Quba alması
Qubanın ağ alması haqqında məşhur mahnı var. Bu, sarımtıl rəngli, qırmızı yanaqlı, xoş ətirli, yumşaq qabıqlı almadır. Şəhərin hər yerində, bütün həyətlərdə hektarlarla alma bağı salınıb. Burada ətri, dadı, rəngi və ölçülərinə görə fərqlənən bir neçə növ alma yetişir. Alma sezonu sentyabr – oktyabr aylarıdır ki, bu vaxt Qubaya gələn sanki alma cənnətinə düşür. Qubalılar toplanan məhsulun çox hissəsini Rusiya bazarlarına ixrac edirlər.
Arayış
Qudyalçayın sahilində, Böyük Qafqaz sıra dağlarının şimal – şərq yamaclarında, dəniz səviyyəsindən 616 metr yüksəklikdə yerləşir. Bakı – Dərbənd şosesinin 168 kilometrliyindəki Quba, şəhər kimi XVII əsrin ortalarında formalaşıb. Ərazidən 100-ə qədər irili-xırdalı çay axır ki, əksəriyyətinin suyu təmiz və içməlidir: Qudyal çayı, Ağ çayı, Qaraçay, Vəlvələ çayı və s. göstərmək olar. Vaxtilə xanlıq, indi isə şimal zonasının turizm mərkəzi olan Qubanın almadan başqa da simvolları var. Rayonda kiçik ekskursiyaya çıxmaqla bunları tək – tək görmək mümkündür.
Quba paxlavası
Şəhərin demək olar bütün küçələrində rast gəlinən və əksəriyyəti şəxsi həyətlərdə yerləşən paxlava – bükmə sexlərində Quba paxlavası və bükməsi satırlar. Burada paxlavanın bişirmə prosesini izləmək mümkündür. Şəki halvasına və Bakı paxlavasına bənzəsə də, dadı fərqlidir. Əvvəlcə üyüdülmüş və şəkərlə qarışdırılmiş qozdan ibarət iç hazırlanır. Daha sonra düyü unu və sudan yumşaq, maye halında xəmir hazırlanır və bişirilir. Hazır yuxalar hörümçək toruna bənzəyir. Buna qubalılar paxlava əriştəsi deyirlər. Paxlava üçün 40 – 50 ədəd əriştə hazırlamaq lazımdır. Bişən əriştələr üst – üstə yığılır. Bir neçə qatın arasına bol iç əlavə edilir. Ən üst qata qırmızı rəngli boya sürtüb romb şəklində kəsir, hər romb formasının ortasına qoz dənələri yerləşdirilir. Sininin üstü qapaqla örtülür və bişməyə qoyulur.
Hazır olunca üstünə su, şəkər və müxtəlif ədviyyatlardan hazırlanmış şərbət tökülür. Bir neçə saat şirəni canına çəkən paxlava yumşalır və yeməyə hazır olur.
Quba bükməsi
Bükmə də eyni inqridientlərlə hazırlanır. Amma formaca fərqlənir. Bir dənə bişmiş paxlava əriştəsini iki yerə qatlayır, içinə qoz içi doldurduqdan sonra bükür və qızardırlar. Buna bükmə deyirlər. Beləcə, şəhərlə ilk tanışlıq şirniyyatla başlayır. Yerlilər şirin söhbət etmək üçün şirin yeməyin lazım olduğuna inanır.
Quba toponimi
Qədim alban və ərəb mənbələrində, Avropalı coğrafiyaşünaslarının əsərlərində buradan bəhs ediblər. Ərəblər Məhəmməd Peyğəmbərin Məkkə şəhəri ətrafında tikdirdiyi ilk məscidin “Kuba” adlandığını yazıblar. XI əsr ərəb tarixçisi İbn – Haqvei Azərbaycan hökmdarı Ənuşirəvan tərəfindən “Bab – Firuzqubad” qalasının tikilməsi barədə xəbər verir. Bu ad altında Qubanın nəzərdə tutulduğu hesab edilir.
XII əsrdə ərəb alimi Həməvinin “Coğrafiya” lüğətində adları çəkilən Azərbaycan şəhərləri arasında “Kubba”vardı. Quba toponiminin mənşəyi haqqında ola bilsin ki, VI əsrdə həmin yerdə qala tikdirmiş İran şahənşahı Qubadın adı ilə bağlıdır. Məşhur ədəbiyyatşünas Firidun bəy Köçərli (1863 – 1920) Qubanın Nadir Şah dövründə onun çadırının qübbəsi ilə bağlı belə adlandırıldığını qeyd edir. Quba adının ilkin olaraq X əsrdə “Qübbə” şəklində işləndiyini bildirir.
Ərəb dilindəki qübbədən yarandığını inkar edən alimlər bu toponimin Quba adlı qədim türk tayfalarından birinin adı ilə bağlayır, bunun türk mənşəli tayfa adı olduğunu qeyd edirlər.
Azərbaycan coğrafiyaşünası və səyyahı Hacı Zeynalabdin Şirvani yazır:
“Qübbə Şirvan şəhəridir. Deyildiyinə görə, ürək açan bir yerdir. Oradan Şamaxı şəhərinə qədər 3 günlük yoldur. Ab – havası ürəyə yatandır. Hələ qədimdə ərəb tayfalarının biri Qubaya köçüb və orada məskən salıb. Şıxəli xanın atası Fətəli xan və onun ata – babaları Qubanın hakimləri olub.”
Quba xanlığı
Quba regionunda aparılmış müxtəlif arxeoloji qazıntıların nəticələri buranın tarixini IV əsrə aid edir. XVII əsrin sonlarında güclü ticarət – sənətkarlıq mərkəzinə çevrilən Qubanın şəhər kimi əsası 1735- ci ildə Hüseynəli Xan tərəfindən qoyulur və tədricən eyniadlı xanlığın paytaxtına çevrilir. Xanlıq dövründən bu günə bəzi möhtəşəm binalar qalsa da, Quba xanlarının iqamətgahları və hətta o böyük nəslin qəbirləri zaman içərisində itib. Qubanın tarixi şəxsiyyətlərindən danışarkən ilk ağla gələn adamlar Fətəli xan və A.Bakıxanovdur.
Fətəli xan (1736-1789)
Fətəli xanın hökmdarlığı dövründə (1758 – 1789) Quba xanlığının əhəmiyyəti artdı. Şimali Azərbaycanın bütün torpaqlarını öz hakimiyyəti altında birləşdirməyə, bununla da işğalçıların qarşısını almağa çalışan Fətəli xan, digər xanlıqlardan fərqli olaraq, qonşu kiçik feodal xanlıqlarını birləşməyə çağırırdı. Bu cəhətdən düşüncələri mütərəqqi idi. 1759-1771-ci illərdə Fətəli xan Dərbənd, Bakı, Şamaxı, Salyan, Gəncə xanlıqlarını birləşdirsə də vahid Azərbaycan yaratmaq istəyi baş tutmadı. Onun ölümündən sonra Quba xanlığı əhəmiyyətini və gücünü itirdi. 1806-ci ildə Quba xanlığının Rusiyaya birləşməsi ilə əyalətə çevrilən Quba qəzası 1840-ci ildə Dərbənd, 1860-cı ildə isə Bakı quberniyasına daxil edildi.
