Deyilənlərə görə, dünyanın ən ətirli tütünü burada bitir. Qızıl güllər diyarı Zaqatala möhtəşəm çinar ağacları ilə məşhurdur. Mərkəzi parkdakı 750 illik çinar ağacları buranın tarixi simvoludur. Şəhərin girişindən çıxışına qədər hər yerdə qarşınıza çıxan fındıq bağları isə buranın əsas rəmzi hesab edilir
Arayış
Bakı – Zaqatala arası məsafə 450 km-dir. Azərbaycanın şimal – qərbində, Böyük Qafqaz sıra dağlarının cənub yamacında, Yevlax – Balakən şosse yolunun üstündə, Qanıx – Əyriçay vadisində yerləşir. Dəniz səviyyəsindən 535 metr hündürlükdəki şəhər Tala çayının sahilində salınıb. Ərazidən 7 çay axır: Qanıx çay (Alazan), Tala çay, Katex çay, Muxax çay, Bəkməz çay və s. Ən uca nöqtə Quton dağıdır (3648 m). Şimaldan Dağıstan, cənubdan Gürcüstan ilə həmsərhəddir. 1348 kvadr-at km olan ərazisini dağlıq və düzənlik relyef təşkil edir. Düzənlikdə mülayim, dağlarda soyuq və rütubətli havanın müşahidə olunduğu rayon ərazisinin yarısı, əsasən dağlıq zona meşələrlə örtülüdür. İqlim şəraiti buranı dağ – iqlim kurortuna çevirməyə imkan verir.
Fındıq
Yerlilərin “çörək ağacı” dediyi fındıq buranın ən məşhur nemətidir. 9 min hektara yaxın bağ sahələri var. Fındıq zavodunda ildə 3000 ton fındıq ləpəsi istehsal edilir.Yol boyunca bütün istiqamətlərdə “fındıq qəbulu” yazılmış lövhələrə rast gəlmək olar. Həmin məntəqələrdən toplanan fındıq xaricə yollandığından daxili bazarda rast gəlmək demək olar mümkün deyil. Tapılanda da çox baha qiymətə satılır.
Şəkidən və Qaxdan Zaqatalaya aparan yollar irəlidə insanı gözləyən təəssüratlar haqqında ipucu verir. Bu yolun gözəlliyi keçən əsrin əvvəllərindən burdan keçənləri valeh etməyə başlayıb. Zaqatala dairəsi məşhur Tiflis – Nuxa – Şamaxı – Bakı ticarət yolunda mühüm məntəqə olub. 1867 –ci ildə Zaqatala yolunun çəkilişinə başlanıb. Səyyahlar 1909 – cu ildə hər iki tərəfdən fındıq, qoz, meyvə ağacları ilə əhatələnmiş 68 verstlik şosse yolu Nuxa – Zaqtala və daha da gözəl olan Zaqatala – Laqodexi yolundan bəhs ediblər. Dairədə inzibati mərkəz Zaqatala şəhəri olub. Bura XIX əsrin ortalarından etibarən yüksəlməyə başlayıb, 1850 – ci ildə isə şəhər statusu alıb.
Zaqatalanın mineral bulaqları
Bunlar əsasən kükürdlü su bulaqlarıdır. Maqovdakı Qoşabulaq, Əliabaddakı Buğdalıq bulağı, Sabunçu kəndindəki Kükürdlü su bulağı, Yuxarı Çardaxlar kəndindəki bol yodlu Bitdili çayının bir qolu, Mamruxda yerləşən İsitmə bulağı, Qımırdakı Hamam bulağı, Qandax artezianını göstərmək olar.
Zaqatala Dövlət Təbiət Qoruğu
Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında, Zaqatala və Balakən rayonlarının torpaq sahəsində 1929 –cu ildə yaradılıb. Zaqafqaziyada yerli flora və faunanı qorumaq üçün qurulan ilk qoruqlardandır. Dəniz səviyyəsindən 600 – 3600 metr hündürlükdə yerləşir. Təxminən 2400 metr yüksəklikdən alp çəmənlikləri başlayır. 24 min ha ərazidə 800 – dən çox bitki, 32 növ məməli, 90 növə qədər köçəri və oturaq quşlar yaşayır. 12 bitki növü Qırmızı kitaba salınıb. Ekoturizm üçün ideal şəraiti olan Qoruq ərazisində müxtəlif qala və şəlalələr var.
