Sədərək

Sədərək

Azərbaycanın Türkiyə ilə sərhəddində yerləşən tək yaşayış məntəqəsidir. Blokada illərində Naxçıvanın tək “həyat yolu” Sədərəkdən keçirdi. NMR-nın qala qapısı sayılır. Buradan Ağrıdağ açıq görünür. Sədərək ərazisində Araz çayı üzərində salınan körpü Azərbaycanı Türkiyə ilə birləşdirir. Buna “ümid körpüsü” də deyirlər. 1992 – ci il may ayının 26-da təntənəli şəkildə açılan bu tarixi körpü 90 – cı illərin əvvəllərində NMR-nın məruz qaldığı nəqliyyat blokadasının aradan qaldırılmasında çox faydalı oldu. O vaxtdan fəaliyyətə başlayan Naxçıvan – İstanbul avtobus marşrutu Ümid körpüsündən keçir.

Arayış

Kənd 4 tayfadan: Qurbanlı, Bəyzadə, Aslı, Haxvesti tayfalarından ibarətdir. 1990-cı ildə təşkil edilən rayonun cəmi 151 kvadrat km ərazisi və 3 kəndi var. Sədərək İrəvandan cəmi 60 km-lik məsafədə yerləşir. NMR-nin şimal-qərb hissəsindəki Sədərək ərazisi Türkiyə ilə 11 km və Ermənistanla 24 km uzunluğunda sərhədlə ayrılır. İqlimi quru kontinentaldir. Burada yay çox isti, qış isə soyuq keçir.
XV əsr türk səyyahı Övliya Çələbi “Səyahətnamə” əsərində Sədərəki belə təsvir edir:

“ Biz … Sədərək kəndinə çatdıq. Naxçıvan torpağında yerləşən bu kənd gözəl və abaddır, 1000 gözəl evi, saysız – hesabsız bağ və üzümlükləri, xoş iqlimi var. Əhalisinin hamısı şiədir. Şəhərin arxasında, bağların yaxınlığındakı hündür təpənin ətəyində isti su çıxır.”
Həqiqətən də, 1980-ci ildə Sədərəkdə müalicəvi əhəmiyyətə malik, tərkibinə görə «İstisu» və «Jeleznovodsk» sularına yaxın sayılan mineral su mənbələri aşkar edilib.

Heydərabad qəsəbəsi

Rayonun inzibati mərkəzi olan bu qəsəbə 1970 – ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə salınıb. Ermənistanla sərhəddə yerləşdiyindən müharibə zamanı dəfələrlə silahlı təcavüzə məruz qalıb. 1990 – cı illərin sonunda yenidən bərpa edilib və H.Əliyevin 75 illiyində onun şərəfinə belə adlandırıb. Sədərək NMR-nın şimal – qərbində, Kiçik Qafqazın cənub ətəklərində, əsasən dağlıq ərazidə, Dəhnə və Vəlidağ yüksəkliklərində yerləşir. Rayon ərazisindən Qaraçay, Çapan və Araz çayları axır.

Araz çayı

Kürün ən böyük qoludur. Suyunun çoxluğuna görə Cənubi Qafqazda ikinci ən böyük çaydır. Uzunluğu 1072 metrdir. 600 km məsafədə Ermənistan, İran və Türkiyə dövlətləri ilə Azərbaycanın dövlət sərhəddini təşkil edir. Bir çox antik və orta əsr müəlliflərinin əsərində Araz haqqında məlumat verilib. Çay vadisində aşkar edilmiş arxeoloji abidələr burada qədim yaşayış məskənləri olduğundan xəbər verir. 11 və 15 aşırımlı Xudafərin körpüləri kimi möhtəşəm nadir tikintilər Naxçıvan Memarlıq məktəbinin Araz çayı boyunca yerləşən abidələrindəndir.

Araz toponimi

Adın yaranma tarixini e.ə. III – I əsrlərə aid edirlər. Bəzi tədqiqatçılara görə bu, qədim İran mənşəli dillərin birində çay və su deməkdir.

Hidromimin yunanca mənasını “qazıram” (sürətlə axaraq sahillərini dağıtdığı üçün), farsca “qaçan”, ərəbcə “qaçmaq” sözləri ilə də bağlayırlar.

Tarixi arayış Azərbaycan torpaqları İran ilə Rusiya arasında uzun sürən müharibədən sonra 1813 və 1828 –ci illərdə imzalanmış müqavilələrə görə iki yerə par-çalandı. 1828 – ci il Türkmənçay müqaviləsinə görə Araz çayı İran və Rusiya dövlətləri arasında sərhəd xətti rolunu oynadı. O za-mandan qapanan sərhədlər 161 il sonra yenidən açıldı. Bunun çox maraqlı tarixçəsi var.

