Yevlax

Dörd yol ayırıcındadır. Buradan ölkənin bütün istiqamətlərinə doğru yollar uzanır. Ona görə də hər kəsin yolu Yevlaxdan keçir. Bu yerlər əsasən bomboz çöllərdən və bataqlıqlardan ibarət olub. Tez – tez daşan Kür bu yerləri sulara qərq edib. “Cəhənnəm istisi”nin yaşandığı qızmar yayda qara milçək və ağcaqanad əlindən tərpənmək olmur.

Arayış

Bakı – Yevlax arası məsafə 287 km-dir. Kür çayının sağ sahilində yerləşir. Xankəndinə, Mingəçevirə, Şəkiyə, Balakənə və Gəncəyə gedən yollar Yevlaxda kəsişir. Rayon kimi 1936 – cı ildə təşkil edilib. 1963-cü ildə ərazisi ləğv edilərək Ağdaş, Bərdə və Goranboy rayonlarına verilsə də, 1965-ci ildə yenidən müstəqil rayon olub. Kür çayının sağ sahilində düzənlikdədir. Mülayim isti iqlimi olan yarımsəhradır. Əlican, Körçay, İncəçay çayları aşağı axınları rayonun mərkəzi hissəsindən axan Kür çayı hövzəsinə aiddir. Mingəçevir su anbarının cənub –şərq hissəsi Yevlax rayonu ərazisindədir.

Yevlax meşələri

Kür çayı boyunca uzanan tuqay meşələri Yevlax ərazisində 3752 ha sahəni tutur. Kol bitkiləri çoxluq təşkil edir. 658 ha sahədə Qoyunbinəsi – Ərəbbəsrə meşə zolağında qarağac, palıd, ağcaqayın, iydə, tut, qovaq bitir. Alaaltı meşəsi 48 ha sahəni tutur. Bu meşənin ağacları əsasən palıd və qarağacdan ibarətdir. Bundan başqa Yuxarı Şirvan kanalı boyunca 287 ha sahədə meşə zolağı salınıb. Ümumiyyətlə, son illərdə Yevlaxda yaşıllaşdırma işləri sürətlə artıb və bu da rayonun əvvəlki görüntüsünü tamamilə dəyişib. Rayonun ən az özü qədər böyük və məşhur yaşayış məntəqəsi yolayırıcında yerləşir.

Xaldan qəsəbəsi

Eyniadlı kənd Yevlaxın ən böyük və köhnə kəndlərindəndir. Sovet vaxtı bu kənd ümumittifaq səviyyəsində ad çıxarmış məktəbi ilə məşhur idi. Hələ 80 – ci illərin əvvəllərində bu məktəbdə bütün siniflərdə kompüter quraşdırılmış, texniki – maddi bazasına və dərslərin keyfiyyətinə görə SSRİ-də ikinci məktəb hesab edilirdi. Ölkənin istənilən yönünə hərəkət edən maşınlar Xaldan ərazisindən keçdiyindən yol kənarı hər zaman insanlarla dolu olur. Mənbələrə görə, indiki Xaldan kəndinin 2 – 3 km-liyində hələ X əsrin əvvəllərində Sasani hökmdarları tərəfindən böyük, yaraşıqlı bir şəhər – qala ucaldılıb. El arasında buna Ərəş deyirlərmiş.

Ərəş sultanlığı

XI əsrdə mövcud olmuş Ərəş şəhərinin qala divarları və qədim körpünün qalıqları Yevlaxın Xaldan kəndi yaxınlığında qalıb. Orta əsr feodal dövlətlərdən biri olub. Səfəvi – Osmanlı müharibələri dövründə osmanlıların ələ keçirdiyi bu sultanlıqdan bir çox ölkəyə xam ipək ixrac edilirdi. Ərəş sultanları qonşu xan
lıqlarda baş verən ara çəkişmələrində yaxından iştirak edirdilər. Sonuncu hökmdar Şəhabəddin Sultan olub. 1795 – ci ildə Ərəş sultanlığı ləğv edilərək mahal kimi Şəki xanlığının tərkibinə qatıldı. Daha sonra Yelizavetpol quberniyasının tərkibində olan Ərəş Çarizmin Qafqazda inzibati islahatına əsasən 1873-cü ildə qəza elan edilir. 1929 – cu ildə isə ləğv olunur.

