Hindistanın özəl Jet Airways hava yolları şirkəti təyyarədə doğulan körpəyə ömür boyu havayı bilet verəcəyini açıqlayıb.
Körpə, Səudiyyə Ərəbistanının Ad-Dammam şəhərindən havaya qalxan təyyarə yerdən 10.688 metr yüksəklikdə olan zaman doğulub.
Mamalıq təlimi alan Mini Wilson adlı stüardessanın köməkliyi ilə doğulan körpənin və anasının səhhətinin yaxşı olduğu bildirilib.
Boeing 737 tipli təyyarə Hindistanın Kochi şəhərinə getməsi lazım olduğu halda, doğum səbəbiylə Mumbai şəhərinə enib.
Jet Airways-in uçuşları zamanı ilk dəfədir ki körpə doğulub. Şirkət körpəyə ömür boyu pulsuz bilet verecəyini açıqlayıb. Bir çox hava yolları şirkətləri hamiləliyin 36-cı həftəsində ana olmağa hazırlaşan qadınlara uçuşa icazə verir.
Lakin hamiləliyin 28 həftəsindən sonra hamilələrə təyyarədə uçması üçün həkim də icazə verməlidir.
Hansı hava yolları şirkəti nə hədiyyə edib?
Bu ilin aprelin 7-də Konakri-Ouagadougou-İstanbul reysini həyata keçirən Türk Hava Yollarına məxsus təyyarədə bu sahədə təlim keçən heyətin köməyilə bir qadın bir qız uşağını dünyaya gətirmişdi.
Ötən il ərzində dünya üzrə uçuş zamanı ən azı 5 körpə doğulub. Bundan əvvəl təyyarədə doğulan körpəyə ömür boyu pulsuz bilet verəcəyini açıqlayan şirkət isə AirAsia olmuşdu. Körpə 2009-cu ildə Penang-Kuching reysi zamanı doğulmuşdu.
Virgin Atlantic şirkəti isə təyyarədə doğulan körpəyə 21 yaşına qədər pulsuz bilet verəcəyini bildirmişdi.
Cebu Pacific Air şirkəti ötən il Dubai-Manila reysi zamanı doğulan bir körpəyə bir milyonluq məsafə xalları verərkən, Böyük Britaniyanın British Airways şirkəti 1990-cı ildə Gana-London reysində doğulan körpəyə 18 yaşı olan zaman Birinci Sinif bileti hədiyyə etmişdi.
2016-cı ildə Jetstar Asia şirkətinin Singapur-Rangun reysi zamanı doğulan körpəyə isə Saw Jet Star adı verlmişdi. Şirkət bu jestin qarşılığında ailəyə, min dollar dəyərində körpəyə qulluq məhsulları hədiyyə etmişdi.