Aybilet.az logo
Zərdab

Zərdab

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on pinterest
Pinterest
Share on whatsapp
WhatsApp

Sovet dönəmində, pambıq sezonunda, yəni sentyabr – noyabr aylarında buralara giriş – çıxış məhdud idi. Məktəblilərdən tutmuş digər bütün sahələrdə çalışan insanlara qədər hər kəs bir nəfər kimi pambıq yığımına göndərilirdi. Yay fəslində isə, öldürücü gün istisinin altında səhər saat 6-dan axşam hava qaralıncayadək kolxozçu qızlar yaşıl sahələrdə alaq etmək, yəni pambıq kollarının ətrafını lazımsız otlardan təmizləməklə məşğul olurdular. Rəsmi qurum çalışanlarının hamısı “könüllü” olaraq alaq və pambıq toplama proseslərində iştirak etməli idilər. Buraya ölkənin göbəyi də deyə bilərsiniz. Bəzən zarafatla Azərbaycanın Mozambiki adlandırırlar. Bölgəyə nabələd olanlar bir dəfə qızmar yay istisində rayona gələndən sonra bir daha buranı əsla yaddan çıxarmırlar. Gözlərdən uzaq, sakit əyalət həyatı yaşayan Zərdabda səssizliyi pozan tək şey ağcaqanadlardır. Rayonda otel yoxdur. Kür boyunca yerləşən istirahət zonası adlanan yerlər isə restoranlardan ibarətdir.

Arayış

Bakı – Zərdab arası məsafə 285 km-dir. Ucar dəmiryol stansiyasından 35 km aralıdadır. Rayon kimi 1935 – ci ildə yaradılıb. Kür çayının sahilində, Şirvan düzündə yerləşir. Səthi düzənlik olan rayon ərazisinin çox hissəsi okean səviyyəsindən aşağıdadır. Burada neft – qaz yataqları aşkar edilib. Qışı mülayim, yayı quraq isti keçən yarımsəhra və quru çöl iqlimi xarakterikdir. İnsanı haldan salan isti havası ilə yadda qalan Zərdabda yay aylarında temperatur 45 dərəcə C qədər yüksəlir. Yarımsəhra bitkilər geniş yayılıb. Kür çayı boyunca 1000 ha sahədə tuqay meşələri uzanıb gedir. Zərdab həm də Həsən bəy Zərdabinin vətənidir.

Həsən bəy Məlikov – Zərdabi
(1837 – 1907)

Tarixə milli teatrın banisi, mətbuatın yaradıcısı, ilk qız məktəbinin müəssisi, 1906 – cı ildə keçirilən birinci müəllimlər qurultayının təşkilatçısı və sədri, materialist təbiət alimi, ictimai xadim kimi düşüb. 1875 – ci il 22 iyul tarixində çıxardığı “Əkinçi” qəzeti Şərqdə, müsəlman və türk dünyasında türkcə çıxarılan ilk mətbu orqan sayılır. Bu tarix Azərbaycanda milli mətbuat günü kimi qeyd olunur. Moskva universitetini bitirən ilk müsəlman, 1872 – ci ildə qurduğu Cəmiyyəti – Xeyriyyə ilə Şərqdə ilk müsəlman xeyriyyəçilik hərəkatının banisi idi. 1873 – cü ildə öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində birinci teatr tamaşasını göstərir. Həmin tarix milli teatr günü kimi qeyd edilir. 2005 – ci ildən rayonda Həsən bəy Zərdabinin ev muzeyi fəaliyyət göstərir.