Turist cığırları boyunca piyada və at belində səyahətə çıxanda qoruqda yaşayan heyvanların və quşların davranışlarını müşahidə etmək, foto və video çəkilişlər aparmaq olar. Bu marşrutlarda turistlərin dincəlməsi və çadırda gecələməsi üçün münasib yerlər var. Qırqovul və su quşlarını, qaban, dovşan və başqa heyvanları ovlamaq mümkündür. Qaş kəndinin ətrafında qışda xizək sürmək üçün əlverişli şərait var. Ümumiyyətlə, turizm potensialı çox yüksək olan Zaqatalada bir neçə istiqamətdə daxili turist marşrutu müəyyənləşdirilib ki, bunlar vasitəsilə rayonu gəzib hərtərəfli tanımaq yaxşı olar.
Ləzzət – Car – Şamilyovka
Mərkəzə ən yaxın və ən populyar səyahət marşrutudur. Son dayanacağı yerlilərin Şamilyovka dediyi Şamil qalasıdır. Yüksək dağ başında, sıx meşənin içərisində yerləşən bu müdafiə qalasına yalnız atla və ya piyada getmək mümkündür. Atla 3 – 4 saatda gedilən qalanı piyada ziyarət etmək kəndlilərin dediyinə görə bir gün vaxt aparır. Bura Şeyx Şamilin rus işğalına qarşı mübarizə apardığı illərdə sığınacaqlarından biri olub.
Car kəndi
Mərkəzdən cəmi 1 km aralıda yerləşən bu kənd Zaqatalanın əsas tarixi mərkəzi olub. Sonradan inzibati mərkəz indiki rayon ərazisinə köçürülüb. Böyük Qafqaz sıra dağlarının ətəklərində salınıb. Əhalisi müsəlman avarlardır. Tarixi abidələrlə zəngin kənddə Şeyx Şamilin büstü qoyulub. Mərkəzdəki XVIII əsrə aid Car məscidi ciddi dini və siyasi mərkəz olub. Rus və fars işğallarına qarşı mübarizə aparan Car – Tala və Car – Balakən camaatlığı liderlərinin bir qismi məhz bu dini mərkəzdə yetişib. Car və Tala kəndlərinin tarixi şəhərdən qədimdir.
300 il əvvəl İlisu sultanlığı tabeçiliyində olublar. Nadir şaha qarşı XVIII əsrin I yarısında vuruşublar. 1735 – ci ildə Nadir şah ona baş əyməyən camaata elə vergilər qoyub ki, böyük üsyan qalxıb. Bölgəyə cəza dəstələrini yollayan Nadir şah həmin kəndləri xarabaya çevirsə də camaatı yenə özünə tabe etməyi bacarmayıb.
Cingöz qala (XVIII əsr)
Çingiz qalası da deyirlər. Carlı İbrahim kişinin həyətyanı sahəsində, fındıq bağının ortasında yerləşir. Digər yerlərdən fərqli olaraq Zaqatala – Balakən zonasında şəxsi evlərin həyətlərində tarixi abidələr sayca çoxluq təşkil edir. Dördbucaqlı formasına görə bu tip qalaları odlu silah kəşf edilməzdən əvvəlki tarixə aid edirlər. Bununla belə, qalanın 20 – 25 metrliyindəki qoruyucu divarın üzərində ərəbcə yazılmış kitabədə tarix XVIII əsri göstərir. XVI əsrin sonlarından başlayaraq burada tez – tez dəyişən Osmanlı və Səfəvi dövlət idarə üsulu insanları tez – tez üsyana qalxmağa vadar edirdi. 1578 – ci ildə Səfəvilərlə Osmanlılar arasında baş verən Qanıx döyüşü də burada, Qanıx çayın sahilində baş tutub. Osmanlıların qələbəsi ilə başa çatan bu tarixi hadisədən sonra bölgə bir müddət Osmanlı türklərinin təsiri altına düşüb. Odur ki, Balakən – Zaqatala bölgəsindəki dini ayinlərin bir qismi, xüsusilə mövlüd kimi tanınan və peyğəmbərin anadan olması şərəfinə düzəldilən məclislərdə bu yaxınlıq daha çox hiss edilir. Mövlüd məclislərində Yunus Emrenin ilahiləri bu günə qədər oxunur.
