Xızı

Xızıya gedən yolda, Bakı – Rostov şose yolundan 10 km aralıda çox maraqlı bir təbiət hadisəsi müşahidə etmək olar: müxtəlif geoloji süxurlar təpəliklərin səthində özünəməxsus rəngi ilə seçilən landşaft yaradır. Deyilənlərə görə buna oxşar geoloji hadisəyə yer kürəsində buradakından başqa yalnız bir yerdə rast gəlmək mümkündür: ABŞ-dakı Ölüm Vadisində.

Xızı deyən kimi qırmızı dağlar, qırmızı ağaclar, qırmızı lalələr yada düşür. Giləzi qəsəbəsindən Xızıya gedən yol qızılı rəngə çalan Sarafata silsiləsi boyuncadır. Silsilənin ən hündür zirvəsi yüksəkliyi 958 metr olan Saraku dağıdır. Burada elə dağlar var ki, bir tərəfi qışlaq, o bir tərəfi yaylaqdır. Rəngbərəng, al-əlvan, xınalı dağların, sayı – hesabı olmayan Xızı bulaqlarının gözəlliyi insanı valeh edir.

Arayış

Bakı – Xızı arası məsafə 70 km-dir. Quba – Xaçmaz turizm regionunda yerləşən və əsas hissəsi meşə ilə əhatəli olan rayonun şərq tərəfi Xəzər sahilidir. Azərbaycanın dağ rayonları içərisində Bakıya ən yaxın olanı Xızıdır. İqlimi mülayim, havası qurudur. Böyük Qafqaz silsiləsinin dağətəyi cənub yamacından Samur – Dəvəçi ovalığına kimi uzanan çoxtəpəli yaylada yerləşir.

Xızı o qədər kiçikdir ki, mərkəzi küçənin belə uzunluğu bir neçə yüz metrdir. İlk baxışda olduqca darıxdırıcı yer təsiri buraxır. Mərkəzdə ləngiməyib ətrafa səyahətə çıxınca bu düşüncələr yerini daha fərqli təəssüratlara buraxır. Xızı milli ədəbiyyatın çox güclü simaları olan Cəfər Cabbarlı, Mikayıl Müşfiq və Cabir Novruzun vətənidir.

Mikayıl Müşfiq (1908 – 1938)

Xızıya gedərkən yol üstündə qarşılaşacağınız ilk məkan Mikayıl Müşfiqin ev muzeyidir. Pedaqoq, tərcüməçi kimi çalışsa da, lirik şeirlərilə məşhurdur. Romantik ruhlu şair Stalin dövrünün qanlı repressiya terrorunun qurbanıdır. 1937 – ci ildə azad düşüncələrinə görə tutularaq güllələnən minlərlə milli ziyalıdan biridir.

Cəfər Cabbarlı (1899 – 1934)

Onun doğulub, 6 yaşına qədər yaşadığı ev indi muzeydir. Dramaturq, şair və nasir, aktyor, ssenarist, rejissordur. 1925-ci ildə ilk dəfə Şekspirin “Hamlet” faciəsini dövlət dram teatrı üçün tərcümə edib və səhnələşdirib. 1927-ci ildə yazdığı “Sevil” pyesi bütovlükdə Şərq qadın azadlığı mövzusuna həsr olunub. Mühafizəkar müsəlman Şərqində səhnəyə ilk qadını – İzzət Orucovanı o çıxarıb. Milli kinonun yaradıcısıdır. Azərbaycanfilm kinostudiyasının onun adını daşıması da təsadüfi deyil.

Xızı əhalisi

Buranın əhalisinə tat, ya da dağlı deyirlər. Danışıqları bakılıların danışıqlarına bənzəyir. Xızı ərazilərinə tatlar IV-VI əsrlərdə İrandan köçürülüb və köçmə prosesi müxtəlif vaxtlarda davam edib. Tarixi məlumatlara görə təxminən 1400 il bundan qabaq Azərbaycan torpaqlarına gəlməyə başlayıblar. Əsasən ölkənin şimal – şərq hissəsində məskunlaşan tatların ümumi sayı 20000-ə yaxındır. Onların bir qismi Xızıda yaşayır.

