurləngə, Şirvanşah İbrahim qələbə şərəfinə Şabranda böyük bir ziyafət verib.
Monqol hücumları, Osmanlı basqınları Şabranın təsərrufat həyatına ağır zərbə vurur. Səfəvilər dövlətinin tənəzzülü dövründə şəhər kiçik yaşayış məntəqəsinə çevrilir. XVIII əsrin əvvəllərində ölkədə yaranmış qarışıqlıqda baş verən daxili çəkişmələr zamanı Şabran tənəzzül edərək tədricən xarabalığa çevrilir.
Sitat: «Şabran Təbrizdən sonra ikinci şəhər sayılır. Şəhərdə 70 məhəllə, Tokmaq xanın, Əfşar xanın və Uzun Həsənin məscidləri yerləşir. Məscidin divarları incə, cürbəcür rənglərə çalan ornamentlə bəzədilib. Mərmər üzərində naxışlar isə hətta usta memarları təəccübləndirir. Buranın saf havası və şirin suyu var.»
Türk səyyahı Evliya Çələbi, Şabran, 1647-ci il
Şabran əhalisinin etnik tərkibi müxtəlif olub. Əhalinin əsas hissəsini müsəlmanlar təşkil etsə də, xristian və yahudilər də yaşayıb. Şəhər camaatı keramika istehsalı ilə məşğul olub. Şabranın xarabalıqları altında dulusçuluq emalatxanası üzə çıxarılıb. Azərbaycanda ilk dəfə məhz Şabranda IX əsrə aid kanalizasiya sistemi aşkar edilib. Daş və kərpicdən hörülmüş örtülü şəbəkə mərkəzi məhəlləni çay ilə birləşdirirdi. XI – XII əsrlərdə 14 kmlik məsafədən xüsusi borularla şəhərə bulaq suyu çəkilib. Şabran çiy kərpicdən hörülmüş malikanə tipli evlər şəklində planlaşdırılıb. Orta əsr Azərbaycanında ilk küçə məhz Şabranda mövcud olub. “Çörəkçilər” məhəlləsindəki təndirlər indiyə qədər durur. Şərqin ən böyük zərbxanalarından biri Şabranda yerləşib. Qazıntılar zamanı üzə çıxan müxtəlif metal sikkələr, orta əsrlərdə şəhərdə mis işi, zərgərlik, silahqayırmanın inkşaf etdiyini göstərir.
Şabran toponimi
Şabran sözünün etimologiyası barədə müxtəlif mülahizələr mövcuddur. Şəhər çox əlverişli coğrafi mövqedə, dəniz və quru ticarət yolunun kəsişdiyi yerdə yerləşdiyindən, dəvə karvanlarının dayanacağı burda olub. “Şəb” – gecə, “ran” məkan bildirir. Gecələmək yeri, gecə karvansarası mənasında işləndiyi ehtimal edilir. Şəhərin adının türk soyundan sabirlər tayfası ilə alaqədar olması ehtimalı daha inandırıcıdır. Hunlara (V əsr) mənsub olan sabirlər qəbiləsinin şərəfinə Sabiran, yəni Sabirlər ölkəsi adlandırılıb. Sonralar Şabran şəklinə düşüb.
Şabranı bir az daha yaxından tanımaq üçün yerli bələdçilərimizdən daha hansı yerləri görməli olduğumuzu soruşuruq. Cavab verirlər ki, ötən əsr Azərbaycan tarixinə damğasını vurmuş bəzi şəxsiyyətlərin vətəni olan kəndə mütləq getməlisiniz. Söhbət, Az.SSR MİK RH-nin sədri, ixtisasca həkim olan Qəzənfər Musabəyovun, Azərbaycan SSR-in ilk ədliyyə naziri olan Ayna Sultanovanın, bəstəkar Tofiq Quliyevin kəndindən gedir.
Pirəbədil kəndi
Dəvəçidən 20 km aralıda, 2000 metr yüksəklikdə yerləşən dağ kəndidir. Vaxtilə, Suriyanın Şam şəhərindən İslamı yaymaq üçün buraya köç etmiş tayfanın başçısı Pir Bədəl adlı şeyxin yaxınlarıyla yerləşdiyi kənd olub. Toponimi də bu ada bağlayırlar. Pirəbədil ərazisində gəzməli-görməli yerlər çoxdur. Burada çaylar, qalın meşələr, sərin bulaqlar, böyük meyvə bağları, təmiz və quru hava diqqəti cəlb edir. Keçmiş Quba qəzasında ilk dünyəvi rus – tatar məktəbi və şimal bölgəsinin ilk xəstəxanası məhz bu kənddə açılıb. Bu işdə Quba quberniyasının aristokratlarından, əslən Pirəbədildən olan Musabəyovlar nəslinin böyük rolu olub. Kənddə Qəzənfər Musabəyovun ev muzeyi yerləşir. Muzey binası 1862- ci ildə tikilib və Musabəyovların şəxsi mülkü olub və quruluşuna görə digər evlərdən seçilir. Çünki Avropalı memarlar tərəfindən hazırlanıb.