Zərdab Tarixi

XV əsrin ortalarından məlum olan yaşayış məntəqəsi 1578 – ci ilə aid Osmanlı türk mənbəsində “Zərdab sancağı” kimi qeyd edilib. Xanlıqlar dövründə iri yaşayış məntəqəsi olub. Kür çayında vaxtilə gəmiçiliyin inkişafı ilə əlaqədar Zərdab yaşayış məntəqəsi də sürətlə böyüyür. Kür çayının Qarabağ tayına dəvələrlə neft daşıyanlar buradakı bərədən keçiblər. 1827 – ci ildən yelkənli iri gəmilər Zərdab dayanacağına yan alardılar. XIX əsrin II yarısından Zərdab sürətlə kiçilməyə başlayır. Çünki 1853- cü ildən sonra bəylərin himayəsindən azad edilən kəndlilər Zərdabı tərk edir, sahilboyu bağlara çəkilirlər. XIX əsrin 60- cı illərindən burada balıqçılıq təsərrüfatı da mühüm yer tutmağa başlayır. Kür çayı sahilindən başlanan şəhər düzənə doğru müxtəlif istiqamətlərdə irəliləyir. Eyni zamanda sahil boyunca uzanır.

Coğrafi mövqeyinə görə bir zamanlar Kür əlverişli keçid kimi önəmli strateji rol oynayıb. Keçmişdə səyyahlar, karvan və qoşunlar Kür çayını Zərdab ərazisindən istifadə ediblər. 1500 – 1501 – ci illərdə Ərzincandan Təbrizə hərəkət edən Şah İsmayılın başçılığı altındakı Səfəvi qoşunları indiki Zərdab ərazisindən keçərək Şamaxıya gedib. Zərdabın qədim kəndlərindən olan Əlvənd tarixən biyan kökü və qənd istehsalı ilə məşhurdur. A.Bakıxanov “Gülüstani – İrəm” əsərində göstərir ki, Ağası xan 1775 – ci ildə Əlvənd kəndində oturaraq bütün Şirvanı idarə edib. Əlvənd bazarı həmin tarixlərdə Şərqin böyük bazarlarından biri sayılıb. XIX – XX əsrlərdə Göyçay qəzasının iri kəndlərindən olub. Ötən əsrin 70 – ci illərində Zərdab ərazisində görülən meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, çini və keramik qablar, Eldəgizlər və digər hakimiyyətlər dövründə buraxılmış mis pullar, qadın bəzək əşyaları və sair üzə çıxdı. Hazırda bunlar Zərdab tarix diyarşünaslıq muzeyində sərgilənir.

Məşğuliyyət

Azərbaycanın hər yerində olduğu kimi Kür sahilindəki Zərdabda da balıq geniş yayılıb. Zərdablıların ən sevimli məşğuliyyətlərinin başında balıq tutmaq gəlir. Yerli kişilərin demək olar hamısının qarmağı var. İşdən artıq qalan zamanlarını əsasən balıq tutaraq keçirirlər. Ov bərəkətli keçəndə evlərdə böyük balıq ziyafəti qurulur. Böyük Vətən müharibəsi illərində Kür çayı yerlilərin əsas çörək ağacı olub. Aclıq illərində çaydan tutulan balıqlar buraları səfalətdən qurtarıb.

Kür sahilində böyüyən zərdablılar adətən çox yaxşı üzgüçü olurlar. Çünki üzməyi çox iti axan “dəli” çayda öyənirlər. Çox vaxt yay istisində sərinləmək üçün çaya atlayıb qarşı tərəfə qədər üzürlər. Bu zövq sadəcə kişilərə aiddir. Sahil boyunca səpələnmiş yüzlərlə taxta qayıq sakinlərə məxsusdur. Bunlar vasitəsilə mal – qaranı qarşı tərəfə otlamağa aparır, qarşı meşələrdən ot – alaq toplayıb gətirir, yaxud da yenə qarşı tərəfdəki sahələrdə əkdikləri məhsulu daşıyırlar. Çaydakı tək paroxod isə Şahvələd kişiyə məxsusdur.

Zərdabdakı ən lyuks və yeganə nəqliyyat vasitəsində Kür gəzintisinə çıxmaq üçün sahibinə müraciət etmək kifayətdir.

Kürün qarşı sahili qalın meşəlik ərazidir. Bura zərdablılar Qarabağ deyirlər. 1990 – cı illərə qədər orada sıx yaşıl meşə vardı. Qarabağda başlayan müharibə və onun fəsadları, SSRİ-nin dağılması nəticəsində yaranan iqtisadi böhran onunla nəticələndi ki, meşələr yanacaq və ticarət məqsədilə tamamilə qırıldı. Qarabağa aparan əsas yollardan biri Zərdabdan keçir.

