Şamaxı

Bəzilərinə görə burada maraqlı heç nə yoxdur. Çox darıxdırıcı yerdir. Belə düşünənlər vaxtilə buranı “Şirvanın gül bağçası” adlandırıldığından xəbərsizdirlər. Qafqaza səyahət etmiş tanınmış səyyahların mütləq uğradığı və heyranlıqla bəhs etdiyi yerdir.

A.S.Puşkinin “Qızıl xoruz” əsərində məşhur “Şemaxanskaya devitsa” yəni Şamaxı şahzadəsi ifadəsi Şərq qadın obrazı assosiasiyası yaradıb. Üzümçülük və şərabçılıq mərkəzlərindən biri kimi məhşur olan rayonda yerli süfrə şərabları qədimdən bəri hazırlanır və karvanlar vasitəsilə yayılır, şöhrət tapırdı. Azərbaycanın

Şirvan toponimi

Tarixən Şərvan, Şervan, Şarvan kimi də tələffüz edilib. Orta əsrlərdə Xəzər, Dərbənd, Qəbələ, Kür çayına qədər uzanırdı. Şamaxı hələ IX – X əsrlərdə ticarət mərkəzi yolları üzərində olan mühüm dayanacaqlarından idi. XV əsrdə şəhər beynəlxalq ipək ticarətində əhəmiyyətli mövqe tuturdu. Talaman ipəyi adı ilə məşhur olan Şirvan ipəyi Asiya və Avropanın bir sıra ölkələrinə yollanırdı.

Arayış

Bakı – Qazax avtomobil yolunun 120 – ci km-də yerləşir. Ərazinin 8% meşə sahələri ilə örtülüdür. Kür – Araz ovalığının Şimal qurtaracağından başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub yamaclarına qədər uzanır. Qobustanın şimal – qərbini və Ağsu çayının şərq hövzəsini əhatə edir. Ərazidə hündürlük 300 – 2200 metr arasında dəyişir. Ən yüksək dağ Gülümdostu və Dübar yüksəkliyidir. Yüksəklik artdıqca iqlim sərtləşir. Rayon ərazisində təbii göl və şəlalə yoxdur. 40 – a yaxın mineral su mənbəyi var.

Muğam və saz

Qarabağ muğam ustalarının və Qərb aşıqlarının ən ciddi rəqibləri olan Şirvan aşıqları və mahir muğam ifaçıları burada yetişir. Yay aylarında Pirquludakı istirahət mərkəzlərindən yüksələn muğam və aşıq musiqisi sədaları istirahət edənlərin seçiminə görə dəyişir. Şamaxının ən məşhur muğam ustadı Alim Qasımovdur.

Şəxsiyyətlər

Dahilər vətəni kimi ad çıxaran Şamaxı Xaqani, Nəsimi, Şirvani, Sabir kimi böyük söz ustalarının doğulduğu yerdir. Şəhərdəki tarixi Şıxəndan qəbirsitanlığında İ.Nəsiminin “Dağınıq saçlı” ləqəbli qardaşı Şaxəndanın və S.Ə.Şirvaninin türbələri var.

İmadəddin Nəsimi (1369 – 1417)

Əsl adı Seyid Əli İmadəddindir. Nəsimi təxəllüsü ilə tanınıb. Hürufilik təriqətinin ən məşhur nümayəndəsi, Fəzlullah Nəiminin sevimli tələbəsi olub.Yaradıcılığı fəlsəfi məzmunlu əruz vəznində yazılmış qəzəllərlə zəngindir. Hürufilər Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda Nəsimi Şamaxıdan çıxmaq məcburiyyətində qalıb. Dərviş həyatı sürərək bol səyahət edib. İraq, Suriya və Osmanlıda yaşayıb. Pantesit ideyalarına görə Suriyanın Hələb şəhərində dərisi soyularaq edam edilib. Deyilənə görə, şairin ölümünə fitva verən mollalardan biri bu Allahsızın qanı düşən hər yeri məhv etməyi əmr edir. Cəllad onun dərisini soymağa başlarkən bir damcı qan həmin mollanın əlinə sıçrayır. Molla tez qanı təmizləyib bir kənara çəkilir. Bunu görən şair

“Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar,
Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz”,
– misraları ilə məşhur olan qəzəlini deyib.

Mirzə Ələkbər Sabir (1862 – 1911)

Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Sabir) Azərbaycan satirasının banisidir. 12 yaşına qədər mollaxanada oxuyub, sonra da Seyid Əzim Şirvaninin yeni üsul məktəbində təhsilinə davam edib. Çox ağır, maddi sıxıntılarla dolu həyat yaşayıb. 10 nəfərlik ailəsini sabun bişirərək dolandırıb. C.Məmmədquluzadə ilə “Molla Nəsrəddin” jurnalında və dövrün digər mətbuat orqanlarında satirik şeirlərilə çıxış edib. Ölümündən sonra həyat yoldaşı Billurnisə və dostlarının səyləri ilə bütün şeirləri “Hophopnamə” kitabında toplanıb və nəşr edilib. Yeri gəlmişkən “Hop-hop” şairin ən çox istifadə etdiyi ləqəblərdən olub.

M. Ə. Sabirin ev muzeyi

Pirsaat piri (IX – XV əsrlər)

Şəhərin girəcəyində, maşın yolunun kənarında, Pirsaat çayının sahilində yerləşən pirin yanında demək olar yoldan keçən hər kəs ayaq saxlayır. Niyyət tutur, dua edir, qurban kəsir, türbənin içərisindəki qəbirləri ziyarət edirlər. Pirsaat baba peyğəmbər nəslindən möcüzəli bir övliya kimi ad çıxarıb. Onun möcüzəsi və ziyarətgahın yaranması ilə bağlı məşhur əfsanə var.

