Yadımdadır, buraya ilk dəfə avqust ayının düz ortasında getmişdik. Günorta saatlarında rayon mərkəzindəki Gülüstan qalası maketinin yanında bir neçə dəqiqə dayanıb bələdçini gözlədik. Ayaqqabılarımın asfalta yapışdığını, istidən başımın gicəlləndiyini, az qala huşumu itirəcəyimi hiss etdim. “Afrika istisi deyilən şey yəqin budur”, deyə düşünərkən bir daha əsla yayı quraq və çox isti keçən Culfaya mövsümün cırhacırında gəlməməyə qərar verdim.
Arayış
1930-cu ildə təşkil edilən Culfa Ermənistan və İranla sərhəddədir. Araz çayının iki yerə böldüyü 3 rayondan biridir. Eyniadlı inzibati mərkəz İranda da var. Burada Əlincə, Qaradərya, eləcə də İranla sərhəd boyunca Araz çayları axır. Culfa yolu boyunca dağlar olduqca gözəl və özünəməxsusdur. Geoloji faktor – süxurların tərkibi xarici görünüşə təsirini göstərib. Zahirən dağlar nəhəng, qübbəvari, fantastik tikililəri xatırladır. Naxçıvan – Culfa arası dağlarda “Nəsimi”, “Babək” filmləri çəkilib. Culfa tarixi İpəkyolunun əsas dayanacaqlarından olub. Keçmişdə İrandan Şirvana, Gürcüstana, Dağıstana gedən qədim karvan yolu buradan keçirdi. Təbii coğrafi ərazisinə görə şərq – qərb yollarının kəsişmə nöqtəsidir. İndi də İrana əsas quru keçid məntəqəsi burdandır. NMR blokada vəziyyətinə düşdüyündən bəri İranla olan keçid məntəqəsinin əhəmiyyəti artıb. Rayonda muxtar respublikanın ən böyük ilk və mərkəzi dəmiryol şəbəkəsi yerləşir.
Culfa stansiyası
Culfa dəmiryol vağzalı 1900 – 1905 – ci illərdə tikilib. Quruluşca XIX əsr Avropa memarlığında tətbiq olunan modern memarlıq stilinə uyğundur. Bura qatar – vaqon qəbiristanlığını xatırladır. Vaxtilə ümumittifaq, Beynəlxalq səviyyədə xidmət göstərən stansiya 1991-ci ildən fəaliyyətini məcburən dayandırıb. NMR blokada vəziyyətinə düşdüyü tarixdən bəri vaqonlar heç bir yerə hərəkət etmir. Culfa stansiyası Rusiya, Ermənistan, İran arasında mühüm qovşaqdır.
İlandağ
Culfanın və NMR-ın emblemi hesab edilir. Culfanın hər yerindən görünür. Naxçıvanlılar İlandağa dünyanın mərkəzi deyirlər. Dağ ərazisi Naxçıvanın hər yerində olduğu kimi müxtəlif zəhərli ilanlarla doludur. Hündürlüyü 2415 metrdir. Buraya Haçaqaya yaxud Haçadağ da deyirlər. Görünüş olaraq iki yerə haçalanmış kimi göründüyünə görə bu adı veriblər. Nuhun gəmisiylə bağlı yayılmış əfsanələrin bəziləri bu dağ ilə əlaqəlidir.
İlandağ əfsanəsi
Xalq arasında İlanlı dağa İnandağ da deyirlər. Şumer mənşəli qədim əfsanəyə görə, Nuh peyğəmbərin gəmisi yolda bir dağın zirvəsinə toxunub və onu keçərkən bərk yırğalanıb. Bu zaman Nuh deyib: “inan, dağdır.” Ehtimal ki, ad bu əfsanə ilə bağlıdır. Sonralar İnan sözü xalq təfəkküründə İlandağ şəklinə düşüb. Culfa ərazisindəki tarixi abidələrin əksəriyyəti Araz çayı boyunca yerləşib. Onlardan biri, Gülüstan kəndindədir.