İnqilab körpüsü

Kür çayı üzərində tikilən körpü burada Aran torpaqlarını Ağcabədi rayonu, ümumən isə Qarabağla birləşdirir. Zərdab ilə Ağcabədi rayonunu birləşdirən körpü el arasında rəmzi olaraq İnqilab körpüsü adlanır. 1985-ci ildə salınan körpünün qarabağlılar və şirvanlılar üçün müstəsna əhəmiyyəti var. Çünki həmin tarixə qədər Şirvandan Qarabağa getmək çox məşəqqətli idi. Yağış yağsa, çay daşsa əmələ gələn sel bir anda yolları yuyub aparır, bu da dərədən keçən insanlar üçün böyük təhlükə yaradırdı.

Toponim

N. Zeydlisin “Bakı quberniyası” kitabında zərdab sözü “soyuq su” kimi şərh edilir. Bunu farsca sarı su kimi də izah edirlər. Yəni axmaz, daşqın suyundan yaranmış gölməçə anlamındadır. Həqiqətən də, keçmişdə burada Türyan çayının daşqın sularından Sarısu adlanan bataqlıqlar – axmazlar əmələ gəlirdi. Bir ehtimala görə bu ad farsca “zərd” – sarı və “ab” – su sözlərindən alınıb. Sarı, zəhərli su mənasında işlədilir. Digər varianta görə isə zərd əti yeyilən quş mənasını verir. Bu daha çox məntiqə uyğundur. Çünki tuqay meşəsi ərazisində zərd – əncirquşu çox olub və bu səbəbdən zaman keçdikcə quşların adı yaşayış məskəninin adına çevrilib. Daha bir fərziyyəyə görə Zərdab qızıl su mənasını verir. Kür və Qarasu çaylarının daşması nəticəsində çökəklərdə, axmazlarda qalan su əkin sahələri və əkinçilər üçün qızıl qədər əhəmiyyətli idi. Həqiqətən hər il öz bəndindən aşan bu sular torpaqları yuyaraq təmizləyirlər. Deyilənlərə görə məhz bu təmizlik bir sıra müqəddəs insanları bu torpağa gətirib çıxarıb. Söhbət vaxtilə Zərdabda yaşamış övliya, seyid və şıxlardan gedir. O da məlumdur ki, keçmişdə ruhanilərin geyindiyi sarı əba adlı üst geyimə zərdəba deyilərdi.

Veysəl Qara ziyarətgahı (VII əsr)

Zərdabın ən məşhur tarixi – dini abidəsi Seyidlər və Bıçaqçı kəndləri yaxınlığında qeydə alınıb. Müqəddəs tapınaq yeri Burada dəfn olunmuş peyğəmbər müridi, haqq-ədalət carçısı, Həzrəti Əli yadigarı Veysəl Qəraninin adı ilə əlaqədardır. Yerli əhali buranı pir hesab edir, niyyət tutaraq nəzir verir, əziz tutur. Yerli leksikonda hətta and içirlər:
“veysəl qara pirinə and olsun, veysəl qara haqqı…”
Rəvayətə görə, 650 – ci illərdə Həzrəti Əlinin başçılığı ilə ərəblər islamı yaymaq üçün Azərbaycana gəlirlər. Tuqay meşələri yaxınlığındakı Suffin şəhərində döyüş olur. Bu ərazidə indi Zərdabın Yuxarı Seyidlər kəndi yerləşir. Deyilənlərə görə, Məhəmməd peyğəmbərin müridi Veysəl Qərani burada şəhid olur. Həmin tarixdən onun qəbri Veysəlqara ziyarətgahına çevrilir. Dini inanc və etiqadların güclü olduğu yerlərdən sayılan Zərdabda bu ziyarətgah ən çox Məhərrəm ayında zəvvarların axınına uğrayır.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2338067249666666]

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on pinterest
Pinterest
Share on whatsapp
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT