Təyyarədə sərnişinə təcili tibbi yardımın göstərilməsi

Təyyarədə uçarkən həkimlərdən özünü pis hissədən və ya təcili tibbi halla üzləşmiş sərnişinə yardım göstərmək xahiş oluna bilər. Səyahət zamanı tibbi problemlə üzləşmiş sərnişinlərin böyük bir qisminin hospitalizasiyası tələb olunur. Buna görə də, həkimlər təyyarədə tez-tez baş verən təcili tibbi hallarla tanış olmalı və göstərməli olduqları yardımın həcmini bilməli, habelə hərəkətləri səbəbindən yarana biləcək fəsadlara görə cavabdehlik daşıya biləcəklərini anlamalıdır.

Təyyarədə uçuş zamanı baş verən tibbi problemlərin baş vermə tezliyini müəyyən etmək çətindir, çünki həmin halların məcburi qeydiyyatı sistemi mövcud deyil. Araşdırmaların birində hava limanının tibbi xidmətlərinin fəaliyyətinin təhlili göstərmişdir ki, təcili tibbi hallar hər 604 uçuşdan 1-də baş verir. Lakin mütəxəssislər həmin halların daha çox olduğu düşüncəsindədir.

Təyyarədə mövcud olan resurslar.

Təyyarədə təcili tibbi yardım göstərən həkim (digər tibbi işçisi) üçün müəyyən resurslar vardır. Əksər hava yolları şirkətlərinin təyyarələrində bir neçə ilk tibbi yardım qutuları vardır. Həmin ilk tibbi yardım qutularında ən ümdə ləvazimatlar, o cümlədən, bintlər olur. Bununla yanaşı həmin qutuların birində aşağıdakı cədvəldə verilmiş ləvazimatların olması tələb olunur:

Müayinə üçün ləvazimatlar.

  • Tonometer
  • Stetoskop (fonendoskop)
  • Əlcəklər

Tənəffüs yolları və tənəffüs.

  • Orofaringeal tənəffüs yolu
  • Klapanlı kisə oksigen maskaları (3 ölçüdə)
  • Ürək-ağciyər canlandırması üçün oksigen maskaları (3 ölçüdə)

Venadaxili çıxışın əldə edilməsi üçün.

  • Venadaxili infuziya üçün dəst
  • 0.9%-lı NaCl məhlulu, 500 ml
  • İynələr
  • Şprislər

Dərmanlar.

  • Analgetik həblər, qeyri-narkotik preparatlar
  • Antihistamin həblər
  • Antihistamin preparatlar, inyeksiya üçün
  • Aspirin
  • Atropin
  • Dekstroza 50%-lı
  • Bronxodilyatator, inqalyasiya
  • Adrenalin 1:1.000 məhlulu
  • Adrenalin 1:10.000 məhlulu
  • Venadaxili inyeksiya üçün lidokain
  • Nitroqliserin tabletkaları

Həmçinin təyyarədə bir avtomatlaşdırılmış xarici defibrilyator (AED) da əlçatan olmalıdır. Bütün hallarda təyyarədə olan ləvazimatlar heç də universal olmur və hamı üçün yaramaya da bilər (məs., ilk tibbi yardım qutularında pediatrik və ya mama-ginekoloji ləvazimatlar olmur). Lakin son zamanlarda bəzi peşəkar tibbi cəmiyyətlər təyyarələrdə olan ilk tibbi yardım qutularının tərkibini genişləndirməyə çağırır.

Bütün uçuşlarda həkimlər olmadığından, əksər hava yolları hava limanında olan tibbi xidmətlərlə müraciət edir. Həmin tibbi xidmətlərin həkimləri təyyarə ekipajına müvafiq məsləhətlər verə bilər. Təcili tibbi hallarda könüllü şəkild ilk tibbi yardım göstərməyə cəhd edən şəxslər də hava limanının tibbi xidməti ilə əlaqə saxlaya və məsləhət ala bilər. Əgər sərnişinə yardımın göstərilməsi üçün əlavə bir nəfər də tələb olunursa, təyyarədə olan digər tibb işçiləri də yardım prosesinə cəlb edilə bilər. Bununla yanaşı əksər hava yolları şirkətləri təyyarə bələdçilərinin hər 1 ildən bir ürək-ağciyər canlandırılması və avtomatlaşdırılmış xarici defibrilyatordan istifadəyə dair müvafiq təlimdən keçməsini tələb edir.