Əfsanə

Deyilənlərə görə, zəlzələdən qorxan bir nəfər bir gecə çox pis yuxu görür. Yerindən qalxıb səs – küy salır ki, hər kəs evini tərk etsin, zəlzələ olacaq. Ancaq onu heç kim dinləmir. Həqiqətən yuxu gerçək olur. Dəhşətli zəlzələ baş verir. Evlər yerlə yeksan olur. O hadisədən sonra evi dağılan həmin adam yaşadığı yerdən uzaqlaşır. Çox gəzib dolaşdıqdan sonra Pirsaat çayının sahilində özünə məskən salır. Kişinin xəbərdarlığını eşidib sözünə qulaq asmayan və zəlzələdən sağ çıxanlar isə onu tez – tez ziyarətə gəlməyə başlayırlar. Həmin tarixdən Pirsaat eşitmə, görmə problemləri olan insanlar üçün müalicə yeri, şəfa tapdığı ocağa çevrilir.

Zəlzələ

Uzun əsrlər boyu Şirvanın mərkəzi Şamaxını güclü zəlzələlər dəfələrlə dağıdıb. Qafqazın ən güclü seysmik zonasında yerləşməsinə baxmayaraq şəhər hər dəfə yenidən qurulub. 1828, 1859, 1891, 1902 – ci illərdə baş verən şiddətli zəlzələlər buranı elə dağıdıb ki, şəhər tədricən əvvəlki yerini dəyişməli olub. 1859 – cu ildəki böyük dağıdıcı zəlzələdən sonra mərkəz qismən Bakıya köçdü. 1902 – ci il 31 yanvarda baş verən növbəti, dəhşətli zəlzələ şəhəri yerlə bir etdi. Yeraltı təkan şəhəri elə dağıdır ki, onun yenidən tam dirçəlməsi mümkün olmur. Məhz bu dağıntıdan sonra Xəzər sahilindəki liman şəhəri olan Bakı şimali Azərbaycana mərkəz olmaq üçün liderliyi ələ keçirir. İndiki Şamaxı köhnə Şamaxının təxminən 2 km-liyində salınıb.

“Şamaxı heç vaxt bu gündən sabaha salamat çıxacağını söyləyə bilməyəcək. Amma yenə də şamaxılılar hər dəfə bu şəhəri xarabalıqlar və küllüklər içindən dirçəltmək üçün özlərində qüvvə tapırlar.” Aleksandr Düma

“….. ayın 8 –də biz məşhur Şamaxıya gəldik. Şəhərin güney tərəfində böyük bazar yerləşir. Oradakı çox sayda dükan və piştaxtada hər cür mal və sənətkarlıq məmulatları satılır. Ticarət üçün çoxlu yəhudi gəlir. Məni ən çox heyrətləndirən o oldu ki, şəhər yenidən tikilib bərpa olunub. Halbuki onun köklü surətdə dağılıb viran qalmasından heç üç il də keçməyib. Bu ölkədə tez – tez zəlzələ olur, bizim orada olduğumuz bir il ərzində bir neçə dəfə zəlzələ baş verib; hətta bir gün onu üç dəfə hiss etdik. Ancaq 1667 – ci ilin zəlzələsi çox uzaq vaxtlardan indiyə kimi olanların içində ən güclüsü idi. Bu zəlzələ tam üç ay davam etdi və başlanğıcı çox güclü idi. bütün şəhər özülündən elə sarsıldı ki, məscidlər, qəsrlər, evlər və şəhər divarları da uçub dağıldı və bütün bunlar elə tez baş verdi ki, heç kəs qaçmaqla canını qurtara bilmədi. Sayımlara görə bu dəhşətli dağıntı zamanı yaraq daşıya bilən 80 mindən çox kişi həlak olmuş – qadınlar, uşaqlar və qullar çıxılmaq şərti ilə….”

Yan Streys “Səyahət” (1670 – 72 –ci illər)

Şamaxı memarlığı

Şamaxıda zəlzələnin tez – tez baş verməsi yaşayış evlərinə həmişə ciddi ziyan vurub. Ərəb tarixçisi H.Ə. Ciddinin yazdığına görə şəhərin IX – XII əsrlərdə inşa olunmuş yaşayış evləri ərazinin seysmik xarakterinə və sonrakı əsrlərdə aparılan tikinti işləri nəticəsində güclü dağıntıya məruz qalıb. Şamaxıda yaşayış evlərinin inşasında başlıca tikinti materialı çay daşı, hörgü materialı kimi əhəngdən istifadə edilib. Şəhər haqqında məlumatlara müxtəlif dövrlərdə Azərbaycana səyahət etmiş və Şamaxıda olmuş məşhur səyyahların qeydlərində rast gəlinir.

Şamaxı qalasının təsviri (1646 – 48 – ci illər) “Şamaxı qədim, abad şəhərdir. Yaxın za-manlarda Şirvanın bu paytaxt şəhərinin açarlarını osmanlılara verib onlara tabe olmuşdular. Sonralar Şah Təhmasib 7 ay qalanı mühasirədə saxlayaraq onu aldı. Şah qala içindəkilərinə aman verəcəyinə boyun olsa da, hamını qı-lıncdan keçirdi və qalanın idarəsini öz qardaşı Alxas Mirzəyə verdi. Alxas Mirzə 3 il hakimiyyət sürdü, ancaq qardaşının (şahın) davranışından şübhələndiyindən və öz həyatı üçün qorxduğundan 1547 – ci ildə gecə ilə öz yaxın adamlarını və qulluqçularını götürüb Şirvandan çıxaraq Osmanlı ölkəsinə yollandı. 40 gün dolaşdıqdan sonra İstanbula gəlib çıxmış və orada çox mərhəmətlə qarşı-lanmışdı. Alxas Mirzənin gəlib çıxması tarixdə belə yazılıb: “Alxas Mirzə Süley-man zamanında tabe oldu. Hicri 954 – cü il.” Eyni il Azərbaycana hücum edən Osmanlılar yenidən Şamaxı qalasını 7 gün mühasirədə saxladıqdan sonra Təhmasibin oğlunun əlindən almışdılar. Şirvanda sıx – sıx çəkişmələr baş verirdi. Sonradan qala farsların əlinə keçdi. Indi Şamaxı xanlıqdır. Qala yüksək bir dağ üzərində ucalır. Möhkəm və abaddır. Qa-lada qoşun dəstəsi qalır. Şəhərdə damı gil ilə örtülmüş təxminən 7 min əsaslı ev var. Hər evin qarşısında su axır, bağ-ların və üzümlüklərin sayı – hesabı yox-dur. Şəhərin 26 məhəlləsi var. Çox sayda məscid, 7 mədrəsə, Şaha aid imarət, 40-a qədər məktəb və 7 gözəl hamam var. 44 daş karvansaray işləyir. Karvansarayda yaşayan hər kəs ancaq qapını örtərək və onu qıfılla bağlamadan bazarlarda arxa-yınlıqla alış – veriş işinə gedə bilər. O öz mallarını karvansarayda gözətçisiz qo-yub gedir. Ancaq hər şeydə qoruqçular göz olurlar. Görün Şirvan ölkəsində nə qədər əmin – amanlıq və sakitlikdir. Ürək açan söhbətlər yeri olan qəhvəxanalar tər – təmiz yığışdırılır. Şirvanın bərəkətli torpağında hər cür nemət yetişir. İqlimi mülayim, yumşaqdır. Buranın gözəlləri bütün dünyada şöhrət tapıb.” Övliya Çələbi (1611 – 1682) “Səyahətnamə”

