Səyyahların ən çox yol verdiyi 17 səhv

  1. Səyahəti lap xırdalıqlarına kimi planlaşdırmaq
    Bütün işlər kimi, səyahəti də planlaşdırmaq əlbəttə ki, lazımdır. Amma burada bütün xırdalıqları nəzərə alıb, hər addımı əvvələdən yazmaq, əsində, yeni hisslər gətirməli oan səyahəti protokola çevirə bilər. Belə etsəniz səyahətə çıxmazdan əvvəl daha çox zövq alacaqsınız, nəinki səyahətin özündə. Səyahətin ləzzəti isə buradakı yeniliklər, bilmədiyiniz sürprizlərdir. Ona görə də planlaşdırmada o qədər də dərinə getməyin.
  2. Ölkədən böyük gözləntilərinizin olması
    Əsas odur ki, internetdə gördüyünüz hər şeyi reallıq saymayasınız. Hər şey orada göstərilən kimi deyil. Bunu əvvəlcədən qəbul etsəniz səyahət zamanı dilxor olmayacaqsınız. Çünki əgər internetdə ağ qumları olan əla çimərlik görürsünüzsə, bilin ki, bu şəkilin görünməyən tərəfləri də var
  3. Banka səyahətiniz barədə məlumat verməmək.
    Təsəvvür edin, xaricdəsiniz, kartınızda pul var, amma onu çıxara bilmirsiniz, çünki bank onu bloklayıb — bundan pis vəziyyət fikirləşmək olmazdı. Ona görə də həmişə telefonunuzun balansında bir az pul saxlayın ki, banka xəbər verib problemi həll edəsiniz. Kartın üstündə zəng etmək və sms göndərmək üçün telefonlar göstərilib. Amma ən yaxşısı odur ki, belə vəziyyətə düşməmək üçün – əvvəlcədən bankı xaricə getməyiniz barədə xəbərdar edəsiniz.
  4. Sənədləri hazırlamamaq
    Aeroportun girişində, registrasyada, pasport kontrolunda və sair yoxlama yerlərində, bilet, pasport, elektron viza, hotel bronu vıə sair vacib sənədlər üstünüzdə olmalıdır. Həm çap olunmuş, həm də planşet və telefonda baxıla bilən elektron formada. Hərçənd aeroport işçiləri bildirir ki, kağızda olan sənədlərə daha rahat baxmaq olur, ona görə də çap variantını nəzərdən qaçırmayın. Eləcə də pasportun üzünü də çıxarmaq lazımdır ki, pasportu itməmək üçün hoteldə saxlayanda lazım olan vaxt (məsələn polis sizdən pasport istəyəndə) onun göstəriciləri əlinizin altında olsun.
  5. Çemodanları artıq əşyalarla doldurmaq
    Bütün yeni səyahətçilərin problemidir. Belə çemodanla səyahət etmək fiziki cəhətdən də çətindir – ağır əşyanı bütün səyahət boyunca daşımalı, qaldırmalı, düşürtməlisən. Üstəlik artıq çəkiyə görə ödəniş də tələb olunur. Ona görə də özünüzlə yalnız ən vacib əşyaları götürmək lazımdır.
  6. Şəbəkəyə qoşulmaq üçün universal adapter götürməmək
    Təsəvvür etmək belə çətindir ki, adaptersiz xaricdə nə edərik. Əvvəllər bu ehtiyac yalnız noutbukla səfər edənlərə aid idi – yəni adapter hamıya lazım olmur. İndi isə üstümüzdəki telefon və smartfonlar enerjini fasiləsiz olaraq «yeməklə» məşğuldur. Xaricdə isə həm şəbəkələr fərqlidir, həm də onlara giriş. Bəzən gərginliklərdəki ərqlər aparatın xarab olmasına səbəb olur. Ona görə də, problem yaranmaması üçün universal adapter götürmək lazımdır.
  7. Maye və qayçıları əl yükündə daşımaq
    Birdəfəlik yadda saxlayın, bu əşyaları onsuz da təyyarəyə buraxmayacaqlar. Ona görə də əsas yükünüzü yük yerinə verməzdən əvvəl əl yükündəki kəsici alətləri və 100 qramdan artıq tutumu olan bütün mayeləri əsas yükün içərisinə yerləşdirin. Yoxsa onları sadəcə itirəcəksiniz.
  8. Telefon üçün enerji doldurma qurğusu götürməmək
    Yuxarıda dediyimiz kimi, istənilən vaxt üstümüzdə olan smartfonlar bizim bütün dünya ilə əlaqəmizi təmin edir. Onların enerjisi bitərsə, biz bütün əlaqələrdən məhrum olacağıq. Ona görə də enerji qurğusu daim üstümüzdə olmalıdır. Onları yük yerinə versəniz aeroportdakı saatlarla gözlədiyiniz zaman smantfonsuz qalacaqsınız. Eyni hal yüklərinizi hələ açmadığınız avtobusda da davam edəcək.
  9. Bahalı əşyaları yük yerinə vermək
    İlk baxışdan bu etibarlı variantdır. Amma yaddan çıxarmayın ki, bütün çemodanlara təhlükəsizlik xidməti baxır, özü də sizin iştirakınız olmadan. Bəli, qanuna görə onlar oğurluq etməməlidirlər, amma belələrinin arasında pis fikrə düşənlər də ola bilər. Nəticədə sizin əşyanız itir və siz heç nə sübut edə bilmirsiniz. Ona görə də bahalı əşyaları yalnız əl yükündə aparmaq məsləhətdir.