Hüquqi münasibətlər.

Digər yerlərdə olduğu kimi, təyyarədə sərnişinə tibbi yardım göstərən həkim ilə həmin sərnişin arasında həkim-pasiyent münasibətləri yaranır. Bu münasibətlər isə müvafiq məsuliyyət və öhdəlik əmələ gətirir. Məsuliyyət adətən təyyarənin qeydiyyatda olduğu ölkənin qanunları ilə təyin edilir, lakin təcili tibbi hadisənin baş verdiyi hava sahəsinin məxsus olduğu ölkənin qanunları və ya həkim və xəstənin vətəndaşı olduğu ölkələrin qanunları da tətbiq edilə bilər. Bəzi Avropa ölkələri və həmçinin Avstraliyanın qanunlarına görə həkimlər təyyarədə və ya digər yerlərdə baş vermiş təcili tibbi hallarda mütləq şəkildə yardım göstərməlidir. ABŞ qanunlarına görə Amerika vətəndaşları təyyarələrdə (və digər hava nəqliyyatında) baş verən təcili tibbi hallarda tibbi yardım göstərməyə öhdəlik və məsuliyyət daşımır. Bununla yanaşı həkimlərin bu cür hallarda tibbi yardım göstərməsini həvəsləndirmək üçün ABŞ Konqresi hava nəqliyyatında təcili tibbi yardım hallarında tibbi yardım göstərən həkimlərin bütün müvafiq məsuliyyətlərdən azad etmişdir. Lakin əgər tibbi yardımın göstərilməsi zamanı həkim tərəfindən çox ciddi səhvlər və ya etinasızlıq göstərilmişdirsə, həmin həkimlərin məsuliyyətə cəlb edilməsi mümkündür. Bu cür hallardan biri, məs., spirtli içkinin təsiri altında olan həkim tərəfindən sərnişinə tibbi yardımın göstərilməsidir.

Hava nəqliyyatında sərnişinə göstərilmiş tibbi yardımın tamamlanmasından sonra həkim göstərilən yardımın həcmini təsvir etməli və edilmiş müdaxilələr və ya aparılmış müalicə tədbirlərini sənədləşdirməlidir. Göstərilmiş tibbi yardım və sərnişinin vəziyyəti barədə sərnişinin (xəstənin) icazəsi olmadan həkim üçüncü tərəfə heç bir məlumat verməməlidir. Sərnişinin vəziyyəti barədə təyyarənin kapitanı və təyyarə bələdçilərinə müvafiq məlumat verilməlidir ki, növbəti addımların atılmasına dair düzgün və vaxtında qərarlar qəbul edilə bilsin (məs., ağır hallarda təyyarənin geriyə döndərilməsi və ya təcili yaxındakı hava limanına enməsi və s.).

Ümumi tədbirlər.

Hava gəmisində baş verən təcili tibbi hallarda ümumi yanaşma aşağıdakı cədvəldə təsvir edilib. İlk növbədə əmin olmaq lazımdır ki, xəstəyə yardım göstərmək qabiliyyətinizdədir (yəni spirtli içkilərin təsiri altında deyilsiniz).

Təyyarədə baş verən bəzi təcili hallarda təyyarənin geriyə döndərilməsi və ya ən yaxın hava limanına endirilməsi imkan verir ki, ağır və ya kritik vəziyyətdə olan xəstə tələb olunan tibbi yardımdan yararlansın. Təyyarənin geriyə döndərilməsi aşağıdakı hallarda daha çox müşahidə edilir: ürək, respirator və nevroloji təcili hallar.

Uçuşun dayandırılması və təyyarənin hava limanına geriyə döndərilməsinə dair qərarı yalnız kapitan verir. Qərar qəbul edilərkən bir çox faktorlar, o cümlədən, benzin, xərclər, təyyarənin yaxında olan hava limanına enmə imkanı və həmin hava limanında mövcud olan tibbi resurslar. Könüllü tibbi yardım göstərən həkim (tibb işçisi) təyyarənin kapitanına mövcud olan vəziyyət, onun kəskinliyi və ağırlıq dərəcəsi, müalicənin tələb olunub olunmadığı və təyyarə geriyə döndərilmədikdə gözlənilən nəticələr barədə məlumat verməlidir.