Şamaxı tarixi

Arxeoloji qazıntılar zamanı əldə edilən materiallar burada həyatın 2500 – 3000 il əvvəl mövcud oluğunu göstərir. Antik yunan müəlliflərindən Ptolomey “Coğrafi təlimnamə” əsərinin 5 –ci kitabının XI fəslində Qafqaz Albaniyasının 29 şəhər və kəndinin adını çəkir. A.A.Bakıxanovun fikrincə Ptolomeyin xatırlatdığı “Samaxeya” (Kamaxeya) indiki Şamaxı şəhəridir. Tunc dövründən, e.ə. IV – III əsrlərdən başlayaraq insanların intensiv yaşadığı ərazilərdən biri olub. Xınıslı kəndində e.ə. aid pul sikkələri tapılıb. Fars tarixçiləri Şamaxının salınmasını Sasani hökmdarı Ənuşirəvan (531 – 579) ilə bağlayırlar. XIV əsrin tarix və coğrafiya alimi Həmdullah Qəzvini də Şirvan haqqında danışarkən onun əsas şəhəri olan Şamaxının Ənuşirəvan Adil tərəfindən tikildiyini göstərir. Ərəb tarixçiləri şəhərin salınmasını VIII əsrdə Şirvan hakimi olmuş Şəmax ibn Şücanın və ya ərəb şairi Əşşamaxiyyənin adı ilə bağlayırlar. Uzun illər ərəb xilafətinin tabeçiliyində olub. Bu xilafət zəiflədikdən sonra yaranan Şirvanşahlar feodal dövlətinin paytaxtı oldu. Orta əsrlərdə bir müddət Yəzidiyyə də adlanıb. 1222 – ci ildə şamaxı monqol işğalına məruz qalır. O zaman şəhər möhkəm müdafiə divarları olub. Şamaxı qala divarları 9 əsr ərzində dəfələrlə dağıdılmasına baxmayaraq VIII – XIX əsrlərdə dəfələrlə bərpa edilib və bu müddət ərzində şəhər hər zaman güclü müdafiə xəttinə malik olub. 1382 – 1417 – ci illərdə, I Şah İbrahimin dövründə şəhər mədəni, siyasi, iqtisadi cəhətdən qüvvətləndi. XVIII əsrdə Azərbaycan ərazisində yaranan xanlıqlardan biri Şamaxı xanlığı idi. Rusiyaya birləşdikdən sonra qəza və quberniya mərkəzinə çevrildi.

Toponim

Şəhərin adı dəfələrlə dəyişərək Əşşamax, Şaxmax, Şamux formasında da işlənib. Toponim şah (böyük) və max (şəhər) sözlərindən əmələ gəlib. Qədim albanlar özlərindən fərqli əhalinin yaşadığı dəbdəbəli gözəl yaşayış yerinə “şahlar yeri” mənasına gələn Şamux deyiblər. Başqa bir fərziyyəyə görə, şam sözü Dəməşq şəhərinin ərəbcə adı, axı (əxi) isə oxşar, bənzər deməkdir. Buraya gəlmiş suriyalılar şəhərin gözəlliyini və əzəmətini görəndən sonra onu Dəməşqlə müqayisə ediblər.

Şamaxının tarixi abidələri

Memarlıq ənənələri ilə məşhur olan Şamaxı zonası aramsız zəlzələlərdən sonra, XIX əsrdə çətin dövr yaşamağa başlayır. Qədim və orta əsr abidələrindən demək olar heç nə sağ qalmasa da ərazidə ölkə və yerli əhəmiyyətli bəzi tarixi abidələr indiyədək durur.

Qoşa bulaq (XIX əsr)

Rayon mərkəzində yerləşən, yay aylarında hər kəsin susuzluğunu yatırdığı, buz kimi və bir az da duzlu suyu olan bulaq Şamaxının tarixi abidələri siyahısındadır. 1912 – ci ildə restavrasiya edildikdən sonra indiki hala gətirilib.

Cümə məscidi (VIII əsr)

Qədim şəhərin mərkəzində, indiki rayon girişində yerləşən məscid qeyri – standart quruluşa malikdir. Orta əsr Avropa universitetlərinə bənzəyən məscidin 4 minarəsi var. 3 yarusdan ibarətdir. Vaxtilə şəhərdə 36 məscid olsa da, tez – tez baş verən zəlzələlər nəticəsində hamısı dağılıb. Sağ qalan tək məsciddir. Yaxın Şərqin mühüm dini mərkəzlərindən biri kimi fəaliyyət göstərən Şamaxının ən möhtəşəm bu tarixi – dini abidəsi, Cənubi Qafqazın görkəmli abidələri siyahısındadır. Zaqafqaziyanın ilk məscididir.

