Aybilet.az logo

Xaçmaz

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on pinterest
Pinterest
Share on whatsapp
WhatsApp

“Meyvə cənnəti” deyirlər. Zarafatla əlavə edirlər ki, burada pula ehtiyac yoxdur. Çünki hamının bağında bütün tərəvəz məhsulları və meyvələr yetişir. Rayon iqtisadiyyatının əsasını təşkil edən meyvələrdən qırmızı yanaqlı, sulu, şirin, böyük ölçülü, məşhur ağ Xaçmaz gilası ləzzəti ilə seçilir. İlin bütün fəsillərində mövsüm meyvələrini Nabran – Yalama – Xudat yolunda satışa çıxaran xaçmazlılar, əsas gəlir qaynaqları olan məhsullarını Rusiya bazarlarına yollayırlar. Xaçmaz tarixən meyvə ixracatı ilə məşğul olub. Yay və payız ayları toplanan məhsulun emal edildiyi vaxtdır. Meyvələrdən doşab, sirkə və digər müxtəlif meyvə şirələri hazırlanır. 1636 – 1638 –ci illərdə Azərbaycana səyahət edən məşhur alman səyyahı Adam Oleari xatirələrində bölgə əhalisinin doşab, meyvə şirələri hazırladığını bildirir, su və sirkə qatmaqla doşabdan ləzzətli bir içki alındığını qeyd edirdi. Burada meyvələrdən həm də qurudulmuş halda istifadə edirlər. Xarab olmasın deyə ya günəşin altında, yaxud xüsusi gil qabların içərisinə yerləşdirərək təndirdə qurudurlar.

Rasa

Xaçmazda qurudulmuş meyvədən “rasa” hazırlanmasına xüsusi əhəmiyyət verirlər. Təndirdən çıxarılan, qurudulmuş armud qaxını və qozun bütöv ləpəsini bir – birinin yanında, muncuq kimi sapa düzüb saxlayırlar. “Evin bəzəyi, bolluq – bərəkət rəmzi” olan rasa şənliklərdə süfrəyə gətirilir, qonaq gəldikdə mütləq ikram edilir. Tarixən rasa həm süfrələrin bəzəyi olub, həm də ixrac edilib.

Arayış

Bakı – Xaçmaz arası məsafə 157 km-dir. Azərbaycanın şimal – şərqində, Samur – Dəvəçi ovalığında, Rusiya ilə sərhəddə yerləşir. Magistral şose yolu və Bakı – Moskva dəmir yolu buradan keçir. Xaçmaz ərazisi Şahdağ Milli Parkına aiddir. Əhalinin əsas məşğuliyyət sahəsi olan quşçuluq, ovçuluq və balıqçılıq yaxşı inkişaf edib. Xəzər sahilində yerləşən Xaçmaz eyni zamanda ölkənin ən populyar dəniz kurortudur. Rayonun iqlimi mülayim isti, yarımsəhra və quru çöl iqlimidir.

Xaçmaz balaca yerdir. Rayon mərkəzi dənizdən nisbətən aralıda olsa da, dənizin havasının buraya necə təsir etdiyi bütün dəniz kurortu şəhərlərindəki ümumi ab – havanın buraya da hakim olmağından görsənir. Bakıya yaxınlığı və dəniz faktoru xüsusilə də isti aylarda Xaçmaza güclü insan axınının artmasına səbəb olur. Çox abad və təmiz şəhərin mərkəzindəki turizm informasiya bürosundan bölgəylə bağlı ətraflı məlumatı və bütün növ turist marşrutları ilə bağlı bilgiləri əldə etmək mümkündür.

Xaçmazın tarixi abidələri

Xaçmaz ilk baxışda çox gənc şəhər təsiri buraxsa da qədim ərazidir. Vaxtilə tarixi Xaçmaz qalası qapılarının olduğu yerdə indi onun maketi ucalır. Şəhərin girişi sayılan yerdə köhnə qala qapılarını xatırladan yeni tikili buraya ayrı bir yaraşıq verir. Burada qeydə alınmış 60-a yaxın tarixi abidə var. Bürünc dövrünə aid yaşayış yerlərinin qalıqları, kurqanlar, daş kitabələr, məscidlər, qədim Xudat qala-şəhərini, Qraqurtlu kəndində XV-XVI əsrlərə aid Şah Abbas məscid-mədrəsəsi, Şeyx Yusif (XV əsr) məscidi tarixi ekskursiyaları sevənlər üçün yaxşı nümayiş obyekti ola bilər. Ən qədim arxeoloji abidələr Mollabürhan, Hülovlu, Qaraçik, Həsənqala kəndlərinin yaxınlığındakı tunc dövrünə aid qədim kurqanlar və Canaxır, Bostançı kəndlərinin yaxınlığında orta əsrlərə aid insan məskənləridir. Rayon içində ən məşhur abidə qədim Alban kilsəsi və tarixi dəmiryol stansiyasıdır.

