Salyan

Salyan

Bura Lənkəran – Astara zonasının qapısı hesab edilir. Ona görə də cənubun darvazası deyirlər. Bakı – Astara magistral yolunda ilk dayanacaqdır. Yeganə rayondur ki, girişindən çıxışınadək olan məsafəni 1 saat 15 dəqiqədə qət etmək mümkündür. Keçən əsrin əvvəllərində milli şüurun və ideologiyanın yaranmasında hədsiz xidmətləri olan böyük mütəfəkkir Əlibəy Hüseynzadə, Həsən Məmmədov (xalq artisti), sovet rejiminə qarşı milli azadlıq hərəkatının fəallarından olan Xəlil Rza Ulutürk(xalq şairi), Arif Məlikov (xalq bəstəkarı) və sair taninmış şəxsiyyətlərin vətənidir

Arayış

Bakı – Salyan arası məsafə 126 km-dir. Şərqdən kiçik sahədə Xəzər dənizi ilə hüdudları kəsişən rayon ərazisindən Kür çayı keçir. Rayon vaxtilə burdan keçən karvan yollarının kənarında salınıb. 1930-cu ildə yaradılıb. Kür çayının sağ sahili, Salyan düzü okean səviyyəsindən 28 metr aşağıda olub, landşaftı yarımsəhradır. Rayonda neft – qaz yataqları var. Salyanneft 1963-cü ildə faliyyət göstərir. Rayona çatmamış ceyran cənnəti bir ünvan yerləşir.

Şirvan Milli Parkı (ŞMP)

2003-cü ildə 55 min ha sahədə yaradılan parkda məqsəd yerli flora və faunanı, ən əsası Qırmızı kitaba düşmüş ceyranları qorumaq və çoxaltmaqdır. Hazırda ŞMP-da 10 minə yaxın ceyran yaşayır. Olduqca ürkəkdirlər. Qoruq çalışanlarına alışıblar. Kənardan birini gördükləri zaman sürətlə uzaqlaşırlar. Odur ki, onları görən kimi yaxından müşahidə etmək mümkün deyil. Bundan başqa 34 növ quş yaşayır ki, bunlardan 14 – ü qırmızı kitaba düşüb. Heyvanat aləmini müşahidə etmək üçün gələn turistlərin qonaqlaya bilməsi üçün xüsusi qonaq evləri var. Bəzən araşdırmaya gələnlər çadırlarını qurub yaşayırlar. ŞMP ərazisi bir neçə rayonun sahəsindən böyük, çox geniş ərazi olduğundan buranı piyada gəzib bitirmək mümkün deyil. Ona görə də qoruq çalışanları turistləri at və ya maşınla təmin edirlər. Yarımsəhra ərazidə bir neçə yerdə bataqlığı xatırladan xırda göllər var. İri qamışlıqların arasında görsənmirlər. Onların üstü quşlarla, ən çox da flaminqolarla dolu olur. Bu mənzərələri seyr etməyə mütləq dəyər. Çox quru və çılpaq görünsə də sinirləri sakitləşdirən rəngarənglik və sükut var parkın içərisində.

Kür daşqınlarından çox əziyyət çəkən Salyanda çayın ən gözəl mənzərəsini izləmək üçün rayon prokurorluğunun bağçasına üz tutmaq lazımdır. Dəli Kürün bütün fəsadlarına rəğmən salyanlılar yüzillərdir bir yerə tərpənməyərək burada yaşamağa davam edir və çayın ərköyünlüyünə dözürlər. Bəlkə də yeganə yerdir ki, indiyədək camaatı bir sahildən o biri sahilə daşıyan bərələr hələ də fəaliyyətdədir. Marşrut kimi işləyirlər.

Toponim

Qədimdə burada məskunlaşmış türk Sal qəbiləsinin adından götürüldüyü güman edilir. Guya şəhər həmin qəbilənin nümayəndələri tərəfindən salınıb. Ən geniş yayılmış etimologiya isə sel yuyandır. Yəni Kürün daşması nəticəsində əmələ gələn selin torpağı yuyub aparmasından törəyib. Bir vaxtlar buralarda ağaclardan hazırlanan salları Kür çayı vasitəsilə Xəzərə doğru yollayarlarmış. Salyan sözünün də saldan törədəyi mövcud ehtimallar içərisindədir. Bəzən toponimin izahını Kür və Salyanla bağlı rəvayətlərdə axtarırlar. Şərqdə ən qədim dinin və fəlsəfənin başlanğıcını qoymuş Zərdüştün (“Avesta”) Azərbaycanda, Salyan kəndində doğulduğu rəvayət edilir. Məşhur İpək yolunun bir marşrutu sayılan “Hindistan – İran – Azərbaycan – Qafqaz – Avropa” Salyandan keçirmiş. İpək karvanı bir müddət burada dayanırmış. Karvanı müşaiyət edən hərbçilərə verilən maaş, deyilənə görə, “səlyanə” adlanırmış. Güman edilir ki, bu sözdən həmin yaşayış məntəqəsi indiki adını alıb. Səlyanə fars sözü olub, illik ianə adlanıb.

Salyannın tarixi

Orta əsrlərdə Salyandan üzü aşağı dənizə qədər Kür sahilindəki vətəgələr Salyan vətəgələri adı ilə məşhur olub. Balıq ovunda xüsusilə fərqləniblər. Lakin nədənsə, Şirvan xanı XVIII əsrin sonlarında Kür üstündəki bütün vətəgələri Həştərxan tacirinə 5000 manat qızıl pula satır. XIX əsrin əvvəllərində bölgə balıqçılığın daha intensiv inkişafı ilə xarakterizə olunur. Bu dövrdə ov alətləri daha təkmilləşir, balıq ovunda motorlu qayıqlardan istifadə edilir. Qaydaya görə balıq ovu üçün çay və göllər 3 il müddətinə yerli camaata icarəyə verilirdi. Qəza mərkəzi istisna olmaqla XIX əsrdə Muğanda şəhər tipli yaşayış məskəni olmayıb. XIX əsrdə Muğandan keçən magistral yolların çoxu Salyanda qovuşurdu. Bakı quberniyasının baş rabitə yolunun cənub – şərq qolu – buna xalq arasında “Salyan yolu” deyilirdi.

Tarixi – təbii abidələri

Mərkəzdən 5 km aralıda yerləşən palçıq vulkanı Babazənin adlanır. Müalicəvi əhəmiyyətli palçığından çoxlarının xəbəri yoxdur. XII əsrə aid Umlavar körpüsü, Qubalı Baloğlan kəndindəki XIX əsr Xanəgah kompleksi mövcuddur. Rayon mərkəzindəki yeni dövrə aid “Təndirxana” karvansarayı restoran kimi fəaliyyət göstərir.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2338136819659709]

Ağdam

Ağdam

Aranlı – dağlı Qarabağın dörd bir tərəfinə uzanan yolların başında qərar tutan dəli, amma mehriban ürəkdir Ağdam. Şirindilli camaatının əzəldən bəri ticarətlə

Ətraflı »

Neftçala

Cənuba gedən yolun səssiz, ucqar güşəsində, Kür çayı boyunca Xəzər sahilinə qədər səpələnən kəndlər sakit həyat sürür. Neft, qaz, yod, balıq, kürü

Ətraflı »