Alman astronomu, filosof və coğrafiyaşünası Adam Oleari yazırdı:

”Şamaxıda 1637-ci il fevralın 5-də mən bizim bir neçə adamla birlikdə… quruluşca çox yaxşı tikilmiş… bir binanın həyətindən keçirdik. Bu binada çoxlu kişi otaqları var idi. Burada əllərində kitab tutmuş bir çox gəzişən və ya oturmuş yaşlı və ya azyaşlı adamları gördükdə buranın nə olduğunu soruşduq; öyrəndik ki, bu, mədrəsədir, yəni gimnaziya və ya akademiyadır.”

Ərəblər işğal etdikləri ölkələrdə İslamı yaymaq üçün ilk iş olaraq məscid inşa edirdilər. VII əsrdə Azərbaycana gələn ərəblər Qafqazdakı ilk məscidi 733 – cü ildə Dərbənddə, ikincisini isə 743 – cü ildə Şamaxıda tikdilər. Ərəblər ilk dəfə şəhərdə çox da böyük olmayan məscid inşa etmişdilər. 1902 – ci ildəki zəlzələdən sonra yaradılmış xüsusi komissiya burada qazıntı – araşdırma işi apararkən məsciddən qabaq bu yerdə Atəşgah və İslama qədər dini mərasimlərə aid elementlər aşkarlandı. Bütün bunlar məscidin atəşgah üzərində inşa olunduğunu təsdiq edir. Dövrümüzə gəlib çıxan Cümə məscidi 1902 – ci ildə memar Zivərbəy Əhmədbəyovun layihəsi ilə qədim məscid özülü üzərində tikilib. Cümə məscidi tarixin ən böyük yarasını 1918 – ci il martın 18 – də aldı. Həmin gün erməni daşnaklar şəhərin ən hündür təpəsində yerləşən Lalayanlar məhəlləsindən məscidi top atəşinə tutdular. Mərmilərin izləri hal – hazırda da qalmaqdadır.

İmamzadə

Şəhərin mərkəzində, Cümə məscidinin yaxınlığında, İmamlı küçəsindəki İmamzadə məscid – kompleksi Şamaxının ən qədim abidələrindəndir. Burada IV imam Zeynalabdin övladlarından biri Əlləma Seyid Məhəmməd Saleh Əl Müdərris dəfn edilib. Əsası 1370 – ci ildə qoyulub. 1910 – 1917 – ci illərdə şamaxılı məşhur memar Zivərbəy Əhmədbəyovun layihəsi əsasında yenidən tikilib. 1918 – ci ilin mart qırğınında erməni daşnaklar İmamzadənin içərisinə 200-ə yaxın insanı dolduraraq diri – diri yandırıblar.

Soyqırım 1918 – ci ildə bolşevik dəstəyi alan erməni daşnakları Bakı, Quba, Lənkərandan sonra Şamaxını da talan edərək əhalisinə vəhşi di-van tutdu. Müsəlmanlar yaşayan məhəllələrin hamısına od vurub, 13 məhəllə məscidini yandırdılar. Şama-xı qəzasının 53 kəndində 8077 türkü qətlə yetirdilər. Nuru Paşanın başçılığı altında Azərbaycana daxil olan Türk – İslam ordusunun sayəsində erməni terroru durduruldu. Mart qırğını nəticəsində 50 000 – dən çox insan öldürüldü. Azərbaycan müstəqillik qazandıqdan sonra, 1997 – ci ildə 31 mart tarixi Soyqırım günü elan edildi.

Yeddi günbəz türbələr kompleksi (XVII əsr)

Mərkəzdən 3 km aralıdadır. XVII – XVIII əsrlərdə Şamaxı xanı Mustafanın ailə üzvləri üçün salınan məzarlıqdır. Burada xan nəslinə aid olan 7 qədim türbə var. Səkkizguşəli formada tikilmiş türbələrdən sadəcə bir dənəsinin üzərindəki yazılı daş kitabə salamat qalıb. Kompleksin olduğu nöqtədən Şamaxıya gözəl mənzərə açılır.

Kələxana türbələri (XIV – XVII əsrlər)

Kələxana kəndi XVII əsr türbələr kompleksi ilə məşhurdur. Hündürlüyü və formaları eynidir. Hamısı səkkiz guşəlidir. Əvvəl 9 olan türbələrdən bir dənəsi tamamilə dağılıb. Birincisi 1663 – cü ildə tikilib. Ərazi vaxtilə Şirvanşah hökmdarlarının ailə məzarlığı olub. Üzərində ərəbcə yazılar olan sənduqələr XIV əsrə aiddir. Buna istinad edərək kənddə həyatın hələ o zamanda mövcud olduğunu söyləyirlər. Kələxana ərazisi çölü xatırladır. Yaşıllıq çox azdır. Yayda quraqlıq olur. Gün istisinin qovurduğu Kələxana susuzluqdan əziyyət çəkir. Dəhşətli dərəcədə su sıxıntısı yaşamalarına rəğmən ərazini tərk etmir, çox qəribədir ki, kəndə su da çəkmir, beləcə yaşamağa davam edirlər.

Pir Mərdəkan türbəsi (XII–XIII əsrlər)

Şamaxıdan 6 km cənub – şərqdə, Göylər kəndi ərazisində yerləşir. Kəndin ən məşhur abidəsi qədim qəbirstanlıqdakı Pirmərdəkan türbəsi hesab edilir. Şirvanşah I İbrahimin qəbrinin burda olmasını əsas gətirərək türbənin tarixini XII əsrə aid edirlər. Türbə Şeyx İmam Mərdəkaninin məzarı üzərində salınıb. İki hissədən ibarət mavzoleyin hündürlüyü 9 metrdir. İçəridəki məzarı müxtəlif yerlərdən insanlar ziyarətə gəlir, nəzir – niyaz verir, müxtəlif niyyətlərlə burada dua edirlər. Abidənin adının Bakının Mərdəkan kəndi ilə heç bir əlaqəsi yoxdur. Kənddəki tək məscid XIX əsrdə inşa edilib.

