Aybilet.az logo
Şəki

Şəki

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on pinterest
Pinterest
Share on whatsapp
WhatsApp

Şəkiyə ilk dəfə 1991-ci ilin qışında gəlmişdim. Dağlar arasındakı dərədə yerləşən şəhərin başdan ayağa qırmızı damlarının üstünü ağappaq qar örtmüşdü və qar arasından hoqqa kimi çıxan bacalardan tüstü çıxırdı. Sanki 18-ci əsr xanlıq dövrünə düşmüşdüm. Nağıla oxşatdım Şəkini. Nədənsə çox əmin idim ki, buralara yolum hələ çox düşəcək. Düşündüyüm kimi də oldu. İllər sonra mənə televiziya jurnalisti kimi Şəkini bol-bol gəzib, dadını və ləzzətini öyrənmək qismət oldu. Hər kəsə tövsiyyə edirəm. Azərbaycanın ən gözəl, nadir yerlərindəndir Şəki.

Arayış

Böyük Qafqaz dağlarının cənub yamaclarında, 2432.7 kvadrat km sahədə mineral bulaqlar, meşə və tikinti materiallarıyla zəngin ərazidə yerləşir. 63 yaşayış məntəqəsi var. Bakıdan 370 km aralıdır. Ərazidən iki dağ çayı – Kiş və Qurcana çayları axır. Dəniz səviyyəsindən 675 metr yüksəklikdədir. 3 tərəfdən hündür sıra dağlarla əhatə olunub: Xan yaylağı (1800 metr), Qızıl Qaya (3000 m), Bazar Düzü (4466 m)

Şəki və şəkililər

Şəki deyən kimi buranı tanıyan hər kəsin üzündə xoş təbəssüm yaranır. Zarafatçıl, hazırcavab, başdan–ayağa müsbət enerji saçan insanlarına görə. Şəki camaatını Azərbaycanın heç bir bucağının adamları ilə səhv salmaq mümkün deyil. Şotland ləhcəsi İngiltərədə qulağınızı necə çalırsa, şəkilinin də ilk kəlmələrində şirin Şəki ləhcəsini sezmək mümkündür.
Şəkililər duzlu-məzəli söhbətləri, zarafatları ilə ad çıxarıblar. Sovet dövründə Şəkini Azərbaycanın “Qabrovo”su adlandırırdılar. Burada hamı – qadın da, kişi də, uşaq da lətifə danışır. Yolunuz Şəkiyə düşdüsə, hər deyilən sözdən inciməyin. Yumor diyarında zarafata zarafatla cavab verməyə çalışın.

Şəkililər həm başqaları, həm də özləri barədə zarafat etməyi sevirlər. Yerli dialektin xüsusiyyətləri barədə yarızarafat, yarıciddi “Şəçicə-Azərbaycanca” lüğət tərtib edərək, Tarix – Diyarşünaslıq Muzeyinin lap girişində asıblar. Oxuduqca, gülüb gedirsən. Bəzi misallar:

Pomidor – bamadur, neft – nöyüt, məktəb – məytaf, velosiped – yersəvat, maaş – donnux, axsaq – myatarax, ayaqqabı – əyaxqavı, göyərti – ala. Bu kəlmələri isə uğunmadan oxumaq mümkün deyil: arxeoloq – goreşən, rejissor – düzüb-qoşan, çaxırda bişirilmiş toyuq – kefli beçə.

Azərbaycanda istənilən kəsdən Şəki barədə lətifə soruşsanız, mütləq birini xatırlayar. Bu, ya şəkililərin ləhcəsi, ya simic olması, ya da haqq-hesabı yaxşı bilməsi barədə ola bilər. Ən çox gülüş mənbəyi isə dəhşət yoluxucu Şəki ləhcəsidir. Fikir vermişəm, hər dəfə Şəkiyə səfərdən sonra qeyri–ixtiyari Şəki ləhcəsində danışmağa başlayır, sözlərimin əvvəlinə “ha” hissəciyi əlavə edirəm. Ha indi, Ha
bura…. Bununla bağlı bir lətifə yadıma düşür.

“Bir Şəkili öz oğlunu rus dili öyrənmək üçün Rusiyanın ucqar yerlərindən birinə göndərir. Üstundən bir il keçir. Ata oğlunun rus dilinə necə yiyələndiyini öyrənmək üçün Rusiyaya yollanır. Qapını döyəndə, bir rus qadını Şəki ləhcəsi ilə soruşur: “Ha indi kto tam?”

Ha belə…

Şəki bir çox görkəmli şəxsiyyətin vətənidir. Azərbaycan milli dramaturgiyasının banisi Mirzə Fətəli Axundov, xalq şairi Bəxtiyar Vahabzadə, yazıçı-dramaturq Sabit Rəhman, bəstəkar Emin Sabitoğlu və başqaları şəkililərin qürurudur.

Şəki memarlığı

Şəki ilk əvvəl Kiş çayının sol sahilində salınıb. 1772-ci ildə şiddətli yağış nəticəsində Kiş çayında daşqın baş verir, güclü sel şəhəri tamamilə dağıdır.

“Qafqaz” qəzeti 1846-cı il 15 iyul tarixli buraxılışında bu hadisəni belə təsvir edirdi: “Dəhşətli daşqın əmələ gətirən Kiş çayı Şəkini xarabazara döndərdi, onun bütün evlərini bünövrəsindən qopardı… Minlərlə adam bu dəhşətli selin qurbanı oldu…o vaxtdan şəkililər vadinin şərq sahilinə – dağların ətəklərinə çəkildilər. Indiki Nuxa şəhəri də elə burada əmələ gəldi”.