Xaçmaz dəmiryolu (XIX əsr)

Mərkəzdə yerləşən dəmiryolu vağzalının möhtəşəm binası bu kurort şəhərinin gözəlliyini artırır.

Dəmiryol stansiyasının geniş sahəsi mini şəhərciyi xatırladır. Dəmiryollarında çalışanların ailələrinin yaşaması üçün burada hər cür şərait nəzərə alınıb. Memarlığı ilə seçilən stansiya 1898-ci ildə inşa edilib. Zaqafqaziyada çəkilən ilk dəmiryollarındandır. Deyilənlərə görə, Quba quberniyasından məktubla Çara müraciət edərək dəmiryollarının buradan keçməsini xahiş ediblər. Relyef uyğun olduğuna görə Xaçmazda çəkilib. Quba – Xaçmaz maşın yolunun da əsası o zaman qoyulub. İlk əvvəl faytonların buradan keçə bilməsi üçün yollara çınqıl səpilib.

XIX əsrin ikinci yarısında kapitalizmin inkişaf eməsi ilə Qafqazdakı təbii zənginliklərin Rusiyaya daşınması üçün əlverişli və sürətli nəqliyyat vasitəsinə yaranan zərurətdən buralara dəmiryolları çəkilib. Dəmiryollarının faəliyyətə başlaması ilə ölkədə istehsal olunan milli sərvət Ümumrusiya bazarına çıxış əldə edib. Rayonda mövcud olan yeddi tarixi dəmiryolu stansiyasının hamısı tarixi əsər statusu daşıyır. XX əsrin ilk illərində (1900-1903) inşa olunmuş digər altı dəmir yol vağzalı binası və eləcə Su anbarı qülləsi indiyədək normal qaydada çalışır.

Xaçmaz su qülləsi (1903)

Qeyd etmək lazımdır ki, bu dəmir yolu vasitəsilə ilk dəfə mərkəzə və ətraf rayonlara su daşınıb. 1903-cü ildə inşa edilmiş Su anbarı qülləsi memari quruluşuyla diqqəti çəkir. Şirin sulu bulaqlarla zəngin olan Xaçmazdan böyük su sıxıntısı yaşayan Abşeron yarımadasına və kapitalizmin sürətlə inkişaf etdiyi, getdikcə böyüyən neft şəhəri Bakıya içməli su məhz buradan, dəmiryolu vasitəsilə yollanırdı. Stansiyadakı Su qülləsi, su anbarı rolunu oynayırdı. Buradan su sisternlərə doldurularaq dəmiryoluyla paytaxta yollanırdı.

Niyazabad limanı

Xaçmazdakı daha bir tarixi – stratejik əhəmiyyətli obyektdir. Liman XVI əsrdən başlayaraq dəniz yolu ilə Azərbaycanın qonşu ölkələrlə münasibətlərin yaradılmasında mühüm rol oynayıb. Volqa – Xəzər ticarət yolu dövlətlərarası ixtilaflara baxmayaraq şimal ölkələri ilə ticarət əlaqələri genişləndirib. Bölgədən şimal ölkələrinə ipək, sənətkarlıq məmulatları, meyvə qurusu ixrac edilib. Xəzər dənizi ticarətində nəzərə çarpan yenilik Şirvanın Qərbi Avropa ölkələri ilə intensiv ticarətə bağlanması idi. Bu ticarətdən genuyalı və venetsiyalı tacirlərin daha fəal istifadə etməsinə səbəb olub.

Xaçmaz toponimi

Yerlilər bu adı “xaç almaz” kimi yozurlar. Rəvayətə görə yerli əhali xaçı sındıranlar kimi tanınsa da bu iddianın elmi sübutu yoxdur. “Xaçmaz” adı vaxtilə bu ərazidə yaşamış Hun qəbilələri birliyinə daxil bir qəbilənin adından əmələ gəlib. Sonradan tələffüzdə dəyişikliyə uğrayaraq müasir formasını alıb. Alimlərin fikrincə, toponimi bu ərazilərə gəlmə Hun tayfalarından olan Xaçmatak və ya Xaçmat tayfalarının adı ilə bağlıdır. Onlar yerli əhali ilə qaynayıb qarışıblar. Maraqlıdır ki, bu türk qəbilələrindən biri sonradan Xaçmaz ərazisindən indiki Oğuz rayonuna köçərək eyni adlı Xaçmaz kəndi, daha sonra Xaçmaz qalası yaradıblar. Oğuz rayonunda eyni adlı kənd var.