Ləzzət
Zaqatalanın ən populyar istirahət mərkəzinin adıdır. Buraya ilk dəfə gələn hər kəsə ləzzət verdiyi üçün adı elə belə də qalıb. Rayon mərkəzindən 4 km aralıda, Car kəndi ərazisində, dağ ətəyində, Zilban çayı sahilində salınıb və 1986 – cı ildən fəaliyyət göstərir. Təmiz hava, gözəl mənzərə, iti surətlə axan çayın şırıltısı buranı əvəzsiz edir. Yüzillik ağacların qalın gövdələrinin, budaqların arasında hazırlanmış xüsusi yerlərdə oturub yemək – içmək və ətrafı seyr etmək çox keyflidir. Arzu edənlər buralarda dağ keçisi ovuna da çıxa bilərlər. Azərbaycan, Dağıstan və Gürcüstan mətbəxindən bütün yeməklər bişirilir. Hamısı ləzzətlidir, amma bir dənəsi var ki, oraya getmişkən mütləq dadına baxılmalıdır.
Ləzzət dövrəsi
Əvvəlcə toyuq suda qaynadır, qazanın içərisinə 1 ədəd baş soğan atırlar. Bişəndən sonra toyuq əti didiklənərək sümükdən aralanır. Suda bişmiş baş soğan da xırda doğranır. Daha sonra üstünə bir neçə qaşıq Ləzzət acikası və sarımsaqlı alça turşusu, eləcə də 2 – 3 qaşıq bitki yağı qatılır və hamısı birlikdə qarışdırılır. Spesifik dada sahib Ləzzət acikası ətraf meşəlik – dağlıq ərazidən toplanmış müxtəlif ot, acı bibər və ədviyyatlardan hazırlanmış xüsusi sousdur. İnqirdiyentlərini məslək sirri olduğu üçün gizli saxlayırlar. Aşpazlar daha sonra sürhüllünü qaynadıb süzürlər. Daha sonra bunların hamısını geniş boşqaba tökür və qarışdırırlar. Çox fərqli, acılı – turşməzə dadı olan toyuqlu xəmir yeməyi ortaya çıxır. Zaqatalada ləzzətli yerlər çoxdur. Bunlardan biri Makov kəndi ərazisində yerləşir.
“Farel birliyi”
1978 – ci ildən fəaliyyət göstərir. Buna “balıqçılıq istirahət mərkəzi” də deyirlər. Ərazidə farel balıqları yetişdirilir. Farel yalnız şirin suda yaşayan bahalı, ləzzətli balıqdır. İstirahət mərkəzində xüsusi hovuzlarda yetişdirilən çox sayda balıq buradan satışa yollanır. Farel birliyi istirahət mərkəzi çeşidli ağac növlərinin, qızılgüllərlə dolu yaşıl parkın içərisində salınıb. İstirahət mərkəzində son illərdə lyuks və super lyuks kotecləri olan otel inşa edilib.
Toponim
Zaqatala adının etimologiyası ilə bağlı bir neçə rəvayət var. Yerlilərə görə bu, Zəki talası deməkdir. Guya qədimdə Zəkəriyya adlı şəxs sıx meşəni qıraraq yer açıb və özünə burada ev tikib. Bundan sonra Zəkəri tala, Zakirtala kimi tanınmağa başlayıb. Zaman keçdikcə Zaqatala olub. Zaqatala adı Sakatala, yəni Sak düzü adının dəyişmiş versiyasıdır. E.ə. VII əsrin əvvəllərində Kimmer – Skit dalğaları ilə Ön Asiyaya düşmüş sak tayfaları Albaniyanın ərazisində də məskunlaşıblar. Sakların yerləşdiyi ərazi Kür çayının sağ sahilindən Qafqaz dağ ətəklərinə qədərki sahəni tuturdu. İki hissədən ibarətdir: zaqa və tala. Zaqa – Saka sözündən götürülüb, saklar mənasında işlənir. Zaqatala Zakirin yox, sak tayfalarının talasıdır.