Bu təbii fəlakətdən sonra Nuxa kəndinin yanında yerləşdiyindən, şəhər bir müddət Nuxa adlanıb. Nuxa adı uzun müddət işlədilib. 1968-ci ildə çıxarılan qərarla inzibati ərazi vahidi kimi yenidən rəsmən Şəki adlandırılıb. 18-ci əsrdə qurulmuş yeni şəhərin strukturu və orijinal halı 19-cu əsrin ortalarınadək olduğu kimi qorunub saxlanıb. Sonralar daha az vaxt, zəhmət və məsrəf tələb edən nisbətən müasir tikililər köhnələrin yerini almağa başlayıb.

Şəki qalası, başqa deyişlə Narın Qala şəhərin yuxarı hissəsində yerləşir. İlk Şəki xanı Hacı Çələbinin hakimiyyəti dövründə, 1743 – 1755-ci illərdə tikilib. Üstündən iki əsr keçdikdən sonra ilk dəfə 1958 – 1963-cü illərdə bərpa edilib.

Şəkinin görünüşünü təkrarolunmaz edən gözəl dağ mənzərəsi ilə yanaşı, təbiətlə uyğunluq təşkil edən şəhər planlaşdırmasıdır. Hər bir ev öz bağı ilə əhatə olunub. Bir-birindən çəpər və ya hasarla ayrılan evlərin damı kirəmitdən hazırlanmış qırmızı daş örtükləri ilə örtülüb. Bu, estetik gözəlliklə yanaşı, evlərin içini yay aylarında sərin, qış aylarında isə isti saxlamağa kömək edir.

Şəki evlərində diqqəti çəkən başqa bir maraqlı cəhət taxta darvazalardır. Ağır taxta darvazaları hər dəfə açıb bağlamamaq üçün, ortasından kiçik qapı da kəsilib. Hər bir darvazanın üstündən “dəggilbab” adlanan qapı zəngləri asılıb. Darvazaların üstündə, bir qayda olaraq, 2 dəggilbab görəcəksiniz. Yuxarıda böyük və nisbətən aşağıda kiçik dəqqilbab müvafiq olaraq, böyüklər və kiçiklər üçün nəzərdə tutulub. Son illər dəbdə olan dəmir darvazaların sayı sürətlə artmağa başlayıb. Şəkililərin bununla da bağlı zarafatı var: “Dəmir qapının da bir gün taxta qapıya işi düşər.”

Küçələrə su səpmişəm

Şəki küçələrinin spesifik bir özəlliyi var. Köhnə şəhər başdan-başa daşla döşənib. Məsələ burasındadır ki, Şəkiyə tez-tez yağış yağır. Burada deyirlər ki, göydən bir damcı düşəndə, Şəkiyə leysan yağır. Odur ki, yollar tez yuyulub, sıradan çıxmasın deyə, şəkililər şəhəri başdan-başa erroziyaya davamlı çay daşları ilə döşəyiblər. Bu, şəhərə həm yaraşıq verir, həm də daş döşəməli küçələrdən keçərkən, havaya toz qalxmır. Yeri gəlmişkən, Şəkinin yağıntıdan bol olmasına baxmayaraq, əhali içməli su azlığı problemi yaşayır. Suyun tərkibində yod çatışmazlığı var. Burada uzun müddət yaşamağı planlaşdıranlara yod damcıları qəbul etməyi nəzərdən keçirmək məsləhətdir. Maraqlıdır ki, Sovet dövründə yer adlarının ucdantutma dəyişdirilməsinə baxmayaraq, Şəkinin bir çox köhnə məhəllə adları bu günədək qorunub saxlanıb. “Gəncəli”, “Dırrax”, “Mənkərə”, “Qumbaralar”, “Dodu” məşhur məhəllələrdən bəziləridir. Hərəsi nə iləsə məşhurdur. “Dodu” pitisiylə tanınır. Dulusçuluğun inkişaf etdiyi məhəllədir. “Gəncəli” – xanlıq vaxtı buraya köçürülən gəncəlilərin sıx yaşadığı məhəllə olub. “Qumbaralar” isə, deyilənə görə, məhəllədə mübahisə vaxtı partladılan qumbaraların şərəfinə bu ismi alıb.

Köhnə Şəki

Şəkidəki tarix–memarlıq abidələrinin əksəriyyəti şəhərin yuxarı hissəsində yerləşdiyindən, bura qoruq elan edilib. Yerlilərin “Köhnə Qala” adlandırdığı bu ərazidə tarixi evləri sökmək və ənənəvi memarlığa uyğun olmayan yeni inşaatların aparılması qadağandır.
“Köhnə Qala” ərazisində on bir tarixi hamam var. Onlardan yalnız bir dənəsi, 19-cu əsrdən qalan məhəllə hamamı fəaliyyətdədir. Həftənin müəyyən günləri kişilər, digər günləri qadınlar çimirlər. Hamamlar Şəki məişətində də olduqca əhəmiyyətli obyekt sayılırdı. “Feodal Şərq dövlətlərində olduğu kimi Azərbaycan şəhərlərində də hamamlar sanitar – gigiyena funksiyasından başqa, məhəllə sakinlərinin yığıncaq yeri idi ki, burda son xəbərləri eşitmək, dincəlmək, vaxt keçirmək olardı.” Köhnə Şəki 18-ci əsrdə Hacı Çələbinin inşa etdirdiyi “Narın Qala”nın divarlarının əhatəsindədir. Müxtəlif dövrlərə aid çox sayda tarixi abidənin əksəriyyəti şəhərin məhz bu hissəsində yerləşir. Bunların içərisində 5-ci əsr Alban məbədindən tutmuş, Çar dönəmində inşa edilən kazarmalara qədər bir çox tarixi əsəri misal çəkmək olar. Onların içərisində bir dənəsi var ki, zərifliyi ilə tamamilə fərqlənir və ürəkləri fəth edir.

