Əslində cənub istiqamətində yol gedərkən monotonluqdan sıxılırsan. Salyanla Biləsuvar arasında Şorsulu deyilən çöllük ərazi bitməyəcəkmiş kimi uzun görünür. Darıxmağa başladığın anda Masallı yazılan şəhər qapısından içəri girincə hər şey birdən –birə dəyişir. Rənglər başlayır. Buranı tanımayanlar üçün Masallı cənubda bir yer, tanıyanlar üçünsə həftəsonu tətillərini keçirmək üçün hər fürsətdə qaçılan subtropik cənnətdir.
Arayış
Bakı – Masallı arası məsafə 232 km-dir. 1930-cu ildən inzibati rayondur. XIX əsrdə Lənkəran qəzasına daxil idi. Ərazi iki hissəyə bölünür: Talış dağları və Lənkəran ovalığı. Bir tərəfdən Xəzər dənizi, digər tərəfdən dağlarla əhatə olunub.
Bir cənub şəhərində
Masallı Talış dağlarının dağətəyi və alçaq dağlıq hissələrində yerləşir. Çox sayda dağ çayı var. Çaylardan daha səmərəli və geniş istifadə edə bilmək üçün 1979-cu ildə Viləşçay su dəryaçasını yaradıblar. Şəhər stresindən qaçan paytaxt sakinlərinin burada ən sevimli məşğuliyyəti balıq ovudur. İsti yay aylarında sərinləmək üçün Masallılar Viləşçay su anbarına üz tuturlar. Qadınlar isə bu haqda xəyal belə edə bilməzlər.
Bura Masallının gözəl təbiət mənzərəsi olan yerlərindən biridir. Viləşçay su dəryaçası, meşə və dağ panoramı sərin və sakit yerdə dincəlmək istəyənlər üçün ən doğru ünvandır. İstisu yolunun üstündə İsi kəndi yazılan lövhədən içəri daxil olub, evlərin arasıyla bir az yol getmək lazımdır. Kəndin qurtaracağındakı yüksəklikdə, ağacların altında bir restoran var. Yalnız yay aylarında çalışır. Masallının yayda çox sərin olan nadir yerlərindəndir. Bura ayaqqabını çıxarıb, yaşıl otun üstündə dincəlmək üşün ideal istirahət yeridir.
Statistika
Zəngin koloritli cənub bölgəsinin bir parçası olan Masallıda həyat qaynayır. Statistikaya görə, Masallı əhalinin ən sıx yaşadığı ərazilərdəndir. Bir kvadrat km-ə burada 285 yaşayış evi düşür. Bu rəqəm dünya göstəricisindən 7 dəfə, respublikadan isə 3 dəfə çoxdur.
Viləşçay
Uzunluğu 115 km olan Viləş subtropik zonanın ən uzun dağ çayıdır. Masallının düz mərkəzindən keçərək, onu iki hissəyə bölür. Viləşçay həm də Leriklə Masallı arasında sərhəd rolunu oynayır. İstisu ərazisindən keçən çayın digər sahili Lerik ərazisi hesab edilir. Dağ yürüşlərini sevənlər buradan Lerikə piyada yollana bilərlər. Tarixi mənbələrdə Viləşçayın adı eradan əvvəlki minilliklərdə çəkilir. Yunan coğrafiyaşünası Ptolomey Xəzər dənizinin xəritəsini çəkərkən, Viləşça-yın Qızılağac körfəzinə töküldüyünü göstərir
Klavdi Ptolomey ( 70 – 147)
Antik dövr Qafqaz Albaniyası haqqında yazan müəlliflərdən biridir. II yüzilliyin tanınmış coğrafiyaçı və astronomudur. Onun əsərində Albaniyanın hüdudları göstərilir, 29 şəhər və kəndi, çayları, dağ aşırımları və başqalarının coğrafiya koordinatları verilib. Azərbaycanın antik coğrafiyasının öyrənilməsi üçün dəyərli qaynaq sayılır.