Kənd kərpic evləri, hələ də bulaq başına səhənglə su gətirməyə gedən qızları, köhnə məişət qaydalarına uyğun həyat tərzinə davam etməklə orijinallığını qoruyub. Pirəbədildə qapılara kilid vurulmur. Həyətləri çəpərləyib, qapını qonaq üzünə bağlamaq burda qəbul edilməzdir. Yerli ağsaqqallar müdrikcə deyirlər:
“Evimizə gələn tanrı müsafiridir. İnsanların hamısı bu dünyada qonaqdır. Əbədi olan torpaqdır. Hər kəs qonaq olduğunu dərk etməli, əsas ev sahibinə, torpağa hörmət göstərməlidir. O zaman təmizlik qorunar və təbiət daha səxavətli olar.”
Pirəbədil xalçası
Rəngliliyi, zərifliyi, ornamentlərin incəliyi ilə şöhrət qazanıb. Ən populyar motivləri qoç buynuzları və çiçək naxışlarıdır. Pirəbədil xalçasında bu yerlərin təbiəti, bitki və heyvanat aləmi naxışların dili ilə öz əksini tapıb. Yerli xalça ustalarının toxuduğu bu xalçaların heç vaxt biri digərini təkrar etməyib. Hər əl işi eksklüzivdir. Çünki hər xalça, tamamilə onu toxuyan ustanın fantaziyasının məhsuludur. Kənddə həm də “Herat” çeşnili xalçalar toxunur. El arasında buna “Urusiyyət” də deyirlər. Rusiya sözü, kənd qadınlarının dialektində “Rusiyət, Urset” kimi tələffüz olunur. Bu xalçaların maraqlı tarixçəsi var.
1913-cü ildə çar Rusiyasının paytaxtı Sankt- Peterburqda müxtəlif sənətkarlıq sərgisi təşkil edilir. Sərgiyə aparılacaq xalçanı toxumaq Pirəbədilin məşhur ustalarından Münəvvər Əfəndiyevaya tapşırılır. Həqiqətən ustanın xalçası bu sərgidə çox bəyənilir və müxtəlif sərgilərə, yarmarkalara dəvət edilir. O vaxtdan xalçanın adı “Urusiyyət” qalır.
Əslində “Herat Pirəbədil” xalçasının kompozisiyası Əfqanıstanın Herat şəhərində toxunan xalçanın yerli interpretasiyasıdır. Buna baxmayaraq “Herat Pirəbədil” öz forma və rəng koloritliyinə görə tamam fərqlənir.
Kənd məişəti
Xalça haqqında söhbət edərkən kənd məişətindən də xəbərdar olursan. Yayda heyvanları qırxır, yunu yuyub təmizləyirlər. Sonra əyirərək sap əmələ gətirir və ətraf dağ və meşələrdəki müxtəlif bitki köklərindən əldə edilmiş boyalarla onlara rəng verirlər. Sonra xalça toxuyurlar. Bu, kənd xanımlarının uzun qış aylarında əsas məşğuliyyətidir. Qızlar kiçik yaşlardan etibarən özləri üçün cehiz xalçalar toxumağa başlayırlar.
Q. Musabəyovun ev muzeyi
Qonaqlıq
Pirəbədillilər qonaqpərvərdirlər. Kəndə gələn müsafirlərinə canla – başla qulluq edirlər. Olduğumuz yerdə bir təlaş gördük. Ələ – ayağa düşmüş xanımlar tələsərək iş görürdülər. Baxdıq ki, bir yerdə camış qatığından nehrə yağı hazırlayırlar. Salam verdik. Ayrana və nehrə yağı sürtülmüş isti yuxaya qonaq etdilər. Öyrəndik ki, Pirəbədil yuxaları standart kiçik ölçüsü və nazikliyi ilə məşhurdur. Biz qonaqların şərəfinə kənddə əməlli – başlı nahar hazırlığı getdiyini anlamaq uzun çəkmədi. Bir az utandıq. Amma heç kimsənin qəlbini qırmamaq üçün təklifi qəbul etdik və maraqla mətbəxdəki prosesi yaxından izlədik. Nahardakı bir yemək diqqətimi çəkdi. Daha öncə heç bir yerdə rastlamadığım bu yeməyi Pirəbədilə gələn bütün əziz qonaqlar üçün mütləq bişirirlər.