Sitat 1950-ci illərdə SSRİ-yə mühacirət edən tanınmış türk şairi Nazim Hikmət Azərbaycana, eləcə də Şəkiyə qonaq gəlir. Xan Sarayını görəndən sonra təəssüratlarını tək cümləylə belə ifadə edir: “Əgər Azərbaycandan dünyaya bir tikili göstərin desəydilər, Şəki Xan sarayını sərgiləmək kifayət edərdi.”

Xan sarayı

Adından da məlum olduğu kimi müstəqil Şəki xanlığı hökmdarlarının rəsmi iqamətgahı olub. Xan sarayı 1762- ci ildə Hüseyn xanın vaxtında tikilməyə başlayıb. “Şamaxılı memar Abasqulu tərəfindən əsası qoyulub. Şəki qalasının içərisində yerləşən sarayın tamamını və içərisindəki ornamentləri yerli ustalar işləyiblər. Azərbaycan xalq memarlığının ən gözəl ənənələrini əks etdirir.” Orta əsr Azərbaycan memarlığının ən görkəmli abidəsi hesab olunan Xan sarayı öz orijinallığına görə yeganə sayılır. Rəngbərəng mozaikaların işlənməsində minlərlə xırda şüşə parçalarından istifadə edilib. Bu şüşə parçalar heç bir mıx-mismar və ya yapışqan olmadan əllə, tək-tək bir-birinə bənd olunub. Rəvayətə görə, saray hazır olandan sonra, heyran qalan xan bu nadir sənət işinin təkrar olunmaması üçün onu tikən ustanın qollarını vurdurmağı əmr edib.

Şəkidə sənətkarlıq

Şəbəkə möcüzəsi sayılan Xan sarayının yanında bu sənəti yaşadan usta ların emalatxanası yerləşir. İlboyunca işləyirlər. Şəbəkənin necə yarandığının və bu işin incəliyinin burda şahidi ola bilərsiniz. Şəbəkəçilik dekorativ-tətbiqi sənətin çox böyük məharət tələb edən sahələrindən biridir. Şəbəkənin səciyyəvi xüsusiyyəti odur ki, mozaikanın əmələ gəlməsində nə mıxdan, nə də yapışqandan istifadə edilmir. “Şəbəkə bəzəyinin əsasını həndəsi naxışlar təşkil edir. Bu bəzəklər içərisində dairəvi, çoxbucaqlı, ulduzşəkilli formalar başlıca yer tutur.” Şəkidə “Köhnə Qala” ərazisində fəaliyyət göstərən şəbəkə emalatxanasında özəl sifariş də etmək mümkündür. Amma sırf əl işi olduğuna görə, qiymətlər ucuz deyil. Orta ölçülü pəncərənin hazırlanması 2 ay vaxt tələb edir, qiyməti də 800 AZN-dən başlayır. Buna gücünüz çatmırsa özünüzlə xırda ölçülü suvenir də götürə bilərsiniz. Şəki ustaları sizin hər bir sifarişinizi zərgər dəqiqliyi ilə yerinə yetirəcəklər. Əsas müştəriləri həm xaricilər, həm də yerli özəl idarələrdir. Sənətkarlıq burada nəsildən nəslə ötürülür və şəkililərin qürur mənbəyidir. Şəbəkəçiliyin müasir nümunələrindən biri Şəkidə ilk 5 ulduzlu otel statusu daşıyan Şəki Palace mehmanxanasıdır. Bol şəbəkəsi olan bu modern oteldə qiymətlər 80 AZN-dən başlayır.

Əgər Şəkiyə yolunuz iyul ayının ikinci ongünlüyündə düşərsə, burada təşkil olunan sənətkarlar yarmarkasına mütləq baş çəkməlisiniz. 2-3 gün davam edən yarmarkada sənətkarlar şəhər meydanına toplanaraq əl işlərini nümayiş etdirlər. Burada özünüzə əl işi olan müxtəlif adda məişət əşyaları, əla suvenirlər tapa bilərsiniz. Məsələn, papaqçı dükanlarında müxtəlif dərilərdən dəyişik modeldə papaqlar tikilir. Qiymətləri də dəri və modeldən asılı olaraq dəyişir. Misal üçün, silindr formasinda, qoyun yunundan hazırlanan “daqqa” papaqların qiyməti 80 AZN-dən başlanır.

Şəki ipəyi

B.e.ə. 1-ci minillikdə ticarət yollarının mərkəzində yerləşən Şəki hər zaman tacirlərin əsas dayanacaq yeri idi. Bura tarixi İpək yolunun bir hissəsi olub. “Şəkidə ticarətin artması ipək toxuculuğunun inkişafı ilə əlaqədar idi.” Səyyahlar burada istirahət edər, Şəki bazarlarını ziyarət edərlərmiş. Şəki qədimdən öz ipəyi ilə məşhur olub. Şəki ipəyi Yaxın Şərq ölkələrinin, Avropanın, Hindistanın, bazarlarında əl-əl gəzib. Şəki ipək xalçalarının da şöhrəti dildən dilə dolaşırdı. İpək xalçaları incə, yumşaq, narın və gözəl olması ilə ad çıxarıb. Bir ipək xalçanı toxumaq onunla eyni ölçüdə olan yun xalçanı toxumaqdan ən az 2 dəfə daha artıq zəhmət və vaxt tələb etdiyindən, qiymətləri daha bahalı olur. Xalçaya toxunduqca ondan qopa bilmir insan. İpək xalçaya sahib olmaq ev sahibinin xüsusi zövqündən xəbər versə də, bu keyfi yaşamağa hamının imkanı çatmır. İpəkdən hazırlanan və Şəkidə alınacaq əsas hədiyyələrdən biri kəlağayıdır. Azərbaycanda kəlağayı qədimdən bəri ənənəvi qadın baş örtüyüdür. İpəkçiliyin inkişaf etdiyi yerlərdə çox məşhur olub. Standart 140×140 sm ölçülərində “Şərbaf” adlanan ipəktoxuma dəzgahlarında hazırlanıb. Vaxtilə ipəktoxuma sənətiylə kişilər məşğul olub. Toxunduqdan sonra boyaqçılara təhvil verilirdi. Boyalar müxtəlif bitki köklərindən hazırlandığından, kəlağayı köhnəlsə də, rəngi heç vaxt solmurdu. Boyadılma işi bitdikdən sonra kəlağayı qurudular və üzərinə müxtəlif basma qəliblərlə naxış atılardı. Şəki SSRİ-nin ipək sənayesi şəhərlərindən idi. Sovet dönəmində Şəki ipək kombinatının məhsulları, o cümlədən Şəki ipəyi İtaliya, Yaponiya, İsveçrəyə idxal edilirdi.