Yaşıl aptek
Bol günəş, su və təmiz hava Masallını subtropik bitki cənnətinə çevirir. Rayonun ekzotik yerlərindən biri məşhur Yaşıl aptekdir. Keçən əsrin 80-ci illərin əvvəllərində SSRİ məkanında qurulan ilk botanika apteki kimi tanınıb. Ərazidə bitən müalicə əhəmiyyətli bitkilərlə müalicə burada başlanıb. Bu bitkilər dağlardan toplanmaqla yanaşı, Aptekin həyətindəki botanika bağında da yetişdirilir. Bağın qurucusu “Korol”(kral) kimi tanınan Masallı sakini Rauf Rəhimovdur. Bitkilərin gözəl bilicisi və həyatını botanikaya həsr etdiyi üçün bu ləqəbi qazanıb.
Masallı mehmanxanası
Şəhərin mərkəzində yerləşir. İl boyunca fəaliyyət göstərən yeganə mehmanxanadır. Postsovet dövründən qalma olsa da, əsaslı təmir olunub. Otelin bağçasına hər kəs heyran qalır. Girişdəki küknar ağacları və dekorativ bitkilərdən ətrafa yayılan xoş qoxu ayaq saxlamağa vadar edir. Otel sahibi eyni zamanda gülçülüklə məşğul olur. Burada rastlayacağınız maqnoliya, evkalipt, tuya, jasmin, limon, akasiya, Himalay kedrləri daxil, dünyanın fərqli iqlim zonalarında yetişən ağac növlərindən seçib, satın almaq olar. Otel sahibinin xoşuna gəlsəniz, gözəl bir dibçək hədiyyəyə də sahib ola bilərsiniz.
Cənublular
Masallıda diqqəti çəkən məqamlardan biri yerlilərin çox mehriban və səmimi davranışıdır. Bundan başqa, cənub insanının zəhmətkeş, çalışqan olmasıdır. Qarışqa yuvasını xatırladan cənubda insanlar torpağa bağlıdır. Çalışmaqdan əlləri qabarmış kəndlilər çox yorğun olsalar belə, kömək istəyəndə, əllərindəki işi kənara qoyub, canla-başla yardım edirlər.
Cənub camaatından söz düşəndə Masallının ağsaqqallarından olan Hacı Cavanşiri xatırlayıram. Həcc ziyarətinə velosipedlə gedib – gəlməsi ilə Masallının tarixinə düşüb. Qəriblər kəndində Hacının məşhur balıq təsərrüfatı var. Yeri gəlmişkən, ürəyi balıq istəyənlər burada balıq ovunda iştirak edə bilərlər. Burada kütüm, sazan, sudak, karp, kefal cinsindən müxtəlif çəkili balıqları şəhər və bazar qiymətlərindən daha ucuz əldə etmək olar. İstisu ərazisindəki istənilən restorana daxil olub, özünüz ovladığınız balığı mətbəxə təhvil versəniz, sizə elə bir balıq ziyafəti təşkil edərlər ki, dadı damağınızdan uzun illər çıxmaz.
Toponim
Masallı adının mənşəyi haqqında bir neçə mülahizə var. Belə danışırlar ki, guya buranın camaatı söhbət əsnasında çox məsəl çəkərək danışdığına görə “məsəlli yer” adı verilib. Başqa bir fərziyyəyə görə, İraqın şimalındakı Mosul şəhərinin əhalisinin köç edərək, buraya yerləşməsindən sonra “mosullu” adlandırıblar. Masallı adına ilk dəfə orta əsr Azərbaycan əsərlərində rast gəlinir. XVII əsrin əvvəllərində Səfəvi şahının (Sultan Hüseyn) verdiyi fərmanda Şixlar kəndi və Masallının adı çəkilir (“Əxbərnamə”, Mirzə Əhməd Mirzə Xudaverdi oğlu, 1882). Əsərə əsasən, bu ərazi Masal bəy adlı şəxsə mənsub olub. Masallının yaranma tarixinin XI – XII əsrlərə aid olduğu ehtimal edilir.
İstisu
İstisu hidrogen-sulfidli müalicə ocağıdır. Yerlilər buna “möcüzə su” deyirlər. Isti su yerin altından təbii halda 69 dərəcə C temperaturla çıxır. Ona görə adı belə də qalıb: İstisu. Bu su ilə oynaq-əzələ, dəri, ginekoloji və bir çox xəstəlikləri müalicə edirlər. Sanatoriyada müalicə mineral su vannalarında aparılır.