Xızı toponimi

Ərəb tarixçisi İbn Fadlanın (VIII əsr) yazdığına görə, xəzərlərin müsəlman toplumuna Xız boyundan olan bir nəfər başçılıq edirdi. Buna əsasən Xızı sözü xəzər etnonimindən törəyib. Türkoloq-alim Firidun Cəlilov “Azər xalqı” adlı əsərində yazır ki, İbn Fadlanın məlumatına görə, Xəzərlərin baş şəhərində müsəlman toplumuna Xız boyundan olan biri başçılıq edirdi. Buna görə Xızı toponim mənşəyi Xəzər etnonimi ilə bağlıdır. Xızı tayfa adıdır. Xızılılar türkdillidir. Türkdilli Xızı soyu e.ə. II minillikdə şimali Azərbaycanda ya-şayıblar. Xızılılar Xızır İlyas peyğəmbərə, Allaha inanıblar.

Xəzərlər

«Xəzərlərin hökmranlığı bir neçə əsr Kaspi və Qara Dənizdən Baltik dənizinə qədər duyulmuşdu.»

S.S. Boquş, tarixçi

Bizim eranın I əsrində yaşamış yunan coğrafiyaçısı Strabon Hindistana gedən ticarət yollarının Azərbaycandan, o cümlədən Xızı – Bərmək mahalından keçdiyini göstərir. Herodotun yazdıqlarına görə burada xəzərlər yaşayıblar. E.ə. I əsrdə başqa ölkələrə köçüb və özündən sonra xatirə olaraq yalnız dəniz adına Xəzər (Kaspi) adlandırıblar. Hun imperiyası tabeliyində olan xəzər boyları Atillanın ölümündən (454) sonra, müstəqil siyasət yeritmək fürsəti əldə etdilər. 457-ci ildə sasani qarnizonlarını dağıdıb, İran torpaqlarını qarət etdikdən sonra Azərbaycana qayıtdılar. Əsrlərlə davam edən İran-Bizans müharibələri əsas tranzit yolların Xəzər dövləti ərazisindən keçməsinə səbəb olub. Bunun nəticəsində İran, Hind və Çindən Avropaya gedən yollara xəzərlər nəzarət edir, İpək yolundan əldə etdikləri çoxlu vergi rüsumundan muzdlu əsgərlərdən ibarət böyük ordu saxlaya bilirdilər. Ölkədə çoxlu yaşayış məskəni və şəhərlər salan xəzərlərin əsas yaşayış məskənlərindən biri də Xızı olub. Eramızın I əsrindən başlayaraq Hun, Sabir və Xəzər tayfaları Dərbənddən keçərək Albaniya çölündə, o cümlədən Xızı – Bərmək mahalının düzənliklərində yerləşməyə başlayıblar. Bu yerə tarixən Xızı – Bərmək mahalı deyiblər.

Xızı – Bərmək mahalı

Adını burada yaşayan Bərmək tayfasından alıb. Xızılılar e.ə. II minillikdə bu mahalda yaşayıblar. Mahal İpək Yolu ticarətində iştirak edib. Hətta Dədə Qorqudun Xızı – Bərmək mahalından olduğunu iddia edirlər. Xızı – Bərmək mahalında olmuş Alman səyyahı Adam Oleari Dədə Qorqud haqda yerli camaatdan eşidib və yazıb ki, dərbəndlilər onun qəbrinin şəhər qəbiristanlığında olduğunu söyləyirlər.

Qəbri ziyarət edən Adam Oleari yazır: “İmam Qorqudun qəbri dağda idi. Qorqud haqda söyləyirlər ki, o, Məhəmmədin dostu olub, onun ayaqları yanında oturub, ondan dərs alıb və onun ölümündən sonra 300 il yaşayıb. Qəbri qayalıq bir dağda mağara içindədir. Dədə Qorqud dastanında Xızı – Bərmək mahalından, Oğuz yaylağından, Cığatay düzündən, Boybəyim dağından bəhs edilib. Bir çox digər faktları da nəzərə alıb. Belə iddia edirlər ki, Qorqud Dədə Xızı – Bərmək mahalından olub. Oradan Dərbənd şəhərinə gedib.