Bu gün Şəki ipəyindən hazırlanan bütün ipək məhsullar Şəkidəki İpək Kombinatında istehsal edilir. Kombinatın bütün məhsullarının satışı yan tərəfdəki buraya aid xüsusi dükandan almaq olar.

Şəki dadları

Kiş çayı üstündə Dodu deyilən səmtdə 19-cu əsrdən qalma bir dəyirman, fəaliyyət göstərən yeganə tarixi abidə kimi məşhurdur. Burada arpa, buğda və ən çox da düyü üyüdürlər. Əsas müştəriləri halvaçılardır. Halvanı hamı tanıyır və sevə-sevə yeyir, amma Şəki halvasının düyü unundan və içinin də sırf fındıqdan hazırlandığını az adam bilir. Şəkidə bütün məhəllələrdə halvaçı dükanları var. Çoxu bu neməti öz şəxsi həyətində təşkil etdiyi kiçik sexlərdə hazlırlayıb satır. Bəzi halvaçılar isə əməlli–başlı brend olub. “Halvaçı Mahmud” , “Əli Əhmədin halvaçısı” kimi yerlər yüz ildən artıq halvaçılıqla məşğul olan nəsillərdir. Dükanlara girdiyiniz zaman aldığınız nemətlərin dadına baxa bilərsiniz. Halvaçılarda tək halva yox,
Şəkinin çay süfrəsini bəzəyən bir çox başqa şirniyyat növləri də mövcuddur.
Bəziləri bunlardır: barama şirni, müxtəlif rəngli noğullar, mindal, fındıqlı qənd, südlü mindal, südlü–zəfəranlı mindal, yağda qovrulmuş mindal, tel halvası və daha bir çox ləzzət. Burada xüsusi tədbirlər üçün özəl sifarişlər də qəbul edilir. Azərbaycan ənənəvi aşpazlıq sənətinin məhəlli mərkəzləri içərisində Şəki mətbəxi özünəməxsus yer tutur. Bu mətbəxin şah yeməyi isə Pitidir.

Şəki pitisi

Piti dulusçular tərəfindən gil-saxsıdan düzəldilən kiçik həcmli məxsusi piti qablarında – piti dopusunda – bişirilir. Dopu 1 porsiyadır və 1 nəfərlikdir. Əsasən qoyunun döş və miyantəng (yumşaq) ətindən hazırlanır. Şəki aşpazları pitinin mal ətindən yaxşı alınmadığı qənaətindədirlər. Yeyilmə üsulu da orijinaldır. Bayat çörək və quru baş soğanla yeyilməsi, süfrədə sumax olması şərtdir. Pitinin bişməsi 8-9 saat çəkir. Çox qüvvətli yemək olduğundan, onu yalnız günorta vaxtı yemək məsləhətdir. Əslində günortanı keçmiş Şəkidə hazır piti tapmaq heç mümkün də deyil. Çox kalorili olduğundan və bişməsi uzun vaxt tələb etdiyindən, axşamdan hazırlanan yeganə yemək adlandıra bilərik. Şəki aşpazlarından pitinin resepti ilə tanış oluruq.

  • 100 qramlıq stəkanda 1 gün əvvəlcədən isladılmış noxud,
  • 80 – 120 qram xırda tikələrə bölünmüş qoyun əti,
  • 1 çimdik duz,
  • 1 çömçə su,
  • 0.5 xırda doğranmış baş soğan,

50 – 60 qram qoyun quyruğu qapaq kimi dopunun ağzını örtəcək şəkildə yerləşdirilir və 1 çimdik zəfəran üstə töküb bişməyə qoyurlar.
Qış aylarında bu porsiyaya istəyə görə 1 quru gavalı və şabalıd əlavə oluna bilər. Vəssalam. Bundan sonra dopular bişmək üzərə vam odun üstünə qoyulur. Ertəsi gün yeyilmək üçün servisə hazır olur. Yeyilməsi də çoxmərhələlidir. Əvvəlcə, ən az 1 gündən qalma bayat çörək xırda tikələrlə boşqaba doğranır və üstünə sumax səpilir. Sonra dopudan pitinin suyu süzülür. Yeməyin yanında 1 baş soğanı ya əzir, yaxud da 4 iri parçaya bölürlər. Yeməyin ilk hissəsi bitincə, ikinci əməliyyat başlayır. Bu dəfə noxudla ət eyni boşqaba qoyulur, yenə sumax və istəyə görə duz-istiot əlavə edilərək, püre oluncayadək əzilir. Yalnız bundan sonra yenə soğan və çörəklə nuş edilir. Qayda budur və şəkililər pitini başqa cür bişirib, yeyənlərə “bu, piti deyil” deyirlər. Hər halda fərqi hiss etmək üçün Şəkidən piti yeməmiş çıxmayın.