İstisudakı qayaların arasından çıxan su isə buz kimi soyuqdur. Hidrogen-sulfidlə zəngin olan bulaq sularından kəskin lax yumurta qoxusu gəlir. Suyu dərman kimi stəkanlara doldurur və dadını hiss etməmək üçün birnəfəsə içirlər. Bulaqların üstündə “böyrək suyu” və “mədə suyu” sözlərini oxumaq olar. Bulaq sularının mədə yarası və böyrək ağrılarını sağaltdığı söylənilir.
Istisuda suyun müalicəvi tərkibi XX əsrin 50-ci illərində aparılan araşdırma işləri zamanı məlum olub. Əslən Masallıdan olan geoloq–alim Mir Kazım Aslanlı 1955-ci ildə isti suyun müalicəvi əhəmiyyəti ilə bağlı dissertasiya müdafiə edib. Burada 60-cı illərdə yaradılan müalicə-istirahət zonası 2007-ci ildə sanatoriya statusu qazanıb.
Subtropik iqlimə malik olduğundan, Masallıya düşən yağıntının miqdarı regionun digər yerlərinə görə daha çoxdur. Tez-tez yağan yağış Talış meşələrinə romantik çalar qatır. Rənglərin sıxlaşdığı İstisu meşələri rayon mərkəzindən 12 km aralıdır.
İstisu ilin bütün fəsillərində gözəl olur. Payızda təbiətin bütün rənglərini Talış meşələrində görmək olur. Bu mövsümdə tək–tük otel çalışır. Istisunun bütün gözəlliyini yaşamaq üçün yaz, payız və qış aylarında getmək məsləhətdir. Həm adam az olur, həm də nisbətən sərin havada istisu vannasını qəbul etmək rahat olur. Əgər yayın qızmar istisində vannada 3 – 5 dəqiqədən artıq dayanmaq çətindirsə, sərin havada saatlarla hovuzda üzmək olur. İstisu vannasından sonra yüngüllük hiss edirsən. Bədəninizdə yara yaxud ağrı varsa, suyun yaratdığı möcüzənin şahidi olursunuz.
Yay mövsümünün gəlməsi ilə meşədə mənzərə tamamilə dəyişir. Kurort mövsümünün qızışdığı iyul–avqust aylarında buraya müalicə olunanların axını baş verir.
İstisu şəlalələri ilə də məşhurdur. Buranın gözəlliyini birə min qat artırır. Yay aylarında meşənin dərinliyində gizlənən şəlalələr ətrafı sərin tutduqlarına görə insanlar onlara yaxın yerlərdə piknik edirlər.
Yanardağ
Istisuyun möcüzələri bunlarla bitmir. Yardımlı yolunun üstündə “Yanardağ” adlanan istirahət mərkəzi mütləq görüləsi yerlərdəndir. Əslində bu ad təsadüfi verilməyib. Burada yüzillərdən bəri yanan bulaq və yanan dağ var.
Yanar bulaq Viləşçay yaxınlığında yerləşir. İlk baxışda sakitcə qaynayan sudur. Kibriti yandırıb, yaxınlaşdıranda su alovlanır. Ətrafa yayılan qoxudan suyun kükürdlü olduğunu başa düşmək olur. Çay boyunca bir neçə belə kükürdlü bulaq var. Yerlilər ayaqlarını yanan bulağın içinə salır və saatlarla beləcə otururlar. Bu ayaq vannaları rahatlanmaqdan başqa, həm də ayaq ağrılarını aradan qaldırmağa kömək edir. Amma ənənə bununla bitmir. Daha sonra bulaqdan bir az aralıdakı Yanar dağa çıxırlar. Bu dəfə ziyarət üçün. Məsələ burasındadır ki, dağın üst qismindən təbii qaz çıxır. Çıxan qaz alovlanır və beləcə, yanan dağ təsəvvürü yaradır. Əlamətlərə inanan yerlilər məhz buna görə bu torpağı müqəddəs hesab edərək, Yanardağı ziyarətgah yerinə çeviriblər.