Gülüstan kəndi
Culfanın ən qədim yaşayış məskənlərindən biridir. Kəndin keçmiş adı Cuğa olub. Burada Azərbaycan ərazisindəki ən qədim, XIII əsrdən qalma karvansaray yerləşir. XI – XVII əsrlərə aid yaşayış yeri hündür dağ silsiləsi və Araz çayı ilə əhatə olunub. Ərazidən mineral sular çıxır. XII əsrə aid tarixi körpü Azərbaycanın nadir memarlıq abidələri siyahısındadır. 1974 – 1978 –ci illərdə aparılan qazıntılar zamanı üzə çıxarılıb. Eyni dönəmlərə aid nekropol da mövcuddur. Kəndin ən məşhur abidəsi Cuğa türbəsidir ki, daha çox Gülüstan qalası adı ilə tanınır.
Gülüstan qalası (XIII əsr)
NMR-ın ən möhtəşəm tarixi abidələrindəndir. Qülləvari türbələr qrupuna daxildir.
Araz çayının sahilində, düz İranla sərhəddə yerləşdiyindən qala sərbəst ziyarətə qapalıdır.
Belə türbələrin geniş yayıldığı ərazi Anadolu olduğuna görə Gülüstan türbəsi Azərbaycan və Anadolu Səlcuq türbələrinin baş göstəricisi hesab edilir. Abidə ornamentlər və bəzək elementləri ilə olduqca zəngindir. Türbənin üst çadır örtüyü bütövlükdə dağıdıldığından onun günbəzinin piramida, yoxsa konus biçimli olması ətrafında mübahisələr hələ də davam edir. Daş kitabənin olmaması türbənin inşa tarixini dəqiqləşdirməyə imkan vermir. Onun kimin şərəfinə tikildiyi, memarının kim olması da hələlik bəlli deyil. Mömünə Xatun məqbərəsinin təsiri ilə XIII əsrin əvvəllərində inşa olunduğu ehtimal edilir.
Xanağa kəndi
Mərkəzdən 37 km şimalda, Zəngəzur silsiləsinin yamacında, Əlincəçayın hər iki sahilində yerləşir. XIII – XVIII əsrlərə aid yaşayış yeri olan kənddə XIV – XVII əsrlərə aid nekropol, tarixi körpü və 1496 –cı ildə naməlum bir qadının sifarişi ilə tikildiyi söylənən köhnə məscid var. Bunlardan əlavə Xanağa kəndi 2 böyük abidəsi ilə məşhurdur:
1. Əlincə qalası
2. Xanəgah memarlıq kompleksi
Culfaya gəlmişkən bunları mütləq görmək lazımdır.
Əlincə dağı
Hündürlüyü 1811 metrdir. Vulkan mənşəli olması burada təkrarolunmaz qayalıq landşaft əmələ gətirib. Ərazidə eyni adlı kənd rayon mərkəzindən 35 km şimalda, Əlincəçayın sahilində, Zəngəzur silsiləsinin yamacında yerləşir. Bura XVIII əsrdə Osmanlıların tabeçiliyində olub. Arazın sol qolu olan Əlincəçayın uzunluğu 62 km-dir.
Əlincə qalası
Qala ilan yuvasıdır. May ayından başlamış havalar soyuyuncayadək burada ilan əlindən tərpənmək olmur. Odur ki, Əlinəcəyə qalxmaq üçün səhərin erkən saatlarında yola çıxmaq və günortayacan qaladan enmək məsləhətdir. Ən yaxın və rahat yol Xanağa kəndindəndir. Kəndin kənar evləri Əlincə dağının tam ətəyində yerləşir. Qalaya qalxıb enmək təxminən 5 saat vaxt aparır. Buradakı kəklik otunun xoş ətri ətrafı bürüyür. Ondan çay dəmləyib içirlər. Qeyri-adi görünüşü ilə heyrət oyandırır. Qalanın divarları dağın ətəklərindən başlayaraq yuxarıya doğru təbii pillələr vasitəsilə yüksəlir. Üst hissə kiçik şəhərciyi xatırladır. Burada bişmiş kərpicdən çoxsaylı binaların qalıqları bugünədək qalır. Daha da yuxarıda tikilmiş kiçik qalada isə qala rəisləri və feodallar yaşayıb ki, bu yerə “Şah taxtı” adını veriblər. Vaxtilə burada mal – qara, 600 – ə qədər döyüşçünü və xeyli sayda hərbi sursatı saxlamaq mümkün olub. Müxtəlif yerlərdə salınmış təbii su hovuzları 7 dənədir. Qayada xüsusi arxlar çapıblar. Yağışlar zamanı su bu arxlar vasitəsilə hovuzlara dolub və beləcə su ehtiyatı yaranıb. Azərbaycan Atabəyləri – Eldənizlərin hökmranlığı dövründə Əlincəqalanın əhəmiyyəti artıb. Mühüm hərbi istehkam kimi hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilib. XII əsrdə Naxçıvan hakimi Zahidə xatunun iqamətgahı və Atabəylərin xəzinəsi də Əlincəqalada yerləşib.