Xaçmaz tarixi

Herodot və Strabonun əsərlərində bəhs etdiyi Xaçmaz adına VII əsrin ortalarından başlayaraq müxtəlif mənbələrdə rast gəlinir. Vaxtilə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin üzərinə hərbi yürüşlər və basqınlar etmiş işğalçıların yolu Xaçmaz ərazisindən keçib. Eramızdan əvvəl VIII-VI əsrlərdə tikilmiş məşhur «Dəmir darvaza» istehkamları bu işğalçıların yolunda maneə kimi dayanıb. V əsrdə Sasani padşahı Yezdigərdin dövründə Dərbənd aşırımında işğalçıların qarşısını almaq üçün möhtəşəm daş sədd tikilib. Bu hərbi istehkamlar sistemini keçməyi bacaran skiflər, alanlar, hunlar, sabirlər və digər qəbilələr Azərbaycan ərazisinə bu yolla keçiblər. Xaçmaz ərazisində aparılmış arxeoloji qazıntılar zamanı tunc dövrünə aid qəbirlər, eləcə də əmək və ov alətləri, məişət əşyaları, neolit və tunc dövrünə aid insan məskənlərinin izləri aşkar edilib.

Şıxlar kəndi

Mərkəzdən təxminən 15 km uzaqlıqda yerləşir. Kənddə orta əsrdən qalma iki tarixi abidə, qədim qəbiristanlıq ərazisində yerləşən XVI əsrə aid məscid və XIII əsr Şeyx Mevlana Yusif Babaya aid türbə var. Bura hər zaman yerli əhalinin ən çox üz tutduğu ziyarətgahdır.

Şeyx Yusif türbəsi

Şeyx Mövlana Yusif XV əsrdə Müşkür düzündə yaşayıb – yaratmış görkəmli filosof və təriqət başçısı olub. Abbasqulu ağa Bakıxanov “Gülüstani – İrəm” əsərində bu barədə yazır:

“Şeyx Molla Yusif Müşkürlü hicri VIII əsrdə anadan olub. İbtidai təhsilini Müşkürdə aldıqdan sonra Şeyx Yəhya Bakuvinin yanına gedib, elmlərə yiyələnərək ondan xeyir – dua alıb. Müşkürə qayıtdıqdan sonra o, öz təlimini təbliğ edib, daha sonra da başçılığı Şeyx Məhəmmədə verib. Şeyxin məzarı və onun nəslinin yaşadığı kənd Şeyxlər adlanır. Onun əsərlərindən ancaq ərəb dilində yazdığı “Bəyan üm – əsrar” (Sirlərin izahı) əsəri qalıb ki, burada insan mənəviyyatından və əxlaq qanunlarından bəhs edib. Seyid Yəhya Bakuvi isə Xəlvətiyyə sufi təriqətinin rəhbərlərindən olub və bu məzhəbin Yaxın Şərqdə yayınlamasında böyük iş görüb. Onun ardıcıllarından olan böyük filosof Mövlana Şeyx Yusif Xəlvətiyyə təriqətinin Quba – Xaçmaz bölgəsində yayılmasında böyük səy göstərib.

Xudat

Xaçmaz ərazisində yerləşən kənd, qəsəbə, stansiyadır. Dağıstanla sərhəddə əvvəllər köçəri tayfaların istifadə etdiyi bir yol olub. Onların hücumlarından qorunmaq üçün indiki Xaçmaza qədər gedib çatan Xəzəryanı müdafiə istehkamı tikilib. Bu şəhər – qalalardan biri Xudat olub. XVIII əsrin əvvəllərində Xudat Quba xanlığının paytaxtına çevrilib. 1735-ci ildə Fətəli xanın iqamətgahı Qubaya köçürüldükdən sonra Xudat əhəmiyyətini itirib. Xudat sözünün mənası “Allah vergisi” deməkdir. Çox qədim yaşayış yeri olduğundan buraya camaat “Köhnə Xudat” adını verib. Əyalət olmasına baxmayaraq çox yaxşı inkişaf etdiyi üçün Xudat “modern kənd” kimi tanınır. Burada içməli su ehtiyatları çoxdur. 1904-cü ildə burada yerləşən Şollar kəndindən Bakıya içməli su kəməri çəkilməsiylə bağlı müzakirələr başlayıb…