Abbasqulu ağa Bakıxanov (1794 – 1847)
İlk hərbi tərcüməçi, görkəmli Azərbaycan tarixçisi, yazıçısı və XIX əsrin əvvəllərində Rus ordusunun zabiti, eləcə də hərbi diplomatı olmuş Abbasqulu ağa Qubanın Əmsar kəndində yaşayıb. 1819-cu ildə Bakıxanov general Yermolovun dəvəti ilə Tiflisə gəlib və Qafqaz Baş Hərbi İdarəsində 26 il şərq dilləri tərcümanı vəzifəsində çalışıb. Yaxın Şərqə səyahətə çıxan Abbasqulu ağa Bakıxanov 1847-ci ildə Həc ziyarəti zamanı vəba xəstəliyindən vəfat edib. 5 tarixi – bədii əsərindən ən məşhuru “Gülüstani – İrəm”dir. 1841-ci ildə fars dilində yazdığı və 1843-cü ildə rus dilinə çevirdiyi bu tarixi əsərində Gülüstan sülh müqaviləsinə (1813) kimi olan Azərbaycan tarixini şərh edib. Vətənpərvərlik mövqeyində yazılan bu əsərin çap edilməsinə Çar höküməti icazə verməyib.
Quba tarixi – təbii abidələr
Qubada 140-dan çox tarix – memarlıq abidəsi mövcuddur. Onlardan 70 dənəsi təbiət abidəsidir. Təbii fəlakətlər zamanı yaranmış bu abidələrə yerlilər təbiət möcüzəsi deyir. Ərazidəki 60- dan yuxarı arxeoloji abidənin çox böyük hissəsi IV-XVII əsrlərə aiddir. Adətən rayon mərkəzində görüləsi elə də maraqlı yerlər olmur. Quba bu mənada istisna təşkil edir. Xanlıq paytaxtında piyada dolaşmaqla tarixi əhəmiyyətinə və gözəl memarlıq quruluşuna görə məşhur abidələrdən bəzilərini yaxından izləmək mümkündür.
Tağlı körpü (XIX əsr)
Buna Qudyalçay körpüsü də deyirlər. XVII – XIX əsrlərdə Quba qəzasında mövcud olan 7 körpüdən bu günə gəlib çıxan tək körpüdür. Qubada ən uzun körpü olan Qudyalçay körpüsü 1894-cü ildə rus çarı 3-cü Aleksandrın layihəsi ilə rusların Qafqazda öz hərbi dayaqlarını möhkəmləndirmək məqsədilə tikilib. Bu gün yalnız piyadaların istifadə etdiyi Tağlı körpüdən şəhərə romantik mənzərə açılır.
Günbəzli hamam (XIX əsr)
Qırmızı kərpicdən inşa edilib. Dördbucaqlı quruluşa sahib olan tikiliyə Çuxur hamam da deyirlər. 6 otaq, 2 qapı və 6 pəncərədən ibarətdir. 1985-ci ilə kimi əhalinin istifadə etdiyi Şərq memarlıq incisi sayılan hamam indi yalnız tarixi abidə kimi yerləşdiyi küçəni bəzəyir. Hamamda məşhur fransız yazıçısı Aleksandr Düma çimib. 150 il sonra onun nəticəsi ulu babasının gəzdiyi yerləri yenidən ziyarət edib.
Aleksandr Düma Azərbaycanda
1858 -1859-cu illərdə Rusiyada və Qafqazda olan A.Düma (ata) Azərbaycana
da gəlib. Bu səyahətindən sonra gördüklərinin təsiri altında “Qafqaz səfəri”, “Qar yığını” və “Sultanetta” adlı əsərlərini yazıb. Fransız, rus və ingilis dillərində çap edilən “Qafqaz səfəri” kitabının Azərbaycanla əlaqədar hissəsində yazıçı qədim Qubanın təbiətindən, məişətindən və insanlarından, Qudyalçay və Şahdağ barədə təəssüratlarından söz açır.
Səkinə xanım məscidi (XIX əsr)
Ən böyük özəlliyi bir xanımın adını daşımasıdır. Məscidi Səkinə xanım əri Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək üçün tikdirib. 1847 – 1854-cü illərdə bişmiş kərpicdən inşa olunmuş dördbucaqlı formalı, tək otaqlı, 27 metr hündürlüyü olan məscid binası şəhər mərkəzində yerləşir.
Cümə Məscidi (XIX əsr)
Buna Came də deyirlər. Zəngin memarlıq üslubunda tikilmiş Cümə məscidi 1802- ci ildə Qazi Ismayil əfəndinin maddi yardımı ilə inşa edilib. Bu məscid təkcə Qubada deyil, şimal – şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biridir. Məscid ve onun nəzdindəki mədrəsə 1924- cü ilədək fəaliyyət göstərib. Sovet dövründə fəaliyyəti qadağan edilən məscidin 1933-cu ildə mədrəsə və minarəsi dağıdılıb. Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra, Türkiyənin dini işlər idarəsinin yardımı ilə burada hündürlüyü 50 metr olan minarə yenidən inşa edilib.
Qubanın etnik tərkibi
Quba milli tərkibi müxtəlif olan rayondur. Burada türklər, ləzgilər, tatlar, yahudilər və digər etnik qrupların nümayəndələri yaşayır və öz dilini, adət-ənənəsini, mədəniyyətini qoruyub saxlayırlar.
Quba Qırmızı Qəsəbə
Yəhudi məhəlləsidir. Rayonun yerli camaatı qəsəbəni “Qırmızı kənd” adlandırır. Şəhər kənarında, Qudyalçayın sağ sahilində, Qusar yolunun üstündə yerləşir. Keçmiş adı Kulqat olan bu yerin indiki adı ilə bağlı maraqlı tarixçəsi var. Yəhudilərin Qubada məskunlaşdığı yaşayış məntəqəsi ilk vaxtlar “Zidkovskaya Sloboda”, XIX əsrin 60-70-ci illərində “Yevreyskaya Sloboda” adlanıb. 1920-ci ildə bolşeviklərin gəlişi ilə qəsəbənin adı dəyişərək “Qırmızı Qəsəbə” qalıb.
Əhalisi yəhudilərdən ibarətdir. Özlərini “cuğur” adlandırırlar. Dağ yəhudiləri farscaya yaxın olan ivrid dilində danışırlar. Qəsəbədə 13 sinaqoq var. 1938- 1939-cu illərdə Qırmızı qəsəbədə 12-13 min yəhudi yaşayıb. SSRİ dağıldıqdan sonra İsrailə, ABŞ – a köç edən əhali, buranı tamamilə tərk etmədi. Hal-hazırda onların sayı 4-5 min arasındadır.