Sitat “Mən Şəki xanlığının paytaxtı Şəkidən iki keçidlik məsafədəki düşərgədəyəm. Bu diyarı bö-yük heyranlıqla gəzirəm, bi-zim düşərgə nar, yulğun, çinar meşəsində yerləşir. Şəki çox gözəldir. Demək olar böyük masştabda Baxçasaraydır. Bur-da 14 min əhali yaşayır. 3 min ev gözəl mənzərəli Dağıstan dağları-nın ətəyində yerləşir.” Rus generalı Nikolay Rayevski, 1826 (Puşkinə yazdığı məktub) Şəkililər yerləri haqqında deyilən komplimentlərə hər hansı bir re-aksiya vermirlər. Alışıblar. Bura-nı hamı sevir. Şəkini bəyənir və demək olar hər kəs tərifləyir.

Qaçırılmayacaq yerlər

Şəki turizm cənnətidir. Yerlilər turistlərə “qonaq” deyirlər. Yolda rastına çıxanlar sizə salam versə, təəccüblənməyin. Sizi burada “qonaq” bilib, salamlayırlar. “Salam Allah salamıdır” deyib onu kimsədən əsirgəmirlər.
Şəkinin füsunkar təbiəti Sovet dönəmində SSRİ Turizm Komitəsi filialının məhz Şəkidə fəaliyyət göstərməsinə səbəb olub. 1980-ci ildə acılan “Soyuqbulaq” Turist– Ekskursiya birliyinə SSRİ-nin müxtəlif yerlərindən dincəlməyə gələrdilər. O vaxtdan qalan ənənə bu gün də davam edir. Şimal – qərb bölgəsinin turzim mərkəzi Şəki seçilib. İndi də Azərbaycana gələn xarici qonaqların, demək olar, hamısının ziyarət axınına uğrayan ən populyar məkandır. Şəkidə mütləq görülməsi gərəkən bir neçə yer var. Sırayla onlarla tanış olaq.

Marxal

Ən populyar istirahət mərkəzi sayılır. Keçən əsrin 80-ci illərindən sürətlə məşhurlaşan Marxal istər yerlilərin, istərsə də Şəkiyə gələn qonaqların mütləq baş çəkdiyi ünvandır. Yay aylarında Şəkinin və ətraf rayonların camaatı sərinləmək üçün Marxala gəlir. Son illər ərazidəki süni göldə fəaliyyətə başlamış katamaranlar burada fərqli əyləncə yaradır. Bütün fəsillərdə gözəl görünür.

Gecələməyi düşünməsəniz belə, havası və yaşıllığı ilə adamı valeh edən mənzərənin fonunda ərazidəki restoranlarda əyləşib ləziz yeməklərindən dada bilərsiniz.

Xan yaylağı

Adından da məlum olduğu kimi, bura Şəki xanlarının yay aylarında yaşayış yeri olub. Belə deyirlər ki, istilər düşəndə, xan öz ailəsi, xidmətçiləri və heyvan sürüləri ilə Xan yaylağına köçərmiş. Soyuqlar düşənədək burada qalarlarmış. Deyilənlərə görə, yaylaqdan Xan sarayına şüşə kanal da çəkilibmiş. Xan sürüsünün heyvanlarının südü boru vasitəsilə birbaşa saraya axıdılarmış. Çox yüksəkdə olduğundan, Xan yaylağında ağac yoxdur, amma müxtəlif çeşiddə dağ çiçəyinin və xüsusilə də kəklik otunun qoxusu insanı məst edir.

Havalar günəşli və açıq olanda bu yüksəklikdən ətraf rayonlar aydın görünür. Xan yaylağına getsəniz, çoban itlərindən özünüzü gözləyin. Ona görə də sürüyə yox, çobana yaxınlaşsanız, həm qurd köpəklərdən qorunar, həm də çoban süfrəsinə qonaq olub, pendir-çörəkdən, ocaqda dəmlənmiş kəklikotu çayından dadmış olarsınız. Çox arzu edənlər çadırları, səyyar yataqları və yeməklərini yanlarına alıb, burada gecələyə də bilərlər.

Bu dağ yüksəkliyində keçirilən dəqiqələrdə şəhər həyatının qaçhaqaçında özünü nədən məhrum etdiyini başa düşürsən. Təmiz dağ havası ciyərlərinə dolduqca, yanaqlarından qan daman çoban qardaşa baxa-baxa, bu cür cənnəti özünə istirahət yeri seçən xanın müdrikliyi və kefinə valeh olursan.

Xan yaylağı Böyük Qafqaz dağ silsiləsinin Şəkidən 15 – 20 km şimal istiqamətində yerləşir. Əldəyməmiş gözəl təbiəti olan bu yerə yalnız at, ya da “Jeep” ilə getmək məsləhətdir. Xan yaylağına aparan yeganə yol Marxaldan keçdiyindən, bura qalxmaq istəyənlər maşın məsələsini elə Marxalda həll edə bilərlər. Öz nəqliyyatınız yoxdursa, kədərlənməyin, yerli bələdçi maşını ilə dik yamaclı meşəni təhlükəsiz qət etməyə yardım edər. Sizsə, insan əli dəyməyən bu gözəllikdən həzz ala, yol boyu ara-sıra qarşınıza çıxan hürkmüş ayı balasına və ya dələlərə, başqa heyvan balalarına tamaşa edə bilərsiniz. Bu macəranı yaşamağa dəyər. Yerli bələdçilər Xan yaylağına yağıntıların nisbətən az düşdüyü yay aylarında çıxmağı məsləhət görürlər. Yağışdan sonra yuxarıdan axan sel qarşısına çıxan nə varsa, qaya parçalarından, ağaclara qədər hər şeyi yuyub aparır. Traktor gəlib buraları təmizləyincəyə qədər yollar bağlı qalır. Şəkililər ümid edirlər ki, Marxaldan Xan yaylağına kanat yaxud funikulyor çəkilərsə, bu yerlər turistlər üçün daha əlverişli olar. Xan yaylağı və Marxal gəzintisiylə Soyuqbulaq ərazisindəki səyahət bitsə də, macəra davam edir, çünki geri dönüşdə Kiş çayının o biri tayındakı istiqamətdə qanda adrenalini artıran başqa bir yolçuluq gözləyir. Onu da qaçırmaq qəbahət olar. Bu haqda bir azdan. Hələlik isə mütləq görülməsi gərəkən bir başqa məkandan danışaq.

