Səyahət zamanı baqaj itərsə nə etmək lazımdır?

Səyahət zamanı hava limanında baqajınızı tapa bilmədiyiniz halda nə etmək lazımdır?

İlk növbədə sizə xidmət edən aviaşirkətin nümayəndəsinə müraciət edin və ya “Lost & Found” adlanan məntəqəni tapıb (bu tip məntəqələr istənilən hava limanında var) baqaj talonunu ora təqdim edin.

Sizə baqajın axtarış aktını doldurmağı təklif edəcəklər ki, burada siz yükünüzün zahiri əlamətlərini qeyd etməli olacaqsınız: materialı, forması, rəngi və s. Aktın bir nüsxəsini axtarışda sizə kömək edən əməkdaşın telefon nömrəsi ilə bərabər özünüzdə saxlamalısınız.

Baqaj necə axtarılır?

Demək olar ki, bütün iri aviaşirkətlər “Dünya baqaj axtarışı” proqramına qoşulub. Sizin tərtib etdiyiniz akt dərhal World Tracer axtarış şəbəkəsinə düşür və siz axtarış sifarişinin nömrəsini alırsınız.

Yük tapıldığı halda onun hava limanına çatdırılacağı barədə sizə məlumat veriləcək. Bir qayda olaraq, tapılan baqaj ən tez reyslə lazımi hava limanına çatdırılır. Əgər axtarışlar bir neçə gün uzanırsa, bu halda yük sərnişinin qeyd elədiyi ünvana aviaşirkətin hesabına çatdırılır.

Axtarış vaxtı

Axtarış üçün nəzərdə tutulan müddət – 21 gündür, lakin əksər hallarda yüklər daha tez tapılır. Əgər beş gün ərzində sizin yükünüz tapılmasa, bu zaman sizdən çamadanda olan əşyalar barədə ətraflı siyahı tərtib etməyi xahiş edəcəklər. Əgər 3 həftədən sonra yükünüz tapılmasa, bu zaman o itirilmiş hesab olunacaq.

Günah kimdədir?

Daşınma və ya yüklənmə zamanı çamadana qeydiyyat vaxtı bağlanan nişan təsadüfən düşərsə, bu zaman çamadanın sahibini, hansı təyyarəyə yüklənməsini müəyyən etmək demək olar ki, mümkün olmur.

Bəzən elə olur ki, kompüter sistemində texniki səhv yaranır və ya sizin çamadanınız hansısa digər sərnişin tərəfindən götürülür.

Kim yardım edə bilər?

Yad ölkədə şəxsi əşyalarsız qalmaq çətin ki, kiməsə xoş gəlsin. Ona görə də gərək öz hüquqlarınızı biləsiniz. Qanunla nəzərdə tutulmasa da, sanballı aviaşirkət sizə ilkin tələbat əşyalarının alınması üçün ödəniş edə bilər (250 dollara yaxın).

Maddi ziyanı kim ödəyəcək?

Tapılmamış baqaj üçün maddi ziyanı aviaşirkətlər Haaqa protokolu və Varşava konvensiyasına uyğun olaraq ödəyir: ödəniş 1 kq. çəki üçün 20 dollar təşkil edir.

Ona görə də ən qiymətli əşyaları (zinət əşyaları, əntiq əşyalar, pul, sənədlər və s.) əl çantanızda aparmaq tövsiyə olunur. İtirilmiş baqajın çəkisi biletə uyğun olaraq müəyyənləşdirilir, əgər çamadanın çəkisi hansısa səbəbdən aviabiletdə qeyd edilməyibsə, onda onun çəkisi 35 kq-a bərabər hesab edilir.

Cavabdeh kimdir?

Əgər sizin çamadanınızda dəyərli əşya yox idisə, bu zaman siz maddi kompensasiya ilə razılaşa bilərsiniz. Əgər çamadanda bahalı əşyalar və ya italyan dizaynerlərindən olan geyimlər olubsa, bu zaman siz aviaşirkətə yazılı iddianızı bildirə bilərsiniz.

Bəzən aviaşirkət vəziyyətə uyğun 5000 dollara qədər sanballı kompensasiya ödəyə bilər. Əgər sizə güzəştə getməkdən imtina edilirsə, siz şirkətdən yazılı imtina tələb edib məhkəməyə müraciət edə bilərsiniz. Belə hallarda da, məhkəməni udmaq ehtimalı çox böyükdür.