Xızı – Bərmək mahalının ərazisi hələ e.ə. 5-ci yüzillikdən mövcud olan türkdilli sak massagetlərin dövlətinə mənsub idi. Bərmək – bər məhsul, mak – kahin yəni “məhsuldar kahin” deməkdir. Çox bilikli olan bərməklər, mixi yazılardan istifadə edirdilər. Strabon Albaniyada “böyük və sıx məskunlu müqəddəs vilayətin” olması barədə məlumat verib. Burada Heliya (Günəşə) sitayiş edirdilər. Günəş Allahının Albanca adı bəlli deyil. Həmin yer Bərmək dağı idi. Dağın ətrafında yaşayanlar Alinlər (dağlılar) günəşə sitayiş ediblər. Xızı – Bərmək mahalı dağlılarının günəşə sitayiş əlamətləri VII əsrə qədər qalıb. Bununla yanaşı, Bərməkilər tayfası atəşpərəst idi. Onlar əkinçiliyi müqəddəs peşə hesab edirdilər. Bərmək dağının ətəyində təbii qazların yanmasından yaranmış Atəşgah var idi. III – VI əsrlərdə Xizanşahlıqda Atəşpərəstlik dövlət dini idi. Xızı – Bərmək dağlıları VII əsrin başlarından İslam dinini qəbul edib. Deyilənlərə görə romalıların hərbi dəstələri imperator Demision Sezar Avqust Germanik I Lyusi Yuli Maksim Fulmanatın 12-ci legeonu Abşerona gəldi. Legeon Xızı – Bərmək mahalının dənizkənarı yerlərini də təsiri altına aldı. Bu yerlərdə qışladıqdan sonra çıxıb getdi. Bizim eranın I əsrindən hun, sabir, xəzər türk tayfaları Dərbənddən keçərək Albaniya çölündə, o cümlədən Xızı – Bərmək mahalında yerləşməyə başladılar. IX – XII əsrlərdən başlayaraq Xızı – Bərmək mahalından keçən İpək yolu vasitəsilə Avropa və Asiyanın bir çox şəhərləri ilə ticarət əlaqəsi olub. Xızı – Bərmək mahalı Bakı – Dağıstan, şimali Qafqaz və cənubi Rusiya torpaqları ilə birləşdirən ticarət yolu üzərində yerləşirdi. Orta əsrlərdə burada Xızanşahlıq (Xızı şahlığı) dövləti olub. 1804 – 1813 – cü ildə Rusiya – İran müharibəsindən sonra Quba xanlığı ilə birlikdə Rusiya hakimiyyətinin altına keçib.

Turizm

Xızı şimal turist – səyahət marşrutunun birinci dayanacağıdır. Buranın turizm potensialını təşkil edən bəzi yerlərinə səfər etməyə dəyər.

Xələc kəndi

Rayon mərkəzindən 4 km aralıda yerləşən kəndə Xalac da deyirlər. Burada XV əsrə aid edilən məşhur ziyarətgah var. Qədim qəbiristanlıq ərazisindəki bu ziyarətgaha “Ağ pir” deyirlər. Köhnə qəbir daşlarının üstündə Səfəvilər İmperiyasının emblemi sayılan günəş simvolu həkk edilib. Yaxınlıqda XIX əsrə aid “Ağ dəyirman” Xızının yerli əhəmiyyətli tarixi abidələri siyahısındadır.

Xələclər tayfa adıdır. Səlcuq – oğuz türk birliyinə daxil idilər. XII – XVIII əsrlərdə Yaxın Şərqin işğallarında iştirak edən türk tayfalarıdır. Xələclərin bir hissəsi indi də İran və Türkmənistan ərazisində yaşayır. XIX əsrdə burada yaşayan xələclər maldarlıqla məşğul idilər. Eyni adlı kənd Azərbaycanın başqa bölgələrində də mövcuddur.

Xızı Əlişrin kəndi

XV əsr abidəsi Şeyx Heydər türbəsi Şıxlar kəndi yaxınlığında köhnə kənd qəbiristanlığının içərisində yerləşir. Müasirlərinin məlumatına görə Səfəvilər İmperiyası hökmdarı Şah İsmayılın atası olan Şeyx Heydər son dərəcə cəsur adam idi. Xeyli qoşun və silah toplayaraq qaynı, Uzun Həsənin oğlu Yaqub padşahla razılığa gəldikdən sonra 1483- cü ildə Dağıstana və Şirvana yürüş edir. Bu yürüşdən xeyli qənimət və əsirlə geri qayıdır. 1487-ci ildə 2 dəfə səfər edərək 6000 nəfər əsir gətirir. Şeyx Heydərin uğurlu iki yürüşü qonşu dövlətləri həmçinin Sultan Yaqubu da qorxuya salır. O, Səfəvilərin güclənməsindən çəkindiyinə görə 1488-ci ildə Heydərin Şirvana son yürüşü zamanı Şirvanşah Fərrux Yasara kömək etdi. Birləşmiş qoşunla toqquşmasının labüd olduğunu görən şeyx cənuba döndü və 1488-ci il iyunun 9-da burada Şahdağın ətəyində Şirvanşahın birləşmiş qüvvələri ilə Qızılbaşlar (Səfəvilər) arasında qanlı döyüş baş verdi. Hər iki tərəf xeyli itki verdi. Şeyx Heydər öldürüldü. Azərbaycanda dəfn edilən şeyxin məzar yeri ilə bağlı müxtəlif versiyalar səslənir. Onlardan birinə görə Xızının Əlişirin (Şıxlar) kəndindəki qədim qəbrstanlıqdadır. Şeyx Heydərin qəbri Pir kimi ziyarət edilir.