Mustafa bəyin yeri

Şəkililər bura “Mustafa bəyin lageri” də deyirlər. O kimdir? Bu sualı hamı soruşur. 20-ci əsrin əvvəllərində Şəki xanlarından olan Mustafa bəyin yay aylarında ailəsi ilə dincəldiyi şəxsi mülkiyyəti olub. 1920-ci il Bolşevik istilasından sonra ərazi uzun illər SSRİ miqyasında tanınan pioner düşərgəsi kimi fəaliyyət göstərib. Hal-hazırda isə özəl istirahət mərkəzidir. Şəkidəki digər yerlərlə müqayisədə burada qiymətlər çox ucuzdur. Adambaşına yataq qiyməti, səhər yeməyi daxil, 6–8 AZN (2007-ci il üçün) təşkil edir. Şəhər səs-küyündən qaçmaq, təmiz hava, sıx meşə mənzərəsi axtaranlar üçün bu təbii park tapıntıdır. Mustafa bəyin yerinin yerləşdiyi Yuxarıbaş – Giləhli məhəlləsi Şəki şəhərinin salınmağa başladığı ilk nöqtədir. Məhəllə bir neçə görməli yeri ilə məşhurdur. Şərqdə dramın banisi olan, yazıcı – tərcüməçi Mirzə Fətəli Axundovun (1812-1878) doğulub böyüdüyü ev var.

15-ci əsr yadigarı olan Giləhli məscidi də burada yerləşir. Bu gün Giləhli məscidinin yalnız minarəsi qalıb.
Şəki bir gündə gəzib qurtarılası yer deyil. Dincəlmək və yaxşıca gəzmək istəyənlər bunun üçün 3 – 4 gün vaxt ayırmalıdırlar. Bəs Şəkidə harada qalmaq olar? Bu məsələni bir neçə cür həll etmək olar. Şəhərdə və onun ətrafında modern tipli otel yaxud koteclərdə, Köhnə Qala tarixi səmtində turistlər üçün xidmətə hazır Şəki sakinlərinin evlərində, ya da otantik havasıyla bambaşqa ləzzət verən “Karvansaray ” mehmanxanasında. Son dəfə 2002-də aparılmış restavrasiya işlərindən sonra bura mehmanxana kimi Şəkiyə gələn qonaqların ixtiyarına verilib. 75 nəfərlik “Karvansaray”da istirahət sezonunun aktivləşdiyi yay aylarında rezervasiya olmadan yer tapmaq çox çətindir.

Karvansaraylar

Şəkinin düz mərkəzindən axan Gürcançayın sahilində şəhərin əsas ticarət və işgüzar mərkəzi yerləşir. Qədimdən bəri Şəki sənətkarlıq və ticarət şəhəri olduğundan burada çoxlu bazar və karvansaralar tikilib. Karvansaraylar feodal Şərqin əsas tikililərindən olub. Şəkiyə səfər edən bütün səyyahlar Azərbaycan haqqında danışarkən karvansaraylara xüsusi yer ayırıblar. Orta əsrlərdə karvansaraylar şəhərin yaranması və qurulmasında böyük rol oynayıb. XVIII – XIX əsrlərdə Şəkidə İsfahan, Təbriz, Ləzgi, erməni, Təzə karvansara adı ilə 5 böyük karvansaray binası olub. Burada uzaq ölkələrdən gələn tacirlərin rahatlığı, özünün və malının təhlükəsizliyi üçün hər şey nəzərə alınıb. Tacir malını zirzəmiyə yığar, 1-ci mərtəbədə alver edər, ikinci mərtəbədə də yaşayardı. Müasir dövrə 5 karvansaraydan yalnız 2-si gəlib çıxıb. Aşağı və Yuxarı Karvansaray kimi tanınan tarixi abidələrin ikisi də 18-ci əsrə aiddir. Yerli ustalar tərəfindən tikilib.

Tikiliş və şərait baxımından çox rahat və gözəl, iri miqyaslı sövdələşmə və alış-verişlərin aparılması üçün əlverişli şəraitə də sahib olub.

Bu gün Yuxarı Karvansaraydan otel kimi istifadə edilir. Onun girişindəki günbəz Yaxın Şərqin ən böyük günbəzlərindən biri hesab olunur.

Yuxarı Karvansarayın içindəki Çay evi Azərbaycan qaydası ilə çay servisinə görə mükəmməldir. Armudu stəkanlarda çayın yanında Şəki halvası, çeşidli mürəbbələr, Şəki şirniyyatı və bu qədər şirninin müqabilində qan təzyiqini tənzimləmək üçün limon. Bütün bunlara Şəki ləhcəsiylə ingiliscə danışan qarsonları da əlavə etsək, mənzərənin koloritliyini təsəvvür etmək çətin deyil.
Buranın başqa bir aurası var. Xüsusilə də xaricilərin rəğbət etdiyi yerdir. Karvansarayın möhtəşəm yay restoranı şəhərin içərisində olsanız belə sakit ortamda yeməkdən, havadan, təbiətdən zövq alaraq bir neçə xoş saat yaşamağınızı təmin edəcək. Əgər yağışı sevirsinizsə, yağış keyfini həyatınızda bircə dəfə də olsa Karvansarayın bağçasında yaşamağınız məsləhətdir. Elə bir romantikadır ki, gəl görəsən. Məndən söyləməsi, gerisi sizlikdir.

