Şahbuz

Şahbuz

Yerlilər zarafatla deyirlər ki, yaz aylarında Naxçıvan bazarına girəndə, adamın kişnəməyi gəlir. Çünki hər yerdə ancaq göyərti satırlar. Yaz gəlir, təbiət yenidən canlanır. Süfrələrin rəngi də yaşıllaşır. Burada o qədər çox göyərti çeşidi var ki, saymaqla bitmir. Bu dağların yamaclarında bitən elə bir bitki yoxdur ki, onu tanımasınlar. Bəziləri zəhərlidir. Hamısı eyni yerdə, iç – içə bitsə də yerlilər onları elə ustalıqla ayırırlar ki, çaşıb qalırsan. Bəzilərini çiy yeyir, bəzilərini qovurur, bəzilərini suda qaynadırlar. Otların adları da məzəlidir. Qazayağı (qaz pəncəsinə oxşadığı üçün), qızqaytaran, qoyunqulağı, xatun barmağı, mərövzə bunlardan bir neçə dənəsidir.

Əvəlik deyilən bitkidən həm dolma, həm də aş bişirir, özünü qovurur və ya qurudaraq dəmləyib içirlər. Yemlik otu çiy halda yeyilir. Mədəniz soyuqlayıb ya da yeməkləri qarışdırmısınızsa, keçməsi üçün bu otdan bir dəstə yemək kifayət edər. Bütün bu yaşıllıqları yığıb, yuyub təmizləyir, xırda doğrayır, tavada yağ – soğanla qovurur, üstünə yumurta qırır və sarımsaqlı qatıqla yeyirlər. Ləzzətinə və ətrinə doyum olmayan bir dad əmələ gəlir.

Arayış

1930 – cu ildə təşkil olunub. NMR-nın tarixi – arxeoloji abidələr və mineral bulaqlarla zəngin yüksək dağ rayonudur. Ərazidə eyni adlı qəsəbə, kənd, çay var. Məşhur şair Məmməd Arazın vətənidir. Faydalı qazıntılarla zəngindir.

Şapurqala

Şahbuz rayonunun eyniadlı kəndi, Şahbuzkənd yaxınlığında, Naxçıvançayın sol sahilində, hər tərəfdən sıldırım qayalarla əhatə olunmuş hündür dağın üzərində yerləşir. XV – XVI əsrlərə qədər burada yaşayış olub. Şahbuz toponimi Şapurqalanın adı ilə əlaqələndirilir. Eyniadlı kəndin yaxınlığında hər tərəfdən sıldırım qayalarla əhatə olunmuş hündür dağın üstündədir. Qalada XV – XVI əsrlərə qədər həyat davam edib. Abidədən müdafiə məqsədilə, həm də gözətçi məntəqəsi kimi istifadə edilib. Xalq arasında çoxdan məlum olmasına baxmayaraq arxeoloji abidə kimi 1990 –da qeydə alınıb. Qalaya qalxan yol qayalıqdır, çox çətin keçilir. Yolun üstündə yerli əhali tərəfindən ziyarət olunan Pir var.

Badamlı kəndi

NMR-nın ən tanınmış kəndlərindən biridir. Mərkəzdən 14 km aralıda yerləşir. Ərazidə eyniadlı qəsəbə, XV – XVI əsrlərə aid arxeoloji abidə və nekropol var. Çılpaq dağların əhatəsində yerləşən kənd badam bağları ilə məşhurdur. Yamyaşıl badam bağları kəndin bəzəyidir. Bağ sahiblərinin dediyinə görə, yabani, daş badam burada həmişə bitib. Sonradan becərilməyə başlayınca hər tərəf başdan – başa badam bağlarına bürünüb. Kənd badam hesabına yaşayır. Burada camaatın əsas çörək ağacıdır. Elə bir ev yoxdur ki, il boyunca orada badam olmasın. Məhsul vaxtı, qış aylarında bol olur. Hər ehtimala qarşı, qonaq üçün ehtiyat bir kisə saxlayırlar. Evə qonaq gələn kimi süfrəyə mütləq badam qoyulur.