Ən yeni tarix

1989 – cu il 31 dekabrda SSRİ tarixində inanılması çətin olan bir ilk baş verdi. “Dəmir barmaqlıq” adlandırılan sərhədlər ilk dəfə burada qırıldı və insanlar Arazı üzərək qarşı tərəfə keçdilər. 1990-cı ilin ilk günlərində Naxçıvan MSSR Ali Soveti SSRİ-nin tərkibindən çıxmaq haqqında gözlənilməz – şok bir qərar çıxardı. O həyacanlı günlərdə MR qanunverici orqanı Qars müqaviləsinə əsaslanaraq Türkiyə, İran və BMT daxil olmaqla dünyanın digər dövlətlərinə kömək üçün müraciət etdi. Bu hadisə sakit gün ortasında partlayan bomba təsiri kimiydi. Belə ki, SSRİ tarixində ilk dəfə olaraq ondan ayrılmaq istəyən 15 müttəfiq respublikadan biri deyil, bir muxtar respublika idi.

Sədərək döyüşləri

1990-cı ilin yanvarın 19 – dan 20 –nə keçən gecə erməni silahlı dəstələri Sədərəkin Kərki kəndinə hücum edərək oranı işğal etdilər. Sədərək daxil olmaqla bu silahlı hücumlara Ermənistanla sərhəddə yaşayan bütün kəndlər məruz qaldı. 1990 – 1994 – cü illərdə 14 dəfə ermənilərin ağır zirehli texnikası ilə hücumuna məruz qalan kənddə ağır döyüşlər getsə, bütün Muxtar respublika blokada vəziyyətinə düşsə və yüzlərlə insan şəhid olsa da yerli əhali buranı tərk etmədi. Dağların ətəyinə sığındılar. Gözlənilənin əksinə torpaqları tərk etmədilər. sonuna qədər vuruşdular. 1990 – 1993 – cü illərdəki müharibə tarixə Sədərək döyüşləri kimi düşdü. 12 – 14 km-lik döyüş zolağı olan Sədərəkin Kərki kəndi Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş yeganə kəndidir. Kənd ərazisindəki şəhidlikdə keçən əsrin əvvəllərində burada gedən döyüşlərdə şəhid düşmüş türk əsgərinin türbəsi var. Yerlilərin müharibə ilə bağlı anlatdıqları hekayələri dinləyərkən insanın damarlarında qanı donur. Bu günədək düşmən mövqeləri ilə iç – içə yaşayır, üz – üzə çalışırlar.

“Həyat yolu” körpüsü (Naxçıvan-Türkiyə sərhəddi)

Tarixi abidələri

İlk baxışda gözə çarpan bir şey yoxdur. Sədərək orta əsrlərdə bölgədə mühüm yaşayış məskənlərindən biri olub. İrəvan – Naxçıvan ticarət yolu Sədərək ərazisindən keçib. Dəniz səviyyəsindən 955 metr yüksəkdə yerləşən Sədərək qalasının qalıqları, orta əsrlərə aid 3 məscid, müdafiə qurğularının xarabaları, karvansara, Ağoğlan piri, XIX – XX əsrlərə aid hamam binası hələ də qalır. Sədərək arxeoloji abidələri 1958 – ci ildə qeydə alınıb. Rayonun ən məşhur abidəsi Ağoğlan piridir. Bu ziyarətgahın ətrafında VII – XI əsrlərə aid qədim yaşayış yeri var.

Ağoğlan piri

Yaşı bilinmir. Rəvayətə görə vaxtilə bu tənha düzənlikdə seyid ər – arvad yaşayırmış. Onlardan başqa kimsə yaşamazmış. Ətraf dağlarda yaşayan heyvanların məhsulları ilə bəslənərlərmiş. Öləndən sonra da eyni ərazidə dəfn ediliblər. Seyid Pərinin qəbri üzərində tikilən türbə belə adlanır. Ağoğlan isə onun oğlu olub. Əfsanəyə görə Ağoğlan bədniyyət dərvişi öldürərək yerli camaatın rahatlığını təmin edib. Müxtəlif xəstəliklərə şəfa tapmaq istəyən insanlar piri ziyarətə gəlir. Türbənin ətrafındakı bulağın suyu müqəddəs və şəfaedici hesab edilir.