Atçılıq və ovçuluq

Şəkidə vaxtınızı başqa necə keçirə bilərsiniz? Atları və idmanı sevənlər ənənəvi cıdır yarışlarının, at oyunlarının şahidi ola bilərlər.

Şəkidəki atçılıq mərkəzində müxtəlif cins atlar saxlanılır və yetişdirilir. Onlarla tanış olub, bir az da at çapa bilərsiniz. Şəki Azərbaycanın ən güclü ov bazası olan rayonlarındandır. Ov həvəskarları Ekologiya və təbii sərvətlər nazirliyinin qeydiyyatında olan Ovçuluq klubuna müraciət edə bilərlər. Qeydiyyatdan keçəndən sonra ov sezonunda yenə də nazirlik tərəfindən müəyyən edilmiş heyvanların, qaban, dağ keciləri və s-nin ovuna çıxa bilərsiniz.

Tarixi abidələri

Şəki 1-ci əsrdə Qafqaz Albaniyası dövlətinin ən böyük şəhərlərindən biri olub. İnzibati cəhətdən 11 hissədən ibarət Alban ölkəsinin şimal-qərbdəki vilayətinin adı Şəki idi. Bunu təsdiq edən və bu günədək gəlib çıxmış o dönəmə aid bir çox tarix – mədəniyyət abidəsi var.

Ümumiyyətlə bu bölgə Qafqaz Albaniyasına aid tarixi abidələrlə zəngin yerdir.

Kiş Alban məbədi

Qafqaz Albaniyasına aid abidələrdən biri, UNESCO-nun dünya əhəmiyyətli abidələr siyahısında göstərilən Kiş Alban məbədidir. 1-5-ci əsrlərə aid olan və Zaqafqaziyada ilk kilsələrdən sayılan bu məbəd Kiş kəndində yerləşir. Kiş şəhərdən 6-7 km məsafədə, eyniadlı çayın sahilində salınmış qədim kənddir. Yerlilərlə bir az söhbət edirik. Danışırlar ki, uzun illər baxımsızlıqdan tamamilə sökülmə təhlükəsi yaşayan məbəd sən demə elə-belə abidə və ya indiki kimi muzey deyilmiş. Müqəddəs sayılan bir yer olduğundan camaat buraya ziyarətə də gəlirmiş.

Kiş Alban məbədini Şəkiyə gələn yerli və xarici qonaqların, demək olar, hamısı ziyarət edir. Muzeyin qapısının qapalı olması sizi ümidsizliyə düşürməsin. Bura baxan nəzarətçi kənd sakinidir, evi də qonşuluqda olduğundan, iş saatının limiti yoxdur. İstənilən zaman qapısını döyüb, muzeyi açdıra bilərsiniz.

Kiş

Strabon, Böyük Plini, Yuli Solin məlumat verib bura haqqında. VII əsr Alban tarixçisi Musa Kalankaytuklu b.e. 70 – ci ilində baş vermiş hadisələrlə bağlı Kiş kəndinin adını çəkir. Kişi Avesta sözü olan “kaoş”la bağlayır. Qurbanların bişirildiyi və müqəddəs odun olduğu yer” mənasında işlənib. Kiş tayfa mənşəli toponimdir. Qas tayfası ilə əlaqədardır. Kas – qas tayfası Assur – Babil mənbələri kaşşu kimi adlandırıb. Tarixi ekskursiyaları xoşlayanları Şəkidə bol material gözləyir. İş orasındadır ki, bura Qafqaz Albaniyası tarixinin izlərini daşıyan ən zəngin bölgələrdən biridir. Arxeoloq bələdçimiz Nəsib Muxtarovun dediyinə görə isə, dağ ətəyində yerləşən yaşayış məskənlərinin demək olar hamısında o dövrün xatirələri indiyədək yaşayır. Bu mənada Şəkinin Zəyzid – Küncüt – Fazıl – Bideyis marşrutu üzrə yola çıxmaq məsləhətdir. Adları çəkilən kəndlərdəki abidələr Qafqaz Albaniyası memarlığında əhəmiyyətli yer tutur. kompozisiya quruluşlarına görə tikinti dövrlərini 6 – 7 –ci əsrlərə aid edirlər.

Bideyis məbədi

Bideyis kəndindən 8 – 10 km aralıdadır. Dağlıq ərazidə yerləşir. Yaşıllıqların arasında yerləşən məbədi tapırıq. Məbəd yonulmuş iri daş kvadratlarla hörülüb. Memarlıq quruluşuna görə təxminən 7 – 8-ci əsrlərə aid edirlər. Bideyis məbədinin yerləşdiyi ərazi heyranedici gözəlliyə sahibdir. Meşə və dağların əhatəsində, talada yerləşir. Bələdçimiz burada aparılan araşdırma işləri zamanı yerin altından çox nəhəng küplər tapıl-dığını deyir. Bu məbədin, habelə onun yerləşdiyi ərazinin tarixi ilə bağlı görüləsi tədqiqat işləri həddindən artıq çoxdur.

Fazıl kəndi

Ötən əsrin 90-cı illərində Fazıl kəndində aparılan arxeoloji qazıntılar zamanı antik dövrə aid Təpəbaşı Nekropolu aşkar edilib. Bununla da ailmlər bu yaşayış yerində e.ə. III minilliyə, tunc dövrünə aid həyat əlamətlərinin olduğunu üzə çıxarıblar.