Xızı Bəyəhməd Yurdu kəndi

Mərkəzdən 10 km uzaqlıqdakı bu kənd Xızının gözəl mənzərəli, yüksək dağ kəndlərindəndir. Yerlilər kəndin adını ərazinin inqilabdan əvvəl Əhməd bəyin şəxsi mülkü olması ilə izah edirlər. Əslində Bəyəhməd yurdu yer adı, tayfa ilə bağlı kənddir. Əhmədli səlcuq tayfasının nümayəndələri Abşerona XI əsrdə gəlib, Xızı – Bərmək mahalına yerləşiblər. Bəyəhməd yurdu tərk edilmiş kəndlər siyahısındadır.

Buranın hekayəsi bir az fərqlidir. Böyük Vətən müharibəsi (1941 – 1945) illərinə qədər kənddə qaynar həyat olub. Müharibə başlayınca buradan 36 nəfər müharibəyə gedib. Amma müharibənin getdiyi 4 ildə 400-ə yaxın insan aclıqdan ölüb. Savaş zamanı aclığa tab gətirə bilməyən əhali paytaxta köç etməyə başlayıb. Bakının məşhur Papanin qəsəbəsinin əhalisinin böyük əksəriyyətini ikinci dünya müharibəsi illərində Bəyəhməd Yurdunu tərk etmiş kənd sakinləri təşkil edir. Ümumiyyətlə isə, XIX əsrin II yarısından etibarən Abşerona köçüb gələn Xızı – Bərmək dağlıları Bakı kəndlərində qohum ailələri birləşdirərək məhəllələr təşkil edib. Adət – ənənələrini saxlayan Dağlı məhəlləsi sakinləri əsasən şəhərin yuxarı hissəsində məskunlaşıblar.

Xızı Qızılqazma

Xızının ən böyük turizm potensialı hesab edilən bu zona mərkəzdən 8 km aralıda yerləşir. Dəniz səviyyəsindən 1500 – 1600 metr yüksəklikdə quru, təmiz havanın olduğu əraziyə aparan geniş beton yol sıx meşədən keçir. Aşağı ilə yuxarıdakı temperatur fərqinin 8 – 10 dərəcəyə çatdığı bu bölgə çox tanınmır. Qızılqazmada kiçik dağ gölü var. Onun ətrafında bir neçə möhtəşəm villa ucaldılıb. Xızıya gəlmişkən mütləq bu super məkanı görməyə dəyər.

Altıağac nə deməkdir?

Ölkənin ən tanınmış turizm brendlərindən olan Altıağac Xızıdan 12 – 14 km aralıdadır. Altıağac bir neçə rayonun qovşağında, Quba – Siyəzən – Şamaxı arasında yerləşir. Orta əsrlərdə, Şirvanşahlar dövləti dövründə Şamaxıdan Qubaya gedən yol buradan salınmışdı.

Altıağac yolçuların və dəvə karvanlarının ayaq saxlayıb – düşərgə salıb dincəldikləri yer idi. Vaxtilə Şamaxını Dərbəndlə birləşdirən qədim karvan yolu buradan keçirdi. “Altıağac” adının mənası “6 və ağac” sözləri ilə bağldır. Ağac vaxtilə çox işlədilən qədim uzunluq ölçü vahididir. Təqribən 7 km-ə bərabər olub. Karvan – ticarət, poçt, həmçinin kənd, əyalət, vilayət, xanlıqlar arası piyada və nəqliyyat vasitəsi ilə yollarının ölçü məsafələrini bilmək üçün hər 7 km-də bir məsafədə əkilən nişan ağaclarına münasibətən yaranan ölçü vahididir. Yeri gəlmişkən, bu ölçü vahidi bəzi yer adlarında da öz əksini tapıb. Altıağacdan Şamaxı şəhərinə qədər məsafə 42 km, yəni “6 ağac” olduğu üçün bu yer belə adlandırılıb.

