Yaşlı cütlüyün mənzildəki kruizi

Koronavirus pandemiyası bütün idman yarışmalarının və əyləncəli tədbirlərin təxirə salınmasına səbəb oldu ki, nəticədə bir çoxlarının səyahət və istirahət planları da alt-üst oldu.

Dünyada yaranmış vəziyyətdən istifadə edərək, xeyli insan öz fantaziyasını işə salıb ortaya maraqlı görüntülər çıxartdı.

Belə ki, Avstraliyanın Melbrun şəhərində yaşayan Norma və Deyv adlı yaşlı cütlük 53-cü evlilik ildönümü qeyd etmək üçün Sakit okean ətrafında 10 günlük kruiz planlamışdırlar. Lakin məlum səbəblərə görə kruiz ləğv edildiyi üçün, cütlük qərara gəlir ki, “kruiz” abu-havasını öz mənzillərində yaratsınlar.

Qızlarının dəstəyi ilə, Deyv və Norma TV-də YouTube proqramında mavi dəniz görüntüsü olan video qoşur, daha sonra biznes sinif kabinələrində olduğu kimi ağ xələtlər geyinir və televizorun qarşısına əyləşirlər. Ümumi abu-havanın kruiz reallığına daha da yaxın olması üçün, Norma gün eynəyi və şlyapa da taxır. Təqaüdçü cütlük, şərab içərək görüntüdən zövq almağa başlayır və qızları da bu görüntünü lentə alır.

Çalışın karantində olarkən belə əylənməyə imkan yaradasınız və bu kimi görüntüləri paylaşaraq digər insanları da ilhamlandırasınız.