Zaqatala tarixi
Zaqatala ərazisində yaşayışın e.ə. III minillikdən bəri mövcud olduğunu sübut edən tarixi – arxeoloji abidələr mövcuddur. Alazan çayı vadisində neolit dövrünə və eramızdan əvvəl III – I minilliklərə aid olan “Yalovlu təpə” arxeoloji tapıntıları aşkarlanıb. Muğanlı kəndi yaxınlığında əkinçilik işi ilə məşğul olan kəndlilər iş zamanı torpaqdan at dişi şəklində çapacaqlar, saxsı qablar, uşaq qəbirləri tapıblar.
Zaqatala Qafqaz Albaniyası dövlətinin qərbində yerləşirdi. Uzun əsrlər bölgəyə hakim olmuş Albaniya dövlətində eranın əvvəllərində xristianlıq rəsmi din kimi qəbul edilir. O zamana aid Alban xristian memarlıq abidələri ilə rayon ərazisi çox zəngindir. Zaqatala – Qax arası dağlıq ərazidə trapez şəkilli Armatay dağının yamaclarına səpilmiş kəndlərdə və meşəlik ərazilərdə bu məbədlər sayca çoxluq təşkil edir.
Zaqatalanın tarixi abidələri
Bizim eranın əvvəllərinə aid olan qalalar, müdafiə sədləri, türbələr, məbədlər, evlər, sənətkarlıq emalatxanaları, məscidlər və minarələr var. Rayon ərazisində dövlət tərəfindən qorunan 100 – ə yaxın abidə qeydə alınıb. Zaqatala kəndlərində V – VI əsrlərə aid 10 – dan çox Alban abidəsi var.
Alban evi
Mamrux, Paşan, Muxax kəndlərində yerləşən və bir – birinə bənzər bu qədim alban abidələrində 1974-84 – cü illərdə elmi araşdırmalar aparılıb. Ehtimal edilir ki, məbədlər inşa edildikləri ilk zamanlarda müqəddəs üçlüyə – Mitra, Ahuramazda və Anahidə həsr olunub. Bu isə göy cisimlərinə, sonsuz dünyaya məxsus Göyə, Günəşə və Aya inamla bağlı idi. İslamdan əvvəl yüzillər boyunca Aya, Günəşə və xristianlığa bağlı inanc hakim olub.
Paşan kəndi
Zaqatalanın gözdən uzaq, ən mənzərəli kiçik kəndlərindəndir. Meşənin sıx dərinliyində quş səslərinin müşayiəti ilə yolu bilməyənlər bir neçə saatlıq axtarışlardan sonra bir Alban evi ilə qarşılaşırlar. Tək hücrədən ibarətdir. Qafqaz Albaniyası zamanından, V – VII əsrlərdən qalma tarixi abidənin keşikçi qalası, ibadətgah və sair ola biləcəyi ehtimal edilir.
Mamrux kəndi
Rayon mərkəzindən 23 km şərqdə, meşənin içərisində yerləşən bu səfalı dağ kəndində saxurlar yaşayır. Saxurlar əsasən sarışın, ucaboylu, ağbənizli, rəngli gözləri olan insanlardır. Olduqca qonaqpərvər saxurlarda bir məsəl var:
“Samovarı qaynamayan və qonağı olmayan evdən ev olmaz”
Bu da o deməkdir ki, bu kənddə hansı evin qapısından içəri daxil olsan, yedirib içirmədən yola salmırlar. Zaqatalanın ən qədim kəndlərindən olan Mamruxda XVIII əsrdən qalma qədim körpü, eyni dönəmə aid məscid və V əsr Alban evi yerləşir. Mamrux məbədinin qədim inanclara görə Ay ilahəsi Selenanın şərəfinə tikildiyi güman olunur.
Muxax kəndi
Rayon mərkəzindən 12 km şərqdə, Muxax çayının sağ sahilində yerləşir. 8 min nəfərlik kənd əhalisi azərbaycan-lılardır. Əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıq kənd əhalisinin əsas məşğuliyyət sahələridir. “Antistress effektli” kəndlər silsiləsindəndir. Muxaxın ən məşhur tarixi abidəsi tamamilə kolluqların arasında qalmış qədim Alban evi və onunla eyni ərazidə XIX əsrdə inşa edilmiş Cümə məscididir.