Ruslar Altıağacda

Vaxtilə qəsəbədə ruslar yaşayıb. Köhnə memarlıqda tikilmiş rus evləri – taxta evlər indi turistlərə kirayə verilir. Köhnə kilsə fəaliyyət göstərmir. Nəhəng kilsə zəngi isə kəndin ortasında nümayiş obyekti kimi diqqət çəkir. Pravoslavlıq Azərbaycanda XIX əsrin əvvəllərindən rus çarizminin bölgədə yeritdiyi “köçürmə siyasəti” çərçivəsində nüfuz etməyə başlayıb. Rus pravoslav kilsəsində baş verən parçalanmanın ağır nəticələrindən sığortalanmaq üçün sektant xristianların Qafqaza sürgünü başlandı.

Azərbaycanda ilk rus köçkünləri 1834-cü ildə Şamaxı qəzasında, Altıağac kəndini saldılar. İki əsr əvvəl dini təriqətlərinə görə Çar Rusiyasından sürgün edilmiş və malakan adlandırılan ruslar Azərbaycanın bir neçə bölgəsində yerləşiblər. 1990-cı illərin əvvəllərində SSRİ dağılınca ruslar buranı tərk etməyə başladılar. Hal – hazırda 25 malakan ailəsinin yaşadığı Altıağac qəsəbəsində əhalinin əksər hissəsini Qərbi Azərbaycandan (Ermənistan Respublikası) köçüb gələnlər təşkil edir.

Kəndin sakinləri əsasən heyvandarlıqla məşğul olurlar. Altıağac alma bağlarıyla məşhurdur. Buradan yuxarı dağ – meşə zonasına kanat yol çəkilib. Piknik üçün ideal şərait var. Altıağac turizm üçün çox əlverişli məkandır. Xüsusilə yay aylarında astma xəstəliyindən əziyyət çəkən çox sayda insan buraya, sadəcə, təmiz hava udmaq üçün gəlir. Burada rahatlıq, gəzinti və turizmin bir növü olan hakinq üçün çox böyük potensial var. Bölgədə gecələmək üçün kirayə verilən 300-ə yaxın evdən istifadə etmək olar. Piyada turizm həvəskarları buradan Şamaxıya və Mərəzəyə turist səfərləri edirlər. Qəsəbənin girişində Altıağac Milli Parkının ofisi yerləşir.

Altıağac Milli Parkı (AMP)

Bakıdan 120 km məsafədə yerləşən Altıağac Milli Parkı 2004-cü ildə eyniadlı qoruğun bazasında, Xızı və Siyəzən rayonlarının sahəsində yaradılıb. Böyük Qafqazın təbii landşaftının, flora və faunanı qorumaq məqsədilə yaradılmış qoruğun ərazisinin 90%- i təbii meşə ilə örtülüdür. Qırmızı kitaba salınmış bitki və heyvanlar yaşayır. 9 növ məməli heyvan, 12 növ quş yaşayır.

Soyuqbulaq

Şahdağ Milli Parkı ilə qonşuluqda yerləşən bu ərazidə ekoturizm üçün ideal potensial var. AMP-nin ən yüksək zirvəsində Soyuqbulaq deyə bir yer var. Suyu buz kimi soyuq olan bulaqların çıxdığı Soyuqbulaq dağ başındakı meşəlik ərazidədir. Buranı yalnız yerlilər və milli parkda çalışanlar yaxşı tanıyır və hər fürsətdə piknik üçün Soyuqbulağa gəlirlər. AMP-də çalışanların söylədiyinə görə, buralarda gurultu çıxarmadan sakit otursanız, park ərazisində yaşayan heyvanları görmək şansı var. Çadır qurub gecələmək mümkündür. Təbiətdən zövq alacağınız, dincəlmək üçün müdhiş bir yerdir. İçəri daxil olmaq üçün AMP administrasiyasından icazə almaq lazımdır.

[justified_image_grid load_more=scroll facebook_id=2222665901206802 facebook_album=2337395623067162 limit=0]