Göylər kəndi

Şamaxının ən böyük və qədim kəndlərindəndir. Yerli camaat kəndin ilk sakininin gözlərinin göy rəngdə olduğuna görə belə adlandığını söyləyir. Guya göygöz bir kişi və onun yeddi oğlunun məskən saldığı kənddir. Başqa bir ehtimala görə, bu kənddə 7 göl olub. O göllərin şərəfinə buraya Göllər deyiblər. Vaxt keçdikcə Göylər şəklinə düşüb. Deyilənlərə görə keçmiş zamanlarda kənddə tatarlar məskunlaşıblar. Şamaxı xanlarından biri tatar qızı ilə evlənir. O vaxtdan xanın qohumu olanlara buralarda dəyib dolaşan olmur. Kəndin adı da Göylər qalır. Şamaxı dialektində kürəkən, damada göy deyirlər. Göylər, yəni xanın kürəkənləri, qohumları yaşayan kənd. Toponimlə bağlı başqa bir ehtimal isə budur ki, bura ən qədim türk tayfalarından olan göy türklərin vətəni olub.

Gülüstan qalası (IX – XI əsrlər)

Şirvanşahların iqamətgahı və strateji əhəmiyyətli hərbi müdafiə məntəqəsi olub. Şəhərdən 3 km şimal – qərb tərəfdə, 200 metr sıldırım dağ zirvəsində tikilib. Qalaya ən əlverişli yol cənub tərəfdəndir. Buna Şamaxı Qız qalası da deyirlər. Nə zaman tikilməsi barədə dəqiq məlumat yoxdur. Buna Axsitan qalası da deyirlər. 1174 – 1202 – ci illər arasında baş vermiş zəlzələdən sonra Axsitan tərəfindən yenidən bərpa edildiyinə görə onun adı ilə şöhrətlənib. Qalaya maksimum bir saatda piyada çıxmaq mümkündür. Üstündən ətrafa mükəmməl mənzərə açılır. Ən gözəl Şamaxı panoramı buradan seyr edilir. Keçmiş zamanlarda bir təhlükə olanda qalanın ən yüksək zirvəsində tonqal qalanaraq ətrafa xəbər verilərmiş. İndi də eyni yerdə yalnız ildə bir dəfə tonqal qalanır. Novruz bayramı günü Gülüstan qalasına çıxan gənclərin qaladığı tonqal el – aləmə yazın, baharın gəldiyini xəbər verir. IX – XI əsrlərdə Şamaxı şəhəri Gülüstan qalası ilə müdafiə olunub. XIV – XV əsrlərdə qədim Şamaxı qala divarları ilə yanaşı Gülüstan qalası da Şirvan hökmdarlarının əsas müdafiə məntəqəsi olub. Gülüstan qalası Şah İsmayılın fəth edə bilmədiyi qala kimi tarixə düşüb. Şirvanı ələ keçirən Səfəvilər dəfələrlə Şamaxıya hücum etsələr də Gülüstan qalasını ram edə bilməyiblər. Uğursuzluqla nəticələnən növbəti hücumdan sonra əsgərlərinin ümidsiz vəziyyətini görən gənc hökmdar qəzəblənib və deyib:

– Sizə Şirvan lazımdır yoxsa qala? Şamaxını ələ keçirək, ətrafdan dəstəyini itirən qala bir müddət sonra özü təslim olacaq.
XVII – XVIII əsrlərdə odlu silahların, xüsusilə topun meydana gəlməsi ilə əlaqədar Gülüstan və buna oxşar qalalar öz əhəmiyyətini itirməyə başlayır. Bu dövrdə Gülüstan qalası Şamaxı hakimlərini istidən qorumaq üçün müvəqqəti yaşayış yerinə çevrilir.

Gülüstan yoxsa Qız Qalası?

Xalq arasında Qız qalası adı ilə məşhurdur. Gülüstan adlandırılmasını bəziləri onun ətrafının təbii şəraiti ilə əlaqələndirirlər. Doğrudan da, Gülüstanın yerləşdiyi dağın ətəkləri, xüsusilə onun cənub, şərq, şimal ətəkləri bahar və payız fəsillərində müxtəlif gül və bitkilərlə dolu olur.

Əfsanəvi Gülüstan qalasından bu günə yalnız bəzi bürclər qalıb. Xarabalığı xatırladan ərazisi təbii olaraq ilan yuvasıdır. Ona görə də yayın qızmar vaxtına yuxarıya çıxmaq məsləhətli deyil.

Turizm

Sovet dönəmindən bəri ölkənin ən aktiv turizm mərkəzlərindəndir. Turizm informasiya bürosu şəhərin mərkəzində, Cümə məscidinin yanındadır. Şamaxının gəzilib – görüləcək və qaçırılmayacaq yerləri ilə bağlı bütün məlumatları buradan əldə etmək olar. Rayon ərazisində şəlalə və təbii göl yoxdur. Süni göllərin sayı 10 – a yaxındır. Səyahətlərə Şamaxının təbii abidələri də daxildir.

Palçıq vulkan

Bir neçə yerdə, daha dəqiq desək, 3 məntəqədə aşkar edilib. Ən böyüyü Dəmirçi kəndi yolunun üstündə, Şamaxıdan təxminən 30 – 31 km, Pirquludan 7 km məsafədə yerləşən Dəmirçi palçıq vulkanıdır.

Dədəgünəş

Şamaxı – Dədəgünəş yolunun sonunda məşhur Dədəgünəş piri təbiət abidəsi kimi qeydiyyatdan keçib.