Tapıntılardan şaman ayinlərini xatırladan qədim ritualların həyata keçirildiyini başa düşmək olur. Kənddə işıqlar kəsildiyindən, əllərimizdə kiçik şamlarla labirinti xatırladan kurqana daxil oluruq. Yay olmasına baxmayaraq, içəri buz kimidir. Dörd bir yandan müxtəlif ölçülü insan və heyvan sümükləri qorxu filmlərini xatırladır. Kurqanların bütöv halda qaldığı Təpəbaşı Nekropolu Azərbaycanda ilk muzey-labirintdir.

Şəki toponimi

Antik dövrdən söz açılmışkən bir məqama açıqlıq gətirmək lazımdır. Qədim yunan coğrafiyaşünaslarından Ptolomey Alban şəhərləri içərisində Niqa adlı yaşayış məntəqəsinin olduğunu qeyd edir. Onun tərtib etdiyi xəritəyə diqqət edərkən söhbətin Şəkidən getdiyini anlamaq olur. Orta əsrlərə aid mənbələrdə Saki, Şaki, Şakki və Nuxa kimi də adlanıb.
Toponimin mənşəyi şimaldan gələn Sak tayfasının adı ilə bağlıdır. 1840 – cı il islahatı nəticəsində rəsmi sənədlərə Nuxa adı ilə daxil olub. Nuh diyarı türkdilli maq tayfaları yaşayan yerdir. Azərbaycanın şimal – qərb və Gürcüstan şərq zonalarında məskunlaşan maqlardır. Nuxa farsca – yeni məkan, yeni yer deməkdir. Çünki sel yuduqdan sonra şəhər məhz burada məskən salmışdı.

Klavdi Ptolomey ( 70 – 147)

Antik dövr Qafqaz Albaniyası haqqında yazan müəlliflərdən biridir. II yüzilliyin tanınmış coğrafiyaçı və astronomudur. Onun əsərində Albaniyanın hüdudları göstərilir, 29 şəhər və kəndi, çayları, dağ aşırımları və başqalarının coğrafiya koordinatları verilib.

Azərbaycanın antik coğrafiyasının öyrənilməsi üçün dəyərli qaynaq sayılır. Şəki adı e.ə. VII əsrdə Qara dənizin şimal sahillərindən Dərbənd keçidi vasitəsilə Qafqaza və ordan da Kiçik Asiyaya hərərkət edən Sak tayfalarının adı ilə bağlıdır. Onlar cənubi Qafqazda ən yaxşı torpaqları tutaraq bu yerlərə Sakasena adını verdilər. Sakların məskunlaşdığı ərazilərdən biri olan Şəkidən çox məşhur adlar çıxıb. Onlardan birini mütləq tanımağa dəyər.

Hacı Çələbi xan

Şəkililərin fəxr etdiyi bu adam 18-ci əsr görkəmli Azərbaycan dövlət xadimidir. Eyni zamanda Nadir şaha qarşı xalq azadlığı hərəkatının başçılarından biridir. 1739 – 1755-ci illərdə Şəki xanı olub. İlk müstəqil Şəki xanlığının qurucusudur. 1743-cü ildə Nadir şah hökümətinin məmuru Məlik Nəcəfqulunu öldür-dükdən sonra Şəkini tamamilə müstəqil dövlət elan edərək, şaha boyun əyməkdən imtina edib. Nadir şahın son hədə-qorxu məzmunlu təslim olma ultimatomuna “gələrsən-görərsən” cavabını verməklə ona meydan oxuyub. Sonra şəhərin başbilənlərini, ağsaqqal və arvad-uşaqlarını toplayaraq Kiş kəndi yaxınlığında yerləşən dağ başındakı qalaya sığınıb. Deyilənə görə, qalanın adı o vaxtdan beləcə də qalıb – Gələrsən – görərsən.

Gələrsən – görərsən qalası

Şəhərdən 8 km aralı, Kiş çayının qərb sahilindəki sıldırım qayanın üstündədir. Qaratəpə dağının zirvəsində, strateji cəhətdən münasib yerdə tikilib. “Qalanın əsası XV əsrdə Şəki hakimi Əlican tərəfindən qoyulub. Tarixçi Kərim Ağa Fateh “Şəki xanlarının müxtəsər tarixi” əsərində yazır: “Gələrsən – görərsən qalasının çox hündür və bərk olmağına görə heç kimsə ala bilməmişdir”

Gələrsən-görərsən qalasına aparan yol uzaq olmasa da yorucudur. Çox dik yamacda strateji əhəmiyyətli nöqtədə olduğunu təngnəfəs tam zirvəyə çatanda anlayırsan. Bütün ətraf ovucunun içindəymiş kimi görsənir. Qaladan ətrafa başgicəlləndirən mənzərə açılır. Yalnız buradan baxarkən, Hacı Çələbinin nəyə arxayın olub, meydan oxuduğunu anlamaq mümkündür. Nadir şahın qardaşı İbrahim xan 2 dəfə, 1744 və 1745-cin illərdə 20.000 minlik qoşunla Azərbaycana Şəki üsyanlarını yatırmağa yollansa da, Qalanı ala bilməyib. Hərçənd 2 il sonra Hacı Çələbi mübarizəni dayandıraraq, özü Qalanı tərk edib. Amma deyilənə görə o bunu, müqavimət göstərməyin mənasız oldüğunu başa düşdüyündən öz xoşuyla edib. Hacı Çələbinin əzmkarlığına heyran qalan Nadir şah isə onun Şəki xanı tituluna toxunmayıb. “Hacı Çələbi çox böyük adam olub” misalı o vaxtdan dillərə düşüb.

Kinomatoqrafçılar evi

Gələrsən – görərsən qalasının olduğu dağın düz ətəyində, sovet dönəmində tikilmiş bu bina vaxtilə kino üçün çalışanların ailəcə istirahəti üçün nəzərdə tutulmuş yer olsa da, artıq buraya hər kəs gələ bilir.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2337492699724121]

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on pinterest
Pinterest
Share on whatsapp
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT