Cəbrayıl

Cəbrayıl

Azərbaycan aşıq poeziyasının yaradıcısı hesab edilən Dirili Dədə Qurbani və məşhur Aşıq Pəri və digər onlarla folklor ustasının vətənidir bura. Zümrüd meşəli, buz bulaqlı diyar deyə poetik ifadəylə təsvir ediblər buranı. Deyilənlərə görə, Cəbrayıl kəndinin əsasını qoymuş Cəbrayıl ata təxminən VIII – IX əsrlərdə yaşayan, Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri idi. Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. Qarabağ müharibəsi başlayanda, ermənilərin hədəf seçdiyi Cəbrayıl da hərbi əməliyyatların mərkəzinə çevrildi. Savaşın sonuna doğru erməni hərbi hissələri rayonu işğal etdi.

İŞĞAL TARIXI 23.08.1993 90 kəndi, 30 tarixi, 36 dini abidə və ziyarətgahı işğal altındadır.

Arayış

Ölkənin cənubunda, Kiçik Qafqaz dağlarının cənub – şərqində, Araz çayının sol sahilində salınıb. İranla həmsərhəd olan bölgə 1930 – cu ildən inzibati rayon statusu daşıyır. Ərazisi əsasən dağlıqdır.

Tarixi

Dağtumas kəndi yaxınlığındakı yaşayış üçün təbii məhsulların və əmək alətlərinin bol olduğu “Nəfəsli dərə” deyilən ərazidə yerləşən “Divlər sarayı” mağarası ərazidəki ibtidai insanların yaşadığı yerlərdən biri olub. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tabeliyindən çıxarılaraq Yelizavetpol quberniyasının tərkibində müstəqil Cəbrayıl qəzası təşkil edildi. Qubernatorun təyin etdiyi rus zabitinin idarə etdiyi qəza sovet hakimiyyəti qurulduqdan sonra, 1929-cu ildə ləğv edildi.

Sirik kəndi

Cəbrayılın qapısı hesab edilir. Rayonun ən yüksək dağ kəndidir. Toponimin Sirrik sözündən götürüldüyü güman edilir. Qədimdə çalıb-çapmaqla əldə edilən varidatın dağlar arasında gizli saxlanması mənasını verir. Bünövrəsinin nə zaman qoyulduğu bəlli olmayan kəndin 5 km-liyində naməlum qala var. Üzərindəki yazılar VII əsrə təsadüf edir. Müdafiə məqsədi daşıyan qala ərəb işğalının izlərini daşıyır.

Qala Tey dağı ilə Göy Gədiyin arasında və üzü kəndə, cənub-şərqə tərəf yerləşib. Şərq yanı qalın və qaranlıq meşə, qərbdən sıldırım qayalarla əhatə olunub. Alt yanı isə düzəngahdır. Ərazisində qədim Alban qəbiristanlığı yerləşir.

Xudafərin körpüsü

Rayondakı ən məşhur tarixi abidə əfsanəvi Xudafərin körpüsüdür. Tarixi İpək yolu üzərində Şimali və Cənubi Azərbaycanı birləşdirən əzəmətli Xudafərin körpüləri VII – VIII əsrlərdə Araz çayının ensiz yerində salınıb. Bir – birindən 800 metr aralı olan körpülərdən biri 15, digəri 11 aşırımlıdır.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2343710379102353]