Məscidlər
Şimal – şərq zonasında məscidlərin sayca çoxluq təşkil etdiyi yer Zaqataladır. Burada 40 – a yaxın məscid var. Əksəriyyətində minarələrin olmaması diqqəti çəkir. Çoxu kommunist rejim zamanı dağıdılıb. Kənd məscidlərinin əksəriyyəti milli memarlıq üslubunda inşa edilib. 1998 – 2002 illərdə istifadəyə verilmiş mərkəzi şəhər məscidi isə Osmanlı türk memarlığı əsasında, Türkiyənin Giresun bölgəsindən usta Adem Elmas tərəfindən tikilib. Bunlardan ən böyüyü Aşağı Tala kəndində XIX əsrdə inşa edilmiş Cümə məscidi vaxtilə bütün Qafqazda ən böyük məscid olub.
20 ha sahəsi olan məsciddə eyni zamanda 2500 nəfər ibadət edə bilir. Deyilənlərə görə, yerli məscidin tamamlanması üçün tələb olunan vəsaiti məşhur xeyriyyəçi neftxuda Hacı Zeynalabdin Tağıyev bağışlayıb.
Yuxarı Çardaxlar kəndi
Rayon mərkəzindən 14 km şimal – şərqdə yerləşir. Şimal tərəfdən Böyük Qafqaz sıra dağları və cənubdan Muxax kəndi ilə həmsərhəddir. Yeri gəlmişkən, Y.Çardaxlar – Muxax kəndləri Zaqatala üzrə daxili səyahət marşrutlarından birini təşkil edir. Kənddə orta əsrlərdən qalma Şüayi qalası var. Buna Bürc də deyirlər. Gözləmə məntəqəsi olub. Karvan yolu üzərində yerləşir. Vaxtilə karvanların gəliş – gedişləri ilə bağlı xəbərləşmə mərkəzi, bir növ mayak kimi istifadə edildiyi güman olunur. Gözəlliyinə, mənzərəsinə, tarixi abidələrinə və mehriban insanlarına görə buralara gəlməyə dəyər. Kənddə avarlar yaşayır və əsas məşğuliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq, bağçılıq və heyvandarlıqdır. Hamının həyətində fındıq bağı var. Evə gələn qonaqlara fındıq yedirir, yeməyənlərin payını qoltuğuna vururlar. Ekoturizm üçün hər cür şərait var. Suyunda farel balığı olduğu söylənən Bitdili çayı axır. Meşə hər cür meyvə və giləmeyvələrlə zəngindir. Çiçəklərin qoxusu, quşların səsi, hər tərəfdən qaynayan sərin bulaqlar buranı ideal piknik ərazisinə çevirir.
Y.Çardaxlarda mütləq görülməsi gərəkən yer kəndin yuxarı başındakı tarixi abidə, buraların yaraşığı, yüksək dağ zirvəsində daşdan yonulmuş möhtəşəm heykəli xatırladan Pəri Qalasıdır.
Pəri qala (IV – VI əsrlər)
Xalq arasında bu adla tanınsa da, əslində Zərdüşt məbədidir. Hərbi – strateji əhəmiyyətli yerdir. Pəri qalasına aparan yollar tamamilə uçduğundan oraya getmək mümkün deyil. Kəndlilərin söylədiyinə görə, dağ boyunca üzü yuxarıya doğru 45 dəqiqə çıxmaqla qalaya yalnız yaxınlaşmaq olur. İçərisinə daxil olmaq isə qeyri – mümkündür. Pəri qalası haqqında çox sayda əfsanə danışırlar. 1889 – cu ildə İosif Qallaxov adlı müəllifin “Qafqazın adları və yerlərinin təsviri” adlı xatirələr məcmuəsindəki rəvayət belə səslənir:
Rəvayət