Əlincə zərbxanası
Orta əsr feodal hakimlərinin xəzi-nələrinin saxlanıldığı Əlincəqalada fəaliyyət göstərib. XIV – XVI əsrlərdə bu zərbxanada hakim Elxanilərin və Teymurilərin adından gümüş dirhəmlər kəsilib. Qayanın sıldırım olması bu qalanı alınmaz edib. Əmir Teymur bu qalanı ala bilməyib. Düz 10 il mühasirədə saxlayıb. Bu müddət ərzində qaladakılar özləri sıxılaraq qalanı yavaş – yavaş tərk ediblər. Yaşamaq üçün burda bütün şərait olub. Gizli tunel vasitəsilə yaxınlıqdakı kəndlərdən gizlicə qalaya ərzaq gətirilib. İspan diplomatı, Kastiliya kralı III Enrikonun 1403 – 06 illərdə Teymurilər dövlətindəki səfiri Rüi Qonsales Klavixo Əlincə qalasını belə təsvir edib:
“Əlincəqala yüksək və sıldırım bir dağ üzərində qərar tutaraq divar və bürclərlə əhatə olunub. Divarların daxilində, dağ yamaclarının aşağı tərəflərində üzümlüklər, bağlar, zəmilər, otlaqlar, bulaqlar və hovuzlar var. Qəsr və ya qala dağın zirvəsində yerləşir.”
Tarixi
Əlincənin tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanı təqribən 2 min il əvvələ aid edirlər. Digərləri isə Sasani padşahları zamanında, III – VII əsrlərdə tikildiyini iddia edirlər. “Kitabi – Dədə Qorqud”da Əlincə qalası möhkəm istehkam kimi təsvir olunur.
Əlincə toponimi
Alancik, Alıncaqala kimi də məşhurdur. Tədqiqatçılar bu adı qədim türk dilində “düzənlik” mənasında işlədilən “alan” sözü ilə bağlayırlar. Bu, qalanın yerləşdiyi sahənin kiçik meydançaya bənzəməsi ilə əlaqədardır. Xalq etimologiyasına görə isə, qalanın adı “Əlincək” – yəni əlini çək kimi yozulur. Bu da qalanın alınmazlığı və məğlubedilməzliyi ilə bağlıdır. Başqa bir iddiaya görə isə, Alınca tufandan sonra buraya yerləşmiş Nuhun 8 oğlundan birinin adıdır.
Xanəgah
Əlincəqala ilə üzbəüzdəki türbə Xanəgah yaşayış yerinin (e.ə. XI – XVIII əsrlər) mərkəzində yerləşir. Buradan baxdığınız zaman Əlincəqala maket kimi düz qarşınızda dayanır. Kitabədə türbə binasının şəhid Əmir Seyyid Əhməd əl – Oğul Saminin oğlu, sahib əl – əzəm (vəzir) Hacı Məhəmmədin Qaraqoyunlu Cahanşah dövründə (1436 – 1467) oğlu Əmirxan üçün tikdirdiyi göstərilir.
Xanağa kəndində, Əlincəçayın sahilində orta əsrlərə aid memarlıq kompleksidir. Türbə, məscid, naməlum abidənin sütunları və başqa tikilinin xarabalığı qalıb. El arasında Şeyx Xorasan adlanan türbə böyük alim Uluq Qutluq Lala bəyin əmri ilə tikilib. Türbənin kitabəsində memar Cəmaləddinin adı yazılıb. İnşa tarixinə bağlı hissə dağıldığından nə vaxt tikildiyi məlum deyil. Üslub xüsusiyyətinə görə onu XII – XIII əsrə aid edirlər.
