Əgər siz ölkədən kənarda olduğunuz zaman xarici pasportunuzu itirmisinizsə, bu zaman ilk növbədə sakitləşin və panikaya düşməyin, daha sonra isə bir neçə sadə addımı yerinə yetirin:
- İlk olaraq öz ölkənizin diplomatik nümayəndəliyini tapıb ora yollanın.
- Burada siz öz ölkənizə qayıtmaq üçün şəhadətnamə almağa görə ərizə yazmalı olacaqsınız. Bundan əlavə, ərizəyə sizin iki şəkiliniz və şəxsiyyətinizi təsdiq edən sənəd də əlavə edilməlidir.
- Şəxsiyyətinizi təsdiq edən sənəd üzərinizdə deyilsə, bu zaman sizinlə bir yerdə istirahət edən digər iki həmyerlinizin ifadəsi lazım olacaq. Bu iki şəxs xarici pasportları ilə bir yerdə konsulluğa gələrək ərizə ilə sizin şəxsiyyətinizi təsdiq etməli və sənədləşmə işlərində iştirak etməlidirlər.
- Xarici pasportdan başqa üzərinizdə heç olmasa hansısa bir sənədiniz (pasportunuzun surəti, sürücülük vəsiqəsi, sığorta kartı və s.) qalıbsa, bu zaman onu da özünüzlə götürün. Ola bilsin ki, bu işinizi sürətləndirəcək.
- Əgər özünüzlə heç bir sənəd götürməyibsinizsə və yanınızda sizin şəxsiyyətinizi təsdiq edəcək 2 nəfər həmyerliniz yoxdursa, bu zaman konsulluq sizin yaşayış yeriniz üzrə ölkənizin Miqrasiya Xidmətinə sorğu göndərəcək.
Xarici pasportu itirməmək üçün bəzi məsləhətlər:
- Xaricdə öz pasportunuzu “girov” kimi heç kəsə verməyin (ev və ya avtomobil kirayəsi zamanı, müvəqqəti iş yeri almaq üçün və s.). Belə bəhanələr altında sizdən alınan sənədlər fırıldaqçıların əlinə keçə və sizə qarşı işlənilə bilər. Unutmayın ki, heç kəsin sizdən pasportunuzu almaq ixtiyarı yoxdur, bu, qanunsuzdur.
- Sənədlərinizi özünüzlə toplu şəkildə gəzdirməyin. Yaxşı olar ki, bütün sənədlərinizi və onların nüsxələrini ciblərinizə, çantanızın ciblərinə, cüzdanınıza paylaşdırasınız.
- Bütün qiymətli əşyalarınızı və sənədlərinizi otelin qeydiyyat mərkəzinə və ya seyfinə etibar etməyin. Bir çox Asiya ölkələrində otellərin qarət halları çoxalıb ki, belə hal baş verdikdə sizin şəxsi sərvətləriniz də qarətçilərin əlinə keçə bilər.