Sumqayıt

Canlanır hər qarış yer Sumqayıtda
Xariqələr yaradır el Sumqayıtda

Sovet dönəminin hökm sürdüyü zamanlarda sosialist quruculuğu xariqəsi sayılan Sumqayıtın şəninə yazılmış bu sətrləri hər kəs əzbər bilirdi. Musiqi dərslərində uşaqların xorla oxuduğu ən məşhur mahnılardan biri idi…

1935-ci ildə qərara alınır ki, Abşeronda İstilik Elektrik Mərkəzi və sənaye müəssisələrinin tikintisi üçün yer seçilsin. Bir müddət sonra yarımadanın şimal – qərbində, Bakının 30-35 km-liyində, Sumqayıt dəmir yolu stansiyasının yaxınlığında yer ayrılır və işlər başlayır. İllər sonra tikinti işçilərindən birinin qeydləri yeni şəhərin inşasında fəhlələrin qarşılaşdığı zorluqlara aydınlıq gətirir:

“Çox şiddətli küləklər inşaatçıların işini ləngidirdi: gün ərzində qazılan tranşeylər gecə yenidən qumla dolurdu… Bəzi barakları qum gecə elə örtürdü ki, bu barakı qumdan təmizləmək üçün 2-3 yük maşını lazım olurdu.”

Paytaxtdan sonra Xəzər sahilində salınmış Sumqayıta bir zamanlar “Gənclik şəhəri” deyirdilər. Çünki şəhəri quranlar və burada ilk məskən salanlar gənclər idi. Sonralar sənaye, kimyaçılar, inşaatçılar şəhəri kimi ad çıxaran Sumqayıtın azad iqtisadi zonaya çevrilməsi nəzərdə tutulur və bunun üçün imkanlar araşdırılır.

Arayış

Bakıdan 35 km aralıda, Xəzərin qərb sahilində, Sumqayıt çayının mənsəbindəki düzənlikdə, 1949 – cu ildə salınıb. Keçmiş Sovetlər Birliyinin sosialist şəhərlərindən, daha doğrusu sosialist quruculuğu illərində salınmış nəhəng sənaye mərkəzlərindən biridir. İqlimi quru – subtropikdir. Həmişə şimal – xəzri və cənub – gilavar küləkləri əsir. Ölkənin ikinci böyük sənaye şəhəri hesab edilir. Qara kimya və əlvan metallurgiya sənaye müəssisələrinin çoxu buradadır. Sintetik – kauçuk zavodu SSRİ-dəki ən böyük kauçuk istehsalçılarından idi. Sumqayıtda sənaye obyektlərinin tikintisi əsasən 1947 – 53 – cü illərdə geniş miqyas aldı.

Sumqayıt tarixi

1938-ci ildə böyük quruculuq işlərinə indiki İES-in yerində fəhlələr üçün ilk baraklar quraşdırmaq, yaşayış məntəqəsi inşaatı ilə başlandı. Qısa müddətdə sintetik kauçuk, boru yayma və kimya zavodlarının bünovrəsi qoyulsa da Böyük Vətən müharibəsinin başlanması bu işləri yarımçıq qoydu. Ancaq qısa müddətdə, müharibə bitmədən quruculuq işləri bərpa oldu və SSRİ süqut edincəyə qədər də durmadan sənaye obyektlərinin sayı artdı. Bir-birinə çox yaxın məsafədə, yaşayış obyektlərinə yaxın zavod və fabriklərin istehsal etdiyi məhsulların çeşidi getdikcə genişlənir, metallurgiya və neft – kimya sənayesi inkişaf edirdi. Bu sənayeləşmə və istehsalat həcmi qürurlanmaq üçün yaxşı səbəb olsa da, Sumqayıtın Azərbaycan şəhərləri içərisində ən fəlakətli ətraf mühitə çevrilməsinə gətirib çıxardı. Havası gündən günə ağırlaşan şəhərdə havaya atılan zəhərli tullantılar dənizi və ekologiyanı pozdu.