Badam

Yazın ilk ayında çiçək açır. Soyuğa ən davamlı çiçəklər badam ağacına məxsusdur. Qızılgülçiçəklilər fəsiləsindəndir. Badam, ağacda bitən qabıqlı meyvədir. Avqustun sonu – sentyabr aylarında yetişir. Məhsul mövsümü payızın əvvəlidir.

Ağacı alçaq, qabığı orta dərəcədə bərk, meyvəsi iridir. Gec çiçəkləyir, məhsuldar sortdur. Hər il məhsul verir. Hər ağacdan orta hesabla 8 – 10 kq məhsul yığılır. 2 – 3 –cü ildə məhsula düşür. Meyvəsi sentyabrda yetişir. Bir meyvənin çəkisi 3.7 qram, ləpənin çəkisi 1.3 qramdır. Tərkibində 55% yağ var. Badam toxumunun yağından qanazlığında istifadə edirlər.

Badamın vətəni Orta Asiya hesab olunur. Azərbaycana İrandan gətirilib və qədimdən bəri becərilir. Badam ağacı şaxtaya çox dözümlüdür – 25 dərəcə şaxtaya tab gətirə bilir.

Yerlilərin dediyinə görə, kənddə 23 növ badam yetişir. İki növündən geniş istifadə edirlər. Onların içərisində ən məşhuru püstə badamdır. Püstə badam iri dənəli və qabığı da elə yumşaq olur ki, ovucun içində, barmaqların arasında qırılır. Digərlərinə nisbətən daha yağlı olur. Xalq inanclarına görə badam bərəkət deməkdir. Hətta subay qızların yuxuda badam ağacı görməsi, tezliklə bir oğlan tərəfindən bəyəniləcəyi kimi qəbul edilir. Əgər yuxuda meyvəsi yetişmiş badam ağacı görübsə, sərvətinin artacağına inanırlar.

Badamdan şirniyyat – qənnadı işlərində də istifadə olunur. Azərbaycan mətbəxinin ən ləziz şirniyyatlarından hesab edilən paxlava və şəkərburanı zövqə görə badamdan da bişirirlər. Bir də badambura var.

Badambura

Milli şirniyyat növlərindən olan şəkərburanın başqa bir adıdır. Forma etibarilə də şəkərburadan fərqlənir. Sırf badam içi ilə hazırlandığı və burularaq forma verildiyi üçün belə adlanır. Dadına və ətrinə görə ona gülab da vururlar.

Badamlı suyu

NMR-ın ən məşhur ilk mineral su brendidir. Şahbuz dağlarında qaynayır. Bu ərazidə mineral tərkibi müxtəlif və zəngin olan, dəyişən onlarla kiçik bulaqlar qaynayır. Eyniadlı kənddən 3 km aralıda yerləşir. Dəniz səviyyəsindən 1274 metr hündürlükdədir. Badamli mineral su yatağı bir neçə bulaqdan ibarət qrup təşkil edir. Badamlı suyunu mədə – bağırsaq, sidik yolları və qara ciyərin bəzi xəstəlikləri zamanı içmək faydalıdır. Buruq quyularının bəzilərində suyun minerallaşma dərəcəsi nisbətən az olduğundan süfrə suyu sayılır. 1947 –ci ildən fəaliyyət göstərən mineral sudoldurma zavodu indiyədək çalışır.