Qubada yaşayan dağ yəhudiləri vaxtilə burada məskunlaşmalarını Hüseynəli xana və Fətəli xana borcludurlar. Onların Qubaya gəlməsi Nadir şahın dövrünə (1736 – 1747) təsadüf edir. Onun Qubanı istila edərkən özü ilə gətirdiyi yəhudilər əvvəlcə Qələdüz və Küpçal kəndləri arasında yerləşdirildilər. Təhlükəsizliklərinin təmin olunması üçün Hüseynəli xanın sarayına xahişə gələn yəhudi ağsaqqalları ondan razılıq aldıqdan sonra bu günki Qırmızı qəsəbənin yuxarı hissəsində onlara yer verilir. Yəhudiləri gecə talanlarından, qəfil basqınlardan qorumaq üçün Fətəli xan onları 1765-ci ildə indiki qəsəbə ərazisinə köçürür. Buraya saray məhsulları, nəqliyyat vasitələri cəlb olunur və altı gün ərzində yəhudilər yeni ərazidə məskunlaşırlar. Duz-çörəklə Fətəli xanın qarşısına çıxdıqları yerdə bu gün onların sinaqoqu yerləşir.
Qırmızı qəsəbəni Las Veqasa bənzədirlər. Göstərişi çox sevən yerli əhali əsasən ticarətlə məşğul olur. Qubanın ən zəngin məhəlləsində bir-birindən gözəl, möhtəşəm villalar göz qamaşdırır. Burada 15 – 16 yaşlı yeniyetmələri son model lyuks avtomobilləri sürərkən görsəniz, təəccüblənməyin. Dünyanın hər yerində olduğu kimi, Qubadakı yəhudilər də çox yaxşı yaşayırlar.
Qırmızı məhəlləyə giriş
Tatlar
Qubanın dağlıq ərazilərində, təmtəraqdan uzaq, çox sadə kənd həyatı yaşayırlar. Dini mənsubiyyət baxımından 3 qrupa ayrılırlar: müsəlman, xristian və yəhudi. Bu dini ayrı-seçkilik dildə də mühüm fərqlər yaradır. Toplam 20000-ə yaxın tat yaşayır. Tat sözünün işləndiyi ən qədim mənbələr VIII əsrə aid Orxon – Yenisey abidələri və Dədə Qorqud (1300 il) dastanıdır.
Quba, Cümə məscidi
M.Kaşğari “Divan” əsərinin ikinci cildində tat sözünün izahını belə verir:
“Tat – bütün türklərlə farsca danışan kimsə, uyğur kafirlərinin (müsəlman olmayan) adıdır. Bunu öz ölkələrində eşitdim. Bu söz farslar haqqında olduğu kimi çinlilər və uyğurlar haqqında da söylənir. Bu sözün yozulması belədir. Tat qədim türk mənbələrində çox işlədilib. Türklər tarix boyu özlərinə yad, yabancı olan xalqları və tayfaları türk torpaqlarına gələn başqa dilli əhalini “tat” adlandırıblar.”
Quba Zərqava kəndi
Tatların yaşadığı bu gözəl mənzərəli dağ kəndi folkloru ilə tanınır. Nəfəs alətlərinin ustası İbrahim kişinin zurnada ifa etdiyi Zərqava havası məşhurdur. Kənd camaatı çox qonaqpərvərdir. Qonaqlarına “Tat çığırtması” yedirməmiş heç bir yerə buraxmırlar. Zurnaçı İbrahim dayının mu-siqisini dinləyərkən həyətdəki təndirdə bişən çörək diqqətimi çəkdi. Buralarda evdə bişən təndir çörəyi ilə mağazada satılan çörək fərqlidir. Quba təndir çörəyi nisbətən incə olur, üstünə yumurta vurub müxtəlif naxışlar atırlar. İfasını bitirən İbrahim kişi çöldəki toyuqlardan birini tutub kəsdi və mətbəxə təhvil verdi ki, xanımlar tat üsulu ilə çığırtmanı bişirsinlər.
Tat çığırtması
Toyuq təmizlənib bütov parçalara ayrılır. Qaynayan suda azacıq pörtülür. Başqa bir qazanda xırda doğranmış 4 – 5 ədəd baş soğanı nehrə yağında qovurur və toyuğu da buraya əlavə edirlər. Bir neçə dəqiqəyə toyuq qızarır. Sonra bir stəkan suyun içərisinə 1 çay qaşığı üzüm sirkəsi, pomidor əzməsi əlavə edib qarışdırır və yeməyin içinə tökürlər. Yemək qaynamağa başlayınca onun üzərinə 4 – 5 ədəd yumurta qırırlar. Süfrəyə servis edərkən kişniş doğrayıb üstünə sərpişdirirlər. Təndir çörəyini içərisinə doğrayaraq və ya suyuna batıraraq yeyirlər.
Turizm cənnəti
Sərt-mülayim iqlimi olan Quba təbii-coğrafi və füsünkar gözəlliyi ilə çox məşhurdur.
Şimal turizm zonasının mərkəzində müxtəlif istiqamətlərdə turist səyahət marşrutları təşkil edilir. Ekskursiyalardan ən mühim 5 – ini gəzməklə Quba haqqında tam məlumat sahibi olmaq mümkündür.
- Quba – Qırmızı Qəsəbə – Uzunmeşə (15 km)
- Quba – Təngəaltı (33 km)
- Quba – Xaltan – İstisu (80 km)
- Quba – Qəçreş – Minarə (25 km)
- Quba – Xınalıq – Atəşgah (65 km)
Quba, Uzun meşə
Quba – Qırmızı Qəsəbə – “Long Forrest” (15 km)
Ən qısa ekskursiyanın son dayanacağı Uzun meşədir. Meşə ənənəvi qaydada eninə deyil, uzunlamasına yerləşdiyi üçün belə adlanır. Ərazidə eyni adlı kənd və istirahət mərkəzi yerləşir. Şimalın və Qubanın ən məşhur işlətmələrindən olan bu yer 1999-cu ildən fəaliyyətdədir. Sahibi Şotlandiyalı iş adamıdır. Qış aylarında da çalışır. Amma qışda buraya gəlməzdən əvvəl rezervasyon etdirmək lazımdır ki, otaqları qızdırsınlar və yemək hazırlasınlar. Yoxsa gecə temperaturun mənfi 10 – 14 dərəcə şaxta olduğu yerdə qalmaq qeyri – mümkündür. Uzunmeşə bütün fəsillərdə mükəmməl təbiəti və havasıyla gəzilməyə, görülməyə dəyər.
Quba – Təngəaltı (33 km)
Hamının rəğbət etdiyi və axın – axın gəldiyi bu yerdə eyni adlı kənd var. Mənası “Dağ arası yer”deməkdir. Böyük Qafqaz dağlarının şimal yamacında iki dağ arasından Vəlvələçay keçir. Bu dağlardan ağ, qara və çəhrayı qranit çıxır.
Dərinliyi 400-600 metr olan bu dərə ağ, qara və çəhrayı mərmərdən ibarət nadir təbiət abidəsidir. 2 dağ arasından keçən yol, yol üzərində olan sıldırım qayalar, yaşıllıqlar içindən axan çay, meşə bu kəndin mənzərəsini füsunkar edir. Sıldırım qayalıqda “Qaçaq Mayıl”ın mağarası diqqət çəksə də oraya çıxmaq sadəcə professional dağçıların işidir. 1834-cü ildə burada olan dekabrist yazıçı Bestujev – Marlinski “Molla Nur” povestində Təngə dərəsinin cazibəli mənzərəsini tərifləyib.
