Baqajın daşınmasına dair suallar – Azərbaycan Hava Yolları

Təyyarə

Aviaşirkət mənim baqajımı itirib və ya onu zədələyib. Haraya müraciət edə bilərəm?

Təyinat hava limanına çatdıqdan sonra baqajınızı aşkar edə bilmədiyiniz təqdirdə, itirilmiş baqaj (Lost and Found) masasına yaxınlaşmağınız və müvafiq anketi doldurmağınız xahiş olunur. İtirilmiş baqaj ilə əlaqədar elektron müraciətlər rəsmi saytımızdakı əlaqə forması vasitəsilə qəbul olunur.

Aviareysdə uşaq və əlil arabası ödənişsiz daşına bilərmi?

Sərnişinin bütün səyahət müddəti ərzində hərəkət etməsi üçün lazım olan əlil arabası ödənişsiz daşınır. Həmçinin, uşaqlarla səyahət etdikdə uşaq arabası ödənişsiz daşınır.

Təyyarədə hansı heyvanları daşımaq olar?

Təyyarənin salonuna ev heyvanlarının (it, pişik və quşlar) qəfəsdə keçirilməsinə icazə verilir. Qəfəsin ölçüləri 55×20×40 sm-dən, heyvan ilə birgə qəfəsin çəkisi 8 kq-dan artıq (çox) olmamalıdır. Heyvanın təyyarə salonunda daşınması əl yükü tarifinə əsasən rəsmiləşdirilir. 8 kq-dan 75 kq-dək heyvanların yük bölməsində daşınmasına icazə verilir (qeydiyyatdan keçən baqaja uyğun tarifikasiya), lakin aviaşirkəti bu barədə əvvəlcədən Çağrı mərkəzi və ya aviabiletinizi rəsmiləşdirən agentlik vasitəsilə xəbərdar etmək lazımdır.

Mən oksigen balonu ilə səyahət etməliyəm. Onun reysə götürülməsinə icazə verilirmi?

Uçuş zamanı oksigen terapiyası tələb olunan sərnişinlər salona əl yükü ilə yanaşı oksigen balonunu da ödənişsiz götürə bilərlər. Maye oksigen tərkibli balonlara icazə verilmir. Oksigen balonunun daşınması haqqında müraciət uçuşdan 48 saat əvvəldən gec olmayaraq Çağrı mərkəzi vasitəsilə rəsmiləşdirilməlidir. Bu zaman aşağıkıların qeyd edilməsi zəruridir:

  • istehsalçının adı və cihazın modeli;
  • cihazda istifadə olunan birdəfəlik və ya təkrar doldurulan batareyaların tipi;
  • cihazın mütəmadi və ya vaxtaşırı tələb edilib-edilmədiyi barədə məlumat

Müraciət zamanı elektron poçt vasitəsilə cihazın şəkillərini, eləcə də skan edilmiş müvafiq sənədləri göndərməyinizi tövsiyə edirik.

Əl yükünün daşınmasında məhdudiyyət varmı?

Bir qayda olaraq, AZAL aviaşirkətinin reyslərində özünüzlə təyyarə göyərtəsinə çəkisi 10 kq-dək, həmçinin ölçüləri 55х40х23 sm-dək olan (hündürlük + en + dərinlik) bir yer əl yükü götürə bilərsiniz. Çarter proqramı çərçivəsində yerinə yetirilən bəzi reyslərdə göstərilən normalar fərqlənə bilər, bu barədə aviabiletlərin satışı səhifəsində qeyd ediləcəkdir.

Baqaj və ya əl yükündə yemək və dərman preparatlarını götürmək olarmı?

AZAL aviaşirkəti tərəfindən dərman preparatlarının daşınmasında məhdudiyyətlər müəyyən edilməmişdir. Lakin xahiş edirik, nəzərə alasınız ki, gəliş ölkəsinin gömrük qanunvericiliyi dərman preparatlarının və uşaq qidasının idxalını məhdudlaşdıra bilər.

Normadan artıq baqajın daşınma dəyəri nə qədərdir?

Üç ölçünün cəmi üzrə bir baqaj yerinin ölçüsü 158 santimetrdən artıq olduğu halda (203 santimetrdən böyük olmaması şərtilə) 50 EUR (40 GBP; 60 USD; 210 AED) məbləğində əlavə haqq alınır.

Üç ölçünün cəmi üzrə bir qeyri-standart baqaj yerinin ölçüsü 203 santimetrdən artıq olduğu halda 100 EUR (80 GBP; 120 USD; 420 AED) məbləğində əlavə haqq alınır.

Bir yer baqajın çəkisi normadan artıq olduğu halda (23 kiloqramdan artıq, lakin 32 kiloqramdan artıq olamamaq şərti ilə) əlavə 50 EUR (40 GBP; 60 USD; 210 AED) məbləğində ödəniş olunmalıdır.

Baqajın normadan artıq çəkisi və ölçüsü üçün əlavə haqq həm icazə verilən norma həddində baqaja, həm də əlavə baqaj yerlərinə görə alınır.

Çəkisi 32 kiloqramdan artıq olan baqaj yalnız yük kimi rəsmiləşdirilir və daşıma üçün qəbul edilir.

Bütün növ uşaq və əlil arabaları yalnız baqaj bölməsində daşınır və müəyyən olunmuş baqaj normasından əlavə, ödənişsiz daşıma üçün qəbul edilir.

Baqaja görə bütün ödənişlər (EUR, AED, USD, GBP) rəsmi məzənnəyə uyğun olaraq yerli valyutada həyata keçiriləcəkdir.

Reysdə nə qədər baqajın pulsuz daşınmasına icazə verilir?

Baqajın pulsuz daşınma normaları aviabilet aldığınız zaman seçdiyiniz tarifdən birbaşa asılıdır. Aviabiletə daxil edilmiş, qeydiyyatdan keçirilən baqaj yerlərinin miqdarı haqqında məlumat, bir qayda olaraq, marşrut qəbzində göstərilir. AZAL aviaşirkətinin reyslərində baqaj və əl yükünün daşınma qaydalarına dair əlavə məlumat bizim saytımızda təqdim olunmuşdur.