Badamlıdan başqa NMR-nın ən tanınmış və mütləq görülməli ikinci ünvanı yenə Şahbuzda yerləşir. Söhbət məşhur Batabat qoruğundan gedir. Belə ki, NMR-na gələnlərdən Batabatı görüb görmədiklərini soruşurlar. Əgər görməmisənsə, deməli Naxçıvanda olmamısan.
Qoruğa aparan yollar yavaş – yavaş yuxarı doğru yüksəlir. Hər tərəfi dağlıq olan ərazinin müdhiş gözəl mənzərəsi var. Addımbaşı hər yerdə ayaq saxlayıb seyr etməkdən doymursan. Getdikcə yaşıllıq çoxalır. Buranı Naxçıvanın ən yaşıl yeri də adlandırırlar, hətta Göygöl qoruğu ilə müqayisə edirlər. Yol boyunca dağlarda mağaralar bəzən çobanların sığınacağı olur. Şahbuz kəndlərinin bir çoxu bu istiqamətdəki dağlıq əraziyə səpələnib. Onların bəzilərində ayaq saxlamağa dəyər.

Biçənək

Batabat yolunun üstündəki kənd rayon mərkəzindən 24 km aralıda, Dərələyəz və Zəngəzur sıra dağlarının qovşağında yerləşir. Kənddən keçərkən məşhur tarixi körpü diqqəti çəkir. Körpünün ətrafı və o aradakı bəzi evlərin divarları dağılıb. Şahbuz ərazisinin 90% -i Ermənistanla sərhəddədir. 1990-cı illərdə müharibə zamanı qarşı tərəfdən atılan top mərmiləri burada, kənd içərisində partlayırdı. Şahbuzun bütün içməli su təchizatı bu kənddən təmin olunur. Buradan bir neçə km aralıda başqa tarixi – təbii abidəni də görməyə dəyər.

Fərhad evi

Biçənəkdən şərqdə, Batabat yaylağında yerləşir. O, böyük qayanın içərisində çapılmış 4 otaqdan ibarətdir. Otaqlar çox kobud yonulub. Abidənin divarlarında vaxtilə mixi yazı – kitabə olub. Amma qorunmadığı üçün təbii aşınma nəticəsində dağılıb. Abidə Yaxın Şərq ölkələrindən aşkar olunmuş bənzərlərinə əsasən e.ə. VII – VI əsrlərə aid edilir.

Abidə, unikal qaya evi xatırladır. Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasındakı Fərhadın adı və onun əməlləri ilə bağlıdır. Əfsanəyə görə, hökmdarın bacısına aşiq olan Fərhadın yaşadığı kənd susuzluqdan əziyyət çəkir. Sevgilisinə qovuşmaq üçün ona bir şərt qoyurlar. Buna görə gənc adam dağları dəlib kəndə su arxı çəkməli olur. Yerlilərin danışdığına görə, əlində külüng qayaları yarmağa başlayan Fərhad qayadan ovduğu bu evdə yaşayıb.

Qayanın içindəki 4 hücrənin içində şam – lampa qoymaq üçün xüsusi yerlər qazılıb. Qapıların hündürlüyü 3 metrə yaxındır. Fərhad evi karvanların dayanacaq yeri olub. Qaya yay fəslində çölün ortasında sərinləmək üçün əla sığınacaqdır. Bura Yaxın Şərqi Cənubi Qafqazla əlaqələndirən ən əlverişli yollardan sayılırdı. Orta əsrlərdə Fərhad evi yaxınlığında karvansaray da olub. Yerli camaat buna Şah Abbas karvansarası adını verib.

Kolanı kəndi

Mərkəzdən 10 km aralıda yerləşən kənddə, V-VIII əsrlərə aid yaşayış yeri, I minilliyə aid nekropol aşkar edilib. Kənd adını vaxtilə buraya yerləşmiş türk tayfalarından alıb. XVIII əsrin ilk yarısında kolanılar tayfasını buraya Nadir şah Əfşar Xorasandan köçürüb. Çox zəngin tarixi olan Naxçıvan torpağında addımbaşı hər yerdə bir nağıl, bir əfsanə və rəvayət eşidir, gəzdikcə sanki tarix dərsi keçirsən. Buranın çox qədim tarixə sahib yer olduğunu təsdiq edən dəlillər güclü təəssürat oyadır. Kolanı kəndində bu sübutlardan biri kimi bəşəriyyət tarixinin ilk musiqi alətini göstərirlər. Əslində bu alətin İrlandiya və ya Şotlandiya mənşəli olduğunu düşünənlər üçün Naxçıvanın ucqar bir kəndində qarşılaşmaq çox təəccüb doğurur.