Ürəyin dayanması.

Təyyarədə baş verən təcili və ya təxirəsalınmaz tibbi hallar arasında ürəyin dayanması çox nadir hadisədir və cəmi 0.3% hallarda baş verir. Lakin təyyarədə baş verən bütün ölüm hallarının 86%-i məhz ürək dayanması ilə bağlıdır. Təyyarə bortunda xəstəyə yardımın göstərilməsi üçün məhdud sahənin olması, xəstənin əlverişsiz vəziyyəti (oturaq), müvafiq bacarıqlara malik personalın olmaması və tibb ləvazimatın olmaması səbəbindən keyfiyyətli və yetərli həcmdə tibbi yardımın göstərilməsi xeyli çətindir. Uçuz zamanı baş vermiş ürək dayanması halında göstərilən tibbi yardım yeganə mümkün olan və müvafiq hesab edilən həcmi ilkin tibbi yardımdır. Buna görə də, ürək dayanmasının aşkar edilməsi (müəyyənləşdirilməsi), yalnız ürəyin xarici masajından ibarət ürək-ağciyər canlandırılmasının aparılması və AXD (avtomatlaşdırılmış xarici defibrilyator) ilə defibrilyasiyanın tətbiqi atılması tələb olunan ən mühüm addımlardır. Məhz bu addımlar könüllü tibbi yardım göstərməyə cəhd edən tibb işçisi tərəfindən nəzərdən keçirilməlidir.

Əgər xəstədə aparılan ilkin reanimasiya tədbirləri uğurlu olarsa, təyyarənin döndərilməsi və təcili enmə ilə bağlı təyyarə kapitanına tövsiyə verilməlidir. Əgər təyyarənin dərhal döndərilməsi mümkün deyilsə, könüllü tibb işçisi xəstənin monitorinqini davam etdirməli, imkan daxilində ona müvafiq tibbi qayğı göstərməlidir.

Təxminən 20-30 dəqiqə ərzində aparılan reanimasiya tədbirlərinə (ürək-ağciyər canlandırılması) baxmayaraq, spontan qan dövranın bərpası əldə edilmirsə, bu zaman həmin tədbirlərin dayandırılması və xəstədə ölümün rəsmi elan edilməsi nəzərdən keçirilməlidir. Ürək dayanması ilə bağlı yekun nəticələr – xüsusilə də, təyyarə və digər qeyri-münasib şəraitlərdə baş verdikdə – onu deməyə əsas verir ki, aparılan canlandırma tədbirləri effekt vermədikdə, onlar dayandırılmalıdır. Əgər AXD (avtomatlaşdırılmış xarici defibrilyator) və ya portativ EKQ aparatında şok oluna bilən ritm müəyyən edilərsə, bu zaman reanimasiya tədbirləri (şok, ürəyin xarici masajı və s.) davam etdirilməlidir. Nəzərə alınmalıdır ki, təyyarədə xəstənin ölümünü rəsmi olaraq yalnız həkim elan edə bilər.

Kəskin Koronar Sindrom.

Təyyarələrdə baş verən tibbi halların 8%-i “ürəklə bağlı simptomlarla” müşahidə edilir. Kəskin koronar sindromun müşayiət edildiyi digər klinik əlamət və simptomlara – bayılma (sinkop) və ya bayılmaya yaxın vəziyyət (37% hallarda), “respirator simptomlar” (12%) və ürək dayanması aid edilir. Uçuz zamanı könüllü yardım göstərən tibb işçisi (həkim) müayinə və müalicə ilə bağlı klinik qərar qəbul edərkən yalnız xəstənin anamnezi və fiziki müayinənin nəticələrinə arxalana bilər. Bunun əsasında tibb işçisi təyyarı kapitanına müvafiq tövsiyələr verə bilər.