Dəmirağac
İstisu meşələrində Azərbaycanın başqa heç bir yerində olmayan bir ağac növü bitir. Dəmir kimi suda batan yeganə ağacdır. Kənd təsərrüfatında istifadə olunan bu ağac dəmiri əvəz edəcək qədər möhkəmdir. İslaq ya da quru halda dəmirağacın nazik budağını belə əllə sındırmaq mümkün deyil. Talış meşələrinin böyük əksəriyyəti dəmirağacdan ibarətdir.
İstisu turizm sektorunun sürətlə inkişaf etdiyi yerlərdəndir. Buranı digər yerlərdən fərqləndirən başqa bir cəhət budur ki, meşə zolağına zərər vurmamaq üçün 40-dan artıq istirahət obyekti, o cümlədən kotec, restoran və onların hasarları taxtadan hazırlanıb.
Masallı kəndləri
Masallıda qaçırılmaması gərəkən yerlər şəhər mərkəzindən aralıda, kəndlərdə yerləşir. Onların bəziləri ilə tanış olaq.
Şıxlar kəndi
Gözəl mənzərəsi olan yüksək dağ kəndidir. Burdan Viləşçay dəryaçası və Masallıya əla panoram açılır. Kənddə çox ailə arıçılıqla məşğul olur. Şıxlar heyvasıyla məşhurdur. Payızda yetişir. Masallıya gedən içməli suyun tamamı bu kənddən təmin olunur. Ümumiyyətlə, su cəhətdən yerli camaatın bəxti gətirib. Deyirlər, Masallıda əlinə bel alıb haranı 3 metr qazsan içməli su çıxacaq. Deyirlər, əvvəllər Nəzər deyilən şeyx yaşadığından buranın adı Nəzərkənd olub. Burda Pirzadə ziyarətgahı yerləşir.
Boradigah məscidi
Qeyd
Ümumiyyətlə, bütün cənub bölgəsi pir və ziyarətgahlarla zəngindir. Buralarda seyid və şıx nəsillərinə xüsusi ehtiram var. Seyidlər peyğəmbər nəslinin davamçısı hesab edilir. Camaat Allah qarşısında onların xüsusi seçilmiş insanlar olduğuna inanır. Pir və ziyartgahlar barədə Lerik bölgəsində danışacağıq.
Boradigah kəndi
Masallının ən böyük kəndlərindəndir. Qəsəbə statusu alıb. Boradigahı köhnə Masallı hesab edirlər. Çünki vaxtilə rayonun yarandığı əsas yer məhz bura olub. Sonradan mərkəz köçürülüb. Boradigah haqqında çox maraqlı bir əfsanə var.
Deyilənə görə, Topal Teymur Azərbaycanı işğal edəndə növbə Astaranın Digah kəndinə çatır. Teymurun elçiləri yerli camaatdan toplanan qiymətli xəracı alır. Bununla barışmayan kəndin dəliqanlıları elçilərin dalınca düşür. Xəracı Teymurun adamlarından alıb, onları əliboş yola salırlar. Bu hadisədən sonra igidlər təhlükəsiz yer axtarmağa başlayırlar. Xəzər sahili boyunca dolaşarkən, hər tərəfi tikanlı əraziyə sığınırlar. Buranı “bıra” adlandırırlar. Talışca “tikan” mənasına gəlir. İgidlərin hərəkətinin sorağı kəndə çatır. Yerli camaat bunu mükafatlandırmaq məqsədilə xəracı dəliqanlılara bağışlamaq qərarına gəlir. İllər keçir, dəliqanlıların məskən seçdiyi tikanlıq yerdə salınan kəndin adı o vaxtdan Boradigah qalır – yəni tikanlı dayanacaq.
Boradigahlılar ticarət işini yaxşı bilirlər. Sovet dövründə burada sərbəst ticarət xeyli inkişaf etmişdi. Ölkədəki mağazaların piştaxtalarının boş olduğu illərdə ürəyin istəyən hər şeyi gəlib kəndin dükan və bazarında tapmaq mümkün olurdu. Bu cəhətdən Boradigahı Bakının Kubinkasıyla müqayisə edirlər.