Tulum

Nəfəsli xalq çalğı aləti olan tulum, insan oğlunun kəşf etdiyi ən qədim musiqi aləti hesab edilir. Naxçıvanda Şahbuzda məlumdur. Ehtimal edilir ki, bu musiqi aləti maldarlıqla məşğul olan əhali arasında meydana gəlib. Kolanı sakini 70 yaşlı Cəbi Əhmədov tulum sənətinin tək ustadıdır. Gənclərə bu alətin incəliklərini, ifa etməyi öyrədir.

Tulum, dəri və ağac hissələrdən ibarətdir. Dəri hissəsinə “tuluq” deyirlər. Tuluq 2 – 3 aylıq quzu və ya çəpişin aşılanmış dərisindən düzəldilir. Qol dərisinin bir tərəfinə ağac, digərinə isə lülə sümüyü bərkidilir. Çalğı zamanı dəri lülə sümüyü tərəfindən üfürülür və hava ilə dolaraq şişir. Musiqiçi tulumu qoltuğunun altına alıb sıxır və barmaqları ilə zurnanı çalır. Tulumçunu adətən nağaraçı müşayiət edir.

Daş küftə

Naxçıvan kulinariyasının ən məşhur yeməklərindən biridir. Bişirmə üsulu və ləzzəti dəyişikdir. Aradakı fərqi hiss etmək üçün MR-na yolu düşənlər orada mütləq dadına baxmalıdırlar. NMR-da demək olar hər evdə iri çay daşı və onun yanında taxta çəkic görmək olur. Bunlar, xüsusi olaraq daş küftə üçün saxlanır.

Hazırlanma qaydası:

Yağlı dana və yaxud qoyun əti taxta baltayla çay daşının üstündə döyülür. 2 – 3 saat döyülən ət qıyma halına gəlir. Ət əzildikcə, onun üstünə bir ovuc noxud da əlavə edib döyürlər. Noxudlar tam əzilib ətə qarışdıqdan sonra ətə təmizlənmiş baş soğan və bir dəstə kişniş əlavə edirlər. Daşın üstündə bunlar birlikdə döyülür. Döymə işi bitdikdən sonra bir stəkan düyü, sarıkök və istiot da əlavə edilir. Bütün bunların hamısı bir yerdə yoğrulur.

Hazır qıyma bir ovucun içərisinə sığacaq böyüklükdə kündələrə ayrılır. Kündələrin içərisinə ziriş qoyurlar. Ziriş yabanı halda bitən ağacın meyvəsidir. Turşməzə dadı var. Onu toplayıb qurudur və əsasən küftədə istifadə edirlər. Hazır kündələr dinlənməyə qoyulur. Bu zaman başqa qazanda yağ – soğan qovrulur. Üzərinə əlavə edilən su qaynamağa başlayınca küftələr qazana boşaldılır. İstəyə görə bu küftənin içərisinə kartof və yaxud əvvəlcədən qaynadılmış noxud əlavə edilə bilər. Yemək hazır olduqdan sonra istəyə görə üzərinə quru nanə tökülür. Daş küftə isti halda yeyilir. Ən maraqlısı, naxçıvanlılar daş küftəni soyuduqdan sonra adətən, səhər yeməyində, şirin çayla, lavaşın arasına bükərək yeyirlər. Bu cür daha fərqli dadır. Ləzzətini dadanlar bilir.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2343745892432135]