Dünyanı işğal edən Topal Teymur Azərbaycana gəlib çıxır. Yerlilərin güclü müqavimətindən təşvişə düşən Teymur ən güclü sərkərdələrini səfərbər edir ki, bu tərəfləri ram etsinlər. Son nəfərinə və son nəfəsinədək vuruşan camaatın içərisində gözəlliyi və igidliyi ilə seçilən cavan bir qızın xəbəri Teymura da çatır. Şiddətli döyüşlərdən birində Pəri adlı bu qız Teymurun sevimli sərkərdəsini öz qılıncı ilə öldürür. Adamının ölüm xəbərinə qəzəblənən Teymur Pəriyə xəbər yollayır ki, xoşluqla silahını yerə qoysun. Üstəlik ona arvadı olmağı də təklif edir. Pərinin “düşmənə təslim olmaqdansa ölmək yaxşıdır” cavabına qəzəblənən Teymur daha amansız davranmağı əmr edir. Nəticədə çox insan qırılır, Pəri də döyüşə – döyüşə bu qalanın olduğu yüksəkliyə qalxır. Yuxarıda artıq gücünün tükəndiyini hiss edir. Uduzduğunu anlayınca da özünü qaladan aşağıya atır. Hər yerdə onu axtaran düşmən əsgərləri bir neçə gün sonra qızın meyitini çaydan tapıb Teymurun hüzuruna gətirirlər. Teymur Pəri xanımın cənazəsini bir gecə çadırında saxlamağı əmr edir. Ertəsi gün Teymur qoşununu buralardan çəkib başqa yerlərə hücuma keçir. Deyirlər, qocaldıqdan sonra ona Qafqaza yenidən hücum etməyi təklif edən bir qocaya: “Orada qadınlar da kişilər kimi mərdliklə can verirlər,” – söyləyən Teymurləngin bir daha da buralara ayağı dəyməyib.
Qaladüzü parkı
Qaladüzü deyilən ərazidə 1947 – ci ildə mədəniyyət və istirahət parkı salınıb. Bura şəhərin ən üst, dağlıq hissəsidir. 13 ha sahəsi olan parkda 27 növ ağac əkilib. Karusellər, abidələr, çayxana və restoranların fəaliyyət göstərdiyi park zaqatalalıların ən populyar dincəlmə mərkəzidir. 1803 – cü ildə Zaqatala Rusiya təribinə daxil edildikdən sonra burada qulluq edən rus zabitlərinin dəfn edildiyi yer olan Qaladüzündə bir böyük kilsə və buranın tarixində çox önəmli yerə sahib qala da yerləşir.
Zaqatala qalası
XIX yüzilliyin əvvəllərindən etibarən bu bölgəyə dəfələrlə işğalçı yürüşlər təşkil edən Rusiya hər dəfə xeyli itkiyə məruz qalıb. 1804 – cü ildə qəddar və məğlubedilməz rus generalı Qulyakov burada öldürülüb. O dönəmdə bütün rus imperiyasına yayılan üsyanlar dalğası da məhz burada başlayıb. Çar höküməti üsyanların qarşısını ala bimək üçün Zaqatalada ciddi hərbi istehkam və qala tikdirməyin, qoşun saxlamağın vacib olduğuna qərar verir. Qala Çar Rusiyası tərəfindən hərbi – strateji məqsədlə 1804 – cü ildə tikilməyə başlanıb, 1830-cu ildə tikintisi başa çatıb. 9 hektar sahəsi və 3 giriş qapısı olan qalanın daxilində müxtəlif məqsədlər üçün tikilmiş 30 –a yaxın bina var.
Vaxtilə burada toplarla təchiz edilmiş güclü qarnizon, qərargah, xəzinə saxlanılıb. Qala çar hakimiyyətinə qarşı bir sıra kəndli çıxışlarının yatırılmasında əsas dayaq məntəqəsi və Rusiyanın Cənubi Qafqazda ən böyük istehkamlarından biri olub. Çox böyük sahəni əhatə edən qalanın içərisində yüzlərlə, hətta bir neçə min əsgər və zabitin təlim keçməsi, yaşaması və istirahət etməsi üçün şərait yaradılıb. Ibadət etmək üçün ruslar qalanın yaxınlığında kilsə də tikiblər.
Qala Rusiyanın Qafqazda həyata keçirdiyi işğalçı siyasətin simvolik rəmzi kimi qəbul edilir. İşğalçı siyasətə üsyanla etiraz edən dağlı xalqlar həmişə ilk növbədə Zaqatala qalasını ələ keçirməyə cəhd ediblər. Çar ordusu yerli əhaliyə müxtəlif növ ağır vergilər təyin edirdi.