Şollar su kəməri

Uzunluğu 175 km olan kəmər tarixi abidələr siyahısına daxildir. 1917-ci ildə istismara verilmiş məşhur su kəməri Xudat yaxınlığındakı Şollar kəndindən çıxır. “Şahdağ”ın ətəyindəki bu mənbə yeraltı bulaq suyu olduğundan onun kimyəvi vasitələrlə təmizləməyə ehtiyac qalmır. Çünki suda yoluxucu bakteriyalar yoxdur. İndiyədək həmin xətlərdə ciddi təmir və ya yenidənqurma işləri aparılmayıb. Çünki bu kəmərin əsas hissəsi torpağın altı ilə çəkilib. Bərk gildən hazırlanan “Bakı-Şollar” xəttində fəaliyyət göstərdiyi 100 ilə yaxın müddətdə bir dəfə də olsun, hansısa qəza hadisəsi baş verməyib. Kəmərin çəkilməsinin çox maraqlı tarixçəsi var. XIX əsrin ikinci yarısından sürətlə böyüməyə başlayan kapitalist Bakının əhalisi su sarıdan çox əziyyət çəkirdi. Su qıtlığı müxtəlif epidemik xəstəliklər yaradırdı. 1899-cu ildə şəhərdə suya olan tələbin daha da artdığını görən Bakı milyonçusu, xeyriyyəçi – messenat Hacı Zeynalabdin Tağıyev Avropanın bir neçə şəhərinə su kəməri çəkmiş məşhur ingilis mühəndis Vilyam Lindleyi Frankfurt Mayndan gətizdirir və ona çeşmə axtarmağı tapşırır. Lindley bol şirin su mənbələri olan indiki Xaçmaz ərazisinə qədər gəlir. Şollar kəndində quyu qazdırır və Şahdağın qarı və buzlaqları ilə qidalanan keyfiyyətli suyun mənbəyini kəşf edir. Uzun sürən mübahisə və müzakirələrdən sonra 1904 – cü ildə tikilməyə başlayan kəmərin inşaatı 1916 – cı ildə tamamlanır. Deyilənlərə görə, şəhərə ilk dəfə su verilən gün, Bakı camaatı sevincindən qoyun, dəvə, öküz qurban kəsib, məhəllələrdə ehsan məclisləri verib. Xudatda, geniş meşəlik ərazidə yerləşən “Bakı-Şollar” kəməri xüsusi mühafizə alayı tərəfindən qorunur. Buraya giriş qadağandır.

Quba – Xaçmaz zonası

Vaxtilə Quba xanlığının yerləşdiyi bu zona, ölkənin ən səfalı guşələrindən biridir. Mənzərəli dağlar, meşələrlə dəniz sahilinin qonşuluğu, zəngin təbiət ərazini turizm cənnətinə çevirir. Xaçmaz eyni zamanda ölkə üzrə təşkil edilən şimal turist marşrutuna daxil olan əsas dayanacaqlardan biridir. Azərbaycan ərazisində 7 turizm bölgəsi var. Quba – Xaçmaz turizm bölgəsi Azərbaycanın şimal – şərqində, Bakı – Xaçmaz marşrutunun üstündədir.

Şimal marşrutu: Xızı – Siyəzən – Dəvəçi – Quba – Xaçmaz – Nabran – Qusar

Bu rayonlardan ibarət marşrutun uzunluğu 270 kilometrdir. Bir çox üstünlüklərinə görə Bakı-Xaçmaz turist marşrutu başqalarından fərqlənir. Belə ki, hələ sovet dövründə burada Həmkarlar İttifaqları nəzdində olan istirahət bazaları vətəndaşların istifadəsinə verilib və onlar bu günə qədər də fəaliyyət göstərir. Rayon ərazisində düz sahilədək bitən sıx meşəlik sahələrdə 8 çay, 3 süni göl, şirin su ehtiyatları, o cümlədən termal və mineral bulaqlar var. Çox saydakı mineral bulaqların içərisində ən məşhuru fəvvarə vuran İstisudur.

Yalama meşəsi

Bakıdan 200 km aralıda, Xaçmaz ərazisində yerləşən füsunkar Yalama, Xəzər sahilinə qədər uzanan yeganə meşə zolağıdır. Dəniz dalğalarının yaladığı yeganə meşə olduğundan Yalama deyirlər. Ümumdünya Vəhşi Təbiət Fondunun köməyi ilə Yalama meşələrinin bazasında milli parkın yaradılması planlaşdırılır. Yalama-Nabran bölgəsində analoqu olmayan təbii-coğrafi landşaft və sağlam iqlim şəraiti bu regionda turizmin inkişafına geniş imkanlar yaradır. Quba -Xaçmaz zonasında ən populyar turizm mərkəzi Nabran ərazisindədir.