Məlhəm kəndi

Kənd XII əsrdə yaşamış məşhur şair Əfzələddin Xaqaninin vətənidir. Bundan başqa Məlhəm yaxınlığında yerləşən mağara vaxtilə özünün şəfaverici xassələri ilə məşhur idi. Astma və başqa ağır xəstəliklərdən əziyyət çəkən adamlar bir neçə həftə bu mağarada yaşadıqdan sonra xəstəlikdən xilas olurdular.

Pirqulu Dövlət Təbiət Qoruğu

1968 – ci ildə, 1521 ha sahədə, Böyük Qafqaz sıra dağlarının şərq qurtaracağında təşkil edilib. Şamaxı ərazisində bitən 520 növ çiçəkli bitkini, 50 növdən artıq dərman bitkisini, bölgədəki digər zəngin flora və faunanı qorumaq məqsədilə təşkil edilən qoruq ərazisinə Cəngi, Pirqulu, Bədo meşələri daxildir. Qoruq eyni zamanda Şahdağ Milli Parkı sahəsinə
aiddir. Burada bir neçə istiqamətdə daxili turist marşrutu müəyyənləşdirilib.

Sis – Keşməddin – Qəleybuğurt – Qala dərəsi kəndləri

Daxili marşrutlardan birini təşkil edir. Hamısı Pirqulu istiqamətində, səfalı, sakit dağ kəndləridir. Bu istiqamətdə ən sonuncu kənd Qala dərəsidir. Turizm bazası olaraq hər hansı bir infrastruktur yoxdur. Vaxtilə Qala dərəsi bəy, xan kəndi olub. Daha doğrusu yerli aristokratlarının isti yay aylarında üz tutduğu yaylaq yerləri olub. Sis kəndi son illərdə sürətlə populyarlaşan məkanların siyahısındadır. Təmiz, quru havası, mənzərəsi və bol meyvə bağları ilə son dərəcə cazibəli yerdir. Kəndin üstündən duman əskik olmadığından adını Sis qoyublar.

Qəleybuğurt kəndi

Çuxuryurddan 9 km aralıda, yüksək dağ kəndidir. 1300 metr yüksəklikdə yerləşən bu kənddə cəmi 210 ev yaşayır. Bədo təbii istirahət zonası buradadır. Ən məşhur abidəsi kəndin yaxınlığındakı dağın zirvəsində yerləşən Qaleyi – Buğurtdur. Sal qayaya bitişik əfsanəvi müdafiə istehkamının xarabalıqları bu günə qədər qalır.

Qaleyi – Buğurt (XI – XIII əsrlər)

Mərkəzdən 20 km şimal – şərqdə, dəniz səviyyəsindən 1600 metr yüksəklikdədir. Buğurt qalası, Bərkut qalası kimi də məşhurdur. Burada XI – XIII əsrlərdə yaşayış olub. XIII əsrdə tikildiyi ehtimal edilən qalanın adına XV əsrə aid mənbələrdə sıx-sıx rast gəlmək olur. 1509, 1518 – ci illərdə Səfəvi hökmdarı I Şah İsmayıl Şirvana hücum edəndə Şirvanşah Şeyxşah Buğurt qalasına çəkilərək buradan bir neçə ay müdafiə olunub. Həmin dövrdə Şirvanşahların xəzinəsi də Buğurt qalasında saxlanırdı. Səfəvi – Osmanlı müharibələri zamanı Osmanlılar bu qalanı ələ keçirib öz dayaq mərkəzinə çeviriblər. Qaladan XVII əsrin sonlarına kimi istifadə edilib. Mükəmməl su təchizatına sahib olan qalanın içərisində Şahin sarayı var. Buraya gizli yolla gətirilən suyu saxlamaq üçün tikilmiş hovuzlar, su qülləsi və su kəmərinin qalıqları indiyədək durur. Qalaya eyni adlı kənddən çıxmaq çox çətin olduğundan, bunun üçün ən yaxşısı bu istiqamətdəki ən son kənd olan Qala dərəsinə getmək məsləhətdir. Oradan piyada 40 – 50 dəqiqədə qalaya çıxmaq mümkündür. Qala ilə qarşı tərəfdəki yüksək dağda Şahbulaq və Topxana deyilən sıx meşəlik, gözəl mənzərəli yerlər var. Şahbulaq hökmdarların dincəldiyi, Topxana isə Şirvanşahların toplarının yerləşdiyi strateji məntəqə olub.

Zarat Xeybər – Səfalı – Dəmirçi – Avaxıl kəndləri

Şamaxı daxili turist marşrutlarından digəri bu istiqamətdə həyata keçirilir. Son dayanacaq Zarat Xeybər kəndidir.

Zarat Xeybər

Ən ucqar dağ kəndlərindəndir. 1850 metr yüksəklikdə salınıb. Yerlər və evlər, çəpərlər çay daşından inşa edildiyindən bir az Xınalığa bənzəyir. Kənd şəxsi təsərrüfat hesabına yaşayır. Cəmi 40 ev, 1 ibtidai məktəbi olan kənddə xəstəxana yoxdur. Elə ki, havalar soyuyur, yağan qar yolları bağlayır. Bir də Novruz bayramından sonra yollar açılır. Buna görə də sərt keçən qış üçün güclü qida ehtiyatı tədarük edilir.

Zarat kəndi

Rəsmi adı Səfalı kəndidir. Cəmi 21 ev var. Dəniz səviyyəsindən 1500 metr hündürlükdədir. Azərbaycanfilm kinostudiyasının ən çox pavilyon qurduğu kəndlərdəndir. “Atları yəhərləyin”, “Ovsunçu” və sair filmlərdən bir çox səhnələr Səfalıda çəkilib. Kəndin demək
olar bütün camaatı kino çəkilişlərində iştirak edib. Tək tarixi abidəsi XIX əsrə aid tarixi məsciddir.