Tarixçilər e.ə. VII əsrdə bu ərazidə midiya tayfalarının məskən saldığını qeyd edirlər. İndiki İcra Hakimiyyəti binasının bünövrəsi qazılarkən ələ keçən saxsı məmulatlar, qablar, sikkələr yaşayış məskəninin qədim tarixindən xəbər verir. Vaxtilə ərazidə Sumqayıt adlı 4 obyekt mövcud olub: qədim şəhərcik, çay, dəniz fənəri və dəmiryolu stansiyası. Bura haqqında ilk yazılı məlumat ingilis səyyahı H.Berou tərəfindən 1580-ci ildə verilib. Azərbaycana səyahət etmiş fransız yazıçısı A.Düma isə 1858-ci ildə “Qafqaza səyahət” kitabında Sumqayıt adlı poçt stansiyasından söz açıb.

“Şəhərin yaxınlığından Sumqayıt ya da Suqayıt adlanan çay axır. İsti və quraqlıqda quruyan çay yağış yağanda yenidən canlanır. Çayın adı isə VII əsrin əvvəlində ərazidəki pers tayfaları ilə əlaqələndirilir. Deyilənlərlə görə, bir zamanlar Sumqayıtçayın hər iki sahili boyunca karvan yolları keçirmiş.” – Rus səyyahı İ.Berezin

Toponim

Ədəbiyyatda bu toponimə Suqayıt, Sumqay versiyalarında da rast gəlinir. 3 cür izah edilir. Ehtimallardan birinə görə, toponim qədim türk tayfalarından “suqa” yaxud “sunqa”ların adından götürülüb, sunqaların yerləşdiyi ərazi mənasına gəlir. Toponimi izah edərkən Sumqayıt çayına da müraciət edilir. Şəhərdən bir qədər şimalda axır. Yarımsəhra şəraitində axan bu çayın mənsəbi yoxdur və quraqlıqda tamamilə quruyur. Xəzərə axmayıb geri qayıtdığına görə ona qədimdə “su qayıdan çay” deyiblər. Çayın və sonradan salınmış şəhərin adının da bu ifadədən törədiyi ehtimal edilir. Xalq arasında yayılan rəvayətlər də maraqlıdır…

“Sum, qayıt” əfsanəsi

Deyilənlərə görə, qədimdə bir dəvə karvanı buralardan keçərkən suları qurtarır. Əziyyətli günlər başlayır. Susuzluğa tab gətirməyənlər içərisində Sum və Ceyran adlı iki gənc olur. Qızmar günəş altında susuz yeriməkdən Ceyran taqətdən dü-şür. Sevgilisinin vəziyyətinə ürəyi acıyan Sum Ceyrana su tapa bilmək üçün axtarışa çıxır və karvandan aralanır. Sevdiyi insanın su axtararkən fəlakətlə qarşılaşacağından qorxan Ceyran onun ardınca son gücünü toplayıb qışqırır:

– Sum, qayıt! Sum, qayıt! Sum, qayıt!

Elə o vaxtdan bu yerlərin adı Sumqayıt qalır….

Sumqayit simvolu

Şəhərin girişində üst-üstə spiral formasında qoyulmuş 15 daş üzərində göyərçin qanadları olan abidə Sumqayıtın simvolu hesab edilir. 15 rəqəmi o vaxtkı sovet respublikalarının şəhərin inşasındakı iştirakını, spiral forması onun sonsuz şəhər olmasını, göyərçin isə həm sülhün rəmzi, həm də o dövrdəki Sumqayıt stansiyası və dəniz istiqamətini əhatə edir.

Sumqayıt hadisələri

Yenidənqurma illərinə qədər çox sakit fəhlə həyatı yaşayan Sumqayıt etnik münaqişələrin qızışmağa başladığı dönəmdə birdən – birə gündəmə gəldi. 1988 – ci il fevralın 28-də törədilən qanlı qırğın tarixə “Sumqayıt hadisələri” kimi yazıldı.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2337392563067468]