Aleksandr Bestujev – Marlinski(1797 – 1837)
Azərbaycanı “yer üzünün cənnəti” adlandıraraq “başqa yerdə axtarmayın, o, burada, Azərbaycandadır” deyib. “Qafqaz povestləri”, “Molla Nur”, “Quba yolu”əsərlərində Qubanın təbiəti, məişəti haqqında ətraflı məlumat verib.
Quba suatan şəlaləsi
Təngə dərəsinin ilk və yol kənarında yerləşən ən kiçik şəlaləsidir. Ərazidə şəlalə çoxdur. Onlardan ən məşhuru Təngə dərəsinin bir neçə km-liyindədir.
Quba Afurca şəlaləsi
Bunu görmək üçün rayon mərkəzindən 42 km məsafədəki Afurca kəndinə mütləq getmək lazımdır. Kənd ətrafında yüksək qayalıqdan axıb ətrafa tökülən “Afurca” şəlaləsinin hündürlüyü 70 metrdir. Altına enmək üçün mövcud olan yalnız 3-4 metr enindəki qayalıqdakı dar keçid adrenalin ifrazatını artırır. Tavanı dağ çuxurlarından ibarət olan yerdən keçərkən insanı istər-istəməz vahimə basır. Şəlalə yolunun üstündəki çayxanada ətraf dağ və meşədən toplanmış otlardan dəmlənən bitki çayının dadı, tamı, qoxusu bütün qorxunu və yorğunluğu aradan qaldırır.
Qonaqkənd – Xaltan – Qarxun kəndlərinə, eləcə də Babadağ (3629 metr) ziyarətgahına aparan şimal yolu da buradan keçir.
Quba – Xaltan kəndi – İstisu (80 km)
Bu ekskursiyanı gerçəkləşdirmək üçün bir gün vaxt lazımdır. Odur ki, səhər saat 7-də qalxdıq və Jeep-lə yola çıxdıq. Başqa nəqliyyatla yola çıxmaq məsləhət deyil. Təbiət, mənzərə, yaşıllıq, boşalmış kənd xarabalıqları və köhnə qəbiristanlıq görüntüləri bir – birini yol boyunca əvəz edir. Qubalılar XX əsrin əvvəllərinə qədər bu kəndlərdə yaşayışın çox olduğunu söyləyirlər. Amma elektrik, su, qaz və yol çəkilməməsi tədricən kənd sakinlərinin şəhərə olan rəğbətini artırıb və hamı köçüb. Bu dağlar XIX əsrdə qaçaq hərəkatının lideri, şimal zonasının ən məşhur qaçaqlarından Qaçaq Mayılın yuvası olub.
Qaçaq Mayıl
XIX – XX əsrlərdə haqsızlığa qarşı mübarizə aparıb. “Qırmızı Ordu” əskərlərinə qarşı güclü müqavimət göstərən rejim düşməni Qaçaq Mayıl 1924-cü ildə arxadan atılan güllə ilə öldürülüb.
Xaltan kəndi
Bu istiqamətdə Qubanın son yaşayış məntəqəsi olan kənddə çox az ailə yaşayır. Xaltan yaxınlığındakı meşəlikdə, Çarxaçu çayı dərəsində, okean səviyyəsindən 780 metr yüksəklikdə otuzdan çox bulaq qaynayır. Yerdən 40-50 və 36-38 dərəcə hərarətlə çıxan istisu ürək-damar, oynaq, əsəb, osteo-xondroz, dəri, hərəkət-istinad, xroniki intoksikasiya, toksiki polinevrit, ense-falit, beyin damarlarının aterosklerozu, qaraciyər iltihabı, mədəaltı vəzi, böyrək daşı, öd yolları, mədə-bağırsaq, babasil xəstəliklərinin, onurğa sütunu, qida bo-rusu və orqanizmin digər sistemlərinin müalicəsində böyük səmərə verir. Ərazidə azot və kükürdlü oksigen xassəli termal və soyuq sular var.
İstisu – təbii vannalar
Vannaların kəndin cəmi 10 km-liyində yerləşməsinə baxmayaraq, oraya 2-3 saatda getmək mümkün oldu. Çünki yol deyilən şey yoxdur. Yol boyunca nə bir insan, nə bir canlı, quş – heç nəyə rast gəlmək mümkün deyildi. Telefon əlaqəsinin belə olmadığı yerdə səssizlik qulaq batırır.
Bir neçə saatlıq yorucu yolçuluqdan sonra görülən mənzərə heyrətləndiricidir. Bura çadır şəhərciyinə bənzəyirdi. Ətraf rayonlardan buraya müalicəyə gələnlər 40 gün bu sivilizasiyadan uzaq həyat tərzi sürürlər. 1500-1800 m yüksəklikdə, qayaları arasından yüzillərdir isti su çıxır. Suyun kimyəvi xassəsinə tab gətirə bilməyən qayalar oyularaq təbii vanna əmələ gətirib. Ona görə adı belə qalıb. Ərazidə 2 ədəd böyük təbii vanna var. Birisi qadınlar üçün, digəri kişilər üçün nəzərdə tutulub. Deyilənlərə görə geniş ərazidə bu cür təbii vannaların sayı çoxdur. Amma onların yerləşdikləri ərazi daha zirvədə, nisbətən daha təhlükəli yerdədir. Təbii qaz yataqları da var.
Pirəkəkil baba piri
Vannalardakı prosedurlardan bir parça-sı da bu ziyarətgahda gerçəkləşdirilir. Pirəkəkil babadan uşaq istəyən xanımlar niyyət edib buradakı uzunluğu 15 – 20 metr olan dar tuneldən keçməlidirlər. Tuneli keçməyi bacaranların diləkləri baş tutur. İlan, kərtənkələ, başqa həşəratlarla dolu bu dar keçiddə bəziləri ilişib qalır. O zaman kənardakılar zəncirləmə şəkildə yerdən uzanaraq içəridəkini dartıb çıxarırlar.
Qubanın inanc yerləri
İslamdan əvvəlki inanclara görə təbii müalicəvi mineral suların çıxdığı ərazilər qədimdən bəri xalq arasında möcüzəli yer sayılıb. Buralar Allaha dua edilən və bütün dərdlərin sağaldığı məkanlar kimi qəbul edilib. Müəyyən vaxtlarda bəzi arzularının həyata keçməsi üçün insanlar pir dedikləri bu məkanlara üz tutaraq dua edirlər və bu qayda yüzillərdir dəyişmir. Quba, ən çox ziyarətgahı olan rayonlardandır. Hər pirin daşıdığı missi-ya, onunla bağlı yaranmış əfsanələrdən anlaşıldığı kimi fərqlidir. Təkcə Pirvahid kəndində 7 ziyarətgah mövcuddur. Onlardan birinə “Pir bənövşə” deyirlər. Novruz bayramında ərə getməmiş qız-ların üz tutduğu, gələn bayrama qədər ərə getmək istəklərini dilə gətirdikləri yerdir. Deyilənlərə görə, bayram günü ətraf kəndlərdən dəliqanlılar buraya yı-ğışaraq pirə gəlmiş qızlara tamaşa edir, içlərindən qız bəyənirlər.
