Qədim adı Çaparxana olan rayon Sovet dövründə Mirbəşir adlanırdı. Kəlbəcər İsti suyuna aparan yol buradan keçir. Keçən əsrin 60 – cı illərinədək rayonda müalicəvi əhəmiyyətli istisu çıxırdı. Bu su ilə revmatik, mədə – bağırsaq, dəri – zöhrəvi xəstəliklərindən müalicə olunurdular. Suyun mənbəyinin yenidən qazılaraq yer səthinə çıxarılması turizm sektorunun inkişafı üçün yaxşı təkan ola bilər.
Arayış
Bakı – Tərtər arası məsafə 337 km-dir. Kür – Araz ovalığının qərbində, Qarabağ düzündə, Tərtər çayının aşağı hissəsində yerləşən rayonun şimal hissəsindən İncə çayı, içərisindən Xaçın çayı axır. Səthi düzənlikdir. Mülayim, isti yarımsəhra və səhra iqliminin hakim olduğu ərazisi şabalıdlı, boz və çəmən boz torpaqlardan ibarətdir. Tərtərçayın sağ və sol sahillərindən qədim karvan yolları keçib.
Bərdədən 17 km aralıda yerləşən rayonda vaxtilə qala və karvansaraylar olub. 1990-cı illərin əvvəllərində ərazisində şiddətli döyüşlərin baş tutduğu Tərtər cəbhə xəttində, müharibə şəraitində yaşamağa davam edir.
İnzibati dəyişiklik
1920 – ci ilin aprel ayında Cavanşir qəzası və onun tərkibində Tərtər sahəsi yaradıldı ki, bu da sonralar Ağdam və Qarabağ qəzalarının tabeliyində olub. 1930 – cu ildə inzibati rayon olaraq təşkil edilib. 1949 – cu ildə inqilabçı kommunist Mirbəşir Qasımovun şərəfinə adı dəyişdirilərək Mirbəşir qoyulub. 1963-cü ildə ləğv edilib ərazisi Bərdə rayonuna verilsə də, 1965-ci ildə yenidən müstəqil rayon kimi bərpa olunub. A.R. Milli Məclisinin 13 oktyabr 1992 – ci il qərarı ilə Ağdərə rayonu ləğv edilərək həmin rayonun Ağdərə qəsəbəsi və 28 kəndi Tərtər rayonuna daxil edilib.
Tarixi abidələri
24 tarix – memarlıq və mədəniyyət abidəsi mövcuddur. Onlardan 1-i dünya, 15 – i ölkə, qalanları yerli əhəmiyyətli abidələrdir. Müxtəlif istiqamətlərdə kəndlərdə yerləşir. Tərtər cəbhə zonası olduğu üçün bu tarixi abidələrin əksəriyyətini görmək mümkün deyil.
Cəbhə xətti
1990 – cı illərdə Qarabağ müharibəsindən ən böyük zərbə yeyən rayonlardandır. 1994 – cü ildən atəşkəs imzalansa da, burada güllə və atışma səsləri tez – tez sükutu pozur. Çox sayda mal – qaraya, taxıl – əkin sahələrinə və eləcə də insanlara zərər verir. Meşələr süni olaraq yandırılır, ərazidən axan çayların suyu zəhərlənir. 1992 – ci ildən işğal edilmiş Şuşa polisinin mərkəzi, post və mövqeləri rayonun ucqar Borsunlu kəndində, düşmənlə təmas xəttində yerləşir. Müharibədən sonra bəzi kəndlərin xarabalıqları savaş filmlərindəki qorxu səhnələrini xatırladır. Addımbaşı hər yerdə şəhidlər xiyabanı salınıb.
Qapanlı
Tərtərin ən qaynar məntəqəsi isə Qapanlı kəndidir. Buranın sakinləri 17 ildən bəri əsgərlərlə çiyin – çiyinə yaşayır, daha doğrusu yaşamaq üçün mücadilə edir. Təmtəraqlı evlərə olan rəğbətlərilə seçilən bütün qarabağlılar kimi tərtərlilər də müharibədən öncə bir qayda olaraq ikimərtəbəli evlər tikiblər. 1990 – cı illərdən bəri bu evlərin ikinci mərtəbəsinin qapıları sahiblərinin üzünə qapalıdır. Evlərin damları top atəşlərindən uçub dağılıb, divarları snayper və güllə izlərindən dəlmə – deşik, pəncərələr sınıq – sınıq olub. İkinci mərtəbələr atışmalar zamanı əsgərlərin daha çox işinə yarayır. Gündüz vaxtı oralara çıxmaq təhlükəlidir. Bəzən atışmalar zamanı insanlar zirzəmiyə və ya axıra, heyvanların yanına girmək məcburiyyətində qalırlar. Bəli, bunların hamısı gerçəkdir. Dəhşətli Qarabağ həqiqətləridir. Bununla belə, qapanlılar kəndlərini, yerlərini, yurdlarını tərk edib getmək niyyətində deyillər. Bu barədə söhbət düşəndə isə “Kitabi-Dədə Qorqud” dastanından məşhur bir ifadəni misal gətirirlər:
Torpağı qorumadın, əkib – becərməyə dəyməz,
Torpağı əkib – becərmədin, qorumağa dəyməz.
[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2343665172440207]