Kəskin Koronar Sindromla bağlı simptomlara aşağıdakılar aiddir: döş qəfəsində diskomfort, təngənəfəslik, ürəkbulanma, qusma və diaforez (tərləmə). Həmin simptomların orta və ya daha yaşlı sərnişində müəyyən edilməsi kəskin koronar sindroma dəlalət edir. Xəstənin anamnezi, xüsusilə də, anamnezdə kəskin koronar sindrom hallarının və ya əvvəllər ürəkla bağlı simptomların olması, klinik qərarların qəbuluna xeyli yardımçı ola bilər.

Uçuz zamanı baş verən kəskin koronar sindromun müalicəsi imkanları çox məhduddur. Döş boşluğunda ağrısı olan və ağrının kəskin koronar sindromla bağlı olduğu düşünülən əksər yaşlı xəstələrə aspirinin verilməsi tövsiyə olunur. Aspirinin verilməsinə yeganə mütləq əksgöstərişlər bunlardır:aktiv, klinik baxımdan əhəmiyyətli qanaxma və ya aspirinə qarşı ciddi allergiyanın olmasıdır. Dilaltı nitroqliserin tabletkaları da ilk tibbi yardım qutularında olur, lakin çox ehtiyyatla istifadə edilməlidir. Bəzi hallarda, məs., ST-seqmentin elevasiyası ilə sağ mədəciyin kəskin aşağı miokard infarktı hallarında (bu diaqnoz təyyarədə qoyula bilməz), nitroqliserin hipotenziyaya və şoka səbəb ola və ya onları daha da ağırlaşdıra bilər. Vəziyyəti ilkin baxışdan ağır görünən xəstələrdə periferik venanın kateterizasiyası yardımçı ola bilər. Müdaxilə tələb edən hipotenziya hallarında xəstəyə məhdud həcmdə maye infuziyası faydalı ola bilər.

Əlavə oksigenin verilməsi tənəffüs çatışmazlığı hallarında nəzərdən keçirilə bilər. Bununla yanaşı, oksigenasiyanı yaxşılaşdırmaq üçün həkim təyyarə kapitanından təyyarəni daha aşağı endirməyi xahiş edə bilər. Təyyarənin daxilində təzyiq adətən 1800-2500 metrə uyğun təzyiqə bərabər olur. Bu səbəbdən və həmçinin Dalton qanunu əsasında vurğulanmalıdır ki, təyyarə sərnişinlərində arteriyal qanda oksigenin parsial təzyiqi 60 mm c.s. olur (dəniz səviyyəsində normada PaO2 75-100 mm c.s. olur). Təyyarənin daha aşağı hündürlüyə enməsi oksigenin parsial təzyiqini artıra bilər. Lakin daha aşağı hündürlükdə uçan təyyarə daha çox yanacaq istifadə edir.

Vəziyyəti ağır görünən xəstədə potensial kəskin miokard infarktının olması və ya hemodinamikanın qeyri-stabil olması təyyarənin geriyə döndərilməsi və ya ən yaxın hava limanında enməsi ilə bağlı həkim tərəfindən təyyarə kapitanına tövsiyə edil bilər. Əksinə, vəziyyəti stabil olan və kəskin koronar sindromun baş verməsi riski aşağı olan hallarda təyyarə kapitanın digər tövsiyələr verilə bilər. Ən azından hava limanına endikdə həmin xəstələrin təcili tibbi yardım maşınında yaxındakı xəstəxanaya daşınması təmin edilə bilər.

İnsult.

Kəskin insultun klinik mənzərəsi müxtəlif ola bilər. Kəskin nevroloji simptomları olan sərnişinlərdə kəskin insult mütləq nəzərdən keçirilməlidir. Tam nevroloji müayinənin məhdud şəraitdə aparılması çətin olsa da, şübhə olan hallarda xəstələrin fokal nevroloji defisitə müayinəsi təmin edilməlidir. Uçuz zamanı baş verən təcili tibbi halların 2%-i insultla bağlı olur.