Boradigahla Masallı arasında “Baba bulağı” adlı istirahət obyekti fəaliyyət göstərir. Buranın dizaynında cənubun etnik motivlərindən istifadə ediblər. Milli mətbəxdən ləziz dadlar hazırlanır. Baba ocağındakı süni göl istirahətə gələnlər üçün böyük əyləncə yaradır. Göldə üzən qu quşlarını yemləmək, balıq ovlamaq mümkündür.
Hişkədərə kəndi
Masallı etnoqrafiya muzeyi burda yerləşir. Muzeydə 8 mindən artıq eksponat toplanıb. Masallı ərazisindən tapılmış maddi – mədəniyyət nümunələri, qalalar, kurqanlar qədim daş, tunc və dəmir dövrlərindən xəbər verir. Fransız arxeoloq Jak de Morqan 1850-ci ildə Talış zonasında 250-dək qəbir abidəsini araşdırıb. Bu abidələrin bəziləri hal-hazırda Parisin Sen–Jermen muzeyində saxlanılır.
Bəndəlan kəndi
Masallı – Boradigah yolunun üstündə, şəhərdən 10 km cənubda yerləşir. Masallının ən böyük dağ kəndlərindəndir. Təxminən 1500 – 1600 metr yüksəklikdə salınıb. Möhtəşəm mənzərəsi var. Deyilənlərə görə, Bəndəlan “dəmə qoyulmuş” mənasına gəlir. Kəndin olduğu dağın təpəsi dumanlı olduğunda, dəmə qoyulmuş qazana bənzədərək, bu cür adlandırıblar. Başqa bir ehtimala görə isə, toponim vaxtilə burada yaşayan tayfanın adı ilə bağlıdır. Talış dağlarının ən ləzzətli sumağı Bəndəlan dağında bitir. Sumax may və avqust aylarında toplanır. Kola bənzər bitkidir. Onun meyvəsi toplanır. Xüsusi dəzgahlarda döyülür, ələnir və qurudulur. Bu uzun proseduru keçdikdən sonra istifadə edilir. Bəndəlan sakinləri kənd sumağına 10 il keyfiyyət təminatı verirlər.
Digah kəndi
Bu kəndin keçmiş adı Ciyəçilər olub. Ciyə sözünün mənası “kəndir” deməkdir. Ciyə ənənəvi yuntoxuma məmulatıdır. Təsərrüfat və məişətdə istifadə edilir. Qədimdən bəri kənd ip toxuculuğu ilə məşğuldur. Deyirlər ki, bu balaca cənub kəndində bütün ölkəni təmin edəcək qədər kəndir toxunur. Azərbaycanda böyük gəmilərdə, sənayedə istifadə edilən kəndirlərin əksəriyyəti Digah sakinlərinin əl işidir.
Həsir məmulatlar yerlilərin “pizə” adlandırdığı bitkidən hazırlanır. Pizə qamış növüdür və dənizdə bitir.
Həsir
Masallıda milli əl sənəti işlərindən ən məşhuru həsirdir. Həsirdən toxunma papaq, səbət və döşənəcəklər cənub bölgəsinin atributu hesab edilir. Əsrlər boyu həsir döşənəcək kimi evlərdə geniş istifadə edilib. Bölədə həsir toxuculuğunun bu günədək qalması hələ də yerli məişətdə həsir məhsullarına ehtiyac olduğunu göstərir. Çünki bunlar məişətdə çox əlverişli və faydalıdır.
Həsir məmulatlar yerlilərin “pizə” adlandırdığı bitkidən hazırlanır. Pizə qamış növüdür və dənizdə bitir. Əvvəlcə dənizidə bitən bu bitkini toplayır, açıq və geniş yerdə günəşin altına sərirlər. Quruduqdan sonra üzərində eşmə əməliyyatı aparırlar. Pizə ovuca alınaraq eşələnir, yumşaldılır. Bundan sonra ondan dəzgahda müxtəlif ölçülü həsir xalılar toxunur.
Bundan başqa, pizə ilə sünbülvari düz qayışlar düzəldirlər. Bu qayışlardan zənbil və Meksika sambrerolarını xatırladan talış şlyapaları hazırlanır. Məişət üçün çox əlverişli olan həsir məhsullar üstün cəhətlərə sahibdir. Onlar nəm keçirmir, quru, eyni zamanda sərin saxlayır. Məsələn, həsir şlyapalar yayda həm günəşdən qoruyur, həm də başın tərləməsinin qarşısını alır. Həsir zənbillərdə tərəvəzlər uzun müddət quru qaldığı üçün korlanmır. Ənənəvi olaraq, həsir istehsalı ilə bağlı bütün işləri əvvəldən axıradək xanımlar görür.