Bu vergiləri ödəyə bilməyən yerli əhali, 1830, 1863, 1864-cü illərdə üsyanlar qaldırıb. Hər üsyandan sonra qala bir neçə yerdən dağılıb.
1905 – ci ildə Rusiyada Potyomkin gəmisinin matrosları Çar Rusiyası zülmünə qarşı üsyan qaldırdığına görə bu qalaya sürgün olunub.
Məncə sürgün olunmaq üçün əla yerdir. İllər sonra burada həmin tarixi hadisənin süjeti əsasında “Yenilməz batalyon” filmi çəkilib. Son illərdə qalada restovrasiya işləri aparılıb. Hələ də hərbi –strateji əhəmiyyətini itirməmiş qalada DİN Daxili Qoşunların hərbi hissəsi yerləşir. Amma tezliklə buranı boşaldıb turizm üçün açıq zonaya çevirəcəklər.
Əhalisi
Zaqatalada 22 millət və xalqın nümayəndəsi yaşayır. Bu etnik azlıqlar öz adət – ənənələrini, dillərini və dinlərini yaşadırlar. Türklər, avar, saxur, ləzgi, mesxeti türkü, ingiloylar və digərlərindən ibarətdir. Bunların içərisində ingiloylar çoxluq təşkil edir. 1859 – 1871 – ci il statistikasına görə burada yaşayan 11 min ingiloyun 8 mini müsəlman, qalanı xristian olub.
İngiloylar
Qax, Zaqatala, Balakəndə yaşayan etnik qrupdur. Albaniyanın türk etnoslarındandır. Gürcü tələffüzündə ingiloy səslənir. Gürcü və türk dillərində danışırlar. Tarixi mənbələrə əsasən qədim Azərbaycan ərazisində mövcud olmuş Alban dövləti tərkibində Gel tayfaları yaşayırdılar. Ptolomey ingiloyların məskunlaşdığı ərazini Gelda adlandırır. Məhz həmin gellər indiki ingiloyların əcdadı sayılır. XI əsrə qədər bu bölgə qədim Qafqaz Albaniyasının şimal – qərbində yaşayan türklərin, ingiloy, avar və saxurların əcdadları hesab olunan lek, qel, lpin, djibq və sair tayfalar məskəni olub. XII əsrdə baş verən gürcü işğalı bu tayfaların əksəriyyətinin çətin keçilən dağ keçidlərinə sığınmağa məcbur edib. İşğal altında qalan hissə gürcü ağalığı zamanı assimilyasiyaya məruz qalıb. Gürcü kilsəsinin təsirinin artması ilə əlaqədar, gellər gürcü mədəniyyətinin təsiri altına düşərək tədricən gürcü dilini mənimsəyiblər. Xristianlığı qəbul edən bu hissə ingiloy adlanır. XIX əsr səyyahı yazır ki, ingiloylar gürcü dilini, tipini, adət – ənənələrinin bəzilərini qəbul etsələr də, onların məişəti və davranışlarında tatar xarakteri hiss olunur. XIX əsrin 60-cı illərində çar hökümətinin Alazan vadisində zorla xristianlaşdırma siyasətinə etiraz əlaməti olaraq kütləvi narazılıq başlayıb və 1863 – də açıq üsyanla nəticələnib. Sonrasında çar məmurlarının təhdidlərindən yaxa qurtarmaq üçün Əliabad kəndindən üsyanın fəal iştirakçısı olan 40 – a yaxın ailə Osmanlıya köç edib. İngiloy mühacirlər Adana vilayətinin Ceyhan ilçəsindəki Dağıstan kəndində məskunlaşıblar. Hal – hazırda burada yaşayan ingiloyların bir qismi müsəlman, digərləri isə xristiandır.