Sərnişinlərdə insultla yanaşı tənəffüsün çətinləşməsi olan xəstələrlə əlavə oksigenin verilməsi nəzərdən keçirilməlidir, çünki sinir hüceyrələrinin davamlı zədələnməsinin qarşısnı almaq üçün hipoksemiyaya yol vermək olmaz. Lakin həkimlər nəzərə almalıdır ki, təyyarədə olan oksigen ehtiyyatı məhduddur və ondan maksimal dərəcədə ehtiyyatla istifadə etmək lazımdır. Aspirin təcili tibbi yardım dəstlərində (qutularında) olsa da, insulta şübhə olan hallarda onun istifadəsi məqsədəuyğun deyil. Belə ki, beyindaxili qanaxma işemik insultla oxşar klinikaya malikdir və aspirinin verilməsi qanaxmanı daha da ağırlaşdıra bilər.

Hipoqlikemiya ilə bağlı simptomlar insultla oxşar olduğuna görə, mümkün olan hallarda qanda şəkərin səviyyəsi də ölçülməlidir (məs., təyyarədə və ya sərnişinlərin birində qlyukometr varsa). Təyyarələrdə olan tibbi yardım qutularında adətən qlyukometr olmur, lakin bəzi hava yollarında qlyukometrlər tibbi yardım üçün ləvazimatlar dəstinə daxil edilib. Digər sərnişinin qlyukometrinin istifadəsi tələb olunduğu halda cihazın təmiz olması və qanla keçən infeksiyaların qarşısının alınması üçün bütün lazım olan addımlar atılmalıdır. İnsulta şübhə olan hallarda həkim (tibb işçisi) təyyarə kapitanına təyyarəni təcili endirməyi tövsiyə etməlidir.

Huşun pozulması.

Huşun pozulmasının səbəbləri müxtəlif və çoxsaylıdır. Hava gəmisində baş verən təxirəsalınmaz halların bir çoxu məhz huşun pozulması ilə bağlıdır. Qıcolmalar və qıcolmadan sonrakı vəziyyət (postiktal), məs., təyyarə bortunda baş verən təcili halların 5.8%-ni, şəkərli diabetin ağırlaşmaları isə 1.6%-ni təşkil edir. Huşun pozulması metabolik pozğunluq, infeksiya, damar patologiyası, intoksikasiya, travma, hipoksemiya və ya digər klinik əhəmiyyət kəsb edən səbəblərlə bağlı olur. Buna görə də, huşun pozulması ilə üzləşmiş sərnişinə yardım edən həkim geniş differensial diaqnostikanı nəzərində saxlamalıdır.

Nevroloji pozuntular və ya xəstəliklər uçuş zamanı pisləşə bilər. Məsələn, uçuş zamanı hipoksemiya və sirkad ritminin (bioritm) dəyişməsi qıcolmaların baş verməsi həddini azaldır. Huşunun pozulması hallarında həkim geriyə döndərilməsi mümkün olan səbəbləri araşdırmalıdır. Mümkün olduqda qanda şəkərin səviyyəsi təyin edilməlidir. Hipoqlikemiyası olan pasiyentlərə oral karbohidratlar (əgər huşu tam pozulmamışdırsa) və ya venadaxili dekstroza verilir.

Tənəffüsü çətinləşmiş pasiyentlərə əlavə oksigenin verilməsi nəzərdən keçirilməlidir. Həkim həmçinin pilotdan təyyarəni daha aşağı hündürlüyə endirməyi xahiş edə bilər. Huşun pisləşməsi hallarının bir çoxu ağır xəstəliklə bağlı olduğu və ya ölümlə nəticələnə biləcəyini nəzərə alaraq, sərnişinə yardım göstərən tibb işçisi təyyarənin təcili enməsini və ya geriyə döndərilməsini tövsiyə etməyi nəzərdən keçirməlidir.

Bayılma (sinkop).

Bayılma və presinkop nisbətən tez-tez rast gəlinən tibbi hallardır. Tədqiqatların birindən məlum olub ki, onlara uçuş zamanı baş verən təcili halların 37.4%-də rast gəlinir. Sərnişin kabinalarında hava təzyiq altında olur və bu səbəbdən də quraqlıq mühiti yaranır. Buna görə də, əksər sərnişinlər müəyyən dərəcədə dehidratasiya olunmuş olur. Təyyarə kruiz hündürlüyündə olduqda arteriyal qanda oksigenin parsial təzyiqinin aşağı düşməsi müşahidə edilir. Yemək qəbulu vərdişinin pozulması və yorğunluq bayılmanın baş verməsinə təsir göstərə bilər.