“Bəs sizin kişilər nə işlə məşğul olurlar?”- sualına isə “bizdə kişi tapılmır”, – deyə zarafatla cavab verirlər. Babalardan qalma sənəti məharətlə davam etdirirlər. Başqa önəmli faktor da var. Həsir istehsalatı onlar üçün davamlı qazanc mənbəyidir. Toxunan mallar evlərdə toplanır və müştərilərini gözləyir. Həsir malların alqı-satqısı ilə məşğul olanlar vaxtaşırı gəlib, kəndlilərdən hazır məhsulları toplayırlar. Həsir əl işlərinin ən çox satıldığı yer Boradigah bazarıdır. Ənənəvi olaraq, bazar günləri səhər saatlarından burada həsir əl işlərinin sərgisi qurulur.
Cənub qadını
Cənubda istər təsərrüfatın, istərsə də məişətin ağır yükü, əsasən, qadının çiyinləri üzərinə düşür, desəm, yanılmaram. Bu seçim könüllüdür ya yox, deyə bilməyəcəyəm. Müşahidə etdiyim qadınlar səhər 6-da işə başlayır, tövlədə olan malları sağır, təsərrüfat işləri ilə məşqul olurlar. Üstəlik məişət qayğıları onların öhdəsinə düşür. Amma deyəsən bu vəziyyətə alışıblar. Çünki şikayət etdiklərini heç eşitmədim. Dindirəndə gülər üzlə cavab verirlər. Özünəməxsus talış ləhcəsi ilə söhbət əsnasında tez –tez həmsöhbətlərinə “qıza” deyə müraciət edirlər.
Bəzi talış kəndlərindəki ənənəvi görüntülər bura ilk dəfə gələnləri heyrətləndirə bilər. Kəndlərdə başında dolu həsir zənbil daşıyan qadınlar görmək olar. Başında da böyük bir ləyən. Belinə isə şalı ilə körpə uşaq sarıyıb, piyada gedir. Bəzən hamilə qadınları da beləcə başlarında böyük ləyənlərlə yük daşıyan görmək olar. Yük əsasən çırpıdan ibarət olur. Onu mətbəxdə və ev işlərində istifadə etmək üzrə meşədə toplayırlar. Yığılan çırpı böyük ləyənə yığılır. Rahat olsun deyə, baş üstündə daşıyırlar. Dəmir başı ağrıdıb zədələməsin deyə, ləyənin altına dəsmal qoyurlar.
Yardım təklifimi rədd edən xanım dincəlmək üçün tənəffüs elan etdi. Başındakı yükü ehtiyatla yerə qoydu. Mən də onun hərəkətlərini təkrar etməyə çalışdım. Amma çırpıyla dolu ləyən elə ağır idi ki, onu nəinki başıma qoymağı, heç yuxarı qaldıra bilmədim. Yadıma Nizamı Gəncəvinin Fitnə nağılı düşdü. Fitnə böyük bir öküzü hər gün 40 pilləkən aşağı-yuxarı qaldırar. Söhbət vərdişdən gedir. Bu da bir həyat tərzi olduğundan, talış xanımlar tərəfindən ağır yük kimi qarşılanmır. İşləməkdən qabar bağlamış bu əllər mətbəxə keçincə də, dadı damağınızdan uzun müddət getməyəcək yeməklər hazırlayır.
Cənub mətbəxi
Cənubun bütün rəngarəngliyi onun mətbəxində də əks olunub. Yeməklər fəsillərə görə dəyişir. Məsələn, mayda çıxan təzə paxladan hazırlanan şüyüdlü plov. Ya da ki, yazın sonunadək məzə kimi süfrəyə qoyulan kahı, yanında da alma sirkəsi və kəkotudan hazırlanmış sous. Masallıda çox fərqli dadları eyni yeməkdə bir araya gətirə bilirlər: məsələn duzlu balıq plovla və ya duzlu balıq şirin qarpızla və sairə. Azərbaycanın cənub bölgəsi alternativ ləzzətin bir süfrədə birləşdiyi yerdir.