Yerli əhalinin fikrincə, hürufilik təliminin banisi Fəzlullah Nəimi 1394 –cü ildə Əlincədə faciəli surətdə qətlə yetirildikdən sonra müridləri onun cənazəsini gətirib burada dəfn ediblər. Məhz buna görə camaat buraya Şeyx Xorasan deyib. Çünki görkəmli filosofun ləqəblərindən biri Şeyx Xurasa idi. Xurasa yəni günəşə oxşar. Ona Xorasanda təhsil aldığı üçün Xorasanlı Şeyx də deyiblər. Türbənin cənubunda ona bitişik inşa edilmiş türbə – məscid xanəgahda fəaliyyət göstərən sufi təriqətinin rəhbərlərindən olan Şeyx Hacı Lələ Məliyin xatirəsinə 1495 – 96 –cı illərdə Xond Bikə xatın tərəfindən inşa edilib. Orta əsrlərdə Sufi şeyxləri ailələri ilə birlikdə xanəgahlarda yaşayır, öldükdən sonra xanəgahın yanında dəfn olunurdular. Xanəgah XVIII əsrə qədər aktiv fəaliyyətdə olub.
Fəzlullah Nəimi (1340 – 1402)
Orta əsrlərdə yaxın və Orta Şərqdə geniş yayılmış hürufilik təriqətinin əsasını qoyub. Hürufiliyi təbliğ etdiyinə və hakim dairələrə qarşı kəskin siyasi mübarizə apardığına görə Teymurilər Nəimini Əlincə qalasına qədər təqib etmiş, Əmir Teymurun oğlu Miranşah tərəfindən tutulmuş və Əlincə qalasında edam edilmişdi.
Teymurilər Naxçıvanda
Teymurun qoşunları 1386-cı ilin yazında İrana soxuldu. Payızında isə Naxçıvana gəldi. Əlincə qalası Teymurun qoşunları tərəfindən mühasirəyə alındı. Qala Teymura qarşı mübarizədə uzun müddət sinə gərdi və məğlubedilməz oldu. Sultan xəzinəsi, ailəsini, yaxınlarını qalada yerləşdirib onu 300 cəngavərlə müdafiə etdi. Teymurilərə qarşı mübarizə aparan hürufilərin banisi Fəzlullah Nəimi 1394- də Teymurun oğlu Miranşah tərəfindən öldürüldü.
Naxçıvanın harasına getməyinizdən asılı olmayaraq bu torpağın tarixi ilə bağlı danışılan hekayələr bitmək bilmir. Bura başdan ayağa təəssüratlar diyarıdır. Hər qarışından tarix qaynayır, torpaqdan da ya qiymətli filiz çıxır ya da ki minerallar. Bir sözlə burada hər addımbaşında insanı heyrətləndirəcək bir şey tapılır. Bu zənginlik bitmək bilmir. Onlardan biri də Culfa Ordubad yolunun üstündədir.
Darıdağ
Culfadan 8 km şimal – şərqdəki dağlar çılpaq, amma çoxrənglidir. Minerallar bu qayaların və torpağın rəngini dəyişdirir. Darıdağ dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşir. Dağın yuxarı hissələri əkin üçün yararlı olduğundan qədimdən burada əkin əkiblər. Adın da buradan gəldiyi ehtimal edilir. Konusvari formaya sahib Darıdağda 1920 – 30 –cu illərdə aparılmış tədqiqatlar nəticəsində çox sayda faydalı qazıntı yataqları aşkar edilib, onların fiziki və kimyəvi tərkibi öyrənilib.
Darıdağ mineral su yatağı
Rayonun ərazisində 40-a yaxın su qaynağı və bulaqlar mövcuddur. Onlardan biri, Darıdağın ətəklərindəki bulaq gündə 500 min litrə yaxın güclü minerallaşdırılmış su verir. 5 bulaq və 32 kəşfiyyat quyusundan ibarətdir. Suyu tərkibinə görə Kudova (Polşa), Lya Burbul (Fransa), Dürkgeym (Almaniya), Sineqorsk (Saxalin) sularının analoqudur. Tərkibindəki mineral duzların mütənasibliyi ilə Darıdağ suyu onlardan üstündür. Temperaturu 53 – 57 dərəcə selsidir.
Darıdağ müalicəxanası
Arsenli su müalicəxanasıdır. Azərbaycandakı ən zəngin və güclü mineral tərkibi olan istisudur. Darıdağ mineral su yatağı ərazisində 1978 –ci ildə yaradılıb. Burada Darıdağ mineral suyu ilə müxtəlif ürək – damar sistemi xəstəlikləri, dayaq – hərəkət orqanları, perisefik əsəb sistemi, dəri, ginekoloji və sair xəstəliklər, daxilə qəbul etməklə anemiya müalicə olunur. Burada karbonqazı zavodu da var.
[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2343733585766699]