Tarix

Azərbaycanın şimal bölgələrini Yaxın və Orta Şərq ölkələri ilə birləşdirən Böyük İpək Yolunun Bərdə – İrəvan – Naxçıvan – Culfa – Təbriz qolu Sədərək yaxınlığından keçib. XVII əsrin əvvəllərində fransız səyyah Jan Şarden Şah Abbasın sifarişi ilə hazırladığı çoxlu zərgərlik
məmulatlarını İrana apararkən Zaqafqaziyada keçdiyi yollar, olduğu məntəqələr haqqında məlumat verir. 1673 – cü ilin aprelində İrəvandan Naxçıvana səfəri zamanı belə yazır:

“Sədərək adlanan böyük bir yaşayış məntəqəsindən keçdim. Məlum oldu ki, Sədərək öz strateji əhəmiyyətinə görə Şərurun əsas şəhəri olub. Şəhərin rəisi də həmin Sədərək məntəqəsində yaşayıb.

I Pyotrun 1722 – ci ildə Qafqaza, o cümlədən Azərbaycan ərazisinə hücumu zamanı Naxçıvan Osmanlıların təsiri altına düşür. 1828 – ci ildə Türkmənçay müqaviləsi ilə Rusiyanın tabeçiliynə keçdikdən sonra İrəvan quberniyasına daxil edilir. Naxçıvan əhalisinin tərkibi haqqında A.Qriboyedov 1828 – ci il 23 sentyabr tarixində general Paskeviçə yazdığı məktubunda verib. Çar Rusiyası sərhədlərini genişləndirmək və burada öz mövqelərini möhkəmlətmək üçün, sosial dayaq yaratmaq məqsədilə 1828 – ci il 21 mart tarixində bu xanlıqları ləğv etdikdən dərhal sonra erməni ailələrin kütləvi şəkildə Naxçıvana köçürülməsinə başlandı. 1828-ci ilin martında çar I Nikolayın göstərişi ilə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “erməni vilayəti” adlanan inzibati əyalət yaradıldı. Qısa müddətdə buraya İran və Türkiyədən 130 minə yaxın erməni köçürüldü.

Naxçıvan MSSR tarixi

1918 – ci ildə Naxçıvan – Araz respublikası quruldu. Əhalinin və türk ordusunun böyük səyləri nəticəsində Naxçıvanın Ermənistana ilhaq edilməsinin qarşısı alındı. Zəngəzur ərazisini Naxçıvan sovetləşdikdən sonra Moskva Ermənistana verdi. Beləliklə də, 45 km enində zolaq Araza doğru uzanaraq Naxçıvanı Azərbaycanın qalan ərazisindən ayırdı ki, nəticədə Naxçıvana muxtariyyət verilməsi zəruriləşdi. Azərbaycanla Naxçıvan arasında qalan ərazi Ermənistan SSR-ə orada Sovet hakimiyyəti qurulduqdan sonra, 1921 – ci ilin noyabrında verilmişdi. Naxçıvanın tarixən Azərbaycan ərazisi olması nəzərə alınaraq ona məhz Azərbaycan SSR tərkibində muxtariyyət verilib. NMR 1924 – cü ildə yaradılıb. Bundan əvvəl Naxçıvanın Azərbaycan SSR tərkibində qalması üçün Qars müqaviləsi imzalanıb.

Qars müqaviləsi (1921)

Azərbaycan, Gürcüstan, Ermənistan SSR ilə TBMM höküməti arasında RSFSR-in iştirakı ilə Qarsda bağlanıb. Müqavilənin 5-ci maddəsi, 3-cü bəndinə görə, Naxçıvanın ərazi mənsubiyyəti məsələsini bir daha dəqiqləşdirdi. Dürüst və konkret olaraq:
“TC höküməti və Sovet Ermənistanı və Azərbaycan hökümətləri razıdırlar ki, indiki müqavilənin III əlavəsində göstərilən sərhədlərdə Naxçıvan vilayəti Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir.”

Sədərək toponimi

Sözün etimoloji mənası ilə bağlı müxtəlif ehtimallar var. Bəzi tədqiqatçılara görə Sədərək farsca üç dərə deməkdir. Doğrudan da Sədərəkdə 3 dərə var: Çanaqçıçay, Cəhənnəmdərə, Bağırsaq dərəsi (bağırsaq kimi uzun olduğu üçün belə ad veriblər). Bir qrup dilçiyə görə, “sed rəng” yəni yüz rəng sözlərinin birləşməsindən əmələ gəlib. Çox adam yaşayan yer mənasını bildirən “Sedrək”, ərəbcə düşərgə bildirən “sədər” sözlərini 14-cü əsrdə burada yaşamış səədli tayfasının adı ilə də bağlayırlar. Xalq etimologiyasına görə isə Sədərək – sel gərək mənasındadır. Bəzi tədqiqatçılar “Kitabi – Dədə Qorqud” dastanının adı çəkilən Səkrək adı ilə eyni kökdən olduğunu söyləyirlər.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2343748042431920]