Gellər
Azərbaycan xalqının etnogenezində böyük rol oynayan gellər Albaniyanın qədim sakinlərindəndir. Gürcücə ingilo, türkcə yengiloy (yeni gel) qədim Gel tayfalarının müasir adıdır və hazırda Qax, Zaqatala və Balakən rayonunun bəzi kəndlərində yaşayırlar. Yengiloyların əksəriyyəti, Balakən və Zaqatalada yaşayanlar müsəlman, Qaxda yaşayanlar isə xristiandır. XIX əsrədək ingiloylar tədqiq edilməyib. Balakən – Zaqatala bölgəsi Azərbaycanın bir parçası kimi Rusiya tərəfindən işğal edildikdən sonra, 1830-cu ildən başlayaraq yengiloylar haqqında məlumatlara rus hərbçilərinin raportlarında rast gəlinir. Burada onlar müsəlmanlaşdırılmış gürcülər kimi qələmə verilirlər. Tarixi mənbələrə görə, gel tayfaları e.ə. IV yüzillikdən başlayaraq Albaniyanın sərhədləri daxilində yaşayıblar. Onların bir hissəsi, indiki Gürcüstan ərazisində yaşayanlar XIV yüzillikdə gürcülər tərəfindən assimilyasiyaya uğradı. Balakən – Zaqatala – Qax ərazisində yaşayan gellər isə tam assimilyasiya edilə bilmədilər. Çünki bu ərazilər XV əsrdə türk – müsəlman mənşəli Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin sərhədləri daxilində idi. XVII əsrdə qısa müddətlik də olsa gürcülərin təsiri altına düşən yengiloylar Şah Abbasın bu bölgəyə yürüşündən sonra yenidən Azərbaycana qaytarıldı və əhalisi müsəlman inanclarına geri döndü. Bununla əlaqədar türklər arasında yengiloy yəni yeni gel ifadəsi yarandı. Buna baxmayaraq 1850-ci ildən yengiloylar gürcü kilsəsinin təsiri altına düşərək bir qismi xristianlaşdı. Avarlar onlara gelou, saxurlar gelavu deyə çağırırlar. 18-ci əsrdə Saingilo ifadəsi yaranır ki, bu da yengiloyların vətəni mənasını verir.
Əliabad kəndi
Rayon mərkəzindən 18 km aralıdadır. Zaqatala – Balakən şose yoluna bitişik, 6000 ha sahədə salınan bu kənddə 9 minə yaxın ingiloy yaşayır. Vaxtilə İpək yolunun üstündə Şərqin ən böyük bazarlarından “Əskibazar”ın yerində indiyədək hər həftə böyük yarmarka açılır.
Mosul kəndi
İraqda və Türkiyədə eyniadlı şəhər var. Zaqatalanın Mosul kəndində ingiloylar yaşayır. Burada toya getmək maraqlıdır. Toylar kənd insanları üçün əsl əyləncədir. Bütün kənd iştirak edir. Dəvətnaməyə ehtiyac yoxdur. Çadır qurulur. Stollar düzülür. Üstü yeməklə doldurulur. Bu tərəflərdə qadınlarla kişilər eyni stol arxasında oturur, bir yandan yeyib – içir, bir yandan da durmadan rəqs edirlər. Bir – birini əvəz edən Qafqaz musiqisi sədaları altında növbə ilə hamı ortaya atılır. Burada toylar temperamentli rəqs yarışlarını xatırladır. Böyük həvəslə oynayanlar bütün ustalığını və məharətini göstərməli olurlar.
Şalaxo
Bu, Zaqafqaziyada geniş yayılmış, toylarda ən sevilən və ən qədim kişi rəqslərindəndir. Yaranma tarixi maraqlıdır. Keçmişdə kənd – kənd dolaşan qaraçılar ayı və meymun gəzdirər, camaatın qarşısında onları oynadardılar. Heyvanları gəzdirən qaraçının qaval çala – çala oxuduğu yeknəsəq, sadə bir melodiya ahəngində ayı ya da meymun hoppanar, mayallaq vurar, oynardı. Bələdçi qaraçı onun kürəyinə bir ağac parçası qoyardı. Guya ki, bir şələ çırpı yükləyib, işarə edərdi ki, tamaşaçıların qabağından keçsin. Özü isə oxuyardı. Oxunan mahnıda tez – tez şələ sözündən istifadə edilərdi ki, şalaxo sözü də bu kökdən törəyib. Xalq arasında şələxo deyirlər. Şalaxonu eyni vaxtda 2 – 3 adam oynayır, lakin onlardan birinin ifa etdiyi rəqsin şəkli digərinə oxşamır. Burada əsasən oynayanlar arasında bacarıq, məharət, ifa texnikası yarışı gedir.
[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2337501419723249]