Xocalı

Xocalı

Azərbaycanın bu qədim tarixi yaşayış məskəni Tunc dövrünə aid Xocalı – Gədəbəy mədəniyyətinin mərkəzlərindəndir. Rayon ərazisində ən qədim tarixi abidə özünəməxsus olan qəbirstanlıqdır. Arxeoloji abidə son tunc və ilk dəmir dövrünə (e.ə. XIII – VII əsrlər) aiddir.
1988 – ci ildə erməni separatizmi yeni mərhələyə qədəm qoyduqda, Xocalı rayon mərkəzinə, ermənilərin işğalçı fəaliyyətləri qarşısında qalaya çevrildi.

İŞĞAL TARIXI 26.02.1992 16 tarixi abidə, 6 dini ziyarətgah düşmən tapdağı altındadır. Rayon əhalisi respublikanın 50 rayonun-da məskunlaşdı.

Arayış

Xankəndindən 14 km şimal – şərqdə yerləşir. Şuşa yamacında, əsasən dağlıq və dağətəyi sahədə yerləşən rayonda 57 yaşayış məntəqəsi vardı. Şuşa – Ağdam yolunun üstündə qərar tutmuş Xocalı əlverişli coğrafi mövqeyə sahibdir. Torpağı münbitdir. Dəniz səviyyəsindən 580 metr hündürlükdə yerləşir. 1991-ci il noyabrın 26-da təşkil edilən rayonun əhalisi 24 min nəfər idi.

Xocalılar

1992 – ci ilin fevralına qədər Xocalıda 7 min əhali yaşayırdı. Yerli camaatdan başqa 1988-ci ildə Xankəndindən, Ermənistandakı tarixi torpaqlarından qovulan azərbaycanlılar və Orta Asiyadan qovulan mesxeti türkləri yaşayırdı.

Müharibə

Xankəndi və Əsgəran arasında yerləşən Xocalı Şuşadan sonra sırf azərbaycanlıların yaşadığı ikinci böyük yaşayış məntəqəsi idi. 1990-cı ildə şəhər statusu almışdı. Vilayətdəki yeganə aeroport da burada yerləşirdi. Hər tərəfdən atəşə tutulan şəhər tədricən boşalırdı. Şəhərə girən – çıxan yolların hamısı bağlı idi. Tək çarə hava yolu idi. 18 yanvar 1991 – ci ildə sərnişin daşıyan vertolyot partladıldı və nəticədə 40 azərbaycanlı həlak oldu. Bundan sonra hava yolu da kəsilən şəhərin tək informasiya mənbəyi yalnız telefon oldu. Hər yerlə, dünyayla əlaqəsi qopan şəhəri cəmi 50-60 avtomata sahib yerli özünümüdafiə batalyonu qoruyurdu. Təpədən – dırnağa qədər silahlanmış ermənilərin buranı ələ keçirməsi heç də çətin olmadı. Xocalı qətliamı 1988-ci ildən başlayan Qarabağ müharibəsinin, erməni-azərbaycanlı qarşıdurmasının tarixindəki ən dəhşətli hadisələrdən biri kimi tarixdə qaldı. Bu qanlı soyqırım XX əsrin ən qanlı faciələrindən biri hesab edilir.

Faciə

366 cı rus moto-atıcı alayının dəstəyini arxasına alan ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xankəndindən Xocalıya hücuma keçdi. Tam silahlı qoşun əvvəlcə kəndi toplardan yaylım atəşinə tutdu. Gecə yatan əhalinin evləri yanmağa başladı. Hər kəs evindən çıxıb qaçmağa başladı və şəhərin müdafiəçiləri də şəhəri tərk etməli oldu. Səhər saat 5 radələrində Xocalı düşmənə təslim oldu.

Azğın düşmənin gülləbaranından qaçan dinc camaat çarəni dağlara qaçmaqda gördü. Oradan Ağdama keçməyə çalışdı. Naxçivanik kənd yaxınlığında pusquda dayanmış ermənilər onları burada da güllə yağmuruna tutdu. Silahsız insanlar bundan da qaçmaq üçün meşələrə üz tutdular. Amma sağ qalmaq şansları demək olar ki, yox idi.

Nəticə

Şəhərin 160 sakini tamamilə qeyb oldu. Onlardan bir daha xəbər alına bilmədi. 613 insan faciəli şəkildə həlak oldu, 487 insan ağır yaralandı, 76 nəfər şikəst qaldı. Ölənlərdən 106-sı qadın, 63-ü isə kiçik yaşlı körpələr idi. 8 ailə tamamilə məhv edildi, 154 uşaq yetim qaldı, ölənlərdən sadəcə 335 nəfərin cəsədini dəfn etmək mümkün oldu. Həmin gecədən sonra 200 xocalı sakininin ayaqları soyuqdan donaraq qanqrena oldu. 1257 nəfər əsirlikdə ağır işgəncə gördü. Bu cinayəti törədənlər indiyədək cəzasız qalıb. Amma həmin gecə adını tarixə yazan bir çox qəhrəmanlar doğdu.

Milli qəhrəmanlar

Əlif Lətif oğlu Hacıyev (1953-1992)

Xocalıda doğulub. Xocalı aeroportunun komendantı idi. Sağlığında ikən xidmətləri və mübarizəsi artıq dillərdə dolaşırdı. Aeroportu düşmənə təslim etməmək üçün partlatdı. Faciə gecəsi dinc əhalini yanan şəhərdən çıxarmaqla məşğul ikən, atışma sırasında qəhrəmanlıqla həlak oldu. Məzarı Bakıdakı Şəhidlər Xiyabanındadır.

Tofiq Mirsiyab oğlu Hüseynov (1954 – 1992)

Xocalıda doğulub. Məktəbdə hərbi hazırlıqdan dərs deyirdi. 1988-ci ildə münaqişə başladığı zamandan etibarən o da müdafiəyə qalxdı, 1991-ci ildə Xocalı özünümüdafiə batalyonunu qurdu və komandiri oldu. 4 il savaşdı. Faciə gecəsi də komandir batalyonu ilə müdafiəyə qalxdı. Ancaq qeyri-bərabər döyüşdə qazanması mümkün olmadı. Dinc camaatı təhlükəsiz yerə çıxarıb, təkrar olaraq yanan şəhərə doğru qaçdı. Həmin gecə Tofiqin bütün ailəsi həlak oldu: arvadı, atası, anası və qardaşı da daxil olmaqla… Qəhrəman komandirin məzarı Bakıdakı Şəhidlər Xiyabanındadır.

Yanan şəhər

Xocalı həmin gecə buranı tərk edən sakinlərin yaddaşında yanan şəhər kimi qaldı…

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2343700599103331]