Ərazidə 1947 – ci ildə ilk dəfə arxeoloji qazıntı işləri aparılır. Tədqiqatlar onu göstərir ki, hələ erkən orta əsrlər dövründə Ərəş şəhəri mühüm ticarət yollarının (Şirvan, Qarabağ, Gəncə) qovşağında yerləşib və dönəmin iqtisadi – mədəni həyatında mühüm rol oynayıb.

Ərəş nə deməkdir?

Ərəbcə “ərsə” sözündən götürülüb ki, bu da qala, dayanacaq, “çardaq yeri” kimi tərcümə olunur. Əslində uzunluq vahididir, dirsəkdən barmaqların ucuna qədərki məsafəyə bərabərdir. Güman edilir ki, Böyük İpək yolu üzərində yerləşən bu şəhərdə ipək ticarəti əsas yer tutduğundan və həmin ölçüdən istifadə edildiyindən şəhər məhz bu adla tanınıb.

Strateji şəhər

Ərəş şəhərinin adı ticarət mərkəzi və strateji əhəmiyyətli məntəqə kimi Azərbaycanın Təbriz, Ərdəbil, Şamaxı kimi iri şəhərləri ilə bərabər çəkilirdi. Malbinəsi kəndi ərazisində tapılmış küp qəbiristanlığında aşkar edilmiş tapıntılar e.ə. VI əsrdən bizim eranın VIII əsrinədək olan dövrü əhatə edir. Ərəş şəhəri də antik çağda burda mövcud olmuş yaşayış məntəqələri kimi zaman içərisində süqut edib. Yevlaxın əlverişli strateji əhəmiyyətli mövqedə yerləşməsi çar Rusiyasının hakim dairələrinin diqqətindən yayınmayıb və 1803-cü ildə buradan Tiflisə dəmir yolu çəkmək qərarı verilib.

Stansiya

Elə həmin vaxtdan buraya Rusiyanın müxtəlif yerlərindən işçi qüvvəsi axını başlayır. XIX əsrin sonlarında Yevlax stansiyası ərazisində qamış və gölməçələrdən başqa heç nə yox idi. Bakıdan Tiflisə gedən qatarlar üçün Yevlax yalnız dayanacaq yeri idi. Bu haqda fransız yazıçı Jül Vernin “Klaudio Bombarnakın səyahəti” əsərində də məlumat var. Əsərin qəhrəmanı qeyri-adi şəraitdə Tiflisdən Pekinə səyahət edərkən Goran, Yevlax, Ləki, Ucar stansiyalarının adını eşidir. Stansiya, istehsal müəssisəsi, xəstəxananın fəaliyyətə başlaması buraya ətraf kəndlərdən insan axınını artırdıqca qısamüddətli dayanacaq yeri olan stansiya böyüyüb vağzala çevrildi. Zəngəzur, Qarabağ, Şəki-Zaqataladan kilometrlərlə məsafəni qət edib Yevlaxa gələnlər buradan qatarla istədikləri yerə gedir, yük daşıyırdılar. Bunun üçün stansiya yaxınlığında inşa edilən “Məşədi Məmmədəli karvansarası” 1930 – cu illərə qədər fəaliyyətdə olub. Karvansaranın ətrafında çox keçmədən yaranan qalayçı, papaqçı, dərzi, şirniyyatçılar sayəsində Yevlax XX əsrin ilk onilliyində qaynar yaşayış məntəqəsinə çevrildi.

Yevlax tarixi

Orta əsrə aid tarixi sənədlərdə Yevlax Qarabağın qapısı adlandırılıb. Məşhur yaylaqlara, Kəlbəcər, Laçın və Batabata gedən yollar bu qapıdan keçirdi. Coğrafi mövqeyinə görə ölkənin mərkəzində mühüm kommunikasiyaların kəsişməsində yerləşən qədim yaşayış məskənidir. Marzılı kəndində VII əsrə aid Alban kilsəsi, Xanabad kəndində Əlican çayının üzərindəki qırmızı kərpicdən inşa edilmiş Hacılar körpüsü indiyədək durur. İpək yolunun Yevlax ərazisindən keçməsi bu yerin qədimliyindən xəbər verir.

