Sərhəd ərazisində, hava limanında xarici pasportu itirmək xoş hal olmadığı kimi, dünyanın sonu da deyil. Belə vəziyyətdə həyəcanlanmaq yerinə, mümkün qədər tez nə etməli olduğunuzu bilib, hərəkətə keçmək lazımdır.
Polisə müraciət edin
Sərhəd ərazisində sənədləriniz və xarici pasportunuz itibsə, ilk öncə vəziyyəti yerli polisə izah edin. Pasport həmən tapılmayacaq. O zamana qədər müvəqqəti şəxsiyyət haqqında şəhadətnamə almalısınız. Polis sizə lazımi sənədi almaq üçün müraciət formasının yazılma qaydasını izah edəcək. Həmin müraciət formasını iki nüsxə çıxarın. Biri səfirlik, digəri yeni pasport çıxanadək vətənə geri döndükdə Dövlət Miqrasiya Xidmətinə lazım olacaq. Onu da deyim ki, əgər pasportunuz itməyib, oğurlanıbsa, bu zaman siz itən əşyalarınız haqda da izahat yazmalısınız.
Dəlillər toplayın
Səfliyə müracətdən öncə hansı sənədləri toplamalı olduğunuzu bilməlisiniz:
- İki ədəd fotoşəkil;
- Şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və s . bu tip hər hansı şəxsiyyətinizi təsdiq edən sənəd (içərisində adınız, soyadınız, şəkliniz olan);
- Varsa xarici pasportun sürəti (ehtiyyatlı səyahətçilər belə durumlara hazır olur).
Bu sənədlər əlbət işə yarayır, lakin bu yetərli olmaya, kimliyinizi isbat etməyiniz üçün iki şahid lazım ola bilər. Onların sizin qohumunuz, dostunuz olması mütləqdir. Başqa halda, siz kimdənsə şahidlik etməsi üçün xahiş edə bilərsiniz. Ancaq bu da hər zaman işə yaramaya bilir. Tək səyahət etdiyiniz zaman başınıza belə hadisə gəlibsə və sadalananların heç biri mümkün deyilsə, belə halda Azərbaycandakı yaxınlarınıza zəng vurub, şəxsiyyət vəsiqənizin sürətini faks və ya elektron poçtla yollamalarını istəyin.
Səfirliyə yollanın
Səfirliklər adətən günortaya qədər işləyir. Qəbula yazılmaq üçün əvvəlcədən müraciət etmək vacib deyil. Çünki belə hallar yetəri qədər ekstrimaldır. Sizi növbəsiz də qəbul edəcəklər.
Buraya qədər işlər yaxşı getsə, növbəti mərhələdə sizə vətənə dönmək üçün icazə sənədi verilə bilər. Bu, müvəqqəti sənəd 14 günlük (2 həftə) olur.
Dövlət Miqrasiya Xidmətinə gedin
İşləriniz yolunda getdi, ölkənizə qayıtdınız ilk iş Dövlət Miqrasiya Xidmətinə müraciət etmək olsun. Məsləhətdir ki, “xarici pasportumu oğurlayıblar”, – əvəzinə, onu “itirmişəm”, – deyəsiniz. Çünki oğurlanma hallarında polis pasportu üç ay ərzində tapmalıdır. Ancaq bundan sonra yenisi verilir. İtirmə hallarında isə 14 iş günü ərzində yeni pasportunuzu əlinizə ala bilcəksiniz.
Mənbə: seyahetciblog.wordpress.com