Uçuz zamanı yardım göstərməyə çalışan tibb işçisi sərnişinin qan təzyiqi və nəbzini ölçməlidir. Belə ki, damardaxili maye həcminin azalması və ya bradikardiya bayılma və ya presinkopa səbəb ola bilər. Sərnişinin təyyarənin döşəməsinə uzandırılması və ya biznes klasda olan kreslonun tam açılmasından sonra kresloda uzandırılması və ayaqlarının ürək səviyyəsindən yuxarıya qaldırılması sinkop və ya presinkopun aradan qaldırılmasına yardım edə bilər. Davamlı hipotenziyası olan pasiyentlərdə venadaxili maye infuziyasına ehtiyac yarana bilər. Qanda şəkərin səviyyəsi barmaqdan götürülmüş qandan qlyukozanı təyin edən qlyukometrlə müəyyən edilə bilər.

Sinkop bir çox tibbi hallarla bağlı ola bilər və onun səbəblərinin bir qismi potensial olaraq ölümlə nəticələnə bilər. Risklərin düzgün qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ciddi ürək xəstəliyi olan və xüsusilə də, davamlı simptomları və ya fiziki müayinədə pozuntuları olan ahıl yaşlı sərnişinlər arasında ölüm riski çox yüksək olur. Buna görə də, həmin hallarda həkim pilota təyyarəni endirmək və ya geriyə döndərmək tövsiyəsini verməyi nəzərdən keçirməlidir.

Travma.

Uçuş zamanı travma nisbətən tez-tez rast gəlinir. Hava yollarında zədələnmələr adətən çox yüngül olur və çox vaxt turbulentliklə bağlı küt travmadan irəli gəlir. Tədqiqatların birindən məlum olmuşdur ki, uçuş zamanı baş verən və hospitalizasiya tələb edən zədələnmələr arasında aşağı ətrafların sınıqları daha çox rast gəlinir. Başın zədələnmələri, açıq yaralar və yuxarı ətraf sınıqları da tez-tez rast gəlinir. Ümumiyyətlə, sadalanmış zədələnmələr letal olmasa da, qərar qəbul edərkən həkim (tibb işçisi) xəstə ilə bağlı spesifik faktorları, o cümlədən, xəstənin yaşı, tibbi problemləri və antikoaqulyantların istifadəsini nəzərə almalıdır.

Əksər travmatik zədələnmə hallarında ilkin tibbi yardımın göstərilməsi kifayət edir. Soyuq kompres və analgetik preparatlar təklif edilə bilər. Əgər sınıq və ya çıxıqın olduğuna şübhə olarsa, zədələnmiş ətrafın immobilizasiyası təmin edilməlidir. Başın travması adətən çox yüngül dərəcəli olur, lakin xəstədən tam anamnez götürülməli və fiziki müayinə aparılmalıdır. Xəstənin vəziyyətinin tez-tez yoxlanması huşun dəyişməsini və ya nevroloji defisitin inkişaf edib etməməsini erkən müəyyən etməyə və bunun əsasında müvafiq tədbirlər görmək və ya təyyarənin enməsi ilə bağlı tövsiyələr verməyə kömək edə bilər.

Dispnoye və ya Təngənəfəslik.

Tənəffüs sisteminin xəstəliklərindən əziyyət çəkən xəstələrdə uçuş zamanı oksigenasiyanın azalması tənəffüsün pisləşməsinə və ya çətinləşməsinə səbəb ola bilər. Doğrudan da, uçuş zamanı baş verən təcili tibbi halların 12%-də tənəffüs sistemi ilə bağlı şikayətlər qeydə alınır. Məsələn, ağciyərlərin xronik obstruktiv xəstəliyinin kəskinləşməsi halları heç də az rast gəlmir. Bundan əlavə, təyyarənin yüksək hündürlükdə içması ağciyər hipertoniyası olan xəstələrdə kəskin hipoksemiyaya səbəb ola bilər.