Nabran

Adı çəkiləndə insanın ağlina ilk əvvəl dəniz, sahil gəlir. Əslində vaxtilə Xaçmazın sakit kəndlərindən biri olan Nabran 1960-cı illərdə ilk dəfə istirahət yeri kimi kəşf edilib. O zamankı Həmkarlar İttifaqının təşəbbüsü ilə ölkə zəhmetkəşlərinin istirahətini təmin etmək məqsədilə, zavod və fabrik fəhlələri üçün burada pansionatlar tikilməyə başlanıb. 1963 – cü ildə Nabranda “Xəzər”, 1975 – ci ildə “Dostluq” turist bazaları istifadəyə verilib. Keçən əsrin ikinci yarısından etibarən buraya kənar yerlərdən insanlar axın etməyə başladı. 1990-cı illərdə Dağlıq Qarabağın işğalından sonra Şuşaya və Kəlbəcər kimi ölkənin populyar istirahət zonalarına gedən yollar bağlanınca Nabranın dəyəri daha da artdı.

Çimərliyi, sahildə yerləşən otelləri, dəniz və meşə mənzərəsiylə əhatələnmiş Nabran ölkənin ən populyar və ən bahalı tətil mərkəzi kimi tanınır. Digər yerlərlə müqayisə edildiyində burada turizm infrastrukturu daha yaxşı inkişaf edib. İdeal yay tətili üçün lazım olan hər şey burada var: təmiz hava, dəniz, qum, bol günəş, meşə, gündüz çimərlik və axşam sahildə açılan diskotekalar Nabranda istirahəti daha əyləncəli edir. Qumlu çimərliklərin mənzərəli meşələrlə qovuşduğu bu ərazidə müxtəlif qiymətli turist bazaları, pansionatlar, istirahət evləri, otellər tikilib ki, bu da Nabranı ölkənin ən böyük turizm bazasına çevirir. Buraya olan tələbatın artması yerli kənd sakinlərinin getdikcə Nabrandan uzaqlaşmasıyla müşahidə olunur. Turizm sektoruna yatırım edən işadamlarının etdikləri çox sərfəli təkliflərin cazibəsinə uyaraq evlərini satıb buradan köçürlər. Yerdə qalanlar isə yayda öz evlərinin qapılarını turistlər üçün açırlar. Otel və pansionatlarda yer tapmayanlar Nabran sakinlərinə müraciət edə bilərlər.

Nabran toponimi

Dilimizə Ruscadan keçən bir kəlimədir. Buna görə “yığılan, toplanan” mənasını ifadə edir. Buradan Xəzərə çoxlu kiçik çaylar axır. Xəzər sahilləri başdan – başa şirin su sızmasından ibarətdir. Nabran sahilləri su quyusunun sızmalarını xatırladır. Yeraltı şirin su sızmaları həmin sahələrdə balıqların yem bazasını artırıldığından daim buralarda balıqlar bir araya yığılır və qidalanırlar. İlboyu nərə cinsli və qızılbalıq, yazda kütüm və Xəzər siyənəkləri olur. Buradakı kiçik çayların hamısına yerlilər “yalama” adını qoyan kənd camaatı Nabrana Xəzərin incisi deyirlər.

Tel kəndi

Nabrandan 6 km aralıda yerləşən bu kənd Xaçmazın tarixi kəndlərindəndir. Ərazidəki əhəmiyyətli tarixi – arxeoloji abidələrdən hesab edilən II Şəhərgah yaşayış yeri düzən zonada, Tel kəndindən 1 km qərbdədir. Oval formalı plana malik, dik yamaclı təpə üzərində salınan bu yaşayış məskəninin ərazisindən əkin sahəsi kimi istifadə edilir. Torpaq işləri zamanı torpaqdan bişmiş və çiy divar qalıqları çıxır. Kəndi əhatə edən Tel meşəsi payız və qış aylarında ovçuların ən sevdiyi yerdir. Buradan müxtəlif quşları ovlamaq və yay aylarında da ucu – bucağı görünməyən meşədə piknik etmək olar. Tək tarixi abidəsi XIX əsrdən qalma məscidi olan Tel kəndində palçıq vulkanı var. Kəndlilərin söylədiyinə görə dəri ilə bağlı problemləri olanlar bu palçığı problemli yerlərə sürtərək sağaldırlar. Bol sərin bulağı olan Tel meşəsində fəaliyyət göstərən restoranlar istirahət üçün yaxşı ünvan hesab edilir.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2337428043063920]

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on pinterest
Pinterest
Share on whatsapp
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT