Səfərə hazırlaşarkən çamadan və əl çantanızı eyni zamanda yığın ki, heç nə yadınızdan çıxmasın. Rahatlığınız üçün çamadana və çantanıza yığacağınız əşyaların siyahısını əvvəlcədən tuta bilərsiniz.
Unutmayın ki, təyyarədə olan bütün qadağalar sərnişinlərin təhlükəsizliyi üçün nəzərdə tutulub. Məhz bu səbəbdən qadağalara məhəl qoymağı məsləhət görmürük.
Əl çantasının çəki və ölçüsü
- Təyyarədə hər bir sərnişin salonun yük rəfində öz çantası üçün yalnız 1 yer tuta bilər.
- Salona götürəcəyiniz çantanın çəkisi 5 kq-dan artıq olmamalıdır.
- Yükün ümumi göstəriciləri 115 santimetrdən artıq olmamalıdır (uzunluğu 55 sm., eni 40 sm., hündürlüyü 20 sm.).
Bəs əl çantasına nə yığmaq olar?
Əl çantasına qoyacağınız maye halında olan ləvazimatların ümumi həcmi 1 litrdən, ayrı-ayrılıqda isə hər birinin həcmi 100 ml-dən artıq olmamalıdır. (Yəni 10 ədəd 100 ml. qablaşdırmada olan məhsula icazə verilir.)
- Texniki avadanlıqlar. Bura noutbuk, fotoaparat və mobil telefon aiddir.
- Qida məhsulları. Bura atışdırmalar üçün kiçik buterbrodlar və peçenyelər, sovurma konfetlər daxildir. Qoxulu qida məhsulları baxış zamanı sizə problem yarada bilər. Bundan əlavə konservləşdirilmiş məhsulların da təyyarə salonuna keçirilməsinə icazə yoxdur.
- Kosmetik vasitələr. Bu zaman maye halında olan kosmetik vasitələrin daşınması üçün ümumi məhdudiyyətlər nəzərə alınmalıdır. Bundan əlavə aerozol formasında olan istənilən vasitələrin salona keçirilməsi qəti qadağandır.
- Dərman vasitələri. Əgər özünüzlə burun və ya göz damcılarını götürəcəksinizsə, bu zaman həkimdən arayış lazım olacaq ki, siz bu vasitələr olmadan keçinə bilməzsiniz. Bundan başqa təyyarənin salonuna keçirmək istədiyiniz digər dərmanların tərkibində spesifik və çox təsirli narkotik maddələr olarsa, bu zaman da müalicə edən həkimin arayışı lazım olacaq.
- Təyyarə salonunda olan quru hava əleyhinə xüsusi vasitələr (hava nəmləndiricisi, burun və göz damcıları və s.).
- Bəzək əşyaları.
- Sənədlər.
Bundan əlavə hər bir nəfər təyyarə salonuna aşağıdakıları götürə bilər:
- Bir palto və ya gödəkcə;
- Əsa (əgər onsuz hərəkət edə bilmirsə);
- Bir şal və ya örtük. Bəzən təyyarədə bütün sərnişinlərə örtük çatmaya bilər, buna görə də rahatlığınızı nəzərə alıb özünüzlə soyuqdan qorunmaq üçün şal götürə bilərsiniz.