Ətrəli aş
Xəmirdən doğranmış əriştəyə ətrə deyirlər. Bu, mərcimək, düyü və əriştədən hazırlanan plovdur. Əvvəlcə əriştə kəsir, açıq havada saxlayaraq bir az qurudurlar. Ayrıca düyü və mərcimək də soyuq suda isladılır. Daha sonra qaynayan suya tökülür. 5 dəqiqə sonra süzülür. Süzmə işi bitdikdən sonra düyü, mərcimək və əriştə qarışdırılaq mis qazana doldurulur. Bu yeməyi ocağın üstündə dəmə qoyurlar ki, daha ləzzətli olsun. Bir saat dəmləndikdən sonra hazır olan yemək geniş və dərin bir qaba boşaldılır. Masaya servis edilərkən yanına mütləq stəkanlarda əridilmiş nehrə yağı qoyurlar. Pirəbədildə plovu yağlı yeməyi xoşlayırlar.
Tarixi
İslam dini qəbul edildikdən sonra müsəlman dünyası ilə əlaqələr genişlənir. IX-XI əsrlərdə elm və mədəniyyət mərkəzləri olan şəhərlərin sayı artır. O zaman sıx əhalisi olan indiki Dəvəçi rayonu ərazisində Şabrandan başqa da ticarət, sənətkarlıq mərkəzi olan şəhərlər var idi. Bunların içərisində Xursan şəhərinin xüsusi yeri vardı. Xursan (Xors, Xırs) Qafqaz Albaniyasında qədim qala və eyni adlı böyük tarixi vilayət olub. Xursan şahlığı erkən orta əsrlərdə Azərbaycanda kiçik feodal hakimliyi idi.
Şabran Dağbilici kəndi
Bu tarixi ərazilərə daxil olan yaşayış məsklənlərindən biri, Pirəmbər dağının zirvəsinə qədər uzanıb gedən Dağbilici kəndidir. Qədim müsəlman qəbiristanlığında salındığından, hara qazılırsa qəbirlərə rast gəlinir. Qəbiristanlıq əslində kənd ərazisindən xeyli böyük və genişdir. Bu da bir vaxtlar bu yerlərdə çox böyük yaşayış məskəni olduğundan xəbər verir. Buralarda arxeoloji araşdırmalar aparılmayıb. Kəndin əla mənzərəsi var. Xalça toxuculuğu burda da geniş yayılıb. Kənd adət – ənənələriylə yaşayır.
Xınayaxdı
Burada kənd sakinlərindən ibarət “Xınayaxdı” adlanan folklor qrupu fəaliyyət göstərir. Təsərrüfat işlərinin çoxluğuna baxmayaraq, heç bir maddi maraq gözləmədən bu qədim ənənəni yaşadır, xınayaxdı mərasimini nümayiş edirlər. Əslində bu folklor oyunu kənddə və Azərbaycanın bir şox yerlərində yaşayan xınayaxdı ənənəsinin teatrlaşdırılmış formasıdır.
Adətə görə, toydan əvvəl xınayaxdı mərasimi keçirilir. Bu, qızın ata evində keçirdiyi son gecədir və yaxınlarıyla bir növ vidalaşma mərasimidir. Mərasimdə yalnız qadınlar iştirak edir. Qızın rəfiqələri onu tək buraxmır. Bütün gecə səhərə qədər otururlar. Oğlan evi hazırlanması üçün adətlərə uyğun olaraq, qızın gəlin paltarını, qızıllarını, şirniyyat, lampa, güzgü və “xına” yollayır. Xına bişirilib hazırlanır. Məclisdəki bütün qızlar xınanı əllərinə sürtür. Bir neçə saat bu xına əllərdə qalır ki, qurusun və rəngi tutsun. Qızlar səhərin ilk işıqlarına qədər deyib – gülür, çalıb- oynayır, o ki var, əylənirlər. Daha sonra xına əllərdən yuyulur və gəlinin hazırlaması başlanır. Geyindirib başını örtürlər ki, onu kimsə görməsin. Yalnız toy gecəsi bəy gəlinin üzünü aça bilər. Xınayaxdı qızın ailəsiylə ata evində yaxınları, qonşuları və rəfiqələriylə keçirdiyi son gecədir.
[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2337407383065986 limit=0]