Toponim

Yevlax stansiyasından çox – çox əvvəl Azərbaycanın ayrı – ayrı əyalətlərini, daha doğrusu Kürün o tayı ilə bu tayını birləşdirən bir keçid olub. Deyilənlərə görə, həmin keçid məhz Kürün indiki körpüsü yaxınlığında imiş. Xalq arasında isə bu yerə “yolaq” deyirlərmiş. Sonradan Yolaq Yevlax şəklinə düşüb. Bəziləri Yevlax sözünün ovlaq, düzəngah, ov edilən yer mənasında işləndiyini iddia edirlər. Bir sıra tarixçilər isə Yevlaxın isti yer mənaısnı verdiyini əsas götürürlər. Başqa belə bir fikir də var ki, guya Bakı – Tiflis
dəmiryolu çəkilərkən bu yerlərə Yevlaxov familiyalı bir rus mühəndis gəlmiş və elə o vaxtdan bu yerlərin adı “Yevlax” qalıb.

Yevlaxlılar

Yevlaxın ilk sakinləri dəmiryolunu çəkən mütəxəssislər, fəhlələr, inşaatçılar, onların ailə üzvləri olub. 1890 – cı ilin əvvəllərində stansiyanın yaxınlığında, indiki taxıl məhsulları kombinatı ilə pambıqtəmizləmə zavodunun arasındakı ərazidə həmin ailələr üçün ilk taxta evlər salınıb. Statistik məlumatlara görə, keçən əsrin əvvəllərində Yevlaxın cəmi 500 sakini olub. 1902-ci ildə dəmiryol stansiyası tikintisi başa çatır. Məlum olur ki, bu iş üçün ayrılmış vəsaitdən xeyli pul qalıb. İnşaatda iştirak etmiş yerli ziyalı, mühəndis İsmayıl bəy Peterburqa yollanır, çarın qəbuluna düşür və qalan vəsaitə ərazidə müalicəxana tikilməsinə icazə alır. Beləcə, Xaldan və Ağdaşda buraların ilk xəstəxanası inşa edilir.

Yevlax qaraçısı

Sovet dövründə bu çox yayılmış söz birləşməsinin yaranması qaraçıların, yani “roman”ların özləriylə birbaşa bağlıdır. Yerli camaatın söylədiyinə görə, bunlar Yevlax ərazisinə keçən əsrin 50-60 – cı illərində, daha dəqiq 1963-cü ildə Qazaxıstandan köçürülüblər. O zaman ölkə rəhbərliyinin qərarı ilə köçəri qaraçıları əsasən Yevlax ətrafında yerləşdiriblər. Yerli mühitə öyrəşdikdən sonra isə tədricən digər rayonlara da köçüblər.

Qaraçılar məhəlləsi

Kür üzərindəki köhnə körpünü keçən kimi söyüdlüklərin arxasındakı geniş çökəklikdə yerləşir. Nizamsız tikilmiş, birmərtəbəli taxta evlərin heç birinin hasarı yoxdur. Buna ehtiyac da görmürlər. Kənardan gələn insanlarla münasibət qurub özləri haqqında danışmağa meylli deyillər. Yevlaxda təxminən 2500 qaraçı var. Amma qeydiyyatdan keçmədikləri üçün sənədsiz yaşayır, pasport ala bilmədikləri üçün də artıq xaricə səyahət edə bilmirlər. Bu icmada bir adət var ki, gəlin gələndə qızlar işləyib ailəyə baxacaqlarına dair and içirlər. Qaraçı qadınları pulu əsasən dilənçilik və falçılıqla qazanırlar. Kişiləri isə yayın qızmar istisində belə yorğana bürünüb yatırlar. Çox erkən yaşda evlənirlər. Qaraçı ailələrin əksəriyyəti çoxuşaqlıdır.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2338836739589717]