Avaxıl kəndi

Bu istiqamətdə mənzərəli, gözəl havası, çoxlu bulağı və bol meyvə bağları olan birinci dayanacaqdır. Mərkəzdən 29 km məsafədədir. 1386 metr yüksəklikdə yerləşən kənddəki cəmi 85 evdə 531 nəfər yaşayır. Ərazidə XIX əsr məscid binası, qədim kurqanlar var. Burada çiskinli, dumanlı günlər sayca çoxluq təşkil edir. Çiskinli havası bu yerə öz adını verib. Avaxıl havası dumanlı, sisli, tutqun yer deməkdir. Kəndin tək məscidi 1873 – cü ildə inşa edilib.

Dəmirçi kəndi

Dəniz səviyyəsindən 1500 – 1600 metr hündürlükdə, 68 evdə cəmi 515 nəfər insan yaşayan kəndin adı əvvəllər Çaylı olub. Kənd ərazisindən axan eyniadlı çay adı ilə tanınıb. Amma əhalisinin əsas məşğuliyyəti dəmirçilik olduğundan sonradan dəyişərək Dəmirçi qalıb. Ən məşhur tarixi – dini abidəsi 1892 – ci ilə aid qədim məsciddir. Kənd camaatı buraya Lahıcdan köç edib. Deyilənlərə görə, orta əsrlərdə Lahıcda bir ustaya sifariş verən hökmdar onun əl işindən elə məmnun qalıb ki, haqqını ödəmək üçün ustaya bu torpaqları hədiyyə edib. Həmin sənətkar öz ailə üzvləri ilə birlikdə düz 500 il əvvəl indiki Dəmirçi kəndi ərazisində məskunlaşıb. Ona görə də kənd camaatı hamısı bir – birinə qohum hesab edilir. Eynən Lahıcda olduğu kimi buranın da camaatının məşğuliyyəti sənətkarlıqdır. Dəmirçilərdən başqa burada sərracların – at aksessuarları hazırlayan ustaların əl işləri populyardır. Ətraf kəndlərdə yaşayanlar bu materialları satın almaq üçün bu kəndə üz tuturlar. Dəmirçidə dolaşarkən gün altına düzülmüş təndirlər diqqəti çəkir.

Təndir

Daha çox satış üçün düzəldirlər. Bunun üçün dağdan xüsusi torpaq daşıyır, onu ələyir, isladır, bir neçə gün suda saxlayır, sonra qurudurlar. Qurumuş xüsusi torpağı keçi tükü, dəmir tozu, çınqıllarla qarışdırıb yoğurur və təndir şəklini verirlər. 40 gün gün altında qalan təndir tam quruduqdan sonra satış üçün başqa yerlərə göndərilir. Ən qəribəsi budur ki, təndirlə bağlı bütün ağır işi əvvəldən axıra kimi xanımlar görür. Buranın xanımları mətbəx işində də mahir ustadırlar. Öz düzəltdikləri təndirlərdə çox ləzzətli, üstü zəfəranlı çörək, şəkərbura, paxlava bişirirlər. Şamaxının ən məşhur şirniyyatı Şamaxı mütəkkəsidir. Tas kabab, musamma və Şirvan üsulu şüyüd plov burada mütləq dadılması gərəkən təamlardır.

Şüyüdlü plov

Yerlilər deyirlər ki, əsl şüyüdlü plov bizimdir. Qarabağ, Gəncə, Talış zonasından sonra Şirvan üsulu şüyüdlü plov Dəmirçi kəndinin şah yeməyi hesab edilir. Hazırlanışında əvvəldən axıra qədər mis qablardan istifadə edilir. Ümumiyyətlə, Dəmirçi kənd məişətində qədim mis avadanlıqların son dərəcə çox olması yerli yeməklərin ləzzətindəki fərqi ortaya çıxarır.

İçindəkilər

  • Quzu əti
    Quzu quyruğu
    Paxla
    Düyü
    Şüyüd qurusu

Hazırlanışı

Əvvəlcədən suda isladılmiş paxla bir buğum qaynadılır. Yenə ən az 2 saat əvvəldən duzlu suda islağa qoyulmuş uzun düyü də bir buğum qaynadılır, paxla ilə qarışdırılır və ikisi birlikdə süzülür. Aşsüzəndə ikən bu qarışıma bol miqdarda şüyüd qurusu sərpişdirilir. İri mis qazanın dibi quzu quyruğu ilə döşənir. Üstünə iri sümüklü tikələri düzür və şüyüdlü paxla – düyü qarışığını qazana doldururlar. Ağzını bağlayıb ocağın üstündə dəmə qoyurlar. Təxminən iki saat, yəni ətlər tam bişənədək dəmdə qalır. Daha sonra hazır plovun tamamını, əvvəlcə düyünü, ardınca bişdikcə qıpqırmızı olmuş ətləri iri bir ləyənə boşaldırlar. Şirvan üsulu şüyüdlü plovu qatıqla yeyirlər. Çox kalorili, mükəmməl ləzzəti var.

Mətbəxlə bağlı

Qafqaza səyahətindən sonra yazdığı bir neçə əsərdə gördüklərindən geniş bəhs edən fransız yazıçı Aleksandr Düma kabab, cızbız, plov və digər milli Azərbaycan xörəklərindən, Şamaxıda şahinlə qırqovul ovundan, tarixi şəxslərlə görüşlərindən ürək dolusu danışır. O, Azərbaycanın təbiəti, Xəzər, Kür, Samur, Qudyalçay və Şahdağ barədə xoş təəssüratlarını bölüşür. Yazıçı azərbaycanlıların həssas, səmimi, qayğıkeş, ağıllı, qonaqpərvər, mehriban, sözübütöv, dəyanətli, mərd, qədd-qamətli, gözəl olduqlarını xüsusi qeyd edir.

Bu gün onun Qafqaz səyahəti ilə bağlı “Aleksandr Düma Qafqazda” marşrutu təşkil edilir. Marşrut Dağıstanın Qızlar şəhərindən başlanıb, Quba-Bakı, Bakı-Şamaxı-Şəki istiqamətlərini əhatə edir və Gürcüstanın Poti şəhərində başa çatır.

