Otellərin möcüzəli sirləri

Bəzi məşhur mehmanxanalar özlərində çox maraqlı sirlər gizlədir.

Nyu Yorkun Waldorf Astoria oteli – uzun tarixi, Park Avenyuya açılan gözəl mənzərəsi və dəbdəbəli restoranları ilə məşhurdur. Lakin buranın əsas “fərqliliyi” – “Trek 61” adlanan ayrı dəmir yolu platformasıdır ki, əfsanəyə görə bu platformadan Franklin Ruzveltin özü istifadə edib. ABŞ-ın 32-ci prezidentinin şəxsi heyəti bu stansiyaya daxil olduqdan sonra, lift ilə birbaşa öz nömrəsinə qalxırdı. Hücum hadisəsi baş verəcəyi zaman isə bu stansiyadan Ruzvelt istənilən istiqamətdə yola düşə bilərdi.

Əgər siz Böyük Britaniyada “No Mans Land Fort” adlı mehmanxanada qalmaq qərarına gəlsəniz, bu zaman qayıq icarələməyə hazırlaşın. Məsələ ondadır ki, otel Uayt adası və Portsmutun arasında boğazın düz ortasında yerləşir. Qəribə yerləşməsi ilə yanaşı, mehmanxana həmçinin öz xarici görünüşü ilə də diqqət çəkir. Bu, otel kimi istifadə olunan, XIX əsrə aid əsil fortdur.

San Fransiskodakı Fairmont oteli – dünya siyasətçilərinin və ulduzlarının sevimli istirahət yeridir. Onların bir çoxu sahəsi 560 kv metr, bir gecəlik ödənişi isə 15000 $ olan pentxausda istirahət edir. Bu nömrənin seçilmə səbəblərindən biri – tam məxfiliyin təminatıdır. Pentxausun kitabxanasında otelin damına aparan gizli yol var ki, bu yolla ulduzlar paparatsilərdən qaçaraq vertolyot meydançasına çata bilərlər.

Amerikanın Uayt-Sulfur-Sprinqs şəhərində yerləşən dəbdəbəli Greenbrier oteli təkcə dizaynı ilə məşhur deyil. Mehmanxananın düz altında dünyada ən böyük bunkerlərdən biri yerləşir. Bu, nüvə partlayışı zamanı içində olan insanları qoruya biləcək, xüsusi havalandırma sistemi olan bunkerdir. Bunkerdə nüvə müharibəsi zamanı ABŞ hökumətinin üzvlərinin yerləşəcəyi nəzərdə tutulurdu.

Şimali Koreyanın Yanggakdo otelinin lift kabinində 5-ci mərtəbəyə aid düymə yoxdur. Əgər bu mərtəbəyə piyada qalxsanız, bu zaman bağlı qapılar və vətənpərvərlik şüarları ilə bəzədilmiş divarları olan müəmmalı beton bunker tapacaqsınız.

Maldivin məşhur oteli olan Kuramathi Island Resorts-da yalnız təbiətin müəyyən iqlim vaxtlarında peydə olan gizli çimərlik var. Burada çimərlik vaxtı qonaqlar üçün bütün lazımı avadanlıqlar quraşdırılır.