Masallıya göyərti cənnəti də deyirlər. Mətbəxdə istifadə edilən bütün növ göyərtilər burada yetişdirilir. Paytaxta, ölkənin başqa şəhərlərinə və hətta Rusiya bazarlarına belə ixrac edilir. Rayonda gəzərkən, bir çox evlərin qarşısında üstündə göyərti və turp kimi qeyri-üzvi, ekoloji təmiz həyət məhsullarının satıldığı kiçik piştaxtalar görmək olar. Şəhərlə müqayisədə çox ucuz qiymətə satılır. O cümlədən qırmızı turp, həmçinin ləzzətiylə seçilən qırmızı Masallı soğanı yerli süfrələrin vazkeçilməz atributudur. Bu soğan acı deyil və olduqca ləzzətlidir. Qırmızı soğanı saplağından hörərək, xüsusi dəstələr hazırlayırlar. Estetik gözəlliyindən başqa, uzun ömürlü olması üçün edirlər. Həqiqətən də, cənubda yetişdirilən soğan dəstəsi aylarla qalsa da, xarab olmur.
Cənub süfrələrində duz az əlavə edilir. Əvəzində süfrəyə nanəli duz qoyulur. Təzə nanə həvəngdəstədə duzla birlikdə yaxşıca əzilir və yeməkdə duz yerinə istifadə olunur. Masallıda bunu təzə alça və xiyarın da üstünə əlavə edərək, “əla qəlyanaltıdır” deyirlər. Başqa yerlərdə rastlaşmayacağınız fərqli ləzzət bunlarla bitmir.
Sentyabrdan başlayaraq, yazın sonuna qədər cənub mətbəxinin şahı quş və balıq ətindən hazırlanan ləvəngidir. Vəhşi quşların çox sevildiyi cənubda soyuq aylarda onlardan bişirilən manqal və qazan yeməklərini mütləq yemək lazımdır. Xüsusən sadəcə nar, soğan, düyü və çöl ördəyindən ibarət döşəməli plovun dadına baxmayanlara, cənuba yolları düşdüyü zaman mütləq adını çəkdiyimiz yeməkləri sifariş etməyi tövsiyyə edirəm. Onlardan birinin resepti belədir.
Masallısayağı paxla plov
Burada paxladan müxtəlif cür yeməklər hazırlanır. May ayının ən məşhur yeməyi isə təzə tər şüyüd və təzəcə çıxan paxladan hazırlanan yaz plovudur. Əvvəlcə bir ləyən paxla toplanır və içindəki dənələr tək-tək çıxarılır. Sonra bir aşsüzən şüyüd yuyulub, təmizlənir və narın-narın doğranır. Bir kilo uzun düyü ən az bir saat əvvəldən soyuq suda islağa qoyulur. Bu arada hisə verilmiş duzlu ənzəli balığı qazanın içində buxarda yumşaldılır. Beş yüz qram kərə yağı əridilir. Bir yumurta, bir stəkan qatıq və yağdan qazmaq üçün iç hazırlanır.
Sonra düyü bir az qaynadılıb süzülür və təmizlənmiş paxla ilə qarışdırılır. Bu qarışıqdan bir az qazmaq üçün ayrılır və qazanın dibinə döşənir. Daha sonra yerdə qalan düyü doğranmış şüyüdlə qarışdırılaraq, mis qazana doldurlur. Bu işlər tamamlandıqdan sonra qazan dəmə qoyulur. 45 dəqiqə -1 saatdan sonra paxla-şüyüdlü plov yeməyə hazırdır. Əridilmiş kərə yağı dəm sırasında ləzzət qatması üçün astaca qazana əlavə olunur.
Yerlilər paxla-plovu duzlu ənəzli balığıyla yeməyi xoşlayırlar. Süfrədə bundan başqa qatıq, göyərti və yumurtadan hazırlanma kükü, yaxud yarpaq dolması da olur. Dadı dada qarışdırmağı sevməyənlərə bu bir az qəribə görünə bilər. Amma dadlara qarışdıran Masallı süfrəsində ləzzətli olur.
[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2338127579660633]