Quba – Qəçreş – Minarə (25 km)
Qubanın ən populyar istirahət zonasıdır. Qəçreş sözünün mənası “gəl otur” deməkdir. Bu adı “Gün dəyməyən yer” kimi də yozurlar. Rayonun şimalında yerləşdiyinə görə Qəçreşi kuzey də adlandırırlar. Bu geniş ərazidə ağaclar elə sıx düzülüb ki, gün işığı yerə dəymir və yayda çox soyuq olur. Qışda isə başdan – ayağa soyunan ağaclar qar içində qalır.
Qımıl kəndi
Qəçreş istirahət zonasıyla paralel ərazidə, meşənin qarşı tərəfində yerləşən dağ kəndidir. Tarixən Qubanın xalça mərkəzlərindən hesab edilir. SSRİ vaxtı kolxoz – sovxoz sisteminin yayılması, ixracatın olmaması, əməyin qiymətləndirilməməsi xalçaçılığın zəifləməsi ilə nəticələndi. Buna baxmayaraq, az da olsa evlərdə xalça toxuma işinə davam edildi. Əsasən evlərdə cehizlik xalçalar toxudular. Son illərdə bu işə verilən qiymət və maraq artınca dağ kəndlərində xalçaçılıq yenidən inkişaf etməyə başladı.
Quba xalçası
Qubada toxunan «Çiçi», «Ağgül» və «Pirəbədil» xalçaları Azərbaycandan ən yaxşı xalçalardır. 1712-ci ildə toxunmuş «Qollu Çiçi» xalçası hazırda Nyu – Yorkdakı «Metropolitan» muzeyində saxlanılır. Azərbaycan xalçaları coğrafi mövqeyinə, naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə 7 xalçaçılıq məktəbinə bölünür. Ustalar xalçanı təhlil edərkən sanki xalça dil açıb danışır, hər ilmənin öz adı, mənası və hər xalçanın öz məzmunu var. Qımıl kəndindəki evlərin əksəriyyətində xalça toxunsa da, satın almaq niyyətinə düşənlər boş yerə həvəslənməsin. Çünki burada xalçalar artıq əvvəlcədən edilən sifarişlə toxunur. Odur ki, Qubada xalça almaq niyyətinə düşənlər rayonda fəaliyyət göstərən xalça mərkəzlərinə müraciət etməlidirlər.
Təbii Minarə
Qəçreş ərazisinin bitdiyi yerdə bu marşrutun son dayanacağı yerləşir. Qrızdəhnə yolunun başlanğıcında, Qudyalçayın daş qayanı deşib keçməsi nəticəsində yaranan bu təbii abidənin uzunluğu 30-35, eni 4-5, hündürlüyü isə 3-4 metrə çatır. Onun tektonik hərəkətlər və çayın eroziya nəticəsində IV əsrdə əmələ gəldiyi güman olunur. Minarə həm də 10-15 metr yüksəklikdə təbii körpü rolunu oynayır.
Qayaların arasında oyuq var, buraya soyuducu deyirlər. Həqiqətən, elə soyuqdur ki, ərazidəki restoran sahibləri mağaranın girişinə qapı qoyub qıfıllayıblar və soyuducu niyyətinə buradan istifadə edirlər. Minarə restoranın menyusundakı Şahplovdan yemək məsləhətdir. Bütün plovların şahıdır və bişirilməsi də nə az, nə çox, düz 4 saat çəkir.
Şah plov (12 nəfərlik)
- 1 kq düyü
- 1 çolpa
- 200 qram sarı kişmiş
- 200 qram qayısı
- 200 qram qara kişmiş
- 2 kq kərə yağı
- 200 qram şabalıd
- 60 ədəd nazik yuxa.
Düyü duzlu suya qoyulur. Onun üçün bir qazanda su qaynadılır. Çolpa suda azacıq pörtlədilir. Sonra kiçik hissələrə parçalanır. Qayısı, kişmişlər yuyulub hazır qoyulur. Şabalıd suda bişirilərək qabığından təmizlənir. Dərin mis yaxud çuqun qazanın dibi yağlanır. Yuxalar tək – tək yağlanaraq qazanın dibinə düzülür. Daha sonra qazanın divarlarına döşənir. Qazanın içərisi tamamilə yağlanmış yuxalarla örtüldükdən sonra süzülmüş düyü və digər inqridientlər hissə – hissə qazanın içinə qarışdırılaraq tökülür. Daha sonra yerdə qalan yuxalarla qazanın üstü örtülür. Və əridilmiş kərə yağının hamısı ehtiyatla qazana əlavə edilir. Bu qədər yağ düyünün dənəvər qalması və yuxaların yaxşı bişməsi, bişərkən yumşalaraq xamırlaşmaması üçündür. Daha sonra qazanın ağzı kip şəkildə bağlanaraq 150 dərəcə temperaturda sobaya qoyulur. Düz 4 saat bişir. Hazır olub qazandan çıxarılınca çox simpatik tort görüntüsündə olur. Onu elə tort kimi də kəsirlər. Hər dilimin arasından düyü və digər inqridientlər boşqaba tökülür. O qədər yağdan əsər-əlamət qalmır. Ləzzətinə də söz ola bilməz. Bunu yedikdən sonra artıq yola düşmək olar. Sırada başqa bir önəmli ekskursiya var.
Quba – Xınalıq – Atəşgah (65 km)
Əslində burada hər şey, daha doğrusu Xınalıq macərası yollardan başlayır. Kəndin yolları hər zaman təhlükəli olub. Vaxtilə 4 saatda zorla gedilən, yalnız bir maşının keçə bildiyi dar dağ cığırlarında diqqətsiz bir hərəkət uçuruma, aşağı, Qudyalçayın içərisinə yuvarlanmaq demək idi. 2006-cı ildə bu yollar genişlədilib, asfalt çəkilib. Bununla yay fəslində sürücülərin işi asanlaşsa da, qışda ərazini örtən ən az yarım metrlik qar örtüyü hərəkətə mane olur. Üstəlik tez-tez qar uçqunları baş verir. Bəzən yuxarıdan qaya parçaları da tökülür. Odur ki, sentyabr – may ayları arası bu səyahət zamanı Quba – Xınalıq arası çalışan xüsusi xalturşiklərlə getmək məsləhətdir. Uçurumlu, yüksək dağ yollarına asfalt çəkilsə də təhlükə sovuşmadığından bu kənd sürücüləri hər cür ekstremal vəziyyətə daim hazır olurlar. Hər şeyə rəğmən Xınalığa səyahət böyük bir zövqdür. Yol boyu dağlar və təbiət insanı məst edir, yüksəklik artdıqca, nəfəs kəsilir.
YUNESCO tərəfindən dünya əhəmiyyətli tarixi abidələr siyahısına daxil edilən qəsəbəni açıq səma altında muzeyə bənzədirlər. “Dağlarda ada” adlanan bu kənd rayon mərkəzindən 65 km-lik məsafədədir. Dağ ətəyindən başlayaraq yamaclarla yuxarıya doğru dırmaşan çay daşından tikilmiş evlər çoxmərtəbəli binanı xatırladır. Rəsul Rza “Xınalıq kəndinin xatirələri” oçerkində buradakı evləri üst-üstə yığılmış qartal yuvalarına bənzədib. Xınalıq qoruq elan edildiyi üçün burada yeni inşaatlara icazə yoxdur.