Təngənəfəsliyi olan sərnişinlərə yardım göstərən tibb işçiləri əlavə oksigenin verilməsini nəzərdən keçirməlidir. Əslində, respirator xəstəliyi olan və istirahətdə SaO2 <92%-dən aşağı olan sərnişinlərə əlavə oksigenlər uçmaq tövsiyə edilir. Əlavə oksigenlə uçuş üçün sərnişin əvvəlcədən hava yollarından icazə almalıdır. Təyyarədə olan ilk tibbi yardım qutusunda albuterol tərkibli inqalyator olur. Uçuş zamanı pnevomotoraks nadir hadisə olsa da, onun baş verməsi qeydə alınır. Klinik vəziyyəti (hemodinamikası) qeyri-stabil olan xəstələrdə pnevmotoraksa şübhə yarana bilər. Xəstənin vəziyyəti qeyri-stabil və ya kritik olduqda, həkimdən iynə torakostomiyasının aparılması tələb oluna bilər. İynə torakostomiyası ya təyyarədə olan tibbi ləvazimat, ya da improvizasiya əsasında düzəldilmiş texniki vasitələrin istifadə edilə aparıla bilər. Təyyarənin daha aşağı hündürlüyə endirilməsi də faydalı ola bilər, belə ki, sərnişin kabinlərindəki təzyiq təyyarənin uçduğu hündürlüklə tərs mütanasibdir. Yadda saxlamaq lazımdır ki, Boyl qanununa görə təyyarə yüksəldikdə təzyiq düşür və bu səbəbdən bədənin istənilən yerində olan hava sahələrindəki qazın həcmi artır. Buna görə də, təyyarənin daha aşağı hündürlüyə endirilməsi kabindəki təzyiqi artırır və nəticədə bədən daxilində olan qazların həcmi azalır (yəni pnevmotorak hallarında ağciyər ətrafı olan havanın həcmi azalmış olur).

Kəskin infeksiyalar.

Əgər sərnişində yoluxucu xəstəliyə şübhə olarsa, həkim təyyarədə xəstənin maksimal dərəcədə izolyasiyasına cəhd etməlidir. Sadəcə olaraq, sərnişinin təyyarədə hərəkətinin məhdudlaşdırılması və ətrafda oturan sərnişinlərin yerlərinin dəyişdirilməsi infeksiyanın yayılmasının qarşısını almağa yardım edə bilər. Bədəndaxili mayelərin (tüpürcək, öskürək, sidik, qan və s.) təcrid edilməsi də nəzərdən keçirilməlidir. Xəstənin müayinəsi zamanı əlcəklərdən istifadə edilməlidir. Əlcəklər təyyarədə olan tibbi yardım qutularında olur. Oksigen kisəsi və maskadan istifadə etməklə ağızdan-ağıza tənəffüsün aparılmasına olan ehtiyacı aradan qaldırır. Nəhayət, infeksion yoluxucu xəstəliyə şübhə olan hallarda həkim (tibb işçisi) həm təyyarə ekipajı, həm də hava limanının xidmətləri ilə karantinin elan edilməsi ilə bağlı müzakirə aparmalıdır.

Təcili psixi pozğunluqlar.

Psixi pozuntular təyyarədə baş verən təcili tibbi halların 3.5%-ni təşkil edir. Uçuşa uzun sürən qeydiyyat prosesi, gücləndirilmiş təhlükəsizlik tədbirləri, uçuşların gecikməsi, sərnişin kabinlərində sıxlıq və spirtli içkilərdən istifadə psixi pozğunluqların baş verməsində potensial stressor rounu oynayır. Həyacanlı və ya təşviş içində olan sərnişinlər çox vaxt təhlükəsizliyə təhdid törədir.

Kəskin psixi pozuntusu olan sərnişinlə üzləşdikdə tibb işçisi pozuntunun orqanik mənşəli olub olmadığını (məs., hipoqlikemiya) müəyyənləşdirməyə çalışmalıdır. Təyyarədə olan tibbi yardım qutularında sedativ preparatlar olmadığından, təşviş içində olan sərnişinin əl altında olan ləvazimatdan istifadə etməklə hərəkətliyini məhdudlaşdırmaq tələb oluna bilər.