Çuxuryurd – Nağaraxana – Pirqulu qəsəbəsi

Şamaxı üzrə gerçəkləşdirilən ən populyar daxili səyahət marşrutudur desək yanılmarıq. Bu istiqamətdə yerləşən dayanacaqları tanıyaq.

Çuxuryurd kəndi

Mərkəzdən 10 – 12 km aralıda, Pirsaat çayının sağ sahilində, dəniz səviyyəsindən 850 – 1200 metr yüksəklikdə yerləşir. Şamaxının ən gözəl kəndlərindən biridir. Ətrafı çəmənlik və meşəlikdir. Kənd kartofu, kələmi, ləzzətli meyvələrlə zəngin, günəbaxan yağı ilə məşhurdur. Qəsəbə ətrafı yüksəkliklərdə kükürdlü su bulaqları var. Çuxuryurdda minerallarla zəngin, müalicəvi əhəmiyyətli bulaq suyu çıxır. XIX əsrdə çarizm siyasətinin bir parçası olaraq Azərbaycana yerləşdirilən malakanların məskən saldığı kəndlərdən biridir. Onların əksəriyyəti son illərdə sürətlə Rusiyaya köç edib. Malakanlar burda yaşadıqları zaman kəndin gecə əyləncə həyatı buranı turizm üçün daha da əyləncəli hala gətirib. Kənddəki süni gölün ətrafında restoranlar fəaliyyət göstərir. Kurort kənd hesab edilən Çuxuryurd iqlimi ilə diqqət mərkəzindədir. Sərin, küləksiz, quru havası var. Nəm yoxdur. Kurort kimi əzələ ağrıları, ürək – damar xəstəliklərinin müalicəsində, maddələr mübadiləsinin tənzimlənməsində xeyirlidir. Turizm cənnəti Çuxuryurd son illərdə paytaxt zənginləri və hətta Azərbaycandakı xaricilərin diqqət mərkəzindədir. Kənardan gələnlərin əmlak alışına tələb artdığından qiymətlər əl yandırır.

Nağaraxana kəndi

Pirqulu yolunun üstündə, mərkəzdən 17, Çuxuryurddan 4 km məsafədədir. 506 evdə 8000 nəfərin yaşadığı kənd dəniz səviyyəsindən 1445 metr yüskəklikdə yerləşir. Tunc dövrünə aid yaşayış məskəni qədim kurqanlar mövcuddur. Qərblə Şərq arasında hərəkət edən karvanlardakı tacirlər buraya yaxşı bələd olublar. Kəndin adı da həmin tacirlərlə bağlı bir hadisədən sonra meydana çıxıb.

Rəvayət

Hindistanlı Multan soyadlı iki qardaş tacirlərdən biri yolda xəstələnir və Şamaxıda ölür. Digər qardaş onu bütpərəst qaydasına görə yandırmalı və külünü özü ilə Hindistana aparmalı olur. O vaxtkı adətə görə ölən qardaşının yanında o biri dünyada ona yoldaşlıq etməsi üçün bir qadın da yandırmaq gərəkirdi. Amma müsəlman şəhərində bu adətləri tətbiq etmək çox çətin idi. Çox zəngin olan hindli tacir nəhayət ki, pul qarşılığında bunu etməyə razı olan bir xaçpərəst qadın tapır. Cənazəni yandırmaq üçün indiki Nağaraxana kəndi ərazisi seçilir. Adət – ənənəyə uyğun olaraq 50 nağaraçı dəvət edilir. Mərasim başlayır. Tonqal yandırılarkən nağaraçılar var gücləri ilə vurmağa başlayırlar. Bu mənzərədən qorxmağa başlayan qadın qərarından son anda imtina etsədə, Multan ona icazə vermir və ölmüş qardaşı ilə birlikdə onu da diri – diri yandırır. Deyilənlərə görə, qadının çığırtısı bütün ətrafa yayılır. O vaxtdan bu yerin adı Nağaraxana qalır. Zalım Multanın bu davranışına görə həmin vaxtdan sonra zülmkar, zalım sözünün yerinə şamaxılılar “multan” kəliməsindən istifadə etməyə başlayırlar.

Pirqulu qəsəbəsi

Mərkəzdən 12 km şimal – şərqdə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Pirqulu qış turizmi üçün ideal potensiala malikdir. Xizəkçilik üçün keyfiyyətli sayılan qar oktyabr ayının sonlarından yağmağa başlayır və aprelə qədər qalır. Bu da turizm və idmanın qış növləri üçün əlverişlidir. Mükəmməl təmiz və quru havası var. Sovet vaxtı ərazidə turizm bazaları tikilib. Son illərdə turizm xidmət obyektlərinin, otellərin sayı sürətlə artır. Otellər bahalı gəlirsə, çadır qurub qoruq ərazisində dincəlmək mümkündür. İlanlardan qorxanlar üçün bu metod tövsiyyə edilmir, çünki Şamaxı, o cümlədən Pirqulu ərazisi ilanları ilə də məşhurdur.

Astrofizika rəsədxanası

Mərkəzdən 22 km aralı, Pirqulu dağının şimal yamacında, dəniz səviyyəsindən 1435 metr yüksəklikdə salınıb. Nəsrəddin Tusinin adını daşıyan bu elmi mərkəz 1962 – ci ildən fəaliyyət göstərir. Rəsədxana qurularkən aydın gecələrin sayca çox olması əsas şərtlərdən biridir. Akademik Yusif Məmmədəliyevin başçılığı ilə aparılan 4 illik araşdırmadan sonra astrofizika rəsədxanası üçün ən ideal hava şəraitinin Pirquluda olduğu ortaya çıxıb. SSRİ məkanında ən böyük teleskop buradadır. Güzgüsünün diametri 2 metrə bərabərdir. Avadanlıqlar Almaniyadan gətirilib. Bütün ulduzlar, planetlər və günəş ərazidəki gecə – gündüz çalışan 6 rəsədxanada müşahidə edilir.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2337581676381890]