Qubanın coğrafiyası və iqlimi
Qafqaz dağlarının uca zirvəsində yerləşən Xınalıq amfiteatrı xatırladır. Qızıl Qaya, Şahdağ, Tufandağ və Xınalıq dağlarının əhatəsindədir. Qudyal-çayın sol sahilində, Azərbaycanın şimal – qərbində, 2300 metr yüksəklikdə konusvari dağın üstündə salınıb. Elə yüksəkdə yerləşir ki, burada yaşıllıq yalnız otlar, təbii bitkilərdən ibarətdir. Bu yüksəklikdə yalnız şirin dad ilə seçilən kələm və yerkökü yetişir. Dağlarda soyuqlar artıq payızın ortalarında düşür. Qış çox sərt və qarlıdır. Qışda havanın hərarəti –30 dərəcə şaxtaya qədər enir.
Xınalıqda turizm
Xınalıqda mehmanxana və yeməkxana yoxdur. Yalnız yerli əhali turistləri gecələmək üçün qəbul edə bilər. Onlar çox qonaqpərvərdirlər. Xınalıqlılar sərt dağ şəraitində yaşadıqlarına görə sadə və qənaətcildirlər. Ekoturizmi sevənlər çadırlarda gecələyə bilərlər. Kənddən dağ yolu ilə “Şah Yaylağına” keçərək Xınalıq aşırımından Qızıl Qaya dağ massivinə qalxmaq olar (3700 m.). “Şah Yaylağı”ndan keçən at cığırı ilə Qusar çayının sahilində yerləşən – 30 km məsafədəki ləzgi kəndi Lazaya getmək olar. Xınalıq sakinləri turistlərə həmçinin milli güləş, at yarışları və bazarların keçirildiyi “Şah Nabat” yaylasına atla turlar təşkil edə bilərlər.
Xınalıq evləri
Hal – hazırda burada 380 ev var. Bir evin damı, ondan yüksəkdə yerləşən digər evin meydançasıdır. Başqa deyilşə, sizin damınız kiminsə həyətidir. Dağlar dik olduğundan evlər çox sıx yerləşdirilib. Həyətlərdə balaca bostanlar var. Evlərin hamısı qədimdir, onların 200-300 il yaşı var. Kənddə daha qədim tikililər və çoxlu qədim xarabalıqlar da var. Kənd öz arxitektur stilini itirməyib. Hətta, çay dərəsindən kəndə yaxınlaşarkən gözəl mənzərə açılır. Bu yüksəklikdəki dam və həyətlərdən ətrafa möhtəşəm mənzərə açılır. Özünü quş kimi hiss edirsən. Hamısı çay daşlarından tikilən evlərin daxili quruluşu da eynidir və içəridə spesifik qoxu var . Evlərə başdan – başa rəngli, güllü-çiçəkli, naxışlı xalçalar döşənib. Di-varlarda isə əl işi tikmələr sərilib. Kətan, ağ parçaların üzərində müxtəlif motivli naxışlar rəngli iplərlə tikilir.
Tikmə
Tikmə ən qədim xalq yaradıcılığı nümunələrindəndir. Buna təkəldüz deyirlər. Adətən parça üzərindəki tikmələr yaxud əl ilə düzmələr, yəni tək əl ilə naxışları düzmək kimi izah edilə bilər. tikmə işləri ilk bəzəklər sayılır. Rəngli sapları əl ilə parça üzərində düzmək Qərbdə və Şərqdə həmişə mövcud olub. Azərbaycanda bu sənətin müxtəlif formaları mövcuddur. Azərbaycanda bu sənətin ilk nümunələrinə hələ sasani dövrlərindən rast gəlinir.
Evlərin ortasında dayaq məqsədli sütunlar yerləşdirilib. Mebel yoxdur, əvəzində bol yorğan, döşək, yastıq, döşəkçə və mütəkkələr olur. Burada masadan da istifadə etmirlər. Yerdən oturmaq qaydası var.
Xınalıq məişəti
Qədim adət- ənənələrini qoruyub saxlayan xınalıqlılar toylar və digər mərasimlərini də əvvəl olduğu kimi keçirirlər. Xınalıqlıların yağışla, əkinçiliklə, bəzi ev heyvanlarına münasibətlə, toy və yasla, səma cisimlərinin müşahidəsi ilə bağlı zəngin ənənələri var. Onların həyat və məişətinə daxil olan adət və ənənələr təbiət hadisələrinə uyğun qurulur, onların yozulması ilə bağlıdır.
Tarixən toxuculuq sənətinin geniş yayıldığı Xınalıqda yun ipdən toxunmuş şal Quba qəzasında məşhur idi və onu ətraf kəndlərdə üst paltarı tikmək üçün alırdılar. Yun şaldan tikilən çuxa vaxtilə kəndlərdəki varlı adamların milli geyim forması olmuşdur. Yundan toxuculuqda, əsasən rəngli corablar toxunulur. Bu corablar mini xalçalara bənzəyirlər. Qışı bu corabsız keçirmək qeyri –mümkündür. Xınalıqlıların əsas məşğuliyyətləri dərman bitkiləri və otların yığılması və qurudulmasıdır, sonra onlardan həm mətbəxdə istifadə edilir, həmçinin gələn qonaqlara satılır.
Burada XX əsrin ortasınadək qəbilə – icma quruluşu mövcud olub. Dörd fərqli idarə sistemi olan tayfa yaşayıb. Hər birinin öz qəbiristanlığı, məhəlləsi, məscidi, piri olub. Belə ki, hər bir kənd indi də məhəllələrə bölünür. Keçmişdə hər bir məhəllədə ayrı-ayrı nəsillər yaşayırdı. Məhəllə bəzən inzibati vahid rolunu oynayırdı. Hər məhəllənin özünəməxsus ağsaqqalı, qəbrisitanlığı və piri var idi.
Məhəllələrin bəziləri orada vaxtilə məskən salmış ulu nəsillərin adları ilə adlanırdı.
Bal və qovurma
Kənd camaatı yol uzaq və çətin olduğundan, ildə 1 – 2 dəfə, o da yay fəslində şəhərə enir, bütün alış – verişini edir, azuqəsini toplayır və geri qayıdır. Xınalıqda avqustun son həftəsindən etibarən bal mövsümü başlayır. Buranın balının dadına-ətrinə söz ola bilməz. Qatı ləzzəti boğazı yandırsa da, yedikcə yeyirsən, ziyanı yoxdur, bal 70 dərdin dərmanıdır deyirlər. Payızın əvvəllərindən isə ləzzəti ilə xüsusi olaraq seçilən keçi əti sezonu başlayır. Xırda baş heyvandarlığın çox geniş yayılması və təbii şərait mətbəxdə də özünü göstərir. Qışa tədarük üçün qoyun və keçi ətindən hazırlanan qovurmalar bunun ən böyük göstəricisidir.