  10. Həddən artıq kiçik gözləmə vaxtı seçmək
    Aeroportda saatlarla uçuşunu gözləmək əməlli-başlı əziyyətdir. Amma uçuşa gecikmək ondan da pisdir. Adətən biz bilet alanda elə reysləri seçirik ki, aeroportda çox vaxt itirməyək. Amma əgər biz səyahətimizi ikinci reyslə davam etdirəcəyiksə, hökmən elə vaxt seçməliyik ki, bir təyyarədən düşüb, yeni reys üçün qeydiyatdan keçməyə və lazım olarsa, təhlükəsizlik nəzarətindən keçməyə də vaxtımız qalsın. Özü də hələ bu yalnız o hala aiddir ki, reyslərin hər ikisi eyni aeroportda kəsişsin. Söhbət bir şəhərdəki başqa başqa aeroportlardan gedirsə, ehtiyat vaxt daha böyük olmalıdır.
  11. Pulu aeroportda dəyişmək
    Aeroportlardakı problemləri saymaqla qurtarmaz. Bütün qiymətlər bahadır, üstəlik bütün əməliyyatlardan böyük faiz tuturlar. Bir qayda olaraq aeroportlardakı valyuta dəyişmə məntəqələrində məzənnələr turistlər üçün çox əlverişsiz olur. Bankomatlarda isə nağd pul çıxarılmasına görə yüksək komissiyalar var. Ona görə də aeroportda pul dəyişmək məsləhət görülmür. Təcili deyilsə bu işi şəhərə də saxlamaq olar.
  12. Aeroportda taksi saxlamaq
    Bakıda olduğu kimidir – aeroportdakı taksilər adamdan əl çəkmir, üstəlik qiymətləri də xeyli şişirdirlər. Ona görə də sizi qarşılayan yoxdursa, ən yaxşısı ya UBER-dən. Ya da sifarişli taksidən istifadə etməkdir.
  13. Yerli sim-kartlar almamaq
    Düzdür bir az axtarmalı olacaqsınız, amma getdiyiniz ölkənin sim kartını alıb istifadə etmək rouminqə qoşulmaqdan daha sərfəlidir. Öz mobil operatorundan rouminq qiymətlərini soruşsanız buna əmin ola bilərsiniz. Sonra həmin simkartı saxlayıb gələcəkdə həmin ölkədə istifadə edə, ya da həmin ölkəyə gedən dostlarınıza bağışlaya bilərsiniz.
  14. Həddən artıq çox şey planlaşdırmaq
    Adamlar səyahətin hər dəqiqəsindən ləzzət almaq istəyirlər, bu təbiidir. Amma ləzzət anlayışının özü ayrı-ayrı adamlar üçün fərqlidir. Bəziləri səyahət zamanı həddən artıq çox iş planlaşdırırlar. Amma nəzərə almaq lazımdır ki, siz iş görüşməsinə deyil, səyahətə, istirahətə gedirsiniz. Ola bilər ki, hansısa gün yataqda daha çox uzanıb dincəlmək istəyərsiniz və ya restoranda səhər yeməyini daha rahat, tələsmədən yemək fikrinə düşərsiniz. Bunun özü də bir istirahətdir. Üstəlk hər şeyi əvvəlcədən planlaşdırmaq səyahət zamanı xoş sürprizlərlə qarşılaşmaq şansını da azaldır. Sürprizsiz səyahət isə kimə lazımdır? Ona görə də, səyahətdə boş vaxtlar və yerlər də saxlayın.
  15. Gedilən ölkənin qanunlarını öyrənməmək
    Əslində bu qayda daha çox ekzotik və Asiya ölkələrinə aiddir. Məsələn, Dubayda çiyinləri və ayaqları açıq paltar geyinmək olmaz. Sinqapurda isə adi hal saydığınız hərəkətə görə, sizi böyük məbləğdə cərimə edə bilərlər. Belə hallarla rastlaşmamaq üçün getdiyiniz ölkənin qanunlarını oxumaq lazımdır. Heç olmasa əsas məqamları.
  16. Mərkəzdə isə turist yerlərində nahar etmək
    Səyahət üçün ölkələr çoxdur, amma onların hamısında mərkəzdəki restoranlar yüksək qiymətlərlə turistləri gözləyirlər. Mərkəzdən, turistlərlə dolu küçələrdən cəmi 1-2 tin uzaqlaşmaqla yarı qiymətə ondan da yaxşı yemək mümkündür. Dadı da ondan geri qalmayacaq.
  17. Həddən artıq çox şəkil çəkdirmək
    Getdiyin ölkədən təəssüratlar və xatirələr gətirmək əladır. Amma onun da bir ölçüsü olmalıdır. Adətən səyahətdən qaydanda özümüzlə yüzlərlə şəkil gətiririk. Səyahət zamanı da vaxtımızın böyük hissəsi şəkil çəkdirməyə gedir. Amma bunu edərkən əslində gəzintidən zövq almağı yadırğayırıq. Əsas yerlərdə bir neçə şəkil çəkdirmək kifayətdir, qalan vaxtı sadəcə gəzib, səyahətdən ləzzət alın.

Mənbə: kayzen.az