Zəngilan

1992-ci il 10 dekabr

Ermənistanla 15 km-lik sərhəd xəttini pozaraq erməni silahlıları sərhəddəki Seyidlər, Qazançı, Ağkənd, Günqışlaq kəndlərinə qəflətən hücum etdilər. Ardından da Dərəli, Pirveyis, Yuxarı Gəəli, Aşağı Gəəli, Bürünlü, Şərikan, Canbar və Şayıflı kəndlərinə də soxularaq dağıtdılar.

İŞĞAL TARIXI 28-30.10.1993 13 tarixi, 19 dini abidə və ziyarətgah düşmən tapdağı altındadır.

Arayış

Bakıdan 380 km aralıdadır. 1930-cu ildə inzibati rayon kimi təşkil edilib. Ermənistan və İranla həmsərhəddir. Təşkil ediləndə ona Pirçivan şəhəri adı verilmək istənsə də təsdiq edilməyib. Orta və alçaq dağlıq sahə və dağətəyi düzənlikdə yerləşir. Ərazi Kiçik Qafqazın Bartaz (2270 m), Süsən (1304 m), Sığırt, Təlid, Topdağ və Ağbiz dağları ilə əhatələnib. Həkəri, Oxçuçay, Bəsitçay, Kinav çayları axır. Bakı – Culfa – Naxçıvan magistral dəmir – avtomobil yolları onun ərazisindən keçir, strateji əhəmiyyət kəsb edir. Çay vadiləri molibden, qızıl, qranit və digər yeraltı ehtiyatlarla da zəngindir.

Çinarlar

Avropada ən böyük və nadir çinar meşəliyi də Zəngilan rayonu ərazisində yerləşir. Burada, Araz çayı hövzəsində 117 ha sahədə 1974-cü ildə Bəstiçay dövlət qoruğu yaradılıb. Çay boyu Şərq çinarı meşəbəyi 12 km məsafədə uzanır. Ağacların yaşı 500 ilə çatır. Şərq çinarı “Qırmızı kitab”a daxil edilib.

Bəsitçay

Araz çayının qoludur. El arasında buna Balaçay da deyirlər. Toponim güman edilir ki, monqol mənşəli besut tayfasının adı ilə əlaqədardır. Orta Asiya və Cənubi Azərbaycanda eyniadlı kəndlər var.

Memarlıq abidələri

Ərazi ən qədim insan yaşayış məs-kənlərindəndir. Əsgülüm və Süsən dağlarındakı mağaralar burada ibtidai insan yaşayışından xəbər verir. Şərifan kəndində sərdabə (XIII əsr), Hacallı kəndində dairəvi bürc, Məmmədbəyli kəndindəki 8 guşəli türbə (1304-cü il), Yenikənddəki sərdabə (XVI əsr), Şükürataz dağı, Oyuq yüksəkliyi, Oxçuçay Piri, Şükürataz-Xənəzür piri və digərlərini misal gətirmək olar.

Qala divarı, Hacallı kəndi, orta əsrlər.

Zəngilan kəndi

Rayon mərkəzindən 4 km cənub – şərqdə, Oxçu çayı sahilinə, düzənlikdə yerləşir. Yaşayış məntəqəsi 1930-33- cü illərdə Zəngilan rayonunun inzibati mərkəzi olub. Yaşayış məntəqəsi kimi XIV əsrdən məlumdur. XIV əsrdə Zəngilan adına tarixi ədəbiyyatda rast gəlinir. Çox maraqlı coğrafi mənşəyi var.

Toponim

VII əsrə aid mənbədə Xudafərin körpüsü yaxınlığında adı çəkilən Zəngixan yaşayış məntəqəsinin indiki Zəngilan olması haqqında fikirlər də var. Toponimin “zənci” kəliməsindən törədiyini söyləyənlər də var. İrandakı kürd tayfalarından birinin zəngi adlandırıldığı da məlumdur. Toponim Qızılbaşların tərkibinə daxil olmuş Zəngənə tayfasının adı ilə bağlayanlar da var. Zəngənələrin Elxanilər tərəfindən Türkmənistandan İrana köçürülmələri və qədim türk tayfalarından olmaları haqqında məlumatlar kifayət qədərdir. Səfəvilərin zamanında zəngənələr çox geniş ərazilərdə yayılmışdılar. Toponimi zəngi etnonimi ilə əlaqələndirənlər də mövcuddur. Zəng – səng komponenti qədim fars dilində daşlı qaya kimi mənalandırılır. Tək daş, təpə kimi də izah edilir. Zəngilərin məskəni kimi işlədilir.