Təzək
Vaxtilə Azərbaycan kənd məişətində geniş istifadə edilirdi. İndi kəskin şəkildə azalsa da, bəzi yerlərdə əvəzedilməz yanacaq rolunu oynamağa davam edir. Xınalıqda bu, həmən gözə çarpır. Kəndin xarakterik mənzərələrindən biri, həyətlərin hamısında formaca kərpicə oxşar, quru və nəm təzəkdən hazırlanan divarların olmasıdır. Bu, xınalıqlıların istifadə etdikləri əsas yanacaq növüdür. Heyvan nəcisi bir araya toplanır. İçərisinə saman qatılır, yoğrulur. Sonra xüsusi qəliblərə salınaraq tapdanır. Nəhayət, hazır qəlibdən çıxanlar tək – tək açıq yerə qoyularaq qurudulur. Formaca yuvarlaq və kərpic şəklində olur. Təzək elə düzülür ki, hasar rolunu oynayır, küləkdən evləri qismən mühafizə edir. Uzun keçən soyuq qış aylarında tək – tək yandırılır. Maliyyəti sıfıra bərabər ən keyfiyyətli yanacaq növü hesab edilir.
Xınalıqlılar
Adət – ənənəni, milli geyim tərzini qoruyan yerlilər zahiri görünüşlərinə görə də seçilirlər. Buranın sərt iqlimi sakinlərin dərisində özünü əks etdirir. Soyuqdan çatlayan dəriləri çox sərt, yanaqları da daim qırmızı olur. Xınalıq camaatı orta boylu, sağlam bədənli, saçlar xurmayı, gözlər qonur ya da mavi rəngdə olur. Cəsur və zirəkdirlər.
Qədim yunan alimi Strabon “Coğrafiya” əsərində Qafqaz Albaniyasında 26 Alban tayfası yaşadığını və həmin tayfaların hərəsinin öz dilində danışdığından yazırdı. Xınalıqlılar həmin 26 Alban tayfadan biridir.
Bu saç düzümünə yalnız Xınalıq sakini məktəbə qədər uşaqlarda rast gəlmək mümkündür
Strabon (e.ə 64 – b.e. 24)
Antik dövr Azərbaycanının dolğun şəkildə ilk təsvirini vermiş tanınmış yunan coğrafiyaçısı və tarixçisidir. 17 bölmədən ibarət “Coğrafiya” əsərini, e. ə. 7-ci ildə, Roma sərkərdələri Lukul, Pompey və Antonininin Qafqaza yürüşlərindən sonra yazıb. Əsər tarixşünaslıqda antik dövrün coğrafi biliklərinin toplusu kimi qiymətləndirilir. Qafqaz haqqında, o cümlədən Azərbaycanın qədim dövlətləri Albaniya və Atropatena haqqında tarixi – coğrafi arayışlar “Coğrafiya”nın XI kitabındadır. Minillərdir Qafqazda yaşayan, öz dilini, adət-ənənələrini bu günümüzə qədər saxlayan Şahdağ etnik qrupuna aid xınalıqlıların əcdadları barədə məlumatlara antik yunan tarixçilərindən Plininin əsərlərində də rast gəlinir.
Böyük Plini (23 – 79)
Qay Plini Sekundi b.e. I yüzillikdəki Albaniya və albanlar haqqında yazan antik müəlliflərindəndir. Ən tanınmışlardandır. Roma yazıçısı, alimi və dövlət xadimidir. Bu günə yalnız 37 bölməlik əsəri çatıb: “Təbiət tarixi” əsərində Albaniyanın baş şəhəri, ölkənin təbiəti, albanların məişəti haqqında maraqlı məlumatlar verir. Xınalıqlılar, Qafqaz Albaniyası xalqlarından olan və Qəbələnin Nic kəndində yaşayan ən qədim türk qəbilələrindən olan utilərlə qohum tayfa olduqlarını söyləyirlər. Buradan Qəbələyə kəsə dağ yolu var. Keçən əsrin ortalarına qədər kənd sakinləri bu dağ yoluyla alış –veriş üçün Qəbələyə gedərlərmiş.
Xınalıq dili
Xınalıqlıların heç bir dil ailəsinə daxil olmayan, tamamilə müstəqil dili var. Yerlilərin özlərindən başqa bu dildə heç kim danışmır və anlamır.
Xınalıq dili haqqında ilkin məlumata Avropa qaynaqlarında, R.Fon Erkertin yazılarında rast gəlinir. O, 1895-ci ildə Vyanada alman dilində nəşr etdirdiyi “Qafqaz köklü dillər” kitabında xınalıq dilinin qrammatikasına və frazeologiyasına toxunub.
20-ci əsrdə Xınalıq dilini araşdırmaq üçün kənddə SSRİ Dilçilik İnstitutunun xüsusi filialı açılıb. Xınalıq kəndində işləyən dilçilər latın qrafikası əsasında bu dilin 72 hərfdən ibarət əlifbasını tərtib ediblər.
Xınalıq toponimi
Xınalıq adı 50-60-cı illərdən sonra işlənməyə başlayıb. Xınalıqlılar kəndlərini “Ketş”, özlərini “Kettid”, dillərini də “Ketş mitsl” adlandırırlar. Kətş “ketlərin müqəddəs yurdu” kimi başa düşülür.
“Xınalıq” sözünü arxeoloqlar, burada olan xınalı qayaların və yaxud hun tayfalarının adından götürüldüyünü qeyd edirlər.
Qədim hunlarda, türk döyüşçülərində populyar olan saç düzümləri burada hələ də dəbdədir. Azərbaycanın başqa yerində belə saç şəkli ilə qarşılaşmaq mümkün deyil. Bu, Sibirdə, Monqolustanda indiyədək qalmış və əsasən tarixi filmlərdə gördüyümüz saç modelidir.
Oğlan uşaqlarının saçı hər tərəfdən qırxılır. Təpənin ortasındakı saçı uzadır və onu hörürlər. Yeniyetmə yaşlaradək hörük qalır.
Əsgərliyə gedincə məcburən kəsilir və ondan sonra uzadılmır. Kişilərin bu cür saç modeliylə dolaşmaları mentalitetə tərs düşdüyündən bu məsələ tamamilə qapanır.
Qubanın tarixi
Dəqiq bir rəqəm olmasa da, e.ə I əsrdə bu ərazidə ket tayfalarının yaşadıqları barəsində ən çox informasiyanı antik yunan tarixçiləri verirlər. Xınalığın qədimliyini təsdiq edən ən böyük məlumat mənbəyi kənd ərazisindən bir neçə dəfə böyük sahəni əhatə edən 8 qəbiristanlıqdır. Məzarların çoxu 3-4 qat bir-birinin üstündə qazılıb. Olduqca enli və uzun qəbirlərin baş daşları qədim əlifbalarla yazılıb.
Köçəri tayfalardan qorunmaq üçün X əsrdə Xınalıqda müdafiə istehkamı, qala sistemi tikilib. Qalanın əsas bürcündə atəşpərəst məbədi olub. Kənd ağsaqqalları bu məbəddə oturan kahinin Pirəcomərd baba adlı şəxs olduğunu söyləyirlər. Onlar burada əbədi məşəl olduğunu iddia edirlər. Həmin bürcün olduğu yerdə, müqəddəs sayılan atəşpərəst məbədi indiyədək durur.
Nuh tufanı ilə bağlı ərazi hesab edilir. Çox yüksəkdə və üstü hamar olduğundan gəminin burada lövbər saldığı iddiaları var. Tufan zamanı Nuh məhz bu dağın başında gəmisini saxlayaraq camaata artıq yerə enməyi əmr edir.
