Ucar

Burada torpağın üzü ağappaqdır. İlk dəfə görənlər bunu qar zənn edirlər. Amma yanılırlar. Çünki bu, şorandır. Başqa deyişlə duz. Şoran üzündən torpaq rəngini dəyişib, üzü qaysaqlı olub. Torpağa əllə toxununca qum kimi səpələnir. Rayonun tarixində ən əlamətdar səhifələrdən biri İkinci Dünya Müharibəsi illərində məşhur 416 – cı Taqanroq diviziyasının məhz burada yaradılmasıdır. Həmin diviziyanın döyüşçülərinin şərəfinə xatirə abidəsi ucaldılıb.

Şirvan düzü

Kür – Araz ovalığının Kür çayından sol tərəfdə Mingəçevir su anbarı ilə Xəzər dənizi arasında yerləşən Şirvan düzü ilə bağlı bir rəvayətdə deyilir ki, Makedoniyalı İsgəndər bütün dünyanı fəth etdikdən sonra Şirvanı da özünə tab etdirmək məqsədilə buralara üz tutur. Həmin vaxtda Şirvan hökmdarı və xidmətçilərinin hamısı qadın imiş. İsgəndər qan tökülmədən xərac verməyi tələb edir. Hökmdar xanım isə ona hədə – qorxu gələn fatehə bac verməkdən imtina edir. Baş tutan döyüşlərdə İsgəndərin əsgərləri məğlub olur. Bunu görən Makedoniyalı xəbər yollayır ki, meydana hər iki tərəfdən bir döyüşçü çıxsın. Kim qazansa onun dediyi olsun. Hökmdar xanım özü İsgəndərlə döyüşmək qərarına gəlir və bu dueldə onu ram edir. Təslim olan İsgəndər qoşununu da toplayıb Şirvanı tərk edir. Belə rəvayət edirlər ki, həmin hökmdar xanımın şir kimi döyüşməsinə, şücaətinə görə o vaxtdan bu əraziyə Şirvan deyilib. Yəni Şirvan “şir kimi döyüşənlər məskəni” mənasındadır.

Arayış

Bakı – Ucar arası məsafə 234 km-dir. Bakı – Tiflis dəmiryolunun, Bakı – Gəncə və Göyçay – Zərdab magistral yollarının qovşağında yerləşən rayonu dəmiryolu iki hissəyə bölür. Rayon kimi 1939 – cu ildə formalaşmasında əsas rolu dəmiryollarının bu ərazidən keçməsi olub. O tarixə qədər Göyçaya tabe olub. Kənd təsərrüfatı rayonudur. Pambıqçılıq əsas yer tutur. Ərazidə tuqay meşələri var. Bitki örtüyü əsasən ovalıq və yarımsəhra tiplidir.Yarımsəhra və quru çöllər üçün səciyyəvi iqlim hakimdir. Yayı olduqca isti keçir. Dərman bitkisi olan biyan Ucarın florasında əsas yeri tutur. Biyanın kökü tədarük edilərək rayondan kənara da ixrac edilir. Ərazidən Göyçay, Türyançay, Şilyan çayları axır.

Şilyan çayı

Ucar ərazisindən, Şirvan düzündən, axan və suvarmada geniş istifadə olunan çay, türkdilli şilyan tayfasının adı ilə əlaqədar belə ad alıb. Tədqiqatçılar bu tayfaları XI əsrdə Zaqafqaziyaya gəlmiş Səlcuq oğuzları ilə əlaqələndirirlər. Bu qəbilənin adı mənbələrdə şiryan olub.

Göyçay rayonunda Şilya gölü də var. Tarixi mənbələrə görə, Şiryan türk tayfaları Qərbi Türküstanda yerləşmiş olan ağ hunların bir qolu sayılan qayı tayfalarına mənsubdurlar.

Toponim

Orta əsrlərdə Anadoluda, Cənubi Azərbaycanda “ucar”, “uçar” adlı mahallar olub. Bu etnotoponimi ucların yaşadığı yer, uclara məxsus kənd kimi izah edilir. Türk dillərindəki bir çox mənaları qiymətləndirildikdən sonra toponimi “uca, pak, qüdrətli ər kimi” izah edirlər.

Başqa bir fikrə görə isə, Ucar oykonimi Azərbaycanda Səlcuqlar zamanında Səlcuq sultanları tərəfindən uzaq sərhədlərdəki torpaqları idarə etmək üçün nümunəvi hərbi xidmətləri müqabilində bəzi sərkərdələrə bağışlanan uc torpaqların adı ilə əlaqədardır.

Qazyan kəndi

Ucar rayon mərkəzindən 10 km cənubda, çay kənarında, Ucar – Zərdab avtomobil yolu kənarında, Şirvan düzündə yerləşir. Ucarın ən qədim yaşa malik ən böyük kəndi hesab edilir. Deyilənlərə görə kənd, XX əsrin əvvəllərində çar höküməti tərəfindən fərmanla Zaqafqaziya Şeyxülislam Mirfəttah ağaya bağışlanıb. Toponim əslində Qazian – qailər olmalıdır ki, bu da ərəbcə qalib, fateh mənasındadır. “Dədə – Qorqud” dastanında qazi – ərənlər formasında “igid, qəhrəman” mənasında işlənib. Səfəvi hakimlərinin zamanında qazi sözü təriqət döyüşçüsü, mürid kimi qəbul edilirdi ki, onlara böyük imtiyazlar verilmişdi. Qızılbaş tayfaları içərisində qaziyan tayfası da mövcud idi.

A.R. ərazisində qeydə alınmış Qazyan toponimləri də bu tayfanın adı ilə əlaqədardır. Toponim qədim türk mənşəli bulqar tayfasından biri olan qazan türk tayfasının adındandır. Qazianlar Azərbaycana Səfəvilər dönəmində gəliblər.