Xınalıq əfsanəsi
Ketş dağının ətəyində yerləşən kənd güclü zəlzələdən sonra tamamilə dağılıb, sağ qalanlar Dam – dam dağının ətəyinə yerləşərək xına əkməyə başlayıblar. Elə o vaxtdan kənd “Xınalıq”adlanıb. Qədim dövrlərdən bəri, həyat tərzində çox da böyük dəyişikliklər baş verməyən xınalıqlılar özlərini Nuh peyğəmbərin nəslindən sayırlar. Onların fikrincə, Nuh peyğəmbərin tufanı dövründə kəndləri Ketş dağlarında yerləşirdi. Sonradan zəlzələ zamanı orada heç bir ev salamat qalmayıb və əhalinin çox hissəsi tələf olub. Sağ qalanlar isə, çayı keçərək kiçik bir təpəyə qalxaraq Xınalığı yaradıblar. Yerlilər hesab edirlər ki, tufandan sonra Nuhun oğulları – Sim və Xam müxtəlif yerlərə köç etdilər və yalnız Yafəs öz oğulları ilə həmin yerdə qalıb ki, bundan da qafqaz xalqı törəyib. Həqiqətən 2300 metr yüksəklikdə yerləşən kənd ərazisində rast gəlinən balıqqulağı və daşlaşmış balıq sümükləri burada bir vaxtlar baş vermiş tufan və daşqından xəbər verir.
Dini etiqad
Xınalıqlılar atəşpərəstlikdən İslama birbaşa keçib. Dini inancların yüksək olduğu yerdir. Xınalıqda 12-ci əsrdə Əbu Müslim tərəfindən islamiyyət təbliğ olunmağa başlanır. Burada 10-a yaxın məscid var. 12-ci əsrdə inşa edilmiş Cümə məscidini camaat Əbu Müslim məscidi adlandırır.
Cümə məscidi
Kəndin mərkəzində, ən yüksək yerdə yerləşən Cümə məscidi buradakı məscidlərin babası hesab edilir. Zaqafqaziyadakı ilk məscidlərdəndir. Məscidin girişində, sağ tərəfdə 2 metr yüksəklikdə yerləşən 2 müxtəlif daş üzərində “runa” yazıları həkk olunub.
Pirəcomərd məscidi
Üzərindəki lövhədə 1388-ci ildə tikildiyi yazılıb.
Bürc
Kəndin daha qədim hissəsində zərdüştlərin od məbədinin yerində, b.e. Vll əsrində “Bürc” tikilib. Bura yalnız müsəlmanların dini bayramlarında ziyarət olunan pirdir.
Pirlər
Xınalıq 4 tərəfdən mağara, pir, məbəd, Atəşgahlarla əhatə olunub. Demək olar hər küçədə pir var. Bütün pirlərdə bir qəbrə rastlamaq olur. Bunlarda evliya olan şəxsləri dəfn ediblər. Pirlərin demək olar hamısının divarlarında İbrahim peyğəmbərin oğlu İsmayılı Allaha qurban kəsməsi səhnəsi təsvir olunub. Kənddəki ən məşhur pir “Xıdır Nəbi” adlanır. Hər pir bir dərdə dərmandır. Xıdır Nəbiyə dişi ağrıyanlar müraciət etdiyindən bura diş ağırısı piri də deyirlər. Burada təbii yumru, xırda çay daşları var. Deyilənlərə görə, onu ağrıyan dişə sürtdüyün zaman ağrısı keçir.
Ən məşhur pirlərdən biri “40 abdal” adlanır. 40 dərvişin sığındığı və ibadət etdiyi məbəd olub. Xınalığın 2 km yüksəkliyində qayalıqda, içərisində müqəddəs sayılan bulağı olan mağaradır. Oradan saxsı boru vasitəsilə həyətlərə və kəndin mərkəzi meydanına su gəlir. Böyük bayramlar və təntənələr zamanı kəndin bütün əhalisi burada toplaşır.
Atəşgah
Xınalıqdan 5 km məsafədə, 2600 metr yüksəklikdə yerləşən Atəşgah, əslində yanar dağdır. Bu dağlıq ərazi təbii qaz ehtiyatlarıyla zəngindir. Yerlilərin dediyinə görə, ətrafda bunun kimi yanan bir neçə dağ daha var. Yanan alovun üstünə yığılmış hamar qaya parçaları və çınqıllar buraya yıxılmış qala görüntüsü verir. Bu daşların üstündə pikniyə gələnlər artıq ibadət etmir, ət bişirir, sonra da çəmənlikdə uzanıb yüksəkliyin, günəşin kefini yaşayırlar. Xınalıqdan Atəşgaha atla yarım saatda, piyada 2 – 3 saatda gəlmək olur.
Atəşgahın yaranması ilə bağlı əfsanə var. Deyirlər ki, soyuq günlərin birində sürüsünü otararaq buralara gələn çoban qızışmaq üçün ocaq qalamaq niyyətinə düşür. Əlinə keçəni ortaya yığıb yandırmaq istəyəndə buranı alov götürür, qorxusundan diz üstə çökən çoban Allaha dua etməyə başlayır. O vaxtdan yanmağa başlayan atəş heç vaxt sönmür, bu yer də müqəddəs hesab edilərək məbədə çevrilir. Buraya gəlincə bu di-yarın niyə “odlar yurdu” adlandırıldığını anlayırsan. Məmləkətin hər yerində suyu da, torpağı da yanır.
Atəşgah nədir?
Zərdüşt dini tərəfdarlarının, atəş-pərəstlərin ibadətxanası, ocaq və məbədlərinə verilən ümumi addır. Şimali Azərbaycan ərazisində atəşpərəst məbədləri geniş əraziyə yayılıb. Çoxu əvvəlki məqsədindən uzaq, başqa missiyalara xidmət edir.
Tufandağ
Xınalıq kəndinin qarşısında yerləşir. Xınalıqlılar onu müqəddəs dağ hesab edirlər. Adətən bu dağın başı həmişə dumanlı və küləkli olur. Bir rəvayətə görə, həmin dağda qədim kəndlərin xarabalıqları yerləşir. Təxminən 1000 il bundan əvvəl zəlzələ nəticəsində kənd dağılıb və əhalisi də köçərək indiki yerə gəlib. Yerli əhalinin dediyinə görə Tufandağda Pirə – Mıxıx adlanan ziyarətgah var.
Böyük Qafqazın ölkənin şimal ərazisindəki dağ silsiləsinin adıdır. Azərbaycanda yüksəkliyi 4000 metri aşan 7 dağ zirvəsi var. Onların hamısı şimalda, Quba – Qusar zonasında yerləşir. Tufandağda hündürlüyü 4062.8 metr olan yüksəklik şəhid jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyır. Bəzən o zirvəni ziyarət məqsədilə turist ekspedisiyaları təşkil edilir. Dağ macəralarını xoşlayanlar bütün növ dağ proqramlarını qurmaq üçün A.R. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bağlı Hava və Ekstremal İdman növləri federasiyasına müraciət edərək hər cür düzgün məlumata sahib ola bilərlər.
[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2337412236398834 limit=0]